Şeyit Xanım Arslanəli qızı Alişeva (1949, Xasavyurd rayonunun Bammatyurt kəndi.) Ata babası Tarqulu kəndindən olan Şeyit Xanım Buynaksk Pedaqoji Texnikumunu bitirdikdən sonra uşaq evində tərbiyəçi, SSRI Yazıçılar Ittifaqının Dağıstan MSSR şöbəsinin kitabxanasında işləmişdir. Ilk şeirlərini texnikumda oxuyarkən yazan və 1961-ci ildə “Lenin yolu” qəzetində çap etdirən Şeyit Xanımın şeirləri sonra “Dostluq” jurnalında da çap olunur. Gənc yaşlarından istedadı ilə seçildiyinə görə onu Moskvaya, M. Qorki adına Ədəbiyyat Institutunda oxumağa göndərirlər. Oranı bitirib geri döndükdən sonra “Dağıstanlı qadın” jurnalında işləyir.
1968-73-cü illərdə “Mosfilm”də tərcüməçi işləyən şairin ilk kitabı 1975-ci ildə çap olunur. Sonrakı illərdə “Yolda yır” (1981), “Salıncak” (1984), “Mən rəqs edirəm” (1986) və başqa kitablarını çap etdirmişdir. 1984-cü ildə ilk şeir kitabını Moskvada çap etdirən Şeyit Xanımın imzası sonralar da rusdilli mətbuatda görünmüşdür.
Millətinin ictimai-siyasi məsələlərində öndə gedən şair keçmiş ənənələrdən bacarıqla istifadə edir, dini mövzularda da şeirlər yazır. O, yetişməkdə olan ədəbi nəsli minillik ənənəsi olan dini və milli dəyərlərdən yararlanmağa həvəsləndirir. “Antım bar” şeirində yazır:
Meni nem bar, nem bar, nem -
Kumukluqum bar ünem!
Tenqirden tuv xalkım bar.
Tüzüm-tax, kök-kalkım bar.
Dağıstanım, Tarqum bar,
Denqiz-derya barğum bar.
Meni nem de bar, nem de -
Aykız, Korkut Dedem de.
Özden Qazaq Yırım bar.
Asrulardan sırım bar
Bar meni Minküllüdey -
Min hasiret batırım. (Karcıqa, 2002: 155)
Şair 1995-ci ildə Mahaçqalada çap etdirdiyi “Süy!Yılla! Süün!” (Sevgi, kədər, xoşbəxtlik), 1990-cı ildə Moskvada “Sovetskiy pisatel” nəşriyyatında çap etdirdiyi “Plaç, lyubi, vspominay…”, 2002-ci ildə uşaqlar üçün hazırladığı “Uyan, Tur!” və başqa kitablarını avtoqrafla mənə bağışlamışdır.
Dostları ilə paylaş: |