Sıçrayış - köhnə keyfiyyətdən yeni keyfiyyətə keçid formasıdır, predmet və hadisənin açıq, sürətli keyfiyyət dəyişkənliyinin ifadəsidir. Keyfiyyət dəyişkənliyinin tədricən baş verməsi belə, yenə sıçrayışdır, çünki burada köhnə keyfiyyət halından yenisinə keçilir. Buna görə də sıçrayışın da iki növü fərqləndirilməlidir: tədrici (yavaş-yavaş) və ani, sürətlə (təcili, qəflətən) baş verən keyfiyyət dəyişikliklərini ifadə edən sıçrayışlar. Deməli, sıçrayışlar vaxt etibarilə qəflətən, ani olaraq da baş verə bilər, illərlə davam edən bir müddət ərzində də baş verə bilər. Məsələn, Yer üzərində insanın əmələ gəlməsi milyon illərlə davam edən ən böyük keyfiyyət sıçrayışıdır. Müəyyən bir sosial inqilab isə bir il müddətində və ya bir ay, bir neçə gün və bir an içərisində baş verə bilər. Əgər mikroproseslərdə sıçrayış ani, hətta bir saniyədə baş verirsə, kosmik proseslərdə milyard illəri əhatə edir.
Məhz bu cəhətlərə görə inkişafın təkamül və inqilab kimi iki formasını da qeyd etmək olar. Təkamül tədrici kəmiyyət artımı mərhələsinə, inqilab isə keyfiyyət dəyişikliyi mərhələsinə, sıçrayışlara uyğundur. Təkamül - mövcud olanın tədricən, kəmiyyətcə dəyişməsini nəzərdə tutursa, inqilab mövcud olanın əsaslı keyfiyyət dəyişikliyidir, sıçrayışdır. Onlar qarşılıqlı əlaqədədir və inkişaf prosesində biri digərinə keçə bilər. Lakin fəlsəfə tarixində təkamül və inqilabın qarşılıqlı təsir əlaqələrini qəbul etməyən baxışlar da olmuşdur. Məsələn, inkişaf haqqında metafizik konsepsiya tərəfdarları inkişaf prosesində inqilabi sıçrayışları rədd edir, ancaq təkamül artımını, azalma və artmanı, təkrarı qəbul edir, keyfiyyət dəyişkənliyini deyil, təkamülü, tədrici inkişafı məqbul sayırlar.
İnkişafın ən ümumi və obyektiv qanunu olan kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə qarşılıqlı keçməsi – “öz hərəkətin”, “özinkişaf”ın mexanizmini, xarakterini, mahiyyətini ifadə edir, inkişafın necə, hansı formalarda baş verdiyini müəyyən edir, insanları inkişafın səciyyəvi xüsusiyyətləri, formaları, mərhələləri və s. haqqında qanunauyğunluqlarla silahlandırır.