(Türkiye dışındakı..., 2002:43, 20-ci cild).
Qumuqlar arasında Imam Şamil və onun mübarizəsi ilə bağlı çoxlu şeir, mahnı, rəvayətlər olsa da, onlar vaxtında toplanıb çap edilməmişdir. Maraqlı burasıdır ki, türk xalqlarının bir çoxunda nəsr şəklində olan folklor nümunələri qumuqlarda yır kimi, yəni mənzum söylənildiyi halda “Koroğlu” kimi məşhur dastan isə nağıl janrında verilir. Hətta Koroğlu haqqında yır belə toplanmamışdır. Bu da açıq-aşkar onu göstərir ki, dastan vaxtında onu yaxşı bilən və söyləyəndən toplanmamışdır. Qumuq folklorunun toplanmasına ilk başlayan M.E.Osmanov olmuşdursa, sonrakı illərdə bu sahədə D.M.Şixalıyev, A.Şamsüdinov, M.Alibekov, S.Hacıyeva, A.Hacamatov, A.Hacıyev, K.Abukov, A.K.Abdullatipov və A.M. Sultanmuratov, A.H.Hacıyev və başqaları böyük işlər görmüşlər. Siyasi sifarişlərin azalmasından yararlanan qumuq folklorçuları son illər bir çox maraqlı nümunələr çap etdirmişlər. Miflərin, ovsun mətnlərinin, müstəmləkəçilərə qarşı döyüşmüş igidlərə həsr olunmuş yırların və s. çap edilməsi dediklərimizə nümunədir. Bütün bunlar qumuq xalqının əski çağlardakı dünyagörüşünü ortaya qoymağa imkan verir.
Insanları doğruluğa, ədalətə, düzlüyə, mərdliyə, sədaqətə səsləyən atalar sözləri, “beynin idmanı” adlandırılan tapmacalar (qumuqlar bu janra tapşurmalar deyir. Cavabları öz içərisində gizlədilən tapşurmaları qumuqlar çox vaxt yır və sarın şəklində söyləyir, cavablarını da eyni şəkildə verirlər), müdrik fikirlər aşılayan nağıllar, mərasim nəğmələri, miflər, alqışlar, qarğışlar, bir sözlə, folklorumuz əvəzsiz bədii nümunələr olub yazılı ədəbiyyatın inkişafına təkan vermişdir. Qumuq yazılı ədəbiyyatı uzun illər klassik ədəbiyyatdan ayrı salınmağa çalışılsa da, zəngin şifahi xalq yaradıcılığına dayanaraq milliliyini qoruyub saxlaya bilmişdir.
Dostları ilə paylaş: |