FƏSİL 12. Alman tariXİ MƏKTƏBLƏRİ § almaniyada siyasi İQTİsadin meydana gəLMƏSİ. F. LİST, onun iQTİsadi baxişLari. MƏhsuldar

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 0.71 Mb.
səhifə2/11
tarix17.01.2017
ölçüsü0.71 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
§4. VERNER ZOMBARTIN İQTİSADİ TƏLİMİ
Verner Zombart (1863-1941-ci illər) - alman iqtisadçısı, sosioloq və tarixçi, Breslav və Berlin Universitetlərinin professoru Şmollerin şagirdi olub, bir çox fikirlərində siyasi iqtisadın tarix məktəbinin tərəfdarı idi. Lakin Zombart iqtisad elmində tarixi və abstrakt tədqiqat metodlarını birləşdirməyə cəhd edərək, tarix məktəbindən qabağa getmişdir. Və o, buna nail olmuşdur.

Zombartın mühüm əsəri "Müasir kapitalizm"dir, birinci nəşri 1903-cü ildə olmuşdur. Sonralar bu əsər dəfələrlə nəşr olunmuş, yeni nəşrin son cildləri 1928-ci ildə buraxılmışdır.

Zombart bu əsərdə kapitalizm tarixini erkən kapitalizm (XYIII əsrin ikinci yarısında sənaye inqilabına qədər), inkişaf etmiş kapitalizm (birinci dünya müharibəsinə qədər) və gecikmiş kapitalizm kimi inkişaf mərhələlərinə ayıraraq bütövlüklə təhlil etmişdir.

Zombart kapitalizmin iqtisadi inkişaf perspektivlərini nəzərdən keçirərək, "sosial plüralizm" nəzəriyyəsini irəli sürmüşdür. Təsərrüfat formalarının inkişaf tarixindən Zombart belə bir nəticəyə gəlir ki, cəmiyyət inkişaf etdikcə təsərrüfat formaları da artır, belə ki, köhnə formalar itmir, əksinə, yenilərilə yanaşı fəaliyyətlərini davam etdirirlər. Məsələn, orta əsrlərdə Avropada həm kəndli təsərrüfatı, həm biyar - mülkədar təsərrüfatı, həm də şəhər sənətkarlığı paralel mövcud olmuşdur. Sonra kapitalizm yaranmışdır, lakin natural təsərrüfat və sənət mövcud olmaqda davam etmişdir. Zombart belə nəticə çıxarır ki, gələcəyin cəmiyyətində aşağıdakı 6 forma mövcud olacaqdır: kapitalizm, kooperativ təsərrüfat , ictimai təsərrüfat (bura Zombart dövlətə və başqa ictimai təşkilatlara, məsələn, şəhər özünüidarə təşkilatlarına aid olan müəssisələri də daxil edir), natural təsərrüfat, sənət, kəndli təsərrüfatı.

Zombart öz əsərlərində kapitalizmlə sosializmin yaxınlığını sübut etməyə cəhd edirdi. O, deyirdi ki, sabitləşdirilmiş və tənzimlənmiş kapitalizmlə texniki cəhətdən təkmilləşmiş, səmərələşdirilmiş sosializm arasında fərq çox da böyük deyildir və deməli, insanların və insan mədəniyyətinin taleyi üçün təsərrüfatın kapitalistcəsinə, və ya sosialistcəsinə təşkil olunacağı az və ya çox dərəcədə əhəmiyyətsizdir.

Sonralar Zombartın "sosial plüralizm" konsepsiyası kapitalizmin təkamülünün mümkünlüyünü əsaslandıran və müasir kapitalizmi xüsusi və ictimai (dövlət müəssisələri şəklində) təsərrüfatların elementlərinin birləşməsi kimi təsvir edən "qarışıq iqtisadiyyat" nəzəriyyəsinin əsasını təşkil edir.

"Konyukturun sabitləşdirilməsi" haqqında təlim də həmçinin Zombarta məxsusdur. Zombart belə hesab edirdi ki, kapitalizm inkişaf etdikcə ziddiyyətlərin aradan qaldırılmasına, yumşaldılmasına və son nəticədə onların tamamilə itib getməsinə meyl üzə çıxır. Zombart konyunkturun sabitləşməsinə kömək edən bir sıra amilləri irəli sürür: kapitalistlər tərəfindən bazar strukturunun daha dərindən dərk edilməsi, konyuktur institutlarının yaradılması, səhmdar cəmiyyətlərin təşkili sahəsində dövlətin rolunu tənzimləyən Mərkəzi bankın ağıllı uçot siyasəti və pul dövriyyəsinin şüurlu təşkili və başqaları. Zombartın fikrincə, dövlətin təsirinin güclənməsi iqtisadiyyatda tsiklik dəyişikliklərin hamarlanmasına, böhranların, işsizliyin aradan qaldırılmasına səbəb olur, kapitalizm tənzimlənən kapitalizm olur.

1934-cü ildə V.Zombartın "Alman sosializmi" əsəri nəşr olunur ki, burada o, iqtisadiyyatın dövlət tənzimlənməsi sistemini nəzərdən keçirir. Almaniya üçün "dövlət sosializmi" şəklində olan sosial idealı o, planlı və ya mütəşəkkil kapitalizm kimi təsəvvür edirdi. Dövlət sosializmi modelinin formalaşması üçün Zombart iqtisadiyyata dövlət müdaxiləsinin zəruriliyini əsas hesab edirdi. O, iqtisadiyyatın gələcək inkişafını və millətin rifahının təmin edilməsini iri istehsalın məhdudlaşdırılması, xırda biznesin və əkinçiliyin hər cür dəstəklənməsi ilə bağlayırdı ki, bu da Zombartın fikrincə, labüd olaraq əhalinin deproletarlaşmasına gətirməlidir.

Bundan başqa, Zombart dövlət tənzimlənməsi sistemində sosial münasibətlərin fəhlə və sahibkarlar arasında əmək qanunvericiliyi, tarif müqavilələri, əmək şəraitinə nəzarət formasında tənzimlənməsinə xüsusi əhəmiyyət verirdi. O, belə hesab edirdi ki, nəticədə prioritet ictimai mənafelər əsasında mənafelər harmoniyası müəyyən olunmalıdır.

Sonralar alman sosializminin bir çox elementləri, mərkəzləşdirilmiş idarəetmə, milli iqtisadiyyatın dövlət tərəfindən planlaşdırılması, təsərrüfat sisteminin bütün elementlərinin sərt tabeliyi alman faşist dövlətinin iqtisadi siyasətinin əsasını təşkil etdi.

Zombart öz təlimində təsərrüfat dövrü və təsərrüfat sistemi kimi kateqoriyaları ayırır. Təsərrüfat dövrü dedikdə, Zombart sınaq tədqiqatı obyekti kimi xidmət edən real iqtisadi sistemi nəzərdə tutur. Dövrlərin ayrılması nəzəri cəhətdən formalaşmış modellər - Zombartın fikrincə, 3 qrup elementlə: ruh, forma və mahiyyətlə xarakterizə olunan təsərrüfat sistemləri əsasında həyata keçirilir.

Zombart hesab edirdi ki, inkişaf, təsərrüfat sisteminin təkamülü çoxamilli prosesdir, onun bütün struktur elementlərinin kombinə edilmiş inkişafıdır. İqtisadi inkişafın əsas amili, hərəkətverici qüvvəsi onun sosial-psixoloji səviyyəsi ilə müəyyən olunan təsərrüfat ruhudur.

Kapitalist ruhu, yəni təsərrüfat fəaliyyətinin əsas vadaredici motivi Zombart tərəfindən iki tərkib hissəyə - işgüzarlıq ruhuna və burjua ruhuna ayrılır. İşgüzarlıq ruhu - hər şeydən əvvəl, yeniyə, iqtisadiyyatda yeni kombinasiyaların yaradılmasına, riskə hazır olmaq cəhdidir, maksimum mənfəət almağa cəhddir.

Burjua və ya bürger ruhuna əməksevərlik, sadəlik, qənaətcillik, təsərrüfat bacarıqları, müqaviləyə sadiqlik daxildir.

Formaya sosial, hüquqi, siyasi münasibətlərin məcmusu daxildir, mahiyyət isə maddi-texniki istehsal bazası, texnika və texnologiyadır.

Zombart iqtisadi fikrin inkişafında böyük rol oynamışdır. O, "təsərrüfat" və ya "iqtisadi" sistem kateqoriyalarına tərif vermək və "qarışıq iqtisadiyyat"ın müxtəlif tiplərinin nəzəri modelini yaratmaq cəhdi edənlər arasında birinci olmuşdur. Zombartın iqtisadi sistemlər nəzəriyyəsi iqtisadi mexanizm sferasında səmərəli seçimin ümumi qaydalarını formalaşdırmaq üçün yaranmışdı.

Siyasi iqtisadda tarixi istiqaməti yekunlaşdırarkən, demək olar ki, o özünün müxtəlif ifadə variantlarında iqtisad elminin XIX əsrin sonunda düşdüyü böhrandan çıxmağa, bazar iqtisadiyyatının təhlilinə daha həyati yanaşmalar hazırlamağa cəhd edir. Tarix məktəbinin konsepsiyası praktika tərəfindən qoyulan mühüm məsələlərə cavab tapmaq cəhdi demək idi.
§5. ALMANİYADA SOSİAL MƏKTƏB VƏ ONUN

METODOLOGİYASI
Almaniyada sosial məktəb XIX əsrin sonunda meydana gəlmişdir. Almaniyada, həmçinin ABŞ-da inhisarlar çox sürətlə inkişaf edirdi, birinci dünya müharibəsi illərində isə burada dövlət - inhisarçı kapitalizm sistemi yaranmışdı.

Cəmiyyətin təsərrüfat inkişafında dəyişikliklər, istehsalın sosialistləşdirilməsinə başlanması, iqtisadi hadisələrin təhlilinə sosial yanaşmanın zəruriliyi, Avstriya məktəbinin individualist göstərişlərinin aşkar köhnəlməsi - bütün bunlar mərkəzi sosial problemlərə meyl olan yeni elmi istiqamətin meydana gəlməsinə kömək etdi.

Almaniyada sosioloq və iqtisadçı R.Ştammler (1856-1938-ci illər) və siyasi iqtisad professoru R.Ştolsman (1852-1930-cu illər) oldu.

R.Ştammlerin əsas əsəri "Təsərrüfat və hüquq"dur (1896-cı il), burada o sosial məktəbin fəlsəfi və metodoloji prinsiplərini dürüst ifadə etmişdir. Ştolsman "Sosial kateqoriyalar" (1896-cı il), "Xalq təsərrüfatında məqsəd" (1909-cu il), "Xalq təsərrüfatı fəlsəfəsinin əsasları" (1925-ci il) əsərlərində həm də bu təlimin nəzəri - metodoloji əsaslarını inkişaf etdirmişdir.

Sosial məktəbdə A.Ammonun "Siyasi iqtisadın predmeti və əsas anlayışları" (1911-ci il), "Xalqın rifahı haqqında təlimin əsasları" (1926-cı il), F.Oppengeymerin "Xalis və siyasi iqtisadın nəzəriyyəsi" (1902-ci il), "Sosial məsələ" (1912-ci il), "Kapital olan dəyər və mənfəət" (1922-ci il), F.Petrinin "Marksın dəyər nəzəriyyəsinin sosial məzmunu" (1916-cı il), K.Dilin "Nəzəri və siyasi iqtisad (1916-cı il), "Kapitalizmin hüquqi əsasları" (1929-cu il) əsərləri mühüm yer tutur.

Sosial məktəb yeni tarix məktəbinin varisi olub, onun nümayəndələrinin arxasınca iqtisadi həyatın müəyyənedici amilləri kimi hüquqi və etik normaları nəzərdən keçirirdi. Lakin yeni tarix məktəbindən fərqli olaraq, sosial məktəbin tərəfdarları göstərirdilər ki, iqtisadi münasibətlər müəyyən sosial məzmuna malikdir ki, bu münasibətlərin arxasında insanlar arasında ictimai münasibətlər durur və əsasını iqtisadi hadisələrin təhlilinə sosial yanaşma təşkil edən iqtisadi nəzəriyyə yaratmağa cəhd edirdilər.

Bu məktəbin metodologiyası formanın məzmun üzərində üstünlüyünün qəbul edilməsinə əsaslanırdı.

