Büdcənin xərcləri elmi əsaslarla 4 qrup üzrə təsnifləşdirilir:
1) idarəetmə xərcləri;
2) mudafiə xərcləri;
3) sosial təminat və sosial müdafiə xərcləri;
4) investisiya xərcləri.
Sosial müdafiə xərcləri - büdcədən əhalinin sosial müdafiəsinə yönəldilən xərcləri əks etdirir. Belə xərclərə aiddir: Qarabağ əlilləri dövlət müavinətləri; yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiyalar; sair müavinət və kompensasiyalar; Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması iştirakçılarına müavinətlərin ödənilməsi; işsizliyə görə müavinətlər.
Sosial təminat xərcləri - büdcədən ayrı-ayrı əhali qruplarının sosial təminat ehtiyaclarının ödənilməsinə yönəldilən xərcləri əks etdirir. Belə xərclərə aiddir: qocalar üçün internat evləri; əlillər üçün internat evləri; əmək və əhalinin sosial müdafiəsi mərkəzləri; tibbi əmək-ekspert komissiyaları; sosial təminat üzrə sair idarə və tədbirlər; pulsuz nəqliyyat vasitələrini almağa hüququ olan və bu vasitələrlə təmin olunmayan əlillərə xərclərin ödənilməsi; bəraət qazanmış vətəndaşlara (onların birbaşa varislərinə) zərərin ödənilməsi; şəhid ailələrinə birdəfəlik maddi yardım; qaçqınların və məcburi köçkünlərin məskunlaşması və onlara yardım göstərilməsi; vətəndaşlara dəymiş zərərin ödənilməsi; humanitar yardımla əlaqədar xərclər.
Bəzən adamlarda belə təsəvvür yaranır ki, dövlət iqtidar sahibidir və o, istədiyini edə bilər. Ancaq normal iqtisadiyyata malik dövlət vergi və rüsumlar şəklində əldə etdiyi vəsaitlərdən artıq xərcləyə bilməz. Bəzi hallarda, istisna olaraq qiymətli kağızların mənbəsiz emissiyası nəticəsində bu prinsipin pozulması halları müşahidə olunur ki, bu da son nəticədə makromaliyyə sabitliyinin pozulmasına gətirib çıxarır.
Dövlətin iqtisadi potensialı nə qədər yüksək olarsa, onun gəlirləri də bir o qədər çox ola bilər. Bu isə dövlətin maliyyə potensialı, o sıradan da büdcə potensialının inkişaf göstəricisi hesab olunur.
Dostları ilə paylaş: |