Necə olmalı?
Bizim cəmiyyətdə qadın çox sürətlə dəyişir. Dövrün təsirləri onu tarixi xüsusiyyətlərindən məhrum edir, qadını öz istədiyi formaya salır. Ona görə də agah qadın üçün bu əsrdə ən ciddi sual “necə olmaq?”dır.
Qadın anlayır ki, mühitin təsirləri altında olduğu kimi qala bilməz. Şəxsiyyətli qadın dövrün maskasını taxıb dəyişmək istəmir. O, özü üçün yeni simanı özü seçmək istəyir. Amma necə? Onun üçün həm keçmişdən irs qalmış qiyafə, həm də bərbəzəkli müasir maskalar darıxdırıcıdır.
İkinci bir sual yaranır: Biz müsəlmanıq. Azadlıq eşqində yanan bizim qadın böyük bir mədəniyyətə bağlıdır. Bu mədəniyyət öz sərmayəsini İslamdan götürür. Uyğun mühitdə şəxsiyyətcə azad olmaq istəyən, həm qədim mövhumatlardan və həm də müasir şeytənətlərə təqlidçilikdən qaçan qadın İslama biganə qala bilməz.
Bu qism qadınlar təbii olaraq düşünürlər: bizim camaat daim Fatimədən (ə) dəm vurur; onun üçün göz yaşları axıdır. İluzunu həzrət Fatimənin (ə) xatirəsinə həsr olunmuş yüzlərcə tədbirlər keçirilir. Bu xanım haqqında mədhiyyələr oxunur, onu incidənlərə lənət yağdırılır. Bütün bunlara baxmayaraq, Fatimə (ə) şəxsiyyəti hələ də açıqlanmamış qalır. Onun haqqında bildiklərimiz isə nəsildən-nəsilə ötürülmüş, demək olar ki, eyni ifadələrdir. Məsələn: Cəbrayıl (ə) həzrət Peyğəmbərə (s) zahir olub dedi: «Allah sənə salam yetirir və buyurur ki, Xədicəyə (s.ə) yaxınlaşmayasan. Qırx gün sonra Cəbrayıl Behiştdən təam gətirib, Xədicə ilə yaxınlığa göstəriş verir.
Xədicə nəql edir: “Bu qırx günü göz yaşları içində keçirdim”. Nəhayət, həzrət Peyğəmbər (s) Xədicənin otağına daxil olur... Xədicə onları belə xatırlayır: “Mən həmin gecə bətnimdə Fatimənin nurunu hiss etdim. Elə o vaxtdan da Fatimə mənimlə danışardı, tənhalıq hiss etməzdim.”
Diqqət edin! Fatimənin (ə) doğumundan ölümünədək onun haqqında heç bir məlumat yoxdur! Atası Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkr “Fədək bağı”nı Fatimədən (ə) zorla alır, Ömər öz dəstəsi ilə hücum edib o həzrəti döyür. Bu hadisə zamanı həzrət Fatimə (ə) altı aylıq körpəsini salır. Xanım öz körpələrinin əlindən tutaraq “Beytül-Əhzan” xarabalığına gəlir. Oturub ağlayır, ona zülm edənləri lənətləyir. Öz qalan qısa ömrünü göz yaşları içində keçirən həzrət Fatimə (ə) vəsiyyət edir ki, Əbu Bəkr və Ömərin pisliyindən qorunmaq üçün onu gecə və məxfi bir yerdə dəfn etsinlər.
Amma Fatimə şəxsiyyətinin bəşər həyatı üçün örnək olası nöqtələri lazımınca araşdırılmamışdır. Əksər rəvayətlər bu xanımın Qiyamət günü möminlərə yardım olacaq şəfaətindən bəhs edir: “Ərşdən nida olunar ki: “Gözlərinizi yumun! Həzrət Fatimə (ə) öz qəsrinə gedir”. İki yaşıl örtüyə bürünmüş xanımı 70 min huri müşayət edər. Allah-təala buyurur: “Sənin müsibətinə görə sən, sənin övladların, şiələr və səni sevən qeyri-şiələr Behiştə daxil olanacan bəndələrimi sorğuya çəkməyəcəm”. Beləcə, Allah-təala yalnız bu insanları Behiştə daxil etdikdən sonra bəndələrini sorğuya çəkər (“Həqqül-yəqin”).
Bəli, bu əzəmətli şəxsiyyət haqqında bundan artıq məlumat nəzərə çarpmır. Hansı ki, bir qadını mərifət nümunəsi seçmiş millətlər üçün bu çox azdır!
Dostları ilə paylaş: |