3.Şəxsiyyətə pərəstişin tənqidi və ədəbiyyatdakı dəyişikliklər
Stalinin şəxsiyyətə pərəstişdə ittiham edilməsindən sonra (1956) qumuq ədəbiyyatında da bir dəyişiklik görünməyə başladı. Ədəbiyyatda şüarçılıq, müsbət qəhrəman axtarışları öz yerini insanın daxili aləminin, iç dünyasının işıqlandırılması ilə əvəzlədi.
Sovetlər dönəmində ədəbiyyatda ideoloji xətt aparıcı olsa da, şairlərin şəxsi həyatından, lirik duyğularından bəhs edən əsərlər xalq tərəfindən sevilir və dillər əzbəri olurdu.
Hakim ideologiya bir çox mövzuları qadağan etdiyinə görə, şairlər təbiətin tərənnümunə, lirik “mən”inə daha çox müraciət edir, yaxud da millətin, vətənin acınacaqlı taleyindən bəhs edən epik əsərlər yazarkən süjeti xarici ölkələrdə baş vermiş milli-azadlıq hərəkatından alırdılar.
1960-cı illərdə cəmiyyətdəki nöqsanlar eyhamlı şəkildə, sətiraltı tənqid edilirdi. Ədəbiyyata sosializm tərənnümçüsü kimi gələn gənclər də yaşa dolduqca xalqın tarixindən, adət-ənənələrindən, milli dəyərlərdən yazmağa üstünlük verirdilər.
Sovet ədəbiyyatının 1960-cı illər nəsli qumuq ədəbiyyatında da seçilir. Kamal Abukovun (1938), Mahammat Atabayevin (1938), Abzaydın Hamidovun (1938), Ahmat Jaçayevin (1939), Uzlipat Ibrahimovanın (1940), Abdulkerim Zalimxanovun (1940), Abdulxakim Hacıyevin (1940), Qebek Qonaqbiyevin (1961), Kazım Kazımovun (1961), Abdulla Zalimxanovun, Nabiyulla Mahammadovun və b. yaradıcılığında insanın daxili aləmi, həyatın rəngarəngliyi, psixoloji anlar önə çəkilir. Beləcə ədəbiyyatda sənətkarlıq yüksəlməyə doğru getsə də, mənəvi məsələlər ön plana çəkilsə də, şüarçılıq öz yerini yavaş-yavaş insan psixologiyasının açılmasına yönəltsə də, ideal müsbət qəhrəmanı daxili aləmində xeyir və şərin mübarizə apardığı surətlər əvəz etsə də bütovlükdə Sovet təbliğat maşınının təsirindən qurtula bilmirdi.
Moskvada-imperiyanın mərkəzində yaşayan bəzi Rus yazıçı və şairləri cəsarətlə Sovet quruluşunun nöqsanlarını əsərlərində tənqid edə bildilər. Lakin əksər əyalətlərdə və milli ədəbiyyatlarda olduğu kimi qumuqlarda da bu mövzulara müraciət etməyə cəsarət edənlər tapılmırdı.
Dostları ilə paylaş: |