HAZIRLIQ İŞLƏRİ
Islam Peyğəmbərinin (ə) Mədinədə əbədiyyətə qovuşduğu gününü müsəlmanların ən qəmli günü kimi yad etmək lazımdır. İllərlə belə bir fürsətin intizarını çəkən əyləşən bir neçə nəfəri müstəsna etməklə qalanları matəm içərisində olub, özləri və Islamın gələcəyi üçün nigaran idilər. O vaxt hətta bə`ziləri Peyğəmbərlik iddiası edib, Mədinəyə hücum etmək üçün fürsət gözləyirdi. Ərəbistanın qeyri-müsəlman qəbilələri və yaxud qonşu ölkələrdən bə`ziləri isə həmin fürsət pusqusunda duranlar ilə eyni məqsədi güdür, eyni fikirdə idilər.
Bu zaman adi camaatın fikirləşdiyi ən ağıllı iş ehtimal verilən iğtişaşın yaranması müqabilində sükut etmək və evlərində əyləşib heç bir cinahla əlbir olmamaq, eləcə də hər hansı bir qrup və kəsin qələbəliyinə yəqin etməyincə, başqası ilə müxalifətə qalxmamaq idi. Onlar keçmişdə ərəblər arasında baş verən daxili müharibələri hələ unutmamışdılar ki, bə`zən kiçik bir örüş və qoruq üzərində bir-birləri ilə illərlə belə müharibə aparırdılar.
Bu ərəfədə Mədinə əhalisi sərgərdan qalmışdı. Onların çoxu Peyğəmbəri-Əkrəm (s)-in vəfatına inana bilmir, hətta o həzrətin vəfat etməyini inkar edirdilər. Bu mövqe fürsət axtaranların öz böyük siyasi məqsədlərinə çatması üçün əlverişli bir fürsət idi, xüsusilə, onlar öncədən belə bir fikri həyata keçirmək istəyirdilər.
Onlardan başqa, müsəlmanlardan heç biri inana bilmirdi ki, bə`ziləri Peyğəmbər (s)-in pak cəsədini qüslsüz-kəfənsiz qoyub, hakimiyyətə çatmaları üçün bey`ət almaq və səs toplamaq ardınca olsunlar. Hətta onlar belə məqsədlər üzrə çalışan hər bir kəsin rüsvayçılıq, xəcalət və uğursuzluqdan başqa bir şey qazanmayacağını düşünürdülər. Bundan əlavə, o dövrün xalqı elə də uzaqgörən deyildi ki, gizli hərəkatları arayıb, onların qarşısını almaq üçün müəyyən bir qərar qəbul etsinlər.
Əhli-beyt (ə)-ın məqam və mənzilətini tanıyanlar da bə`zilərinin onları xar edib, məqam və vəzifələrini qəsb edəcəyini ağıllarına belə gətirmirdilər.1
Yə`qubi yazır: “Əbu Bəkrlə bey`ət qalmaqalı qızışdıqda, Bərra ibn Azib heyrət və təəccüblə haşimilərin yanına gedib “Əbu Bəkrlə bey`ət olundu!” – dedikdə, onlar cavab verib dedilər “Müsəlmanlar bizsiz bu işi tutmazlar. Biz, Mühəmmədə (s) daha yaxınıq!” Abbas isə əlavə edərək dedi: “Kə`bənin Allahına and olsun ki, bu işi gördülər!”2
Ibn Əbil-Hədid yazır: “Səqifə” günündə Əlinin qohumlarından biri onun şə`nində bir şe`r oxudu ki, onun tərcüməsi belədir: “Heç vaxt fikirləşmirdim ki, ümmətin rəhbərliyini haşimilərdən və imam Əbül-Həsəndən alsınlar...!”1
Imam Əli ibn Əbi Talib (ə) isə özü buyurmuşdur: “Allaha and olsun! Mən heç vaxt fikirləşməzdim ki, ərəblər xilafəti Peyğəmbərin (s) Əhli-beytindən alsın və yaxud məni ondan çəkindirsinlər!”2
Dostları ilə paylaş: |