Ştammler göstərirdi ki, insanlar üzərində əlaqələri məhz hüquq müəyyən edir, Dil isə qeyd edirdi ki, elmi tədqiqatın predmeti yalnız hüquqi iqtisadiyyatdır və sosial həyatda səbəb-nəticə yox, hüquqi qanun hökmranlıq edir. Ştammler hesab edirdi ki, iqtisadi hadisələrdə formanı və məzmunu fərqləndirmək lazımdır: məzmun insanların ictimai əmək bölgüsünə əsaslanan birgə fəaliyyətin, forma isə hüququn, dövlətin, qanunların köməyi ilə həyata keçirilən xarici tənzimlənmədir və sosial təsərrüfat yalnız forma ilə ölçülür.

Sosial məktəb iqtisadi qanunun mümkünlüyünü inkar etməklə çıxış etdi. Bu məktəbin tərəfdarları hesab edirdilər ki, iqtisadi həyatda həlledici və vahid motivi ayırmaq olmaz və sosial inkişafda qanunlar mövcud deyil. Dil sübut edirdi ki, siyasi iqtisadçı öz nəticələrinin subyektivizmi barədə xəbərdar etməlidir, belə ki, "digər bərabər şərtlər"ə olan isnadlar bir qayda olaraq bərabər olmayıb, qeyri-qanunidir. O yazırdı ki, insan təbiət elmlərilə məşğul olarkən tədqiq edir, sosial elmlərdə isə insan bu və ya digər təsəvvürlərə, məqsədlərə malik olmaqla, öz arzusu ilə yaradır. Sosial məktəbin nümayəndələri hesab edirdilər ki, sosial qanunlar insani motiv qanunlarıdır.

Ştolsman öz əsərlərində milli iqtisadiyyatda məqsədli göstərişlər haqqında xüsusilə yazaraq sübut edirdi ki, ali məqsədi cəmiyyətin bütün üzvlərinin layiqli yaşamasını təmin etməyə qabil olan xalq təsərrüfatında axtarmaq lazımdır.

Sosial məktəbin qiymətqoyma problemlərinə yanaşması da maraq doğurur. Sosial məktəb dəyər probleminin özünü və onun qanununu inkar etməklə çıxış etdi, avstriya məktəbinin əsas postulatlarını qəbul etdi və özünün qiymətqoyma nəzəriyyəsində bölüşdürücü fikri inkişaf etdirdi.

Sosial məktəbin nümayəndələri qiymətin tərifini verəndə tələb və təklif nəzəriyyəsinə əsaslanırdılar. Belə ki, Amon qiymətlərin 3 amilini: tələbi, istehsal əmsalını, ilkin istehsal olunan nemətlərin kəmiyyətini göstərirdi. Oppengeymer israr edirdi ki, mübadilə dəyəri funksiyadır, ikili münasibətlərin-hər bir əşyanın tələb və təklifinin nəticəsidir. İnhisar qiyməti onlar tərəfindən tələb-təklif funksiyası kimi şərh edilirdi.

Ştolsman və Oppengeymer dəyərin bölüşdürücülük nəzəriyyəsini yaratmışlar. Ştolsman hesab edirdi ki, dəyər yalnız bölüşdürücülük prinsipi əsasında başa düşülə bilər, belə ki, o, fəhləyə əmək haqqını, kapitalistə mənfəəti, torpaq sahibinə isə rentanı təmin etməlidir. Ştoltsman göstərirdi ki, dəyər problemi bölüşdürmə problemidir, əməyin özü isə dəyər üçün bölüşdürmə amili kimi əhəmiyyətə malikdir.

Sosial məktəb iqtisad nəzəriyyəsinin gələcək təkamülünə böyük təsir göstərdi. Bu məktəbin tərəfdarları bazar iqtisadiyyatının iqtisadiyyatın sosial islahatlaşdırılması vasitəsilə yaxşılaşdırılması, işçilərin korporasiyalarının təşkili yolu ilə mümkünlüyü müddəasına əsaslanırdılar. Onlar kapitalizmin sosial-iqtisadi ziddiyyətlərinin aradan qaldırılmasının əsas vasitəsini məhz istehsalın dövlət-hüquqi tənzimlənməsində və bölüşdürülməsində görürdülər. Sosial məktəb sosial antoqonizmlərdən uzaq olan yeni ictimai quruluşun əsasını xüsusi mülkiyyətin gələcək təkamülündə, onun səhmdar mülkiyyətə çevrilməsində, öz fəaliyyətlərini plan üzrə quran inhisarların inkişafında görürdü.



