Suxurların və Yerin yaşını öyrənən elmə geoxronologiya deyilir. Geologiyada zaman məfhumu həm məzmun və həm də miqyasına görə canlı aləmdə olduğundan fərqlənir. Mürəkkəb geoloji proseslərin davametmə vaxtını müəyyən etmək və ma- hiyyətini başa düşmək məqsədi ilə geologiyada zaman anlayışı mühüm amillərdən birisidir.
Geoloji proseslerin təzahür vaxtının və onların nəticələrinin müəyyən edilməsi geologiyada zaman məsələsinin həlli üçün lazımi şərtdir.
Yerin müxtəlif sahələrində yayılmış süxurların eyni yaşlı olmasının təyini və onların müxtəlif proseslər nəticəsində əmələ gəlməsinin müəyyən edilməsi çox vacibdir. Yerin, eləcə də onu təşkil edən süxurların və ya təbəqələrin yaşını təyin etmək üçün geologiyada iki başlıca üsuldan istitifadə edilir – nisbi və mütləq geoxronologiya.
Nisbi geoxronologiya – süxurların nisbi yaşının təyininə və onların yaş etibarilə müqayisəli təhlilinə əsaslanır. Burada yaşın rəqəmlə ifadəsi deyil, ancaq nisbi olaraq qoca-cavanlığının, qədim-yeniliyınınmüəyyənləşdirilməsi problemi qarşıda durur. Nisbi yaşın təyin edilməsində uzun müddət elmi əsaslarla işlənib hazırlanmış bir neçə üsul tətbiq olunur. Bunlardan ən çox işlənəni stratiqrafık və paleontoloji üsullardır.
Stratiqrafik üsul çökmə süxur təbəqələrinin qarşılıqlı əlaqələrinə və layların yatımındakı ardıcıllığa əsaslanır. Aydındır ki, normal kəsilişdə altda yatmış təbəqə üstdə yatmış təbəqəyə nisbətən qədimdir. Bunu hər bir şəraitdə təyin etmək mümkündür. Bu üsuldan istifadə etmək о zaman yaxşı nəticə verir ki, laylar arasında uyğunluq olsun və yuyulmaya məruz qalmasın. Əgər iki təbəqənin təmas xəttində yuyulma əlamətləri varsa-bazal, konqlomerat və s. iştirak edirsə, güman ki, bu iki təbəqə arasında müəyyən təbəqə və ya təbəqələr yuyulmuşdur.Yuyulmanın vaxtını və müddətini təyin etmək özü də çətin məsələdir. Demək, burada fasilənin olması mövcud layların nisbi yaşları haqqında tələsik qərar qəbul etməyə əsas vermir.