Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə150/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   146   147   148   149   150   151   152   153   ...   195
TAPMACALAR
O nəmədə? Gecə səpdim noxudu, səhər gördüm yoxodu (Ulduzlar).

O nəmədə? O yan pərçin, bu yan pərçin, içində bir cüt lalə göyərçin (Göz).

O nəmədə? Hacılar Həccə gedər, vaxt olur gecə gedər. Bir yumurta içində qırx dənə cücə gedər (Nar).

O nəmədə? Günüzlər kəniz, gecələr xanım (Süpürgə).

O nəmədə? Qara şikar burada yatar, şax budağın ətrafa atar (Qarpız tağı).

O nəmədə? Bir təpədə bir qucaq vərək (Baş və tükü).

O nəmədə? Çöl yerdə çölmək qeynər (Qarışqa yuvası).

O nəmədə? Yuxarı gedər işi var, aşağı gələr yükü var (Qaşıq).

O nəmədə? Bacadan düşər sınmaz, taxçadan düşər sınar (Yumurta).

O nəmədə? Biz bəzədik, taxçaya düzdük. Otuz iki qız idik, atulduq düzüldük (Ağızda dişlər).


BAYATILAR


Bulaq başında durma,

Gözlərin dolandırma,

Qız yarın burda dəgil,

Gəl, məni utandırma.


Damda durana qurban,

Əldə Qurana qurban,

Mən ki yarı görmədim,

Yarı görənə qurban.


Pəncərədə üzüm var,

Ana, sənə sözüm var,

Bir həyətdə üç bacı,

Kiçiyinə sözüm var.


Qaşların aldı məni,

Kəməndə saldı məni.

Gözlərin şahmar ilan,

Dolandı çaldı məni.


Qərə qoyun, mələmə,

Ağ məmələr dələmə,

Biz ikimiz adaxlı

Mən ölüm, naz eləmə.


Arxaluqun büzmə, yar,

Əlin məndən üzmə, yar,

Kirpiklərin ox kimin,

Sinəm üstə düzmə, yar.


Dama çıxma toz olur,

Abı dönüb bez olur,

Əyil dəsmalın götü,

Mən götürsəm söz olur.


Xərməndə yatan oğlan,

Köynəgi kətan oğlan

Adaxlın apardilar,

Bixəbər yatan oğlan.


Əsgəriyəm kişmişəm,

Cibdən cibə düşmüşəm,

Mən bir dənə el qızı,

Qəriblikə düşmüşəm.


Gəlin çıxaq damlara

Yalvaraq imanlara,

Su səpək güzgü tutaq,

Qardaş gələn yollara,


Su gəlir bağa neynum,

Dəyir yarpağa neynum.

Yarım mənnən küsübdü,

Gəlmir otağa neynum.


Damnan dama damımız.

Qoşadu eyvanımız,

Sən ordan çıx, mən burdan,

Kor olsun düşmanımız.


Ay gedər batan yerə,

Yar gedər yatan yerə,

Bir xəlbir buğda gətir,

Gedək nar satan yerə.

Nadan yar ey, nadan yar,

Gözəl gül oynadan yar,

Sən ki bu cür deyildin,

Səni örgədənmi var?!


Qoz ağacu qolun yar,

Qol boynuna salım yar,

Mənsiz necə dözürsən?

Daş ürəkli zalum yar.


Qoz ağacı dəgiləm,

Hər gələnə əgiləm

Əgil üzündən öpüm.

Mən özgəsi dəgiləm.


Suğranı çayda gördüm

Əlində bayda gördüm

Bir öpdüm, bir dişlədim.

Onnan nə fayda gördüm.


İmam Rza bağları,

Yaşuldu yarpaqları,

İmam versin mətləbim,

Yandurum çıraqları.


Həmədan yoli daşdu,

Quşlaru qızıl başdu,

Mən öz yarım tanıram.

İncə boy, qələm qaşdu.




UŞAQ FOLKLORU
Üşüdüm ha, üşüdüm


Üşüdüm, ha üşüdüm,

Damdan alma düşürdüm,

Almacuğım aldilar,

Mənə zülm verdilər,

Mən zülmdən bezaram,

Yerdə quyu qazaram.

Yerdə bir quyu ərkək,

Ərkək qazanda qaynar.

Qəmbər dövründə oynar,

Qəmbəri qurd apardi,

Quyruğu yerdə qaldi

Quyruğun satdım tata.

Tat mənə darı verdi,

Darım səpdim quşa.

Quş mənə qanad verdi,

Qanadlandım uçmağa.

Haq qapusin açmağa.

Kilid babam boynunə.

Babam Girman yolinə,

Girman yolu sərbəsər.

İçində mahu gəzər,

Mahu doğdu bir oğlan.

Adin qoydu Güloğlan,

Güloğlan getdi oduna.

Qarği batdı buduna,

Qarği degil qəmişdi,

Beş barmağı gümüşdü.


XIV. ETNOQRAFİK CİZGİLƏR
Sağlamlıq rüsumatı və baş verən dəyişikliklər
Lap qədimlərdə yeməyi əl ilə yeyirdilər. Süfrəyə bir dənə dəs­mal qoyardılar. Dəsmal parçadan olardı. Yemək yeyəndən sonra böyüklər əvvəlcə barmaqlarını yalardılar. Bu işi savab sanardılar. Sonra o dəsmalla əllərini silərdilər. Axırda kiçiklərə verərdilər.

Sonralar kasaya su tökər, yeməkdən sonra bir-bir əllərini su içində yaxalardılar. Amma hər kəsin özünün cibində bir dəsmalı olardı, onunla əllərini qurudardılar.

Bir müddətdən sonra aftafa-ləyəndən istifadə eləmək dəb oldu. Aftafa-ləyəni dolandıran olardı. O adam qolunun üstünə hövlə də salardı. O gedib hər kəsin qabağında əyləşərdi, əvvəlcə aftafadan su tökərdi, əllərin yuyardılar. Sonra onlar ağızlarına su alıb, tökərdilər ləyənə, sonra da hövlə ilə əllərini qurulardılar.

Sonralar qaşıq, bıçaq işlətmək dəb oldu. Qaşıqla xörək yeyərdilər, amma bir-birinin qaşığından istifadə etməkdən çə­kin­məzdilər. İndi belə şeylər dəb deyil. O zaman bəzi xanımlar əl­lərini qurulamaq üçün çar qatlarının ucundan istifadə edərdilər. Bir müddət sonra da hər evdə bir hövlə asardılar. Ev əhli hamısı ondan istifadə edərdi. İndi hər kəsin özünün bir şəxsi hövləsi var.

Suyu kasada, ya da bir saxsı bardaqda içərdilər. Amma qo­nağa həmişə kasada su verərdilər. Sonralar bir parçda su qo­yar­dılar, bir livan da qoyardılar ki, hamı ondan istifadə eləsin. Bir qab vardı, adına “soğan su yeyin” əşgənə deyirdilər. O qab bö­yük olardı. Ətin suyunu onun içinə tökər, içinə çörək doğrar­dı­lar. Sonra hamı əl uzadıb o qabdan yemək götürərdi. Çilov-xu­ruşu da böyük qaba çəkərdilər. Hamı o qabdan xörək götürərdi.

Üç-dörd uşaq üçün bir yorğan-döşək salardılar. Gecələr yat­madan qabaq uşaqlar üçün nağıl deyərdilər. Əgər evdə külfət olsaydı, bu iş onun boynuna idi, olmayan surətdə ata-analar öz­lə­ri uşaq yatana kimi ona nağıl deyərdilər. Uşağa on yaşına kimi şam verməzdilər. Uşağı axşam əzanından bir az sonra yatırar­dılar. Qonaq yanına uşaqları on beş yaşınadək qoymaz­dılar, heç yerə aparmazdılar. Həftədə bir dəfə böyük babası evi­nə gedər­dilər. Böyük baba evdə olmasaydı, xala evinə gedərdilər.

On beş-iyirmi gündən bir hamama gedərdilər. Meyvə ilə xörəyin yaxşısını qonağa verərdilər. Uşağın qonaq yanında danışmaq haqqı yox idi. Evdə artıq qalan, əl dəymiş yeməyi ev işçisi yeyərdi. İşçiyə iki dəst paltardan artıq almazdılar, ona maaş da verməzdilər. Əgər o, kənd əhli olsaydı, xərmən vaxtı iyirmi batman buğda verərdilər. O yazıq köhnə yataqda yatardı. Dincəlmə zamanı çox az olardı. Evin bütün işlərini o görərdi. Evin külfəti evli olmasaydı, onu ərə verib cehizini də verərdilər.


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin