FƏSİL 12. Alman tariXİ MƏKTƏBLƏRİ § almaniyada siyasi İQTİsadin meydana gəLMƏSİ. F. LİST, onun iQTİsadi baxişLari. MƏhsuldar


§ 3. L.ERXARDIN İQTİSADİ İSLAHATLARI. "FORMALAŞMIŞ CƏMİYYƏT" KONSEPSİYASI



Yüklə 0,71 Mb.
səhifə8/11
tarix17.01.2017
ölçüsü0,71 Mb.
#397
1   2   3   4   5   6   7   8   9   10   11
§ 3. L.ERXARDIN İQTİSADİ İSLAHATLARI. "FORMALAŞMIŞ CƏMİYYƏT" KONSEPSİYASI
Neoliberal istiqamətdə xüsusi maraq doğuran şəxs Frayburq məktəbinin başqa bir nümayəndəsi Lyudviq Erxard (1897-1977) olmuşdur. O, sosial bazar təsərrüfatı konsepsiyasına əsaslanaraq iqtisadi islahatların praktiki olaraq həyata keçirilməsinin müəllifi olmuşdur.

L.Erxard sosial bazar təsərrüfatının əsas elementi kimi hər şeydən əvvəl azad rəqabəti müdafiə edirdi və bunu belə bir tezislə ifadə etmişdir: "Rəqabət hər yerdə harada mümkündürsə, tənzimləmə harada zəruridirsə". Lakin azad bazar təsərrüfatının öz-özünə fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü də dərk etmişdir. İqtisadiyyatda dövlətin rolunu, funksiyasını futbol meydançasında hakimin roluna bənzətmişdir. Onun sözlərinə görə, cəmiyyət futbol meydançası, üzvləri oyunçular, dövlət isə hakim rolunda çıxış edir. Dövlətin vəzifəsi oyunda iştirak etmək şərtilə oyun qaydalarına nəzarət etmək, üzvlərin mənafeyini uzlaşdırmaqdır. Sosial bazar təsərrüfatının saxlanması üçün dövlət azad bazar qaydalarına əməl etməlidir. Yəni inhsarçılığa yol vermədən qiymət üzərində nəzarəti, xüsusi mülkiyyətin qorunmasını təmin etməlidir. Deməli, sosial bazar təsərrüfatı bir tərəfdən iqtisadi azadlığın, digər tərəfdən sosial ədaləti və sosial müdafiəni təmin edən prinsiplərin vəhdətidir.

L.Erxard sosial bazar təsərrüfatı nəzəriyyəsinin həyatiliyini təcrübədə tətbiq edərək sübut etmişdir. Belə ki, Qərbi Almaniyanın II Dünya müharibəsi zamanı böhranlı vəziyyətini təhlil edərək bir sıra islahatlar aparmışdır. O dövrdə istehsal güclərinin üçdə iki hissəsinin işləməməsi, milli məhsulun həcminin əhalinin pul vəsaitlərindən on dəfələrlə geri qalması, qiymətlərin fasiləsiz artımı, natural mübadiləyə keçilməsi Qərbi Almaniyada kəskin böhrana səbəb oldu. Bu vəziyyətdən çıxmaq üçün uzun müddət mübahisə getmiş və nəhayət Erxardın rəhbərliyi ilə hərtərfli islahat planı (Hamburq) hazırlanmış və həyata keçirilməyə başlanmışdır. İlk növbədə 1948-ci ildə pul və qiymət islahatına başlandı. Ardınca bank və valyuta islahatının ardıcıl həyata keçirilməsi sayəsində alman markasının kursu qalxdı. Nəticədə pul kütləsinin həcmi dəfələrlə ixtisar olundu, qiymətlərin yüksəlməsi dayandı və inflyasiyanın yeni təzahürünün qarşısı alındı.

Eyni zamanda iqtisadiyyatda struktur diyişikliyin aparılması üçün (Marşall planı) dövlətin bəzi sənaye sahələrinə, xüsusilə də kömür, metallurgiya, elektrik enerjisi sahələrinə kömək məqsədilə sahibkarlara vergi güzəştləri tətbiq edildi. Həmçinin islahatları həyata keçirmək üçün xarici ölkələrdən iqtisadi yardım, kömək şəklində yanacaq, ərzaq, taxıl və s. məhsullar əldə edildi. Avropa Proqramı fondundan güzəştli şərtlərlə kreditlər alındı.

Qeyd etmək lazımdır ki, islahatların müvəffəqiyyəti düzgün iqtisadi siyasətlə bərabər ölkədaxili amillərin: ölkədə olan maddi bazanın qorunub saxlanmasından, ucuz iş qüvvəsi hesab olunan qadın və uşaq əməyindən istifadə edilməsindən və s.-dən də asılı olmuşdur. Nəticədə bu islahatlardan geniş və bacarıqla istifadə olunması iqtisadiyyatın dirçəlməsinə səbəb oldu. L.Erxardın bu xidmətləri Alman hökuməti tərəfindən yüksək qiymətləndirildi - əvvəlcə iqtisadiyyat üzrə direktor, 1949-cu ildə isə iqtisadiyyat naziri təyin olundu. Onun bu islahatlarından Cənubi Koreyada, Tayvanda, İspaniyada və başqa ökələrdə müvəffəqiyyətlə istifadə olunmuşdur.

Adenaur-Erxard hökuməti müharibədən sonra (1957) sosial-bazar təsərrüfatının ikinci mərhələsinin başlandığını qeyd etdi. 1965-ci ildə Xristian Demokratlar İttifaqının Qurultayında artıq Almaniyada formalaşmış cəmiyyətin qurulmasını elan etdi. Erxardın özü isə 1949-1963-cü illərdə federal Kanslerin müavini, 1963-1966-cı illərdə isə respublika kansleri vəzifəsinə irəli çəkildi.

İqtisadçıların fikrincə, L.Erxardın sosial bazar təsərrüfatı modelini yüksək artım tempini təmin edən sosial siyasət proqramı hesab etmək olar. Bu proqram həmçinin sahibkarların müdafiə olunmasını orta təbəqənin həyat səviyyəsinin yüksəldilməsi üçün şərait yaradılmasını və bununla da sosial ziddiyyətlərin yumşaldılmasını, dövlətlə işçilər arasında iqtisadi fəaliyyətin optimal nisbətinin tapılmasını nəzərdə tuturdu.

L.Erxardın "formalaşmış cəmiyyət" nəzəriyyəsi sosial bazar təsərrüfatı nəzəriyyəsinin məntiqi davamı idi. Onun fikrincə, "formalaşmış cəmiyyət" daha yaxşı təbii iqtisadi qaydaların mövcud olduğu bir cəmiyyətdir ki, buna da sosial bazar təsərrüfatı vasitəsilə nail olmaq mümkündür. O, bu konsepsiyanı sosializm sisteminə qarşı qoyur və göstərir ki, onun əsas prinsipi sinfi mübarizə yox, bütün qrupların və mənafelərin əməkdaşlığıdır, əsas cəhəti isə cəmiyyətin və dövlətin vəhdətidir, gələcək tərəqqi naminə birləşməsidir.

L.Erxard "Hamı üçün rifah" (1956) əsərində formalaşmış cəmiyyəti ümumi rifah dövləti adlandırır və bu səviyyəyə çatmaq üçün müxtəlif mərhələlərdən keçildiyini qeyd edir.

Cəmiyyətin tarixi inkişafının I mərhələsini (XIX əsr) siniflərin mövcudluğu və onların mübarizəsi ilə xarakterizə olunduğu üçün sinfi cəmiyyət mərhələsi adlandırır.

II mərhələni müxtəlif qrupların arasında fikir mübadiləsinə əsaslanan plyuralizm mərhələsi adlandırır.

III mərhələni isə şəxsi əmək qabiliyyəti və məhsuldarlığı ilə şərtlənən cəmiyyət üzvlərinin məhsuldar ittifaqı mərhələsi hesab edir. Erxard yazırdı ki, ümumi rifahın təmin olunması dövlətin vəzifəsidir. Əgər dövlət ümumi rifahın qoruyucusudursa, onun daşıyıcısı isə iqtisadiyyatın dinamik inkişafının mərkəzində dayanan sahibkardır. Ümumi rifah üçün məsuliyyətin ağırlığı da məhz sahibkarın üzərinə düşür.

L.Erxardın "formalaşmış cəmiyyət" nəzəriyyəsində əsas müddəalardan biri də cəmiyyətin hər bir üzvünün mülkiyyət sahibi olması ideyasıdır. O göstərir ki, Almaniyada hər bir vətəndaş əmək haqqının yığılması hesabına əldə etdiyi səhmlərlə istehsal vasitələrinin mülkiyyətçisinə çevrilə bilir və getdikcə səhmdar kompaniyalarının iştirakçısı olur. Beləliklə, ümumi rifah yaxşılaşır və formalaşmış cəmiyyət yaranır.

Ümumiyyətlə, sosial bazar təsərrüfatı nəzəriyyəsi və "formalaşmış cəmiyyət" konsepsiyası sosializmə qarşı yönəlmişdi. Sosializmin bir sistem kimi dağılması və bu ölkələrdə bazar iqtisadiyyatı qurulması istiqamətində aparılan islahatlar bu fikirlərin doğruluğunu sübut edir.

Qeyd etmək lazımdır ki, sosial bazar təsərrüfatı nəzəriyyəsi və onun təzahür forması olan "formalaşmış cəmiyyət" milli çərçivədə fəaliyyət göstərən bir model olmamışdır. Beynəlxalq aləmdə Avropa ölkələrində bu model təsərrüfat və sosial sahələrin inkişafı üçün rəhbər tutulmuş və uzun müddət iqtisadi siyasətə çevrilmişdir. Sosial bazar təsərrüfatı nəzəriyyəsi müasir İsveç məktəbi (B.Ümen, Q.Mürdal, E.Lundberq, A.Lindbel, R.Bekman, E.Vesterlind və s.) tərəfmndən də qəbul olunmuşdur. Onlar dövlət tənzimlənməsinin yeni təzahürlərindən çıxış edərək dövlət və xüsusi bölmənin vəhdətindən ibarət olan qarışıq iqtisadiyyat tərəfdarı olmuşlar. Onların fikrincə xüsusi müəssisələr, təşkilatlar, istehlakçılar, dövlət tənzimlənməsinə məruz qalsalar da istehsal, investisiya, istehlak və s. məsələləri özləri həll etməlidirlər. (R.Bekmand, E.Vesterlind) A.Lindberq 70-ci illərdə dövlətin iqtisadiyyata müdaxiləsinin fəal tərəfdarı olmuşdur. Neoliberal istiqamətin başqa bir nümayəndəsi B.Ümen dövlətin iqtisadiyyata müdaxiləsini bərabər şərtli rəqabətin təmin olunmasında zəruri sayırdı. Q.Murdal qeyd edirdi ki, kortəbii tənzimlənən bazar təsərrüfatına dövlətin təsiri onu ziddiyyətlərdən və çatışmamazlıqlardan azad edir və onu tənzimlənən iqtisadiyyata çevirir. Bundan başqa İsveç neoliberilistləri dövlətin məşğulluq sahəsində, gəlirlərin bərabərləşdirilməsində, sosial sığorta sistemi, birbaşa və dolayı vergilərin tənzimlənməsi sahəsində tədbirlərini də qəbul edirdilər.

"Sosial bazar təsərrüfatı" nəzəriyyəsinin yayılmış ölkələrindən biri də İtaliya idi. İtaliyada bu nəzəriyyənin tərəfdarları (F.Brambilli, F.Arqibuci, F.Momilyano, F.Viti və s.) onu iqtisadiyyatın dövlət tənzimlənməsi ilə sosial islahatçılığın vəhdətinə əsaslanan yeni bir sistem kimi xarkterizə etmişlər. Bununla yanaşı bu nəzəriyyəni qəbul etməyən iqtisadçılar (M.Fanno, D.Manikenla, L.Eynaudi və s.) dövlət müdaxiləsi nəticəsində iqtisadiyyatın səmərəsinin aşağı düşməsini göstərirlər. Ümumi rifah dövlətin himayə edilən kasıba bənzədirlər.

Neoliberalizmin "sosial bazar təsərrüfatı" nəzəriyyəsindən Yaponiyada da istifadə edilmişdir. Yapon neoliberalizminin nümayəndəsi T.Nisiyama "Neoliberalizmin prinsipləri" (1978) adlı kitabında son dövrlərdə Yapon iqtisadiyyatının dinamik inkişafının zəifləməsinin səbəbini dövlətin iqtisadiyyata müdaxiləsi nəticəsində xüsusi bölmənin fəaliyyətinin məhdudlaşmasında görür. Hökumətin müdaxilə etdiyi sahələrə təkrar istehsalın təmin olunması, ekoloji problem, ictimai xidmətlərin təşkili, istehsal və sosial infrastrukturunun yaradılmasını aid edir.

Qeyd etmək lazımdır ki, 70-75-ci illər Almaniyada baş verən böhran, dövlət borcunun artması, "sosial bazar təsərrüfatı" nəzəriyyəsini müəyyən dəyişikliyə uğratdı. Yeni nəzəriyyəçilər (P.Qlots, K.Bidenkopf, M.Migel təklif edirdilər ki, dövlət sosial xərcləri (mənzil tikintisinə, kənd təsərrüfatına, təhsilə və ictimai nəqliyyata xərcləri) azaltmalı, xüsusi sahibkarlığın həvəsləndirilməsinə yönəldilən maliyyə vəsaitlərini artırmalıdırlar, həmçinin pensiya sığortasından fərdi sığortalara keçilməlidir.

1990-ci ildə Şərqi Almaniyanın Qərbi Almaniyanın tərkibinə daxil edilməsi ilə "sosial bazar təsərrüfatı" yenidən iqtisadi quruluş kimi qəbul edildi və Erxardın "formalaşmış cəmiyyət" konsepsiyası iqtisadçılar tərəfindən (L.Şrutse, V.Riyk, R.Vilhelm) yenidən inkişaf etdirildi. Azad bazar, sosial bazar təsərrüfatı və formalaşmış cəmiyyət əsasında yeni bir konsepsiya - "qlobal cəhətdən tənzimlənən bazar təsərrüfatı" konsepsiyası (K.Şiller) yarandı. O neoliberalizm nəzəriyyəsi ilə keynsçiliyin sintezi kimi xarakterizə edilir. Bu konsepsiya iqtisadi artım, bazar təsərrüfatı çərçivəsində sosial kompensasiyalar ideyalarını özünə birləşdirirdi. Lakin iqtisadiyyatın sosial baxımdan tənzimlənməsi ideoloji məsələ olduğu üçün neoliberalizmin bu ideyası qüvədən düşməmiş və dövlətin iqtisadi siyasətində öz geniş əksini tapmışdır.
§ 4. F.XAYEKİN İQTİSADİ-FƏLSƏFİ BAXIŞLARI. "GENİŞ QAYDA" NƏZƏRİYYƏSİ
Neoliberalizmin görkəmli nümayəndəsi, müasir neoliberalizmin banisi hesab olunan London məktəbinin iqtisadçısı Fridrix Avqust fon Xayek (1899-1992) Avstriyada anadan olmuşdur. O Vyana Universitetini bitirmiş, 30-cu illərdə siyasi və hüquqi elmlər üzrə elmi dərəcə almış, yeni Avstriya məktəbinin liderlərindən birinə çevrilmişdir. Sonralar, 1931-ci ildə London məktəbində dərs demiş, 1952-1962-ci illərdə Çikaqo Universitetinin professoru olmuşdur. 70-ci illərdə Keynsin makroiqtisadi nəzəriyyəsinin böhranı F.Xayekdə onun ideyalarına maraq oyatmışdır.

F.Xayek ictimai fikir tarixində fəlsəfə, psixologiya, sosiologiya məsələləri ilə məşğul olmuş, əsasən də iqtisadi nəzəriyyənin fəlsəfi problemlərinə daha çox diqqət yetirmişdir. "Pul nəzəriyyəsi və iqtisadi tsikl" (1923), "Qiymət və istehsal" (1931), "Mənfəət, faiz və investisiya" (1939), "Kapitalizmin xalis nəzəriyyəsi" (1941), "Quldarlığa gedən yol" (1944), "Azadlıq Konstitusiyası" (1960), "Hüquq qanunauyğunluqları və azadlıq" (1979) əsərlərində bazar qaydalarının iqtisadi, fəlsəfi, hüquqi və siyasi əsaslarını işləyib hazırlamışdır. Onun bu xidmətləri müqabilində iqtisadiyyat üzrə Nobel mükafatına (1974) layiq görülmüşdür.

F.Xayekin təsərrüfat fəaliyyətinin təşkili üçün işlədiyi sosial iqtisadi ideyaları çoxcəhətlidir. İqtisadi dünyagörüş, insanların iqtisadi davranışı, mikroiqtisadi təhlil, iqtisadi tədqiqatlarda makro və mikro iqtisadi təhlilin əlaqələndirilməsi, iqtisadi qayda və səmərəlilik məsələləri onun tədqiqatının əsas mövzuları olmuşdur.

F.Xayekin nəzəriyyəsinin əsasını iqtisadi elmlərin dərk olunması prosesi təşkil edir. Göstərir ki, iqtisadi hadisələrdə dəyişikliklər baş verdiyi üçün, onlar qeyri-müəyyən və qeyri-bərabər inkişaf edirlər.İqtisad elmi bu hadisələri proqnozlaşdırır və inkişaf meyllərini izləyir. Buradan da F.Xayek insan biliyinin məhdudluğundan iqtisad elminin predmetini, məqsəd və vəzifələrini müəyyən etməyə çalışır. Belə hesab edir ki, iqtisad elmi iqtisadi mənafenin təmin edilməsi üçün iqtisadi ehtiyatlardan daha səmərəli istifadə edilməsi probleminin tədqiqi ilə məşğul olmalıdır.

F.Xayek belə hesab edir ki, cəmiyyətin təşkili və inkişafı, yenidən qurulması plan əsasında deyil, daxili hərəkətin nəticəsində, təkamül yolu ilə baş verir. Cəmiyyəti təşkil edən insanlarda şüurlu şəkildə yox, daxili qanunauyğunluqlardan çıxaraq fəaliyyət göstərirlər. İnsan şüuru müəyyən dərəcədə hadisələr arasındakı əlaqəni başa düşür, ancaq onları idarə etmək olmaz. O bunu insan biliyinin məhdudluğu ilə əlaqələndirir. Göstərir ki, insan biliyi, əqli, zəkası məhduddur. Həmçinin biliyin bir hisəsi şəxsidir, başqasına ötürülə bilmir. Fərdi bilik konkret məlumatların məcmuusu deyil, dəyişən şəraitdə insanlara kömək edən vasitədir.

F.Xayekə görə biliyin tam olmaması, məhdudluğu onların insanlar arasında səpələnməsinə, bölüşdürülməsinə gətirib çıxarır. İctimai əmək bölgüsü nəticəsində iqtisadi hadisələr haqqında məlumatlar da müxtəlif şəxslər arasında bölüşdürülür. Bu da iqtisadi dünyagörüşün, iqtisadi təfəkkürün müxtəlifliyinə səbəb olur. Belə halda problemlərin əlaqəli şəkildə həllinin zərurilyi yaranır. Beləliklə o insan biliyini iqtisadi hadisə və proseslərin müşahidə edilməsinin, öyrənilməsinin, mənimsənilməsinin fasiləsiz prosesi hesab edir.

F.Xayek "geniş qayda" nəzəriyyəsində cəmiyyətin daxili qanunauyğunluqlar əsasında inkişafından çıxaraq A.Smitin "gözə görünməz əl" nəzəriyyəsinə oxşar bir fikir irəli sürür. Göstərir ki, bir-birilə əlaqəsi olmayan insanlar arasında geniş fəaliyyət mübadiləsi baş verir. Öz məqsədlərini güdən hər bir fərdin öz maraqları naminə göstərdiyi fəaliyyəti başqa fərdlərin, təsərrüfatların iqtisadi maraqlarının reallaşması üçün şərt olur. Nəticədə müxtəlif fəaliyyətli insanlar arasında geniş əlaqələr "geniş qayda" yaranır. Bu qaydalar kortəbii və şüurlu ola bilər. Öz-özünə yaranan qaydalar təkamül yolu ilə yaranıb, inkişaf etdiyi üçün cəmiyyətin inkişafının təbii prosesidir. Burada daha əsas məlumatların vaxtında toplanması və istifadə edilməsidir. Daxili səbəblərdən törəyən qaydalar insan şüurunun deyil, insan fəaliyyətinin nəticəsidir.

Liberalizmin başlıca ideyasını təşkil edən iqtisadi azadlıq, insan azadlığı F.Xayekin iqtisadi fəlsəfi baxışlarının əsas prinsipini təşkil edir. "Quldarlığa gedən yol" kitabında insanların iqtisadi azadlığına böyük əhəmiyyət verir və göstərir ki, yalnız bu halda insanlar öz biliklərini səmərəli tətbiq edə bilərlər. Azadlıq isə dövlət tərəfindən məhdudiyyətlərin və məcburiyyətlərin ləğvi deməkdir. Bu azadlıqdan imtina edilməsini geriyə-diktaturaya doğru, quldarlığa doğru qayıtmaq kimi qiymətləndirmişdir.

İqtisadi azadlığın yeganə əsasını xüsusi mülkiyyətdə görən F.Xayek dövlətin iqtisadiyyata hədsiz müdaxiləsini bu azadlıqların pozulması kimi qəbul edir. Buna görə də dövlət müdaxiləsinin genişlənməsinə qarşı çıxır, bütün sahələrdə onun fəaliyyətinin məhdudlaşdırılmasını təklif edir. Dövlətin rolunu yalnız sosial sahədə, pensiya və yardımların verilməsində görürdü. Onun təhsil, mənzil, sosial sistemində fəaliyyətini inzibati idarəçilik hesab edir.

F.Xayekin metodologiyasının ümumi xarakteri ondan ibarət olmuşdur ki, iqtisadi və sosial hadisələrin öyrənilməsində ayrı-ayrı təsərrüfatların, fərdlərin fəaliyyətlərinin təhlil edilməsinə üstünlük verilmişdir. O, makroiqtisadi təhlili qəbul etməmiş, ona mənfi yanaşmışdır. Göstərmişdir ki, mikroiqtisadi proseslərin təhlil olunması və başa düşülməsi bütövlükdə iqtisadiyyatın funksiyasını başa düşmək üçün kifayətdir. Xırda islahatlar başlıca dəyişikliklərin əsasıdır. F.Xayek fərdçiliyə üstün yer verməsinə baxmayaraq insanların davranışlarının müəyyən qaydalara uyğunlaşdırılmasını lazım bilmişdir. Onun fikrincə bu qaydaların formalaşması heç kimin nəzarət edə bilmədiyi təkamül prosesidir.

Lakin təsərrüfat sistemlərinin uzunmüddətli inkişaf istiqamətləri də onun diqqət mərkəzində olmuş və təsərrüfat qərarlarının qəbul olunmasında qeyri-mərkəzləşmə prinsipinə əsaslanan bazarlar arasında qarşılıqlı əlaqəni əks etdirən ümumi tarazlığın modelini işləyib hazırlamışdır. Burada istehsal amillərinin mülkiyyətçisi və istehlakçısı kimi ev təsərrüfatı, istehsal amillərinin və xidmətlərinin istehsalçıları və alıcıları kimi isə firmalar çıxış etmişlər. (Kapitalizmin xalis nəzəriyyəsi). Beləliklə, iqtisadi tədqiqatlarda mikro və makro təhlili əlaqələndirmişdir.

F.Xayekin təhlil etdiyi sahələrdən biri də bazar qaydalarının iqtisadi, fəlsəfi, hüquqi və siyasi əsaslarının işlənməsidir. Maddi nemətlərin istehsalında, bölüşdürülməsində və istehlakçılara çatdırılmasında bazar qaydalarının yenidən işlənməsi və tədqiq olunmasını birləşdirərək göstərmişdir ki, bazar sistemində iqtisadi subyektlər arasında məlumatların daha tez toplanması və səmərəli istifadə edilməsi mümkün olur. Bunun nəticəsində insanların bilikləri də genişlənir. Əgər insanlar məlumatları vaxtında toplaya bilmirlərsə onda öz mənafelərini fəaliyyətləri ilə əlaqələndirə bilmirlər.

F.Xayek bazar qaydasının iqtisadi tərəfi kimi məhsulların qiymətini əsas götürür. Göstərir ki, bazar qiyməti bazar subyektləri üçün operativ geniş informasiya mənbəyidir. Bunun vasitəsilə fəaliyyətlər biri-biri ilə əlaqələndirilir. Biliklərin genişlənməsi və yeni biliklərin axtarışına maraq isə rəqabət yaradır. Burada o, bazar mexanizminin ikinci əsas elementi kimi rəqabətə əsas üsütünlük verir.

F.Xayek bazarın fəlsəfi anlamını işləyib hazırlayır. Hər şeydən əvvəl göstərir ki, rəqabət yığılmış, toplanmış biliyin üzə çıxarılması, aşkar edilməsidir. Eyni zamanda rəqabət bu biliklərin iqtisadi ehtiyatların operativ variantlarının və yeni texnologiyanın səmərəli təşkilinin, istifadə edilməsinin axtarılmasına yönəldilməsidir. Yəni insanlar müəyyən məqsədə çatmaq üçün qeyri-müəyyən ehtiyatların səmərəli üsullarını axtarmağa məcbur olurlar və beləliklə insanların fəaliyyətləri genişlənir və təkmilləşir. Bazarın "görünməyən əli" ilə cəmiyyətdə səpələnmiş əməkdən daha səmərəli istifadə olunur. Biliklərin, fəaliyyətlərin səmərəli əlaqələndirilməsi isə ehtiyatların səmərəli bölüşdürülməsinə səbəb olur.

Beləliklə, F.Xayek ancaq bazar iqtisadiyyatı şəraitində ehtiyatların səmərəli bölgüsünün mümkün olduğunu irəli sürür. Daxil olan məlumatları kifayət qədər və tam mənimsəməyən mərkəzi planlaşdırma qiymətin, tələbin elastikliyindən asılılığını həyata keçirə bilmir, bazarın tələbinə, bazardakı dəyişikliyə daha tez və məhsuldar reaksiya verə bilmir. Buna görə də sosializmin məqsədinin faktiki olaraq həyata keçmədiyini qeyd edir.

F.Xayek bazar qaydalarında sosial bərabərsizliklərin mövcudluğunu qəbul edir və bunu belə əsaslandırır ki, rəqabət mübarizəsində insanların fəaliyyəti üzə çıxır, müəyyən olur. Belə ki, rəqabət mübarizəsinin nəticəsində insanların fəaliyyətinin müxtəlifliyi onların gəlirlərində qeyri-bərabərlik yaradır ki, bu da qanunauyğun bir prosesdir.

F.Xayek həmin dövrlərdə başlıca kapitalist dövlətlərinin iqtisadiyyatlarında mövcud olan inflyasiya probleminə də biganə yanaşmamış, onun səbəblərini və tənzimlənməsi yollarını özünəməxsus formada izah etmişdir. "Pul nəzəriyyəsi və iqtisadi tsikl" əsərində göstərir ki, iqtisadiyyatın ayrı-ayrı sahələri bazarda qiymət dəyişikliyinə müxtəlif cür reaksiya verdiyindən hər bir əlavə pul təklifinə qiymətlər müəyyən vaxtlarda - nisbətən tez və ya gec reaksiya verirlər. Nəticədə qiymətlər nisbətində qeyri-bərabərlik yaranır ki, bunu da inflyasiyanın mənbəyi hesab edir. Bundan çıxış yolunu dövlətin pul buraxılışı üzərində inhisarçılığını aradan qaldırmaqda və pulun qısamüddətə ixtisarında görür.

F.Xayek iqtisadiyyatın struktur quruluşunun pozulmasını işsizlik, inflyasiya halları ilə əlaqəli olduğunu qeyd edir və özünün tsiklin pul-kredit nəzəriyyəsində bunu təhlil edir. Göstərir ki, istehsalda əmək haqqı ilə istehlak şeylərinin qiymətləri arasında dəyişiklik baş verir. İstehlak şeylərinin qiymətinin qalxması real əmək haqqını aşağı salır.Nominal əmək haqqının artırılmasına çalışan insanlar nəticədə əmək təklifini artırır ki, bu da iş qüvvəsi bazarında gərginlik yaradır. Bu halda dövlətin kənardan süni müdaxiləsini inkar edərək, ancaq qiymətlər nisbətinin möhkəmliyinin bərpa olunmasını tövsiyə edir.

Eyni zamanda istehlak şeyləri ilə bərabər istehsal vasitələrinin də qiymətlərinin dəyişməsinin istehsalın quruluşuna mənfi təsirini qeyd edir və göstərir ki, bunlar son nəticədə iqtisadi artım tempini zəiflədir. Bunun səbəbini süni kredit faizinin genişlənməsində görür. Belə ki, süni kreditlər investisiya prosesini genişləndirir, maliyyə ehtiyatlarının istehsal vasitələrinə yönəldilməsi əlavə ehtiyatlar cəlb etməyə imkan verir, bu isə onların qiymətini qaldırır. Resurs ehtiyatı daha çox istehsal vasitələrinə yönəldiyindən istehlak şeyləri nisbətən az istehsal olunur. İstehsal vasitələri istehsal edən sahələrdə əmək haqqının artımı istehlak şeylərinə ehtiyacı artırır və bu sahənin istehsalı məhdud olduğundan qiymətlərin qalxması baş verir, nəticədə bu sahənin də inkişafı üçün şərait yaranır.Xayekə görə əgər kreditin süni stimullaşdırılması dayandırılarsa mövcud ehtiyatlar yenidən bölüşdürülməli olur, bu da azad surətdə baş vermir. Bəzi sahələrdə qiymətlərin qalxması nəticəsində iqtisadi ehtiyatların artıqlığına gətirib çıxarır. Bu isə iş qüvvəsinə olan tələbi aşağı salır.

Qeyd etmək lazımdır ki, F.Xayekin tarazlıq konsepsiyası da fərdlərin iqtisadi azadlığının təmin olunmasına yönəldilmişdir. Burada dövlətin rolunun genişləndirilməsinin əleyhinə çıxır. Bazar qaydalarının öz-özünə tənzimlənməsini ən səmərəli sosial sistem hesab edir. Cəmiyyət üzvləri arasında sosial ədalət axtarılması fikrini qəbul etmir və buna cəhdi smmiittğbğ, inkişafın ilkin mərhələsinə qayıtmaq kimi qələmə verir.


§5. A.MİZESİN NEOLİBERALİST BAXIŞLARI
Neoliberalizmin görkəmli nümayəndələrindən biri də Çikaqo məktəbinin iqtisadçısı Lyudviq fon Mizes (1881-1973) olmuşdur. O, F.Xayeklə birlikdə həm də Avstriya məktəbinin davamçısı hesab olunur.

L.Mizes Avstriyada anadan olmuş, Vyana Universitetində təhsil almış, orada işləmiş, professor dərəcəsinə yüksəlmişdir. 1940-1969-cu ildən isə Nyu-York Universitetində beynəlxalq iqtisadi münasibətlər kafedrasında çalışmışdır. Özünün iqtisadi baxışlarını "Pul və kredit" nəzəriyyəsi (1912), "Sosializm" (1922), "Bürokratiya" (1944), "İnsan fəaliyyəti: iqtisadiyyat haqqında traktat" (1949), "Nəzəriyyə və tarix" (1957) əsərlərində şərh etmişdir.

Qeyd etmək lazımdır ki, XIX əsrin sonlarında əvvəllər nəzəri bilik səviyyəsində olan Qərb iqtisadi fikri ilə marksist iqtisadçıları arasında mərkəzi planlaşdırma və bazarın rolu haqqında mübahisələr real sosializmin mövcudluğu ilə daha da kəskinləşmişdi. Sosialist nəzəriyyəçiləri bazarsız, əmtəəsiz, mərkəzdən idarə edilən cəmiyyətin üstünlüyünü sübut etməyə çalışırdılar. Qərb iqtisadçıları isə bazar sisteminin çatışmazlıqlarını aradan qaldırmaq üçün dövlətin tənzimləyici rolunu qəbul edirdilər. Həmçinin kapitalist ölkələrinin iqtisadiyyatlarında baş verən dəyişikliklər-korporativ mülkiyyət formalarının üstünlük təşkil etdiyi qarışıq sistemin yaranması, dövlətin tənzimləyici fəaliyyəti, sahibkarlığın genişlənməsi - yeni iqtisadi ideyaların yaranmasını zəruri edirdi. Ona görə də Mizes (Xayeklə birgə) bazar qanunlarının fəaliyyətinin aradan qalxdığı mərkəzi idarəetmədə iqtisadi ehtiyatlardan səmərəli istifadənin mümkün olub-olmaması kimi mühüm problemlərin müzakirəsinə qoşuldu.

L.Mizes 1936-cı ildə yazdığı "Sosializm" əsərində sosializmin təhlili və tənqidçisi kimi çıxış edir. İstehsal vasitələri üzərində ictimai mülkiyyət və planlı iqtisadi tənzimləmə şəraitində ehtiyatların səmərəli bölgüsünün mümkün olub-olmaması məsələsinə dəqiqlik gətirir. Göstərir ki, mərkəzi idarəetmədə planlı tənzimləməyə iqtisadi ehtiyatların səmərəli bölgüsü baş verə bilmir. Ümumi bir qanunauyğunluq kimi ehtiyatların səmərəli bölgüsü yalnız əmtəə istehsalına və bazar münasibətlərinə əsaslanan cəmiyyətdə mümkündür. Yəni bazar mexanizminin köməyi ilə tələb və təklifin uyğunlaşması əsasında yaranan obyektiv qiymətlər ehtiyatların səmərəli bölgüsünə səbəb olur. Bununla da, o, qiymətin əmələ gəlməsi və iqtisadi ehtiyatlardan səmərəli istifadə olunması prosesində bazar mexanizminin üstün rolunu əsaslandırır, sosializmi qeyri-səmərəli bir iqtisadi sistem adlandırır.

Eyni zamanda L.Mizes tənzimlənən iqtisadiyyatda səmərəli iqtisadi fəaliyyəti təmin etmək üçün istehlakçıların azad seçiminin, tələbinin, zəruriliyini qeyd etmişdir. Bazar sistemində tələbatlara uyğun olaraq ehtiyatların bölgüsü mexaniki olaraq baş verir. Sosializmdə isə dövlət tərəfindən müəyyən olunan qiymətlər tələb və təklifi əks etdirmədiyi üçün istehslın inkişafı istiqamətini tuta bilmir, bu isə iqtisadi tarazlığı pozur.

L.Mizes burada insanların iqtisadi mənafeyini də ön plana çəkir. Göstərir ki, sahibkarlar öz mənfəətləri naminə istehsal edirlərsə bu son nəticədə ictimai tələbatların ödənilməsinə xidmət edir.

L.Mizes iqtisadi liberalizm prinsipindən çıxış edərək iqtisadiyyata dövlətin müdaxiləsini zəruri hesab etmirdi. Müasir cəmiyyətdə təsərrüfat subyektlərinin tam tarazlığına əsaslanan səmərəli iqtisadi siyasət kimi xüsusi mülkiyyəti, əmək bölgüsünü və azad mübadiləni əsas sayırdı. Azad rəqabət vasitəsilə bazarın daim fasiləsiz fəaliyyət göstərməsi üçün dövlətin müəyyən qanunlar çərçivəsində fəaliyyətini, xüsusi sahibkarlığın stimullaşdırıcı rolunu qəbul edirdi.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin