BƏHLULUN TƏDBİRİ
Qədim zamanlarda biri Bağdada işləməyə gedir. 3-4 ay işləyir 500 dinar pul qazanır. Bu kişi istəyir ki, 500 dinar da əlavə qazanıb min dinar edib, vilayətinə qayıtsın. Ancaq 500 dinarı itirib, oğurlatmaqdan qorxur. Odu ki, bir əmin adam axtarır. Ona deyirlər, get Bəhlulu tap o, sənə bir yol göstərər. Kişi çox axtarandan sonra Bəhlulu tapır, görür uşaq kimi bir qəmiş ağacı minib, oyan-buyana çapır. Kişi naümidliklə dərdini Bəhlula deyir. Bəhlul deyir:
– Apar pullarını bir salim adama tapşır.
Bunu deyib, qəmiş atına bir qamçı vuraraq, uzaqlaşır. Kişi mat qalaraq, bazara qayıdır. Hücrələrin birində görür ki, saqqalı hənalı, üz-gözü səfalı bir adam döşəkçənin üstündə oturub, təsbih çevirməkdədi. Öz-özünə fikirləşir ki, əzası düzgün adam olsa-olsa budur. Qabağa gedib salam verir. Hacı mehribanlıqla salamı alıb onu əyləşməyə dəvət edir. Qəhvəçini çağırıb, çay sifariş verir. Sonra ondan gəlməsinin məqsədini soruşur. Kişi utana-utana deyir:
–Vallah, Hacı ağa, bir az pulum var, qorxuram yanımda saxlayam oğurlayalar. Odur ki, bir Allah bəndəsi axtarırdım ki, pullarımı onun yanında əmanət qoyum. Dedim elə siz etibarlı adamsız, sizə zəhmət verim ki, bir ay bu pulu mənim üçün saxlayasız, vətənə gedəndə gəlib sizdən alam.
Hacı deyir: – Eybi yoxdu, oğlum, verin saxlayaram.
Kişi pullarını Hacıya təqdim edib, mürəxxəs oldu. Bir müddətdən sonra 500 dinar da yığıb, vətənə getmək qəsdinə düşdü. Hacının dükanına gəlib, ucadan salam verdi. Amma Hacı başını aşağı dikmişdi, salamın cavabını vermədi. Kişi bir də salam verir. Hacı saymazyana başını bir az qovzuyub, salamın cavabını vermək əvəzinə dedi:
– Nə istəyirsən?
Kişi qısıla-qısıla dedi: – Hacı ağa, istəyirəm, Allah qoysa, vətənə qayıdım.
Hacı dedi: – Vətənə qayıtmağının mənə nə dəxili var?
Kişi dedi: – Hacı, o əmanəti sizdən almaq istəyirdim.
Hacı dedi: – Hansı əmanəti?
Kişi dedi: –O beş yüz dinarı ki sizə vermişdim, saxlayasız?
Hacı dedi: – Çıx get işinin dalınca, mən məgər sənin dədənin sandıqdarı idim ki, əmanət saxlayam?
Kişi dedi: – Allah eləməsin, Hacı ağa, siz bizim başımızın tacısınız. Mənə lütf eləmişdiz, pulumu alıb saxlamışdız.
Hacı əsabani olub dedi: – Get-get, oğul, Allah ruzunu ayrı yerdən versin, mən əmanət zad saxlayan deyiləm.
Kişi bir də təkrar etdikdə, Hacı acıqlanıb dedi:
– Dedim, itil get, biz əmanət qəbul etmirik, əmanət alanda, qəbiz veririk. Get özgə adamın başına börk qoy, bizim başımıza börk keçməz.
Kişi yalvardıqca, Hacı daha da hirsləndi. Kişi dedi: – Hacı ağa, Allaha xoş getməz, o pulu mən 4 aya işləyib, tər tökmüşəm, əllərim qabar olubdu.
Hacı daha da hirslənib dedi: – Hoqqabazın biri hoqqabaz, indi məmur çağırıb səni həbsə saldırram.
Kişi qorxusundan kor-peşman qayıtdı. Bəhlulu axtarmağa başladı. Axırda Bəhlulu qəmiş atını çapdığı yerdə tapıb, qolundan tutub dedi: –Bəhlul ağa, Bəhlul ağa, başına dönüm, bircə dayan, gör mənim başıma nə gətiriblər?!
Bəhlul qəmiş atının başını çəkərək dayandı.
Kişi dedi: – Yadında olsa, bir ay qabaq mən səndən əmin adam soruşdum ki, pullarımı tapşıram. Siz də buyurdunuz ki, bir əzası dürüst adama ver. İndi həman əzası dürüst adam mənim pullarımı vermir. Gəl, mənim pullarımı ondan al.
Bəhlul dedi: – Burada dayan, qoy məm atımı bağlayım, karvansaraya gəlim, görüm nə deyirsən.
Bunu deyib atını çapıb getdi. Bir azdan sonra gəlib kişiyə dedi: – Gəl gedək, o Hacını mənə göstər.
Kişi Bəhlulu gətirib, uzaqdan Hacını ona göstərdi.
Bəhlul dedi: – Sən bir tərəfdə dur, mən Hacının yanına gedərəm. Nə vaxt mən əllərimi bir-birinə çaldım, gəl Hacıdan pullarını istə.
Bəhlul üz-gözünə bir az torpaq-palçıq yaxıb, bir ağac da əlinə alıb Hacının dükanına gəlib salam verdi. Hacı gülər üzlə onun salamına cavab verib dedi:
– Buyurun.
Sonra da qəhvəçi şagirdi səsləyib çay sifariş verdi.
Bəhlul dedi: – Hacı ağa, mənə bir qəziyyə üz verib, sizdən əmin bir adam tapmadım ki, nəql eləyim.
Hacı dedi: – Buyurun-buyurun, xatiriz cəm olsun, hər nə istəyirsiz deyin. Bəhlul oyan-buyana baxıb dedi: – Hacı ağa, siz şəhərin yarım ağaclığında olan “Baba bağını” tanıyırsız?
Hacı dedi: – Əlbəttə ki, tanıyıram, uşaqlıqda hər gün uşaqlarla oraya badam oğurluğuna gedərdik. Allah günahı- mızdan keçsin, onda uşaq idik, anlamırdıq, böyüyəndən sonra düşünüb tövbə elədim.
Bəhlul dedi: – Bəli... Dünən orada cüt sürürdüm, yer yaş idi, cüt quyulanırdı yerə. Öküzlər cütü zor ilə çəkib çıxarırdılar. İki dəfə o baş bu başa getmişdim, bir də gördüm ki, cüt bir şeyə ilişdi. Öküzlərə güc verdim, bir də gördüm bir yoğun zəncir yerdən çıxıb, bir deşik açıldı. O deşiyi bir az genəldib başımı içəri uzatdım, gördüm aşağıda qırx danə böyük küp var ki, ağızlarında qızıl qapaq, qapaqların üstündə qızıldan xoruz mücəssəməsi var.
Burada Bəhlul əllərini bir-birinə çalaraq dedi:
– Amma heyif olsun ki, bilmədim o küplərin içində nə var.
Hacı dedi: – Əlbəttə onların içində hətmən qızıl olmalıdı. Sonra nə elədin?
Bu zaman pul verən kişi Bəhlulun əllərinin səsini eşitdikdə tez özünü yetirib, salam verib dedi: – Hacı ağa, həmşəhərlilərimiz gedirlər, mənim pulumu verin, onlar ilə gedim.
Hacı gördü əgər bu kişiyə desə ki, hansı pul, kəndli şəkkə düşüb gedəcək xəzinə əldən çıxacaq. Odu ki dedi:
– Dadaş indi bu ağa ilə söhbət edirik, get yarım saatdan sonra gəl, pulunu al, apar.
Kişi dubarə gedib yanda dayandı.
Hacı dönüb Bəhlula dedi: – Hə, de görüm sonra nə elədin?
Bəhlul dedi: – Heç, oranı torpaqlayıb, üstünü örtdükdən sonra cütü aparıb zəminin o biri tərəfindən saldım. Beş-altı yol o baş bu başa getdikdə, genə də gördüm ki, cüt bir zada ilişdi. Öküzlərin gücləri çatmadı ki, çıxartsınlar. Naçar qalıb özüm torpaqları oyan-buyana verdim, gördüm bir böyük zəncir çıxdı, bir az da qazandan sonra gördüm zəncirin ucu bir sal daşa bənddi. Daşı götürəndə bir sərdabə açıldı, içəri girdim, gördüm qırx küp var, hər küpün ağzında gümüşdən qapaq, qapağın üstündə gümüşdən xoruz mücəssəmələri.
Bəhlul genə də əllərini bir-birinə çalaraq dedi: – Amma heyif olsun ki, bilmədim küplərin içində nə var?
Hacı dedi: – Hətmən onların içində gümüş pul varmış.
Bu zaman pul sahibi Bəhlulun əllərinin səsini eşitdikdə tez gəlib məzlumcasına Hacıya dedi ki: – Hacı ağa, yoldaşlarım gedirlər, müntəzirimdirlər, mənim pulumu verin gedim.
Hacı dedi: – Bir az get dolan, pullarını verim, apar.
Sonra Bəhlula dönüb dedi: – Hə... Sonra neylədin?
Bəhlul dedi: – Heç onların da üstünü torpaqlayıb cütü aparıb o biri tərəfdən saldım. Yenə də bir neçə dövr oyan-buyana gedib qayıtdıqdan sonra gördüm dubarə cüt bir şeyə ilişdi, yenə də torpağı oyan-buyana verdikdə, bir zəncir, sonra bir sərdabə açıldı. Baxdım gördüm genə də küplər yan-yana düzülübdülər, hər küpün ağzında qırmızı yaqutdan qapaq, hər qapağın üstündə yaqutdan qayrılmış xoruz mücəssəmləri...
Burada Bəhlul əllərini bir-birinə çalaraq dedi: – Amma heyif olsun ki, bilmədim küplərin içində nə var.
Hacı dedi: – Hətmən küplərin içində yaqut varmış.
Bu zaman kişi Bəhlulun əllərinin səsini eşitdikdə genə də özünü yetirib dedi: – Hacı ağa, sən Allah, yoldaşlarım yol üstündədirlər, məni yola salın gedim.
Bu zaman Bəhlul Hacıya xitab edərək dedi: – Bu kimdi? Hey gəlir söhbətimizi kəsir?
Hacının ki, ağzının suyu lap axmaqda idi, dedi: – Oğul, sənin pulun dükanın dal tərəfində taxçadakı küpdədir, get, götür apar.
Kişi tələsik içəri girib, küpənin içindəki pulları götürüb sevincək halda xudahafizləşib getdi. Bəhlul sözünə davam edərək dedi:
– Bəli, Hacı ağa, işi bu cür gördükdə, oranı da torpaqlayıb, cütü o biri tərəfə apardım, orada da bir neçə baş gedib-gəldikdə, genə də cüt bir neçə zəncirə ilişdi. Zənciri çəkdikdə, bir baca açıldı, özümü içəri saldım, gördüm, bəh, bəh. Küplərin üstündə almazdan qapaqlar. Qapaqların üstündə almazdan xoruz mücəssəmələri, çıraq kimi işıldayırlar. Onların birinin qapağını götürüb gördüm içi dolu almazdı. Tələsik özümü saldım küpün üstünə ki, ciblərimi doldurum. Ətəyim ilişdi xoruzun dimdiyinə, yıxıldım palçıqların üstünə, bu zaman birdən yuxudan ayıldım. İndi gəlmişəm, sizdən soruşam görəm mənim boynuma qüsul gəlibdir, ya yox?
Hacı dəli kimi qızararaq dedi:
– Tifaqın dağılsın, bunlar hamısı yuxu idi?
Bəhlul üz-gözünü silərək dedi:
– Bəli... Hacı ağa, sən xəyal edirdin ki zahirdi?
Hacı Bəhlulu tanıyıb dedi:
– Allah evini yıxsın, məni biçarə elədin.
Bəhlul gülərək uzaqlaşdı.
Dostları ilə paylaş: |