Elə istehsal əməliyyatları da vardır ki, onlar bazarda həyata keçirilmir və deməli, istehsal olunan məhsulların bazar dəyərinin ifadə vasitəsi olan ÜMM-ə daxil edilmir. Evdar qadının, öz evini təmir edən dülgərin işi, yaxud da alimin haqqı ödənilməyən elmi məqalə yazması buna əyani misal ola bilər. Təbiidir ki, bunlar şirkətlərin hesabatlarında öz əksini tapmır və ona görə də milli gəlirə daxil edilmir. Bu isə öz növbəsində ÜMM-in həcminin az olmasına səbəb olur. Lakin öz miqyasına görə ayrı-ayrı ən böyük qeyri-bazar əməliyyatları – məsələn, fermerlərin öz məhsullarından özlərinin istehlak etdikləri hissə – milli gəlir hesablandıqda nəzərə alınır.