2.3. Sovet dövrü qumuq ədəbiyyatı
Elə yazıçı və şairlər var ki, onlar Dağıstanda Sovetlərin hakimiyyəti ələ almasını görməsələr də, onların həyat və yaradicılığı Sovet ədəbiyyatının tərkibində öyrənilməlidir. Çünki onlar Sovet ədəbiyyatının təməl daşlarını qoyanlar, ədəbiyyatı siyasiləşdirənlər və bolşeviklərin mövqeyinə yaxın bir mövqedə duranlar olmuşlar. Hətta uzun zamanlar onlar qatı bolşevik, fanatik inqilabçı kimi tanıdılmışlar.
Bolşeviklərin tərəfini saxlayan, Rusiyada onların hakimiyyətə gəlməsini alqışlayan və onların yerlərdə də hakimiyyəti ələ alması üçün qələmlərini və ictimai-siyasi fəaliyyətlərini, bədii yaradıcılıqlarını bu yönə istiqamətləndirmiş qumuq ədibləri haqqında çox yazılmışdır. Lakin Rusiya işğalına qarşı duran, milli yönlü insanların və onların əsərlərinin adı belə uzun illər çəkilməmişdir. Elə buna görədir ki, 1917-ci il fevral inqilabından sonra qumuq dilində çap olunan “Müsavat” qəzeti haqqında, bu qəzetin ətrafına toplaşmış milli qüvvələr haqqında geniş bilgimiz yoxdur.
Sovetlərin hakimiyyətə gəlməsindən əvvəl yaşamış və bədii yaradıcılıqla məşğul olmuş Dadav Muhammatov (1856-1926), Manay Alibekov (1861-1920), Nuhay Batırmurzayev (1865-1919) və b. şairlərin yaradıcılığında zamanədən şikayət, haqsızlıqların tənqidi, kasıbların güzəranının ağırlığının təsviri olduğuna görə onlar Qumuq Sovet ədəbiyyatının təməlini qoyanlar kimi təbliğ edilmişlər. Abdulla Muhammadov (1869-1937) isə 88 illik ömrünün cəmi 17 ilini Sovetlər dönəmində yaşamasına baxmayaraq onun günümüzədək gəlib çatan əsərlərinin böyük əksəriyyəti Sovetlər dönəmində yazılanlardır. Uzun illər Yırçı Kazakın təsiri ilə şeirlər yazan Aybala Dadav (Dadav Muhammatov) ömrünün son illərində ictimai siyasi hadisələrlə səsləşən şeirlər yazdığına görə Sovet dövründə onu „işçi sınıfı“ şairi, qumuq türklərinin ilk „proletar“ şairi kimi təbliğ etməyə başlamışlar.
Keçmiş Rusiya imperiyasında baş verən dəyişikliklər qumuq ədəbiyyatına da güclü təsir göstərmişdir. Sovetlərin qələbəsindən sonra ana dilində yazıb-yaradanların sayı artmış, qumuqlar üçün Bakı nəşriyyatlarında kitablar, qəzet və jurnallar çap olunmuş, Azərbaycanın ali və orta ixtisas məktəblərində qumuq gənclərinin təhsil almasına şərait yaradılmışdır. Bu da qumuq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir. Ədəbiyyatda epik nümunələr çoxalmış, poemalar, hekayə, povest, roman və pyeslər meydana gəlmişdir.
Əslində bir dövr kimi öyrənilməli olan Sovet dövrü qumuq ədəbiyyatını araşdırıcılar 1950-ci illərin sonundan etibarən aşağıdakı kimi dövrləşdiriblər:
„I devür - Inqılapın va vatandaş davnu yıllanı adabiyatı (1917-20)
II devür - yiqirimançı yıllarını adabiyatı (1920-29)
III devür - otuzunçu yıllarını adabiyatı (1930-41)
IV devür - Yullu Vatan davnu yıllarını adabiyatı (1941-45)
V devür - davadan sonqhu yıllanı adabiyatı (1945-56)
VI devür - haliqi adabiyat (KPSS-ni XX siezdinden sonq yaratılqan adabiyat)“ (Literaturadan xrestomatiya, 1986:3)
1927-28-ci illərdəki milli düşüncəli insanların kütləvi həbs və sürgünlərindən sonra qumuq gəncləri arasında Rus Sovet ədəbiyyatının təsiri ilə yazıb yaratmaq dəb halına düşür. Beləcə qumuq ədəbiyyatında yalnız mövzuca deyil, janr, vəzn və ritmcə də dəyişikliklər baş verir. Sərbəst vəzndə yazmağa, Mayakovskini yamsılamağa çalışanların sayı artır. Rus və Avropa yaziçılarının əsərləri rus dili vasitəsilə qumuq türkcəsinə də çevrilir.
Bolşeviklər çar üsuli-idarəsini, keçmiş quruluşu sərt tənqid etsələr də, milli məsələdə onun siyasətini davam etdirir, həmişə Kazan və Kırım tatarları, azərbaycanlılar, özbəklərlə, qazaxlarla sıx ünsiyyətdə olan qumuqları öz kökündən ayırıb ruslaşdırmaq siyasəti yeridir. Onlar öz mövqelərini möhkəmlətmək üçün azsaylı xalqların ibtidai savad almasına, mədəniyyətlərinin inkişafına şərait yaradırdılar. Savadlanan, dünyagörüşü olan insanlar isə öz tarixi keçmişlərini öyrənməyə və yaşatmağa həvəs göstərirdilər.
Qafqazda nəinki türk xalqları arasında ünsiyyət vasitəsi kimi türk dilindən istifadə edilir, yazışmalar da türkcə aparılırdı. Bolşeviklər həm bu ənənəyə, həm də islam mədəniyyətinə qarşı çıxırdılar. Islam dininə qarşı mübarizə, xalqın adət-ənənəsinin ateizm təbliğatı adı altında sıxışdırılması, ərəb əlifbasının dəyişdirilməsi müsəlman-türkləri bir-birindən ayırmağa, onların assimilə olunmasını gücləndirməyə xidmət etdiyini ziyalılar aydınca görürdülər.
Yalnız Dağıstanda yaşayan qumuqların deyil, ləzgilərin, tabasaranların, lakların, darginlərin, avarların, saxurların və b. azsaylı xalqların aydınlarını bir məsələ düşündürürdü: Nədən yüzillər boyu ünsiyyət vasitəmiz olan türk dili rus dili ilə əvəz edilməlidir? Nədən Dağıstan MSSR tarixi, adət-ənənəsi bir olan, paytaxtı daha yaxında yerləşən Azərbaycan Respublikasının tərkibində deyil, hər cəhətdən onlara yad olan və mərkəzi uzaqda, Moskvada yerləşən Rusiya Federasiyasının tərkibində olmalidır? Bu və buna bənzər suallara cavab axtaran aydınlar təqiblərə uğrayır, həbs edilir, sürgünə göndərilirdilər. Bütün bunlara baxmayaraq, Dağıstanda yaşayan və qumuq olmayan Said Küçxür, Süleyman Stalski və başqaları qumuq türkcəsində da şeirlər yazmışlar.
Milli dəyərlərdən uzaq olan, sosializm quruculuğunu, kolxozlaşmanı, bolşeviklərin vətəndaş savaşındakı hünərini, bolşevik öncüllərini tərənnüm edən şair və yazıçılara isə çap olunma, qonorar alma, bir sözlə, yaşama imkanı yaradılırdı.
Qumuq Sovet ədəbiyyatını Abdulla Mahammadov (1864-1937), Temirbolat Biybolatov (1879-1942), Bahautdin Astemirov (1898-1967), Alimpaşa Salavatov (1901-42), Nabi Xanmurzayev (1893-50) və başqaları formalaşdırırdılar.
Dostları ilə paylaş: |