Fikrət Əmirovun həyat və yaradıcılığı



Yüklə 0,53 Mb.
səhifə2/3
tarix23.04.2023
ölçüsü0,53 Mb.
#125776
növüMühazirə
1   2   3
11 F.Əmirovun həyat və yaradıcılığı kopyası kopyası

Həyat və yaradıcılığı

Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə (Kirovabad) şəhərində tanınmış müğənni və tarzən ailəsində anadan olmuşdur. Bəstəkarın atası Məşədi Cəmil Azərbaycanda, İranda, Türkiyədə və Gürcüstan ifaçı-musiqi, sonralar isə müəllim kimi məşhur idi. O, ilk dəfə doğma şəhərində musiqi məktəbi təşkil etmiş, daha sonra həmin məktəbin rəhbəri olmuşdur. Təbiidir ki, atası gələcək bəstəkarın tərbiyəsinə və musiqi qabiliyyətinin inkişafına böyük təsir göstərmişdir.
F.Əmirov ilk musiqi təhsilini Kirovabad musiqi məktəbində almışdır. Oranı bitirdikdən sonra, o, Bakıya köçüb, Azərbaycan Dövlət Konservatorii­ya­­sına, professor Boris Zeydmanın bəstəkarlıq sinfinə daxil olmuşdur. Böyük Vətən müharibəsi F.Əmirovun təhsilini yarımçıq qoyur; bir çox incəsənət xadimləri kimi o da döyüşən orduya gedir, Voronej cəbhəsində vuruşur.
1943-cü ildə ağır xəstələndiyi üçün ordudan tərxis olunub Bakıya qayıdır, 1944-cü ildə konservatoriyada təhsilini davam etdirir və 1948-ci ildə oranı bitirir. Diplom işi kimi “Ulduz” operasını təqdim etmişdir. Bu opera 1 perdəlidir.
Hələ konservatoriyada təhsil illərində gənc bəstəkarı kamera miniatüründən tutmuş “Ürəkçalanlar” (1944), “Gözün aydın” (1946) musiqili komediyalarına, konsert və simfoniyalara qədər müxtəlif mövzu və janrlar cəlb edirdi. Fortepiano, skripka və orkestr üçün ikili konsert və A.Babayevlə birlikdə yazdığı fortepiano ilə xalq çalğı alətləri orkestri üçün konsert və bəstəkarın konsert janrlarında apardığı fəal yaradıcılıq axtarışlarının uğurlu olduğunu təsdiq edirdi. Bunlar həm də milli konsertin ilk nümunələri idi.
F.Əmirovu həm simfonik orkestr musiqisi, həm də səhnə musiqisi cəlb edirdi. Onun səhnə musiqisi sahəsində ilk təcrübələri olan “Ürəkçalanlar” və “Gözün aydın” operettaları bəstəkarın lirik əhvali-ruhiyyənin ifadəsinə meylini, səhnə həssaslığının düzgünlüyünü, istedadının parlaq, melodik təbiətini göstərirdi. Eyni zamanda bu operettalar F.Əmirovun melodikliyə, geniş musiqi nömrə-xarakteristikalarına meylli olduğunu da nümayiş etdirirdi. Məhz buna görə də onun operettalarındakı bir çox mahnılar melodiyasının zənginliyinə, səmimiliyinə və milli zəminə bağlılığına görə geniş yayılmış və şöhrət qazanmışdır.
F.Əmirov uzun illər respublikanın teatrları ilə daim əlaqə saxlamış, C.Cabbarlının, H.Cavidin, M.Hüseynin, S.Vurğunun, İ.Qasımovun və başqa dramaturqların pyeslərinə musiqi yazmışdır.
F.Əmirovun görkəmli əsərlərindən biri 1947-ci ildə Nizaminin anadan olmasının 800 illiyi münasibətilə simli orkestr üçün yaratdığı “Nizami” simfoniyasıdır. Bəstəkar bu lirik-dramatik simfoniyadan sonra süitalar, rapsodiyalar və simfonik muğam kimi yeni formalı əsərlər də yazmışdır.
1948-ci ildə F.Əmirov “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarını yaradır. Həmin əsərlər tezliklə dünya şöhrəti qazanır və çox keçmədən Dövlət mükafatına layiq görülür.
50-ci illərdə F.Əmirovu öz əsərlərindən ibarət konsertdə iştirak etmək üçün ABŞ-a dəvət edirlər. Dünyanın görkəmli dirijorlarından olan Leopold Stokovski Boston filarmoniyası orkestrinin ifasında “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarına dirijorluq etmişdir. F.Əmirovun muğamları bizim ölkəmizdə və bir sıra xarici ölkələrdə vala yazılmışdır.
50-ci illərdə F.Əmirov fortepiano pyeslərini, “12 miniatür” (1955) fortepiano silsiləsini, ərəb mövzularında fortepiano ilə orkestr üçün konserti (E.Nəzirova ilə birgə), həmçinin alban mövzularında iki fortepiano üçün süitasını yazmışdır. Bu dövrdə bəstəkar bir sıra xalq mahnılarını səs ilə fortepiano üçün işləmiş, bir çox başqa mahnılar yaratmışdır.
Onun dram pyeslərinə yazılmış mahnılarının bəzisi müstəqil surətdə konsertlərdə ifa edilir. Məsələn, H.Cavidin “Şeyx Sənan” pyesindən korun mahnısı geniş yayılmışdır. Həmin mahnı özündə qədim nəğmələrin intonasiya xüsusiyyəti ilə faciəli ifadəliliyini birləşdirir. İnsanın kədəri, məhkumluq, dözülməz əzab ifadəsinin rəmzi olan bu mahnının mənbəyi muğamlardan, matəm mərasimləri mahnılarından, oxşamalardan götürülmüşdür.
Xalq musiqisinə daim istinad edən, onu müxtəlif forma və janrlarda təcəssüm etdirən, xalq ruhunun təcəssümü üçün yeni-yeni forma və metodlar axtaran bəstəkar 1950-ci ildə dörd hissəli “Azərbaycan” simfonik süitasını yaradır. Vətən haqqında özünəməxsus himn olan bu əsərdə öz xalqına coşğun məhəbbət, iftixar və doğma incəsənətə ehtiram hissləri ifadə olunur.
F.Əmirov yaradıcılığına xas olan bu vətənpərvərlik mövzusu öz ifadəsini orkestr üçün yazılmış parlaq “Azərbaycan kapriççiosu” (1961) əsərində tapmışdır. Virtuoz xüsusiyyət, tembr rəngarəngliyi, kolorit zənginliyi, boyaların parlaqlığı və dəyişməsi “Azərbaycan kapriççiosu”nda valehedici dərəcəyə çatdırılmışdır. Bu pyesdə orkestrdəki çalğı alətlərinin ifadəli və virtuoz xüsusiyyətləri son dərəcə ustalıqla açılmışdır.
Sevil” operasının yaradılması F.Əmirovun və eyni zamanda 50-ci illər milli musiqi sənətinin böyük nailiyyəti oldu. Bu opera üzərində bəstəkar 1949-1953-cü illərdə işləmişdir.
F.Əmirov “Sevil” operasını yaratmaqla müasir Azərbaycan operası qarşısında duran bir çox problemləri həll etdi.
60-cı illərdə bəstəkar “Sevil” operasının yeni redaksiyasını işləmişdir. Eyni zamanda bu illərdə F.Əmirov musiqi-ictimai sahədə xüsusilə aktiv fəaliyyət göstərirdi. O, beynəlxalq musiqi konqreslərində, simpoziumlarda, konfranslarda, qurultaylarda, plenumlarda iştirak edirdi.
70-ci illərdə F.Əmirov “Nəsimi” vokal-xoreoqrafik poemasını, simfonik orkestr üçün “Azərbaycan qravurləri”ni yazmışdır.
Bəstəkar 1971-ci ildə “Gülüstan – bayatı şiraz” simfonik muğamını yaradır. Məşhur fars poeziyası klassikləri Sədinin və Hafizin şerlərindən ilham alan bəstəkar bu əsəri ilə yenidən muğama – doğma xalqının incəsənət xəzinəsinə müraciət etmişdir. İlk simfonik muğamlarında olduğu kimi, yeni əsərində də onun orkestr leksikası incə və koloritlidir, xalq melosu isə müxtəlif polifonik üsullarla və rəngarəng harmoniyalarla zəngindir. Eyni zamanda burada muğam səslənmə etibarilə bir qədər aşıq yaradıcılığından qidalanmış və daha da zənginləşdirilmişdir.Xalq musiqisinin müxtəlif janrlarını birləşdirmək səyi “Gülüstan-bayatı-şiraz” muğamına gözəl konsert xüsusiyyətləri vermişdir. Eyni zamanda əvvəlki simfonik muğamlara nisbətən “Gülüstan-bayatı-şiraz” simfonik muğamında klassik formalarla bağlılıq daha aydın gözə çarpır.
“Gülüstan – bayatı-şiraz” simfonik muğamı 1973-cü ildə Moskvada keçirilən VII Beynəlxalq musiqi konqresində ifa edildi və dinləyicilər tərəfindən rəğbətlə qarşılandı.
F.Əmirov kino musiqisi janrına da müraciət etmişdir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. kinofilmlərinə musiqi yazmışdır.
F.Əmirov “Göygöl”, “Reyhan”, “Odlar ölkəsi” və s. mahnıların müəllifidir.
70-ci illərin axırında F.Əmirov “Min bir gecə” nağıllarının motivləri əsasında eyni adlı baletini yaradır. Həmin balet 1979-cu ildə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Tezliklə balet geniş şöhrət qazanmış, Moskvada və başqa şəhərlərində tamaşaya hazırlanmışdır. 80-ci illərin əvvəlində “Min bir gecə” baletinə görə bəstəkar F.Əmirov, quruluşçu baletmeyster N.Nəsirova, rəsam T.Nərimanbəyov, dirijor N.Rzayev və əsas rolların ifaçıları SSRİ Dövlət mükafatına layiq görülmüşlər. F.Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat etmişdir.

  1. Sevil operası

F.Əmirov “Sevil” operasını görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının eyni adlı pyesi əsasında yazmışdır.
C.Cabbarlının “Sevil” dramı 1953-ci ildə tamaşaya qoyulmuş və dərhal geniş şöhrət qazanmışdır. İlk tamaşada Ə.Bədəlbəyli dirijorluq edirdi. Əsər qadının əsarətdən azad edilməsi probleminə həsr olunmuşdur. Bu ideya o zaman olduqca aktual idi. İnsanların şüurunda, məişətində qalmış keçmişin qalıqları, köhnəlmiş adətlər, dini xürafat – bütün bunlar Azərbaycan qadınının həyat yolunda böyük əngəl törədirdi. İnqilab olmasına və Azərbaycanda hakimiyyəti qurulmasına baxmayaraq, Azərbaycan qadını çadradan, hələ də tamamilə azad olmamışdı. Bir vaxt ərinə kölə kimi itaət edən məzlum qadın əzab-əziyyətlərə, həqarətlərə dözməyərək, köhnə adətlərlə əlaqəsini kəsib, inqilab tufanının təsiri altında öz insani hüquqlarının təsdiqi uğrunda mübarizəyə başlayır.Cəmiyyətinin azad üzvü kimi qadının taleyi haqqında həyəcanlı hekayət olan “Sevil” pyesi vaxtında yazılmışdı və yeni həyat uğrunda mübarizədə Azərbaycan xalqına kömək edirdi.
Klassik dünya operalarının xüsusilə Çaykovski operalarının ənənələri­nə əsaslanan, rus və Azərbaycan operalarının təcrübəsindən yaradıcı surətdə istifadə edən F.Əmirov bu əsəri ilə müasir mövzuda ilk Azərbaycan lirik-psixoloji operasını yaradır.
Əsasən C.Cabbarlı pyesinin ideyasını və süjet xəttini saxlayan F.Əmirov və librettoçu T.Əyyubov ictimai xüsusiyyətləri dərinləşdirmək üçün operada bəzi dəyişikliklər aparmışlar.
Operada hadisələrin inkişafı, kompozisiyası, dramaturji quruluşu və s. baxımdan çox şey bəstəkarın klassiklərdən, xüsusilə Çaykovski dramatur­giyası ənənələrindən bəhrələndiyini göstərir. Lakin bununla birlikdə, klassik operaların kompozisiya üsulları “Sevil” də musiqi dilinin milli-xalq cizgiləri ilə, bütün müasir intonasiya leksikası ilə sintezləşdirilir. Bu, F.Əmirovun klassik ənənələrinə yaradıcı münasibətini və əsərin mahiyyətini, ideya məzmununu dərindən dərk etdiyini göstərir.Operanın dramaturgiyasında gərginliyin, dinamikliyin ardıcıl inkişafı, artması prinsipi böyük rol oynayır. “Sevil” in dramaturgiyasında müəllif tərəfindən geniş istifadə olunan və operanın musiqisində mühüm rol oynayan leytmotivlər, leyttemalar, qısa motiv-xarakteristikalar, motiv xatırlamalar onun ideyasının açılmasına kömək edir.
Operada Sevilin xarakteristikaları ilə bağlı olan leytmotivlər xüsusilə əhəmiyyətlidir. Məsələn, operanın qəhrəmanının musiqi təcəssümündə ilk dəfə Proloqda ifadə edilmiş Sevilin əsas leytmotivi son dərəcə mühüm rol oynayır. Leytmotiv iki hissədən ibarətdir: başlanğıc və əsas. Əsas hissə böyük və daxili qüvvə və “zirvə-mənbədən” sərbəst surətdə axıb gələn, həm də birinci melodiyadan törəyən təzadlı tamamlayıcı melodiya ilə dolğunlaşır.
Operada Sevili oynamağa çağıran leytmotivə böyük əhəmiyyət verilir. İlk dəfə Gülüşün Sevilə müraciətlə oxuduğu ariozada səslənən bu leytmotiv operanın dramaturji inkişafına fəal surətdə qoşularaq onun ideyasının açılmasında mühüm əhəmiyyət kəsb edir.
Operada Sevillə Balaşın “şəxsi faciə” leytmotivi – həzin, dramatik-dolğun, ahəngar mövzusu mühüm rol oynayır. Əvvəlcə hər iki qəhrəmanın hisslərini səciyyələndirən həmin leytmotiv tədricən Sevil partiyasından “çıxır” və yalnız Balaşın partiyasında qalır.Operanın digər iştirakçıları da leytmotivlərlə səciyyələndirilir. Opera­nın qəhrəmanları leytmotiv xarakteristikalarla yanaşı, ariyalarla, ariozolarla, həmçinin ansambl nömrələri ilə təqdim olunurlar.
F.Əmirovun operasında müxtəlif xarakterli və tipli çoxlu ansambl nömrəsi vardır. Onların içərisində xüsusilə Sevillə Balaşın duetini göstərmək lazımdır. Bu duet onların xarakteristikasını tamamlayır və dramaturji cəhətdən əsas səhnələrdə mühüm rol oynayır.
İkinci pərdədən alınmış septet bütün operanın mərkəzi ansamblı, ən yüksək nöqtəsidir. O bütün iştirakçıları bilavasitə toqquşdurur.Operanın birinci pərdəsindəki hadisə 1918-1919-cu illərdə Bakıda baş verir. Üçüncü pərdədəki hadisə 10 il keçəndən sonra vaqe olur.
Opera proloqla başlanır. Operanın mühüm səhnələrindən biri kimi köhnə Azərbaycanın ümumiləşdirilmiş lövhəsi verilir, nümayəndəsi Sevil olan xalqın ağır həyatı təsvir edilir. Operanın proloqunda Xəzər dənizinin mənzərəsi göstərilir. Axşamdır. Dəniz sahilində xalça və paltar suya çəkən qadınlar öz talelərindən şikayətlənirlər. Sevil də onların arasındadır. Məscid minarəsindən gələn müəzzinin səsi hamını axşam ibadətinə çağırır. Proloqda operanın əsas mövzuları – məzlum xalqın, Sevilin və oğlu Gündüzün mövzuları təzadlı şəkildə bir-birini əvəz edərək keçir.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin