Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodiki İşlərin Təşkili şöbəsi



Yüklə 184,44 Kb.
tarix19.10.2017
ölçüsü184,44 Kb.
#1050
növüYazı


Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi

Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki İşlərin Təşkili şöbəsi




İlyas Əfəndiyev – nəslin və nəsrin əfəndisi”


Nasir, dramaturq, Əməkdar İncəsənət xadimi, Dövlət Mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi ilə əlaqədar metodik vəsait.


Gəncə 2014.



İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2014-cü ilin may ayında Azərbaycanın xalq yazıçısı, respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 100 illiyi tamam olur.

İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbiyyatın inkişafında mühüm xidmətləri olan İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar 2014-cü il.

“Müəllif öz adına və oxucuya hörmət etməlidir” 
   İlyas Əfəndiyev

Çağdaş Azərbaycan ədəbiyyatında

İlyas Əfəndiyev zirvəsi



Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur. Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır.

Onun qələmindən çıxan hər söz, hər cümlə “Bahar suları” kimi canlı və qaynar idi. Onun “Söyüdlü arx”ından XX əsr Azərbaycan lirik nəsri su içdi, “Körpüsalanlar”ı qəlblərə sevgi, məhəbbət, səmimilik körpüsü saldı. Masa arxasında üç dostun - qələm, kağız və sənətkar düşüncəsindən yaranan “Dağlar arxasında üç dost”u isə dağlar qədər ucalaraq mənsub olduğu xalqın kökü əsrlərin dərinliklərindən gələn ədəbiyyatının zirvəsinə qalxdı.
Bu gün - XXI əsrin ikinci onilliyinin başlanğıcının prizmasından baxanda iyirminci və iyirminci birinci yüzilliklərin qovuşuğunda, 1996-cı ilin bir payız günündə adına əbədiyyət deyilən sirli-sehrli bir aləmə qovuşan İlyas Əfəndiyevin qələminin məhsulu olan hər bir romanın, povestin, dram əsərinin bənzərsizliyinin bir daha şahidi olursan.
Vaxtilə bu böyük söz ustadının özünün sadiq, sayı milyonlarla ölçülən oxucularına yaratdığı obrazlar vasitəsilə aşılamağa çalışdığı əsas keyfiyyətlər - insani borc, vətəndaş vəzifəsi, fərd və cəmiyyətin qarşılıqlı münasibəti, ailə və əxlaq, bəşərilik, millilik problemləri bu gün də aktuallığını,dəyəriniqoruyubsaxlamaqdadır.
Bax, bu səbəbdən İlyas Əfəndiyevin 50-60 il bundan əvvəl qələmindən süzülən dəyərli sözlər, müdrik kəlamlar bu gün də sevilə-sevilə oxunur, daha böyük aktuallıq, daha böyük məna kəsb edir və min illər bundan sonradabeləolacaqdır.
Nasir, dramaturq, Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Füzuli şəhərində anadan olmuşdur. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili almış savadlı axund və üləmalar, Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab insanlar olmuşlar.
Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində məmur işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada qəza rəisi vəzifəsində çalışmışdır. Ötən əsrin 30-cu illərinin tufanı Əfəndiyevlər ailəsindən də yan ötməmiş, yazıçının atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurulmuş, aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən bu işıqlı şəxsiyyət 1934-cü ildə, 50 yaşında ikən dünyasını dəyişmişdir.
İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa yalnız analıq etməklə kifayətlənməmişdir. Məhəmməd kişi vəfat etdikdən sonra müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir.
Gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmişdir. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi “əla” qiymətlərlə bitirmişdir. 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1938-ci ildə bu ali təhsil ocağının coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirmişdir.
1938-ci ilin axırlarında Bakıya gələn İ.Əfəndiyev “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında işləmişdir. İlk mətbu əsəri “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında dərc olunmuş, “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində çap olunmuşdur.
1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı İ.Əfəndiyevə “ədəbiyyat dünyası”na çıxmaq səlahiyyəti vermişdir. O, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar” pyesini yazmış və bununla da yazıçının Azərbaycan Milli Teatrı ilə 50 ildən çox bir müddətdə davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulmuşdur. 40-cı illərin sonunda o, artıq özünü bir nasir və dramaturq kimi tanıtmış, əsərləri haqqında mətbuatda yazılar dərc olunmuşdu.
İ.Əfəndiyevin bir gənc kimi yetişməsində, mütaliəyə, ədəbiyyata, elmə böyük maraq göstərməsində, hər şeydən əvvəl ailə tərbiyəsinin çox mühüm təsiri olmuşdur. Həmçinin, onun oxuduğu və dərs dediyi məktəbin kollektivi, boya-başa çatdığı bölgənin ictimai-mədəni mühiti, gənclik illərində böyük həvəslə mütaliə etdiyi “Qızıl Araz” adlı rayon qəzeti, işlədiyi mətbuat orqanları, Bakı ədəbi mühiti çox böyük təsir göstərmişdir. Habelə Azərbaycan Dövlət Radio Komitəsində, Bakı kinostudiyasında, “Azərnəşr”də çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda olmuş, həyatı dərindən öyrənmiş, dünyagörüşünü daim artırmışdır.
İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı bir ilini, yaxud qısa bir dövrünü ciddi xronoloji ardıcıllıqla izləsək, maraqlı bir mənzərənin şahidi olarıq: yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi də fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə bərabər oçerk və məqalələr də ərsəyə gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış etmişdir. O, ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır ki, bu da yazıçının sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.
Özünəməxsus yaradıcılıq üsulu ilə XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və s. roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və s. daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, “İlyas Əfəndiyev teatrı” yaratmışdır.
Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunmuşlar. 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İ.Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu olmuşdur.
Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev hakim ideologiyanı heç vaxt tərənnüm etməmiş, sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə almışdır. Buna görə də onun əsərləri indi də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanmaqdadır.
1990-cı ildə İstanbul və Ankara səhnələrində “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” müvəffəqiyyətlə oynanılmışdır. Böyük uğurla qarşılanan bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla sanballı məqalələr vermişdir. 60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb yaratmış, təzə pyeslərini tamaşaya qoymuşdur. Sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları cəsarətlə ədəbiyyata gətirmiş, onları yeni zamanın kontekstində oxuculara təqdim etmişdir. O, “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdirmiş, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar” “Hökmdar və qızı” və s. pyeslərini tamaşaya qoydurmuş, bir sıra yeni kitablarını nəşr etdirmişdir.
Sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutmuşdur. O,namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləmiş, əsərlərində Qarabağın qədim tarixini əks etdirmişdir.
Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli günlərini yaşamış böyük sənətkarımız İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
XX əsr Azərbaycan ədəbiyyatının klassiki olmaqla milyonlarla oxucunun və tamaşaçının məhəbbətini qazanmış, Azərbaycan ədəbiyyatı və teatrı tarixində silinməz iz qoymuş İlyas Əfəndiyevin vəfatından 16 il ötür.
İ.Əfəndiyev bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. Xalq, Vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə İlyas Əfəndiyevin adı və əsərləri ilə bağlıdır.
Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmamışdır. Akademik Milli Dram Teatrında yazıçının bütün pyesləri tamaşaya qoyulmuşdur. Onun qələmindən çıxan və Azərbaycan dramaturgiyasının nadir incilərindən olan, yüksək vətəndaşlıq pafosu, incə lirizmlə aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ açmış, bütöv bir aktyor və rejissor nəslinin yetişməsində əvəzsiz rol oynamışdır.
Ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə onun xatirəsi əbədiləşdirilmiş, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilmişdir. Ulu öndərin xüsusi Sərəncamı ilə İlyas Əfəndiyevin “Seçilmiş əsərləri”nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr edilmişdir. Ədibin əsərləri son illər rus, türk və digər dillərdə dəfələrlə nəşr olunmuş, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ədibin təltif olunması və yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalamışdır. Bu diqqəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə İlyas Əfəndiyevin 90 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.
Şübhəsiz, İlyas Əfəndiyev bugünkü narahat dünyamızda yaşasaydı, daha neçə-neçə əsərlər yazacaqdı. Lakin müdrikliyin zirvəsinə yüksəlmiş bu “qoca geriyə baxma”sa da olar. Çünki ürəyindəkilərin hamısını demiş, zəngin irsini böyük səxavətlə insanlara, müasirlərinə və özündən sonra gələn nəsillərə ərməğan etmişdir.

İlyas Əfəndiyevin həyat və yaradıcılığının

əsas tarixləri

1.1914-cü il may ayının 28-də - İlyas Məhəmməd oğlu Əfəndiyev Füzuli

şəhərində anadan olmuşdur.



2. 1930-cu ildə orta məktəbi bitirdikdən sonra şəhər orta məktəbində və

2-ci dərəcəli partiya məktəbində dil və ədəbiyyatdan dərs

demişdir.

3. 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun

ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1938-ci ildə

qiyabi olaraq coğrafiya fakültəsini bitirmişdir.

4.1938-ci ilin axırlarında - Bakıya gələn İlyas Əfəndiyev «Yeni yol»,

«Kommunist» və «Ədəbiyyat qəzeti» redaksiyalarında

işləmişdir.

5.1938-ci ilin noyabr ayında - İlk mətbu əsəri «Buruqlar arasında»

Oçerki dərc olunmuşdur.



6.1939-cu ildə «Kənddən məktublar» adlı ilk kitabı Azərnəşr tərəfındən

nəşr edilmişdir.



7.(1939-cu il 26 yanvar) - «Berlində bir gecə» adlı ilk hekayəsi 

«Ədəbiyyat qəzetində»  çap olunmuşdur.

8.1940-cı il yanvar ayının 10-da  - İlyas Əfəndiyev



Yazıçılar İttifaqına qəbul olunmuşdur.

9.1943-cü ildə - İlyas Əfəndiyev Mehdi Hüseynlə birlikdə ilk dram

əsəri olan «İntizar» pyesini yazır.

1944-cü ilin dekabr ayında “İntizar” pyesi M.Əzizbəyov adına

Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.



10.1946-cı ildə yazıçı özünün ilk müstəqil dram əsəri

«İşıqlı yollar» pyesini yazır.



11.1947-ci ildə tamaşaya qoyulmuş «İşıqlı yollar» əsəri M.Əzizbəyov

adına Azərbaycan Dövlət Dram Teatrının 1948-ci ildə Moskva

qastrolu zamanı paytaxt tamaşaçılarının böyük rəğbətini

qazanır.


12.1949-cu ildə İlyas Əfəndiyev «Şərəf nişanı» ordeni ilə təltif

olunmuşdur.



13.1951-ci ildə Yazıçının rus dilində ilk kitabı («Rasskazı») Bakıda nəşr

olunmuşdur.



14.1958-ci ildə özünün ilk böyük nəsr əsəri olan «Söyüdlü arx»

Romanını yazmışdır. İlyas Əfəndiyev Azərbaycan

yazıçılarının II qurultayında  (1954, aprel)  «Azərbaycan sovet

dramaturgiyası», III qurultayında (1958, dekabr) isə

«Azərbaycan dramartugiyasının inkişafı haqqında» məruzələri

ilə çıxış etmişdir.



15.Ədib 50-ci illərin axırlarından iri həcmli roman və povestlər yazmağa

başlamış, «Söyüdlü arx»(1958), «Körpüsalanlar» (1960),

«Dağlar arxasında üç dost» (1963), «Sarıköynəklə Valehin

nağılı» (1976-78), «Geriyə baxma, qoca!» (1980), «Üçatılan»

(1981), «Qaçaq Süleymanın ölümü» (1993), «Xan qızı

Gülsənubərlə tarzən Sadıqcanın nağılı» (1996) əsərləri

oxucular tərəfındən yüksək qiymətləndirilmişdir.

16.1960-cı ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına

Layiq görülmüşdür.

17.1964-cü ildə tamaşaya qoyulmuş «Sən həmişə mənimləsən» pyesi ilə

Azərbaycan səhnəsində lirik-psixoloi dramın əsasını qoymuş,

sonralar bu yolu «Mənim günahım» (1967),  «Unuda

bilmirəm» (1968),  «Məhv  olmuş gündəliklər» (1969),

«Qəribə oğlan» (1973), «Bağlardan gələn səs» (1976), «Büllur

sarayda» (1983), «Bizim qəribə taleyimiz» (1988),

«Sevgililərin cəhənnəmdə vüsalı» (1989) və s. pyesləri ilə

davam etdirmişdir.



18.1968-ci ildə olmuş - İlk tamaşası  «Unuda bilmirəm» pyesi

M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram

Teatrında 424 dəfə tamaşaya qoyulmuşdur.

19.1969-73-cü illərdə - Azərnəşr yazıçının dörd cilddən ibarət «Seçilmiş

əsərləri» kitabını oxuculara təqdim etmişdir.



20.1971-ci ildə ilk dəfə tarixi mövzuda «Mahnı dağlarda qaldı» pyesini

yaratmışdır.



21.1971- ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

22. 1972 -ci ildə «Mahnı dağlarda qaldı» pyesinə görə Azərbaycanın

Dövlət mükafatına layiq görülmüşdür.


23.1974 -cü ildə yazıçının anadan olmasının 60 illiyi təntənəli surətdə

qeyd edilmişdir. Yubileylə əlaqədar olaraq İlyas Əfəndiyev

Oktyabr İnqilabı ordeni ilə təltif olunmuşdur.

24. 1979-cu il 30 iyul tarixli fərmanı ilə Azərbaycan SSR Ali Soveti

Rəyasət Heyətinin İlyas Əfəndiyevə Azərbaycanın xalq

yazıçısı adı verilmişdir.

25.1984-cü ildə yazıçının anadan olmasının 70 illiyi qeyd olunarkən ona

Lenin ordeni verilmişdir.



26.1984-cü ildə «Yazıçı» nəşriyyatı ədibin «Seçilmiş əsərləri»nin 6

cildliyini buraxmışdır.



27.1994-cü ilin may-iyun aylarında İlyas Əfəndiyevin anadan olmasının

80 illiyi təntənə ilə qeyd edildi. Sənət adamları arasında o, ilk

dəfə respublikamızın «Şöhrət» ordeni ilə mükafatlandırılmışdır.

28.1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və

Fəxri xiyabanda dəfn olunmuşdur.



30.2001-ci ilin mart ayında Respublika Prezidenti cənab Heydər Əliyev

yazıçının xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam

vermişdir.

31.2002-ci ildə «Çinar-Çap» nəşriyyatı yazıçının 7 cilddən ibarət

«Seçilmiş əsərləri»ni Azərbaycan dilində, 2 cilddən ibarət

«Seçilmiş əsərlər»ni isə rus dilində çap etmişdir.

Görkəmli şəxsiyyətlərin İlyas Əfəndiyev haqqında

söylədikləri.


HEYDƏR ƏLİYEV - Azərbaycan Respublikasının ümummilli lideri.

İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks edilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır. O öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir.



Azərbaycanın bir qrup mədəniyyət xadimlərinə 
DövIət mükafatlarının verilməsi zamanı etdiyi çıxışından.
Ədəbiyyat və incəsənət, 1980, 23 may


SƏMƏD VURĞUN - Xalq şairi

İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onların zəhmətini parlaq və real boyalarla göstərir... 


Biz «Bahar suları» əsərini onun şeriyyətinə görə sevirik, bir daha inanırıq ki, həyatımızda yalnız maddi nəhənglər deyil, eyni zamanda yeni, zəngin, həm də gözəl bir insan mənəviyyatı yaradılır. 

Ədəbiyyat və incəsənət, 974, 23 noyabr
MƏMMƏD ARİF - Akademik

İlyas Əfəndiyev hər cür milli məhdudluqdan uzaq bir yazıçıdır. Ədəbiyyatımızın beynəlmiləlçilik, ümumbəşəri ideyalarına sadiq olan ədib, cəmiyyətdə müxtəlif millətlərdən olan insanların necə qardaş kimi əlbir çalışıb, xoşbəxt yaşadıqlarını dövrümüzün ən böyük nailiyyəti kimi təsvir edir.



Kommunist, 1974, 17 noyabr
MEHDİ HÜSEYN - Xalq yazıçısı

İlyas Əfəndiyev yenə də öz yaradıcılıq xüsusiyyətlərinə sadiq qalaraq, təbii insan psixologiyasını təbii və sadə boyalarla göstərdiyi üçün «Atayevlər ailəsi» pyesi də bizim realist dramaturgiyamızın sevindirici nailiyyətlərindən biridir.



Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
MİRZƏ İBRAHİMOV - Xalq yazıçısı,akademik

Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstan isə, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir.


İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə, estetik zərifliyə meyl edən yazıçıdır. O, bədii əsər üçün vacib xüsusiyyətlərə dilin ifadəli və obrazlı olmasına, xarakterlərin canlı və dolğun çıxmasına, süjet və kompozisiya bütövlüyünə ciddi diqqət yetirir, böyük əmək sərf edir, bu da nəticəsiz qalmır, onun əsərlərinin maraqlı, oxunaqlı olmasına kömək edir. Bu əmək və səyin mükafatı isə oxucuların məhəbbətidir ki, İlyas onun azlığından şikayət edə bilməz.

Şəfalı işıqlar // Azərbaycan 1974, №11, s.12.
SÜLEYMAN RƏHİMOV - Xalq yazıçısı

İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının münbit zəminindən doğan, rişələnən, getdikcə köklənən qoşa qardaş kimi qoşalıqda yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı nasirlə mahir dramaturqu birləşdirib, birlikdə söykək-söykəyə qaldırır... İlyas nəsri onun dramartugiyasına, dramaturgiyası da onun nəsrinə dayaq durur, kömək göstərir. İlyasın nəsri də, dramartugiyası da ahəngdardır, cazibədardır... Sən İlyas nəsrini oxuyursan, istər onun romanı, povesti olsun, istərsə bir-birindən gözəl hekayəsi olsun, heç birisi səni - oxucunu yormur...

İlyas yaradıcılığında dramaturgiya, mənim aləmimdə fəxri yer tutur. Fəxri yer tutur, ona görə ki, biz İlyas dramaturgiyasında böyük dramaturqumuz Cəfər Cabbarlı ənənələrinin mahir davamçısını görürük.

Qoşa qanadlı // Ədəbiyyat və incəsənət, 
1974, 23 noyabr


MEHDİ MƏMMƏDOV - Xalq artisti,professor

Səhnə xadimlərini və tamaşaçıları cəzb edən, onların hissinə, düşüncəsinə qida verən budur ki, İlyas artıq teatrın təbiətinə, səhnənin sirlərinə yaxşı bələd ola bilmişdir. O, mövzu seçməyi, məntiqli süjet qurmağı, dramatik vəziyyətlər, xarakterlər yaratmağı, öz fikirlərini bəyanat yolu ilə deyil, canlı hadisələrdə, yığcam dialoqlarda, əsl səhnə dili vasitəsilə ifadə etməyi gözəl bacarır.



Səhnəmizin müttəfiqi //Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
ƏLİ VƏLİYEV - Xalq yazıçısı

İlyas Əfəndiyev bir sənətkar kimi həmişə həyatın işıqlı cəhətlərinə xüsusi diqqət verir və qələmə alır.  Onun  qəhrəmanları  dövrümüzün qabaqcıl adamlarıdır. Bu qəhrəmanlar yaşayıb yaratmaqdan, xarüqələr yaratmaqdan həzz alırlar. Yüksək mədəniyyət, gözü-könlü tox, halal əməklə ömür sürən, əliəyrilərə, gözüdağmıqlara, vəziyyətdən sui-istifadə edən şöhrətpərəstlərə qarşı barışmaz olan bu adamlar ilk görüşdən oxucu və tamaşaçıların ürəyinə yol tapır, özünü sevdirir.



Görkəmli sənətkar //Azərbaycan gəncləri, 1974, 16 noyabr


İSMAYIL DAĞISTANLI - Xalq artisti

Azərbaycan Dövlət Akademik Dram teatrının son otuz ildəki inkişafını İlyas Əfəndiyevsiz təsəvvür etmək mümkün deyil...

Onun pyeslərində həmişə təzə, təravətli görünən bir müasirlik var. Bu müasirlik isə həyatımızın daxili məzmunundan, onu irəli aparan qəhrəmanların fəaliyyətindən və bu fəaliyyətin konfliktlərindən, poeziyadan doğur... İlyas Əfəndiyevin dramaturgiyasında realizm və romantika, sərt həyat həqiqətləri ilə şeriyyət həmişə vəhdət təşkil edir. 

Aktyora ilham verən rollar // Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr

KAMAL TALIBZADƏ - Akademik

İlyas Əfəndiyev ən çox oxunan, sevilən, özü də heç kimə oxşamayan yazıçılarımızdandır. Onun öz mövzuları, həyat hadisələrinə öz yanaşma yolları və üsulu vardır. Bu yaradıcılığını məşhur edən problemlərində özünəməxsusluq, orijinallıq güclüdür. Ədib, adətən, hamı üçün aydın və məlum olan həyat problemlərinə müraciət etməyi sevmir, gerçəkliyin elə həqiqətlərini, elə məsələləri üzə çıxarmağı bacarır ki; onlar həm də yeni olur, ədəbi maraq oyadır, müasir problemləri barədə düşünənləri hərəkətə gətirir və təsadüfı deyil ki, ictimai müzakirəyə, mübahisəyə səbəb olurlar.



Yazıçının ideyası və təhkiyə //Ədəbiyyat və incəsənət, 1980, 4 aprel

CƏFƏR XƏNDAN - Professor

«Bahar suları» əsəri müharibədən sonrakı kəndimizin real həyatından alınmışdır. Burada hadisə və tiplər canlı və həyatidir. Yazıçı canlılığı yaratmaq üçün heç bir boyasını əsirgəməmişdir. Əsərdə sovet adamlarının həyatında ola bilən və ya konfliktlər, tamaşaçını intizarda qoyan səhnələr, bədii cəhətdən təsirli dialoq və monoloqlar vardır. Burada eşq və məhəbbət səhnələri də adamların müasir zövqü ilə əlaqədar verilmişdir... Buradakı adamlar ümumi mənafeyini öz şəxsi mənafeyindən üstün tutan şərəfli əməkdən zövq alan yeni adamlardır.



«Bahar suları» // Ədəbiyyat qəzeti, 1948, 28 dekabr
ƏLİ SULTANLI - Professor

«Atayevlər ailəsi» əsərində verilmiş müsbət surətlər əsl mənada xalq nümayəndələridir. Onların mədəni səviyyəcə, zəka və düşüncə etibarilə mənfi surətlərdən nə qədər yüksək olduqlarını isbat etməyə ehtiyac yoxdur...

Dramaturq maraqlı, həyati bir süjet seçmiş, burada insanların əlaqələrini, təbiətlərindəki ziddiyyətləri, rəğbət və mütəqabil münasibətlərini vermiş, yaddaqalacaq obrazlar silsiləsi yaratmışdır.



«Atayevlər ailəsi» //Azərbaycan, 1955, №6, s. 150-151
BƏXTİYAR VAHABZADƏ - Xalq şairi, akademik

İlyas Əfəndiyev daima yenilik hissi ilə çırpınan, hər təzə əsərində yeni bir söz deməyə çalışan, müasir gəncliyi düşündürən məsələləri əks etdirən, özünəməxsus xətti ilə başqalarından seçilən qələm sahibidir. Mən onu hələ müharibə illərində yazdığı lirik-romantik hekayələri ilə sevmişəm. Bu sevgi ildən-ilə artmış, heç zaman azalmamışdır. Ona görə ki, İlyas adi həyat hadisələrini olduğu kimi, adi şəkildə deyil, qeyri-adi tərzdə, romantik pafos və lirik incəliklə, bir sözlə - sənətin ecazkar rəngləri ilə verməyi bacaran sənətkardır.



Azərbaycan, 1974, №11, s.13.
ƏKBƏR ÄĞAYEV - Tənqidçi, professor

İlyas Əfəndiyev müasirliyi dərindən duyan, orijinal, həssas yazıçıdır, onun qələmi, istedadının təkraredilməz xüsusiyyətləri öz təbiiliyi və aydınlığı ilə seçilir, əsərlərində incə bir lirika, romantik vüsət vardır, dili axıcı, şəffaf və poetikdir. Buraya yazıçının mənəvi aləminin dərinliklərinə baş vurmaq bacarığı da əlavə olunsa, gozümüz önündə İ.Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi olan məziyyətlərin geniş və əlvan mənzərəsi açılır... 


İlyasın yaradıcılığı həmişə fəal vəziyyətdədir, daim hərəkət və inkişafdadır, yeni əsərlərlə zənginləşir və dolğunlaşır.

Vüsətli və şairanə // Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr

 

CƏLAL MƏMMƏDOV - Yazıçı

İlyas Əfəndiyev müasirlərimizdən yazır. Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində inqilabın qələbəsi və elmi-texniki inkişafla əlaqədar qarşıya çıxan mürəkkəb ictimai-siyasi, iqtisadi-mədəni, mənəvi-əxlaqi problemlərin həlli yolunda çalışan, axtaran müasirlərimizin ictimai fəaliyyəti və daxili aləmləri onun əsas bədii tətbiq hədəfidir.

İlyas Əfəndiyev (həyat və yaradıcılığı haqqında müxtəsər oçerk), Bakı: Azərnəşr, 1975, s. 9.

BƏKİR NƏBİYEV - Akademik

İlyas Əfəndiyev ən aktual mövzularda maraqlı səhnə əsərləri yazan dramaturq kimi məşhurdur. Heç bir statistika tədqiqatı aparmadan deməyə tam əsasımız var ki, Azərbaycan teatrının repertuarındakı əsərlərinin sayı etibarı ilə o, müasir dramaturqlarımız arasında birinci yeri tutur... İ.Əfəndiyev əsərlərində insani borc, vətəndaş vəzifəsi, fərdi və cəmiyyətin qarşılıqlı münasibətləri, ailə və əxlaq problemləri barədə həmişə təravətli söhbət açır, öz qənaətlərini məhz yeni bədii obrazlar vasitəsilə, özünəməxsus orijinal üslubda ifadə edir.



Müasirlik böyük şərtdir //Ədəbiyyat və incəsənət,1977, 14 may

QULU XƏLİLOV - Professor

Onun bütün hekayələri, oçerkləri, dramları, roman və povestləri, kino ssenariləri, məqalələri - tam halda yaradıcılığı müasir həyatın duru və şəffaf çeşməsindən su içmişdir... Onun bütün əsərlərində əsas, aparıcı problem müasir insan, bu insanın psixoloji, əxlaqi cəhətdən formalaşması, onun davranışı, fikir və düşüncələri, mənəvi dünyasıdır.



Müasir həyatımızın tərənnümçüsü//Bakı, 1974, l6 noyabr
SƏİD RÜSTƏMOV - Xalq artisti, bəstəkar

Cəsarətlə deyə bilərəm ki, böyük dramaturqumuz Cəfər Cabbarlıdan sonra teatrımız üçün yananlardan biri də İ.Əfəndiyev olmuşdur. Onun bütün əsərlərində... aləlvan rənglərə, naxışlara rast gəlirik... O, zəngin təfəkkürə, geniş müşahidə qabiliyyətinə malik sənətkarlardandır. Həm də mən deyərdim ki, elə bəstəkar qəlbli sənətkardır. Onun dram əsərlərindəki müsbət obrazlar təkcə xarakterləri ilə deyil, bəzən lirik, kövrək mahnıları ilə də yadda qalırlar.



Sevinc gətirir //Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
İSMAYIL ŞIXLI - Xalq yazıçısı

İlyas Əfəndiyev insanların şüurunda və psixologiyasında baş verən təbəddülatı əks etdirməyə çalışan, psixoloji ziddiyyət və çarpışmaları əsərlərin mərkəzi konfliktinə çevirən yazıçıdır. Onun əsərlərində, xüsusilə pyeslərində xarici toqquşmalar, zahiri effekt xatirinə düzəldilmiş səhnələr yoxdur. O, həmişə qəhrəmanların səciyyəsini, onların həyata, ictimai hadisələrə münasibətini psixoloji cəhətdən araşdırır, çox zaman ilk baxışda xırda, intim görünən konfliktləri genişləndirib siyasi məna və mahiyyətlə zənginləşdirir.



Hər şeydən əvvəl // Xatirəyə dönmüş illər. Bakı: Yazıçı, 1980, s. 297

HÜSEYN ABBASZADƏ - Əməkdar incəsənət xadimi, xalq yazıçısı

Mən İlyas Əfəndiyevin «Sarıköynəklə Valehin nağılı» romanının oxucular və ədəbi ictimaiyyət tərəfindən hərarətlə qarşılanmasının əsas səbəbini onun bədii keyfıyyətində, sənətkarlıqla yazılmasında görürəm. Xalqı narahat edən problemlərə toxunmaq, onlardan bədii əsərlərdə vətəndaşlıq məsuliyyəti ilə söz açmaq vacib şərtlərdəndir və bu, ədəbiyyatın zəruri vəzifələrindən biridir...

Romanda hadisələr dramatik gərginlik və ardıcıllıqla bir-birini izləyir, dərin maraq hissi ilə oxucunu arxasınca aparır. 
Müasirlik böyük şərtdir. 

Ədəbiyyat və incəsənət, 1977, 14 may
YAŞAR QARAYEV - AMEA-nın müxbir üzvü

Yazıçı İ.Əfəndiyev son illər nəsr sahəsində daha məhsuldar və səmərəli işləmişdir. Onun povest və romanları, xüsusən, əxlaqi-psixoloji problemlərin qoyuluşu və həlli sahəsində, müasir nəsrimizin axtarış və

nailiyyətlərini ən yaxşı əks etdirən əsərlərdəndir. Sevindirici haldır ki, İ.Əfəndiyevin son pyesi də bu nəsrin nailiyyətləri zəminində və səviyyəsində yazılmışdır.

Məhz buna görədir ki, «Sən həmişə mənimləsən» pyesi ədəbi həyatımızda yeni söz, müvəffəqiyyətli bir hadisə olub lirik, perspektivli dramaturgiya, müasir psixoloji teatr yaratmaq yolunda yaxşı bir təşəbbüs, təcrübə kimi də səslənə bilmişdir.



Səhnəmiz və müasirlərimiz - Bakı: Azərnəşr, 1972, s. 117-118

SEYFULLA ƏSƏDULLAYEV - Professor

Müasirlik və novatorluq İlyas Əfəndiyev yaradıcılığının mühüm məziyyətlərindəndir. Yenilik hissi onda qüvvətlidir. O, daim axtarışda olan məzmun, mövzu və bədii formalarla ədəbiyyatımızı zənginləşdirməyə çalışan yazıçılardandır. İlyas Əfəndiyev romantik üslubda yazılmış hekayə və povestlərin, psixoloji dramların və lirik səpkili realist romanların müəllifıdir. Liriklik, romantika, psixoloji təhlil onun yaradıcılıq üslubunun ana xəttidir.



Yenilik duyğusu //Ədəbiyyat və incəsənət, 1968, 12 oktyabr
ƏLİ ZEYNALOV - Xalq artisti

Ümumiyyətlə, bir oxucu kimi mənə elə gəlir ki, İlyasda lirik əhval-ruhiyyə dəmir ağacın həyat eşqi kimi güclüdür. Amma yaxşı ki, heç vaxt lirikaya nə isə lirik bir səhnə və yaxud vəziyyət yaratmaq xatirinə meyl etmir. Onun lirikası qəhrəmanların psixoloji vəziyyəti ilə və bilavasitə yaranmış zəruri situasiya ilə bağlı olur.



«Sən həmişə mənimləsən» // Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr

AMALYA PƏNAHOVA - Xalq artisti

İlyas Əfəndiyevin yaratdığı surətlərdə bir kövrəklik, yanğı və yanıqlıq var. «Unuda bilmirəm»də Nərmini xatırlayın. Görün bu qız necə də məhəbbəti dünyada hər şeydən üstün tutur. Onun üçün məhəbbət həyat deməkdir. Bu rolda mən 250 dəfədən çox səhnəyə çıxmışam. Hər dəfə də Nərmindən ayrılıb Amalya olanda təəssüflənmişəm. Həyatdan götürülmüş belə obrazları qələmə alan İlyas Əfəndiyev, şübhəsiz ki, ürəyinin bütün hərarətini onlara bəxş etmişdir.



Coşğun ilhamla //Ədəbiyyat və incəsənət,1974, 23 noyabr

İlyas əfəndiyev ədəbi irsinin kitabxanalarda

təbliği.
   İlyas Əfəndiyev o xoşbəxt sənətkarlardandır ki, onu tez-tez anmaq, xatırlamaq üçün səbəblər çoxdur. Çünki onun yaradıcılığı mədəniyyətimizin qiymətli bir parçasıdır. İlyas Əfəndiyev ədəbiyyatımıza “Kənddən məktublar”la gəlsə də, qısa vaxt ərzində həyat qədər həyati hekayələri, povestləri, romanları, pyesləri ilə sovet ideologiyasında boğulan ədəbi mühiti xeyli durulda bildi. İlyas Əfəndiyev əlinə qələm aldığı gündən ömrünün son gününə kimi ürəyinin səsinə qulaq asdı, ədəbiyyat naminə yazdı... 

İlyas Əfəndiyevin 100 illik yubileyinin respublikada layiqincə keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn tədbirləri bütün mədəniyyət və maarif müəssisələri, eləcə də uşaq kitabxanaları təşkil etməlidir.

Yubileylə bağlı uşaq kitabxanalarında da İlyas Əfəndiyev ədəbi irsinin təbliği üçün geniş tədbirlər planı işlənib hazırlanmalı və həyata keçirilməlidir. Çoxsaylı oxucu kütləsinin sorğularını ödəmək məqsədilə kitabxanaçılar həm İlyas Əfəndiyev əsərlərindən, həm onun yaradıcılığına və həyatına dair ədəbiyyatlardan, həm də onun yubileyi ilə əlaqədar nəşr olunan materiallardan geniş istifadə etməlidirlər.

İlyas Əfəndiyev təbliği üçün ilk növbədə kitab sərgilərindən istifadə olunmalıdır. İlyas Əfəndiyevin həyatını, yaradıcılığını, onun haqqında olan materialları təbliğ etmək üçün ayrıca sərgilər təşkil etmək olar.

Sərgilər üçün “İlyas Əfəndiyev-100”, “İlyas Əfəndiyev zirvesi”, “Həmişə bizimlə olacaq sənətkar”, “Unudulmaz yazıçımız”və s. Başlıqlardan istifadə etmək olar.

Bu sərgilərdə görkəmli şəxslərin İlyas Əfəndiyev haqqında söylədiyi fikirlərdən, sitatlardan istifadə etmək daha yaxşı olar.

Tərtib olunacaq sərgilərdən birinin təxmini sxemini veririk.


1.





2. 3. 4.


5. 6. 7. 8.



Başlıq – Unudulmaz sənətkar.



  1. İlyas Əfəndiyevin şəkli.

  2. İlyas Əfəndiyev. Seçilmiş əsərləri I c.

  3. Görkəmli şəxsiyyətlərin İlyas Əfəndiyev haqqında fikirləri.

  4. İlyas Əfəndiyev. Seçilmiş əsərləri II c.

  5. Sən həmişə bizimləsən.

  6. Yaddaşın boy çiçəyi...

  7. Əfəndiyev Əmin. İlyas Əfəndiyev. Biblioqrafik göstərici..

  8. İlyas Əfəndiyev və teatr.

Təşkil edilmiş yubiley sərgisinin qarşısında silsilə tədbirlər (söhbətlər, biblioqrafik icmalar və s.) keçirmək olar.

Kiçik yaşlı oxucularla yazıçının “Zəmidə bir turac səslənirdi”, “Qırçı və qırmızı çiçək”, “Ceyran ovu” kitabları əsasında ucadan oxular, söhbətlər, səhnəciklər təşkil etmək olar.

İlyas Əfəndiyevin yubileyi münasibətilə təşkil olunacaq tədbirlərdən biri də sual- cavab gecələri və ya ədəbi viktorinalar ola bilər. “İlyas Əfəndiyev yaradıcılığında vətənpərvərlik”, “İlyas Əfəndiyevin romanları”, “Bu surətləri tanıyırsınızmı?”, “İlyas Əfəndiyev və teatr” və s. Mövzularda sual-cavab gecələri, viktorinalar təşkil etmək olar. Yaddan çıxarmaq lazım deyil ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd kitab təbliği olmalıdır. Eyni zaman-da kitabxanaçı bilməlidir ki, yazıçının hansı əsərləri oxucuların bədii zövqünün formalaşmasına kömək edir.

Yubileyi ilə əlaqədar kitabxanalar “İlyas Əfəndiyev-100” adı altında məruzələr təşkil edə bilərlər. Məruzəçilər əvvəlcədən seçilməlidir. Kitabxanaçılar, ədəbiyyat müəllimləri, yuxarı yaşlı məktəbli oxucular məruzəçi ola bilər. Onlar İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında geniş məlumata malik olmalıdırlar. “İlyas Əfəndiyevin həyat yolu”, “İlyas Əfəndiyev nəsrinin uğurları”, “Tarixi simaların səhnə həyatı”, “İ. Əfəndiyevin ədəbiyyat haqqında düşüncələri”, “İ.Əfəndiyevin uşaq hekayələri”və s. məruzə mövzuları ola bilər.

İlyas Əfəndiyevin ədəbi irsinin təbliği üçün daha böyük vaxt tələb edən tədbirlərdən – oxucu konfranslarından da istifadə etmək olar. İlyas Əfəndiyev ədəbi irsi zəngindir. Buna görə də oxucu konfransı geniş oxucu kütləsinin dərin marağına səbəb ola bilər. Yubilyarın ayrı-ayrı əsərlərinin, eləcə də ümumi mövzu altında oxucu konfranslarının keçirilməsi mümkündür. Məsələn: “İlyas Əfəndiyev əsələrində vətənpərvərlik məsələləri”, “İlyas Əfəndiyev əsərlərində Qarabağ mövzusu”, “İlyas Əfəndiyevin Azərbaycan dramaturgiyasında rolu” və s.



İlyas Əfəndiyev Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər, əlvan təsvir və incə təfərrüatla zəngin dramaturgiyamızın lirik -psixoloji üslubunun inkişafında əvəzsiz xidmətləri olmuşdur. Onun ədəbiyyatın bir çox sahələrində novator qələm sahibi hesab etmək daha dəqiq olardı. Onun yaradıcılığında ifadə edilən bədii fikirlər öz təravətini daima qoruyur, oxucu və tamaşaçıların, tənqidçi və tədqiqatçıların, ədəbiyyatşünasların həmişə şərəflə adını çəkdiyimiz ədəbi simamızdır.

Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli günlərini yaşamış böyük sənətkarımız İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
İ.Əfəndiyev bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. Xalq, Vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə İlyas Əfəndiyevin adı və əsərləri ilə bağlıdır.

Şübhəsiz, İlyas Əfəndiyev bugünkü narahat dünyamızda yaşasaydı, daha neçə-neçə əsərlər yazacaqdı. Amma nə etməli, bir gün yaranan, bir gün də köçməlidir bu dünyadan. Təsəllimiz ondadır ki, böyük ədibin qoyub getdiyi zəngin irs bizdən sonra gələcək nəsillər üçün də böyük bir ərməğandır.


İstifadə olunan ədəbiyyat:
1.Əfəndiyev İ. Seçilmiş əsərləri I c.Üç cilddə. Bakı, AVRASİYA

PRESS”, 2005, 280 səh.

2. Əfəndiyev İ. Seçilmiş əsərləri II c. Üç cilddə. Bakı, AVRASİYA

PRESS”, 2005, 336 səh.

3. Əfəndiyev İ. Seçilmiş əsərləri III c. Üç cilddə. Bakı,

AVRASİYA PRESS”, 2005, 448 səh.

4.İlyas Əfəndiyev. Seçilmiş əsərləri. Yeddi cilddə.Birinci cild

“ÇİNAR_ÇAP” Çakı-2002.395 səh.

5. İlyas Əfəndiyev. Seçilmiş əsərləri. Yeddi cilddə. İkinci cild

“ÇİNAR_ÇAP” Çakı-2002. 421 səh.

6. İlyas Əfəndiyev. Seçilmiş əsərləri. Yeddi cilddə. Üçüncü cild

“ÇİNAR_ÇAP” Çakı-2002.577 səh.

7. İlyas Əfəndiyev. Seçilmiş əsərləri. Yeddi cilddə. Dördüncü cild

cild “ÇİNAR_ÇAP” Çakı-2002.451 səh.

8.İlyas Əfəndiyev. Seçilmiş əsərləri. Yeddi cilddə. Beşinci cild

“ÇİNAR_ÇAP” Çakı-2002.313 səh.

9.İlyas Əfəndiyev. Seçilmiş əsərləri. Yeddi cilddə. Altıncı cild

“ÇİNAR_ÇAP” Çakı-2002.407 səh.

10.İlyas Əfəndiyev. Seçilmiş əsərləri. Yeddi cilddə. Yeddinci cild

“ÇİNAR_ÇAP” Çakı-2002.407 səh.

11.Əfəndiyev İ. Geriyə baxma qoca. Roman, pyes. B., Yazıçı,

1981. 356 s.

12. Əfəndiyev İ. Sarıköynək və Valehin nağılı. Roman. Gənclik,

1979. 326.

13. İ. Əfəndiyev. Qırçı və qırmızı çiçək. Hekayələr. B. Gənclik,

1981. 189.

14. İlyas Əfəndiyev. Üçatılan.- B. Gənclik. 1982- 400 səh.

15. Əfəndiyev İ. Üç roman. B. Gənclik, 1987.- 536 səh.

16. Azərbaycan sovet ədəbiyyatı. «Maarif» nəşriyyatı Bakı 1988.

Səh 505.

17.XX əsr Azərbaycan yazıçıları. «Nurlar», Nəşriyyat-Poliqrafiya

Mərkəzi Bakı-2004. Səh 426.

18.Əhmədov T. Azərbaycan yazıçıları. «Nurlar», Nəşriyyat-

Poliqrafiya Mərkəzi Bakı-2011. Səh 464.

Haqqında.

1.Əfəndiyev Əmin.

İlyas Əfəndiyev, Biblioqrafik göstərici. (Təkmilləşdirilmiş və yenidən işlənilmiş 2- ci nəşri.) Bakı, « ÇİNAR-ÇAP» Nəşriyyat-Poliqrafiya müəssisəsi, 2002, 240s.

2. Yaddaşın boy çiçəyi. Bakı, “Qərənfil” nəşriyyatı, 2006, 452 səh.

3. «Sən həmişə bizimləsən» Bakı, «Gənclik», 1999,-392 səh.


Dövrü mətbuatda:


  1. Əmircanova, Qənirə 
    Xalq yazıçısı İlyas Əfəndiyev haqqında düşüncələr : Respublika. - 2013.- 3 oktyabr. - № 217. - S.7

  2. Əhmədalılar, Tahir  : Obrazlarüstü : Ədəbi-bədii "özgə"lər

yarada-yarada "Öz" əbədi realını da yaratmış ədib: 
Mədəniyyət. - 2013.- 2 oktyabr. - № 70. - S.7. - Xalq şairi İlyas Əfəndiyev haqqında

  1. Mədətoğlu, Əbülfət 
    Mahnısı ürəklərdə qalan İlyas müəllim : O, hər gün anılır  Ədalət. - 2013.- 2 oktyabr. - № 180. - S.2

  2. Əmircanova, Qənirə 
    Xalq yazıçısı İlyas Əfəndiyev haqqında düşüncələr : Respublika. - 2013.- 3 oktyabr. - № 217. - S.7. 

  3. Unuda bilmirik ... : İlyas Əfəndiyev - nəslin və nəsrin əfəndisi Yeni Azərbaycan. - 2013.- 3 oktyabr. - № 185. - S.21

  4.  Tapdıq, İlyas 
    Bir gözəl görüşün həsrəti 
    Mədəni Həyat . - 2013. - № 10. - S.58-60. -

 7.  Şəmsizadə, Nizaməddin
. 
    Tarixə güvənən müasirlik / N. Şəmsizadə // Xalq qəzeti. -

2012.- 3 oktyabr. - N 221. - S. 6 

8.  Vahid, Təranə. 
    İlyas Əfəndiyev əfsanəsi / T. Vahid // Mədəniyyət. - 2012.- 3

oktyabr. - N 71. - S. 7

 9. Xəlilzadə, Flora. 
    Ədəbiyyatımızın boyçiçəyi : İlyas Əfəndiyev və Şuşa / F.

Xəlilzadə // Kaspi. - 2012.- 3 oktyabr. - N 396. - S. 11 .

10.Dünyamin qızı, Qərənfil. 


    Siz həmişə bizimləsiniz / Q. Dünyamin qızı // Kaspi. - 2012.- 4

oktyabr. - N 397. - S. 11 . - Xalq yazıçısı İlyas Əfəndiyev

haqqında 

 11.  Məmmədli, Cahangir. 
    İlyas Əfəndiyevin bədii dünyası / C. Məmmədli // Respublika. -

2012.- 4 oktyabr. - N 222. - S. 7 

 12.  Tağısoy, Nizami. 
    İlyas Əfəndiyev yaradıcılığı müasirlik və perspektiv baxışlar

müstəvisində / N. Tağısoy // 525-ci qəzet. - 2012.- 28 iyun. - N

112. - S. 7 .

13. İsamyıloğlu, Atababa. 


    İlyas Əfəndiyev dramaturgiyasına böyük ehtiyac var / A.

İsamyıloğlu // Ədəbiyyat qəzeti. - 2012.- 26 may. - N 19. - S. 2 

14. Xanoğlan , Vəfa. 
    İlyas Əfəndiyev və bədii yaddaşda istiqlal düşüncəsi / V.

Xanoğlan // Xalq qəzeti. - 2012.- 26 may. - N 115. - S. 10 

 15.  Apardı sellər saranı : Əfsanə // Savalan. - 2012.-13-15 mart.

- N 18. - S. 3 .

16. Geriyə baxanda : İlyas Əfəndiyev haqqında // Ədalət. - 2012.-

26 may. - N 91. - S. 15 . 

17. Əlizadə, Məryəm. 
    Azərbaycan teatrında İlyas Əfəndiyev fenomeni / M. Əlizadə //

Respublika. - 2012.- 27 may . - N 116. - S. 9 .

18. Dünyamin qızı, Qərənfil. 
    Zamanın çərçivəsindən çıxan publisistika : "İlyas Əfəndiyevin

nəsri, dramaturgiyası kimi publisistikası da ideologiyanın

fövqündə durmuşdur" / Q. Dünyamin qızı // Ədalət. - 2012.- 3

oktyabr. - N 178. - S. 5 

19.   Şəmsizadə, Nizaməddin. 
    İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti : yazıçını şəxsiyyət

və mədəniyyət prizmasından öyrənən mooqrafiya / N. Şəmsizadə

// Xalq qəzeti. - 2013.- 15 sentyabr. - № 203. - S. 7 .

 20. Əhmədalılar, Tahir. 
    Obrazlarüstü : ədəbi-bədii "özgə"lər yarada-yarada "Öz" əbədi

realını da yaratmış ədib / T. Əhmədalılar // Mədəniyyət. - 2013.-

2 oktyabr. - № 70. - S. 7

21.  Mədətoğlu, Əbülfət. 
    Mahnısı ürəklərdə qalan İlyas müəllim : o, hər gün anılır / Ə.

Mədətoğlu // Ədalət. - 2013.- 2 oktyabr. - № 180. - S. 2 . 

22.Əmircanova, Qənirə. 
    Xalq yazıçısı İlyas Əfəndiyev haqqında düşüncələr / Q.

Əmircanova // Respublika. - 2013.- 3 oktyabr. - № 217. - S. 7 .

İnternetdə:
www. göqle az.

www. vikepediya. orq.

www. tale. ucoz com.

www. mns.qov.az.

www. azerbaycans. com.

www. milli az.


Tərtib edən: Rüstəmova Rəqibə.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana

Sisteminin Metodiki İşlərin Təşkili

şöbəsinin metodisti.
Rəy verənlər:

1.Qədimova Fəridə - Gəncə Şəhər Mərkəzləşdirilmiş

Kitabxana Sisteminin direktor

müavini.
2. Abbasova Iradə - Gəncə Şəhər Mərkəzləşdirilmiş

Kitabxana Sisteminin Metodiki

Işlərin Təşkili şöbəsinin müdiri.


Kompyüterdə yığan:
Rüstəmova Rəqibə - Metodist.
Yüklə 184,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin