3.2. Anadilli mətbuatın yaranması və ədəbiyyatın inkişafına təsiri
Qaraçay-malkar yazılı ədəbiyyatının formalaşmasında mətbuatın rolu olduqca böyükdür. 1922-ci ildə Batal Paşa (indiki Çerkessk) şəhərində rusca nəşr olunan “Qorskaya bednota” (“Dağlı yoxsullar”) qəzetinin bir səhifəsi qaraçaylara ayrılmışdı. Bu səhifədə ərəb qrafikası ilə qaraçay-malkar dialektində məqalələrlə yanaşı, şeirlər də çap edilirdi. 1924-cü il oktyabrın 19-da nəşrə başlayan “Tavlu caşav” (“Dağlı yaşamı”) qəzeti qaraçay-malkar türkcəsində çıxırdı. Qəzetin adı 1928-ci ildə dəyişdirilərək “Tavlu carları” (“Dağlı kasıbları”) qoyuldu. Bu qəzetlərin nəşri qaraçay-malkarlar arasında ana dilində yazılı ədəbiyyatın təşəkkülünə və inkişafına səbəb oldu.
Mətbuat, mədəni mərkəzlər Sovet hökumətinin əlində olduğundan təbliğat və basqılar öz işini görürdü. Issa Qarakötov, Azret Örtenov, Daut Bayqulov (Bayqullanı), Abdulkerim Batçayev (Batçalanı), Xasan Bostanov, Sait Şaxmurzayev (Şaxmurzalanı), Sait Otarov (Otarlanı), Bert Qurtuyev (Qurtulanı) və b. bolşeviklərin qəhrəmanlıqlarını, döyüşlərdə göstərdikləri igidlikləri tərənnüm edir, onların dünyanı zülm və əsarətdən qurtaracaqlarını poetik dillə xalqa çatdırmağa çalışırdılar. O dövrün ruhuna uyğun olaraq poetik pafosla Sovet hökumətinin üstünlüklərinə, kasıbların dayağı olduğuna, xalqlara dinclik və əmin-amanlıq gətirdiyinə, yoxsulların bu hökuməti sevinclə qarşıladıqlarına dair şeir və poemalar yazırdılar. O biri tərəfdən də keçmişi tənqid adı altında bütün milli dəyərləri, adət-ənənəni pisləyir, onları gözdən salırdılar. 20-ci illərin ikinci yarisından başlayaraq, ictimai həyatda olduğu kimi, ədəbiyyatda da islam dininə, islam mədəniyyətinə qarşı kəskin mübarizəyə girişildi. Din, əski mədəniyyət, adət-ənənə xalqın geri qalmasinın başlıca səbəbi kimi göstərilməyə, bir buxov kimi təsvir edilməyə başlandı.
Dostları ilə paylaş: |