FƏSİL 13 . MARJİNALİZMİN YARANMASI. AVSTRİYA MƏKTƏBİNİN İQTİSADİ TƏLİMİ
§ 1. MARJİNALİZMİN YARANMASI. AVSTRİYA MƏKTƏBİ-MARJİNALİZMİN İLK NƏZƏRİ MƏKTƏBİDİR
XIX əsrin 70-ci illərində kapitalizmin iqtisad elmində subyektiv-psixoloji istiqamət - marjinalizm meydana gəlmişdir. Marjinalizm - fransız sözü olub, mənası "hədd" deməkdir. Marjinalizm iqtisadi hadisə və proseslərin təhlilində son kəmiyyətə, həddə üstünlük verir, faydalılıq həddi, məhsuldarlıq həddi, gəlirlilik həddi, məsrəf həddi və s. bu kimi iqtisadi kateqoriyaları öz tədqiqatının mərkəzində saxlayır. Marjinalizmin ideyalarının ilkin yaradıcıları və tədqiqatçıları Avstriyanın paytaxtı Vyana Universitetinin professorları Karl Menger (1840-1921), Yevgeni Bem-Baverk (1864-1914) və Fridrix Vizer (1851-1926) olmuşlar. Məhz həmin səbəbdəndir ki, bu cərəyanın çox mühüm bir hissəsi hazırda Avstriya məktəbi adı ilə məşhurdur. Bununla yanaşı həmin məktəbin İngiltərədə Uilyam Stenli Cevons, İsveçrədə Leon Valras, Fransada Şarl Jid və s. kimi görkəmli tərəfdarları və davamçıları olmuşlar.

Avstriya məktəbi nümayəndələrinin və onların davamçılarının tədqiqatlarının əsas məzmunu odur ki, burada fərdin psixologiyası ictimai münasibətlərin əsasında saxlanılır, məhdud resurslar şəraitində subyektin öz mövcud tələbatlarını ödəmək üçün iqtisadi qərarları, davranışı əsas tədqiqat obyektinə çevrilir. Avstriya məktəbinin yaranması hər şeydən əvvəl o dövrdə geniş yayılmış klassik məktəbin bir sıra iqtisadi baxışlarının, başlıcası isə K.Marksın dəyər və izafi dəyər nəzəriyyəsinin tənqidi zərurətindən irəli gəlmişdir.

Avstriya məktəbi qarşısında dayanan ən mühüm məqsəd məhsulların faydasının (istehlak dəyərinin) istehlakçı tərəfindən müqayisə edilməsi yolu ilə onun arzu və istəyini, ilk növbədə hansı tələbatlarının ödənməsinə üstünlük verəcəyini aşkar etməkdir.

Avstriya məktəbi belə hesab edir ki, istehlakçının davranışını başa düşmək üçün onun həvəsləndirici motivlərinin necə əmələ gəldiyini və növbələşdiyini tədqiq etmək lazımdır. Bunun üçün isə suyun, çörəyin, paltarın, mənəvi sərvətin dəyərini istehlakçının mövqeyindən qiymətləndirmək tələb olunur. Yalnız bu yolla onun bazarda necə çıxış edəcəyini, bu məhsullardan hansını, hansı ölçüdə, hansı ardıcıllıqla almağa çalışacağını bilmək olar.

Avstriya məktəbinin dəyər haqqında təliminin əsasında faydalılığı iqtisadi inkişafın əsas amilinə çevirən "faydalıq həddi" adlanan nəzəriyyə dayanır. Bu nəzəriyyəyə görə əmtəənin dəyərini onun son ədədinin faydalığı, yəni mövcud əmtəə ehtiyatı şəraitində insanın öz əhəmiyyətinə görə axırıncı yerdə dayanan, mühüm olmayan tələbatını ödəyən son əmtəə vahidinin faydalığına verilən subyektiv qiymət müəyyən edir. "Son faydalıq" kimi səciyyələnən bu nəzəriyyəyə görə faydalıq özü də iki amildən asılıdır. Bu, əvvəla, tələbatın intensivliyidir, yəni tələbat nə qədər çox olarsa, məhsulun faydalığı da bir o qədər yüksəkdir; ikincisi isə məhsulun az tapılması, yəni nadirliyidir. Başqa sözlə desək, məhsula nə qədər az təsadüf edilərsə, onun faydalığı da bir o qədər yuxarıdır. Buna uyğun olaraq tələbatın ödənilməsi hüdudu bilavasitə mövcud nemətlərin kəmiyyətindən asılı olaraq bu və ya digər istiqamətdə dəyişilə bilər. Lakin tələbat özü də sabit kəmiyyət olmadığı üçün, o həmin dəyişikliyə də təsir edir.

"Faydalıq həddi" nəzəriyyəsinin başlıca məzmunu dəyərin yeganə mənbəyinin əməkdən və yaxud məlum üç amildən (əməkdən, torpaqdan və kapitaldan) ibarət olmasını tənqid etməklə bağlıdır. Bu nəzəriyyəyə görə əmtəə dəyəri onu yaradan əməyin kəmiyyətindən deyil, (məlum olduğu kimi, marksizmin əmək-dəyər nəzəriyyəsi məhz belə bir müddəadan çıxış edir), əsasən əmtəənin istehlak dəyəri və onun tələbata nisbətən nadirliyindən asılıdır. Avstriya məktəbi belə hesab edir ki, dəyər hər hansı bir xərclərlə deyil, yalnız son faydalığın səmərəsi ilə ölçülə bilər. Bu faydalıq insanın sərəncamında olan məhsulun kəmiyyəti artdıqca azalmağa doğru meyl edir.

Qeyd etmək lazımdır ki, Avstriya məktəbi tərəfindən aparılan tədqiqatın mərkəzində dayanan bir sıra iqtisadi problemlər həmin məktəbin yaranmasından əvvəllər də müxtəlif iqtisadi fikirlər və məktəblər tərəfindən bu və ya digər səviyyədə öyrənilmiş və təhlil olunmuşdur. Belə ki, məhsulun faydalığı ilə bilavasitə əlaqədar olan istehlak dəyəri, tələbat və tələb məsələlərinə hələ qədim dövrlərdə Ksenofont və Aristotel, orta əsrlərdə F.Akvinski, İbn-Xəldun və digərlərinin iqtisadi baxışlarında geniş yer verilmişdir.

Əmtəənin istehlak dəyəri (faydalığı) məsələsinin təhlili xüsusilə kapitalizm dövrünə qədəm qoymaqla və klassik məktəb tərəfindən sərvətin mənbəyinin mübadilədə deyil, istehsalda axtarılmasına keçilməklə daha da genişlənmişdir. Bununla belə klassik məktəb istehlak dəyərini mübadilə dəyərinin vacib şərti hesab edirdi və ona görə də bu anlayışı fərdi cəhətdən deyil, ümumi baxımdan öyrənirdi, tələbi (faydalığı) təklifdən, istehsal xərclərindən doğan törəmə iqtisadi forma kimi nəzərdən keçirirdi. Bu məktəbin nümayəndələri belə hesab edirdilər ki, tələb yalnız məhsul istehsal olunduqdan və bazarda təklif edildikdən sonra yaranır. Nəticədə tələb istehlak etmək arzusundan deyil, istehlak etməyin mümkünlüyündən doğur.

Düzdür, məhsulun dəyərinin subyektiv psixoloji baxımdan qiymətləndirilməsi probleminə klassik məktəbin məşhur nümayəndələrindən olan D.Rikardonun tədqiqatında müəyyən qədər rast gəlinir. Lakin o, şeyin faydalığını təkrar istehsalı mümkün olmayan sərvətlərlə - nadir rəsm əsərləri, kitablar, heykəllər, tarixi və mədəniyyət abidələri, qədim sikkələr və s. əlaqələndirir. Rikardonun fikrincə, əksər sərvətlər əməyin nəticəsi olduğu üçün onların dəyəri də istehsallarına çəkilmiş əmək sərfi ilə müəyyən olunur.

Məhsulun dəyərinin müəyyən edilməsində subyektiv-psixoloji amilin rolu məsələsi Fransa fiziokratizmi ideyalarının davamçısı A.Tyurqonun iqtisadi baxışlarında da öz əksini tapmışdır. O, özünün "Sərvətin yaradılması və bölüşdürülməsi haqqında düşüncələr" əsərində məhsulun obyektiv və subyektiv dəyərlərini biri-birindən fərqləndirməyə çalışırdı. Tyurqoya görə subyektiv dəyər məhsulun sahibi tərəfindən ona verilən qiymətdir. Obyektiv dəyər isə bazarda tələb və təklif, habelə bir sıra digər səbəblər nəticəsində yaranır. O yazırdı ki, mübadiləyə daxil olan hər bir məhsulun dəyəri qarşı tərəflərin tələbatı, arzusu və imkanları, habelə məhsulun nadirliyi ilə müəyyən edilir. Başqa sözlə, Tyurqonun fikrincə, əmtəənin dəyərinin əsasını onun faydalığının və istehlak dəyərinin alıcı və satıcı tərəfindən subyektiv şəkildə qiymətləndirilməsi təşkil edir.

Tyurqo ilə yanaşı digər fransız iqtisadçısı Kondilyak Avstriya subyektiv-psixoloji məktəbinin yaranmasından hələ 100 il əvvəl, yəni 1776-cı ildə bu məktəbin əsas təməl prinsiplərindən olan faydalıq haqqında yazırdı ki, o, ayrıca bir məhsula birdəfəlik, həmişəlik bağlanmış bir məfhum deyil. Faydalıq məhsulun yararlılığı onun tələblərə cavab verə bilməsi səviyyəsi ilə əlaqədar olan baxışları əks etdirir. Bizim tələbat artıb - azaldıqca məhsulun dəyərliliyi (faydası) də genişlənir və ya məhdudlaşır.

Şübhəsiz, Avstriya məktəbinin əsas ideyalarının formalaşmasında XIX əsrin əvvəllərində yaşamış istedadlı alman iqtisadçısı German Henrix Qossenin çox mühüm rolu olmuşdur. Onun 1854-cü ildə çapdan çıxmış "İctimai mübadilə qanunlarının və insan fəaliyyətinin buradan irəli gələn qaydalarının inkişafı" haqqında əsərində məhsulun "son faydalığı" haqqında iki mühüm prinsip əks olunmuşdur ki, onlar da müasir iqtisad elmində Qossenin I və II qanunları adlanır. I qanuna görə subyektin sərəncamında olan nemətin kəmiyyəti artdıqca onun hər bir əlavə vahidinin son faydalığı da aşağı düşür, həmin sərvətlə təmin olunma həddindən artıq olduqda isə (son həddə çatdıqda) faydalıq sıfra çatır. Qossenin II qanununda göstərilir ki, istehlakın (tələbin) optimal quruluşu bütün əldə edilə bilən nemətlərin faydalığının tarazlığı şəraitində mümkün olur.

Qossenin fikrincə, konkret tələbatı ödəyən məhsulun kəmiyyətcə hər bir artımı özündən əvvəlki "nüsxəyə" nisbətən daha az faydalıdır. İqtisadi resursların məhdudluğu şəraitində isə insanın ən vacib tələbatının ödənilməsinə xidmət edən "məhsulun son nüsxəsi" vardır. Buradan isə belə bir nəticə çıxarılır ki, məhsulun qiyməti fərdin tələbatını ödəmək üçün vacib olan "son nüsxənin" faydası ilə ölçülür, deməli, əmtəənin dəyəri onun son faydalığı ilə müəyyən olunur.

Yeri gəlmişkən qeyd edək ki, Qossenin qanunları nəinki marjinalizmin Avstriya məktəbinin, eləcə də onun sonrakı iqtisadi məktəb və cərəyanların makroiqtisadi nəzəriyyəsində geniş istifadə olunmuşlar.

Nəhayət, Avstriya məktəbinin iqtisadi köklərindən danışarkən alman İ.Q.Tyunenin "Təcrid olunmuş dövlət" (1826), fransızlar A.O.Kurnonun "Sərvət nəzəriyyəsində riyazi prinsiplərin tədqiqi" (1838) və J.Dyupyuinin "İctimai işlərin faydalığının ölçülməsinə dair" (1844) əsərlərini və s. vurğulamaq lazımdır.

Göstərilənlər sübut edir ki, Avstriya məktəbi özbaşına, birdən-birə yaranmamışdır. Subyektiv iqtisadi məktəbin təşəkkülündə yuxarıda adları çəkilmiş tədqiqatçıların, habelə bir çox digərlərinin iqtisadi baxışlarının və əsərlərinin mühüm rolu və əhəmiyyəti olmuşdur.

Avstriya məktəbinin ən fərqləndirici cəhətlərindən biri məhsulun qiymətinin formalaşması üçün mühüm rol oynayan amillərdən biri olan tələbə olan münasibətdir. Təklif amilinin mühüm rolundan çıxış edən klassik məktəbdən fərqli olaraq Avstriya məktəbi belə hesab edirdi ki, məhz tələb (faydalıq) istehsalın (təklifin) parametrlərini müəyyən edir. Buna görə də o, əsas diqqəti təklifin deyil, ayrı-ayrı iqtisadi subyektlərin irəli sürdüyü tələbin öyrənilməsinə yönəltmişdir. Bu məktəbə görə tələbin subyektiv kəmiyyəti sərvətin faydalığından asılıdır. Həm də faydalıq mütləq yox, nisbi anlayışdır. Bu, hər bir ayrıca subyektin konkret şəraitdə konkret tələbi, bu tələbi ödəmək üçün zəruri məhsulların kəmiyyəti və həmin məhsulların subyekt tərəfindən psixoloji baxımdan qiymətləndirilməsi və əldə edilməsi imkanları ilə bilavasitə əlaqədardır.

Avstriya məktəbinin əsas tədqiqat istiqamətlərindən biri də iqtisadi və qeyri-iqtisadi sərvətlərin bir-birindən fərqləndirilməsidir. Bu zaman onlar belə bir metodoloji prinsipdən çıxış edirlər ki, tələbatların kəmiyyəti qeyri-məhduddur və onlar müxtəlif gərginliyə malikdir, cəmiyyətin malik olduğu sərvətlərin kəmiyyəti isə məhduddur. Buna uyğun olaraq hər hansı bir tələbatın ödənilməsinə xidmət edən, lakin tələbatlarla müqayisədə kəmiyyətcə az olan sərvətlər (məsələn, qızıl) iqtisadi sərvətlərdir. Bunun əksinə olaraq bəzi sərvətlər (məsələn, hava, su və s.) təbiətdə qeyri-məhdud həcmdədirlər. Onlar istənilən qədər istehlak edilə bildikləri üçün qeyri-iqtisadi sərvətlərdirlər.

Avstriya iqtisadçıları göstərirlər ki, suya tələbat böyük olsa da onun "faydalıq həddi" çox aşağıdır, çünki insanların suya olan tələbatı xeyli dərəcədə ödənilir. Lakin qızılın "faydalıq həddi" suyun faydalıq həddinə nisbətən yüksəkdir. Ona görə də qızılın qiyməti suya nisbətən yüksəkdir.

Avstriya məktəbi belə hesab edir ki, iqtisadi sərvətlər tələbin tam ödənilməsi üçün kifayət etmədiyindən bu tələb ödənilməmiş qalacaqdır. Belə hallarda isə insanlar az mühüm olan tələbin ödənilməsindən imtina edəcəklər. Beləliklə, tələbin ödənilməsi hüdudu bilavasitə mövcud sərvətlərin kəmiyyətindən asılı olaraq bu və ya digər istiqamətdə dəyişilə bilər.

Avstriya məktəbi nümayəndələrinin öz tədqiqatlarında istifadə etdikləri ilkin metodlarından biri robinzonçuluqdur. Kimsəsiz adada yaşayan adamın təsərrüfatında nə istismar, nə antaqonist ziddiyyətlər, nə iqtisadi böhranlar, nə də işsizlik yoxdur. Avstriya məktəbinin tənqidçiləri bunu əsas götürərək hələ vaxtilə iddia edirdilər ki, bu məktəbin nümayəndələri Robinzonçuluq metodundan təsərrüfatına xas olan xüsusiyyətləri kapitalist iqtisadiyyatına tətbiq etməyə çalışırlar. Bununla belə göstərmək lazımdır ki, Avstriya məktəbinin nümayəndələri Robinzonçuluq metodundan istifadə etməklə hər bir fərd tərəfindən məhsulların subyektiv cəhətdən qiymətləndirilməsi xüsusiyyətini açıb göstərməyə çalışırdılar. Bundan əlavə onlar öz tədqiqatlarını daha da dərinləşdirərək konkret subyektiv baxışlara malik olan insanı sonralar ictimai münasibətlər şəraitində təhlil edirlər, fərdin subyektiv-psixoloji xüsusiyyətlərinin mübadilə, bazar şəraitində, tələbatına üyğun məhsul seçilməsi prosesində necə və nə dərəcədə təzahür etdirdiyini öyrənirlər.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə