(Gagauz dili hem literatura 8 klas, 2003:228)
Şair daha çox elmi yaradıcılıqla məşğul olduğundan şeirləri azdır. Bir də onun əsərlərinə 1981-ci ildə çap olunan “Çık, çık günəş” adlı topluda rast gəlirik.
1953-cü ildə Tiraspol şəhərindəki A.S.Makarenko adına Pedaqoji Məktəbə qəbul olunan Qavril oranı bitirdikdən sonra 1957-ci ildə Kişinyov Dövlət Universitetinin tarix-filologiya fakültəsində təhsilini davam etdirir. Rus dili və ədəbiyyatı ixtisasına yiyələnməyə çalışan Q.Qaydarcını diplom işini bitirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə göndərirlər. Burada o, aspirantlar üçün təşkil olunmuş kurslarda iştirak edir.
“Qaqauz dilində zamanın ifadə üsulları” mövzusunda yazdığı diplom işi yüksək qiymətləndirilir. 1962-ci ildə “Müasir qaqauz dilində zaman budaq cümləsi” kitabı nəşr olunur.
1963-cü ildən Moldovanın Beltse şəhərindəki “Iskra” qəzetində korrektor, ədəbi işçi, məsul katib işləyir. Beltsedəki Pedaqoji institutun müsabiqəsi onun həyat yolunu dəyişir. Müsabiqədən keçərək rus dili kafedrasında müəllim işləməyə başlayır. 1969-cu ildə SSRI EA Dilçilik Institutunun türk dilləri üzrə aspiranturasına qəbul olunur. 1972-ci ildə “Müasir qaqauz dilində budaq cümlə tipləri” mövzusunda yazdığı dissertasiyanı müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alır.
Dissertasiyasının mövzusundan istifadə edən Q.Qaydarcı 1973-1981-ci illərdə iki monoqrafiya çap etdirir (Tağısoy N., 2010:185). Əsasən lüğətçilik sahəsində çalışan Q.Qaydarcı E.K.Koltsa, L.A.Pokrovskaya və B.P.Tukan ilə birlikdə “Qaqauz türkcəsində-rusca-moldovca” sözlüyü hazırlayaraq 1973-cü ildə Moskvada çap etdirmişdir. Sonralar onu Türkiyəyə - TIKA-nın hazırladığı “Karşılaştırmalı Türk lehceleri sözlüğü” kitabını hazırlamağa dəvət etmişlər. Orada qaqauz türkcəsində “a” hərfi ilə başlayan sözlərin lüğətini hazırlamışdır.
1987-ci ilədək Beltsi Pedoqoji Institutunda çalışan Q.Qaydarcı sonralar Moldova Elmlər Akademiyasına dəyişilərək oradakı Azsaylı Xalqlar Institutunda direktor müavini, 1996-cı ildən ömrünün sonunadək həmin Institutda Qaqauzşünaslıq şöbəsinin müdiri işləmişdir.
SSRI Türkologiya Komitəsinə üzv seçilmiş, Moldova Orfoqrafiya Komitəsinə sədrlik etmiş, qaqauz dili və ədəbiyyatı kitablarını, dərslik və proqramlarını hazırlamış, Kişinyov Dövlət Universitetində, I.Krenqa adına Pedaqoji Universitetdə, Komrat Dövlət Universitetində mühazirələr oxumuş Q.Qaydarci qaqauzların muxtariyyat əldə etməsi uğrundakı mübarizəsində də fəal iştirak etmişdir.
Şairin “Ana tarafım” şeirinə bəstəkar Mixail Koltsa mahnı yazmışdır.
Dostları ilə paylaş: |