Xan və bəylərin şəhər, kənd yaşayışları
O zaman xanların bir evi şəhərdə, biri də kənddə olardı. Onlar qış fəslində şəhərə gəlib, orda yaşayardılar. Bahar fəsli yenə kəndə gedərdilər.
Onların çoxlu mal-qaraları var idi. Tövlələri mal-heyvanla dolu olardı. Kənddə yoxsul olan adamlar xan evindən süd, kərə, qatıq, ayran, şor, pendir və s. aparardılar. Xanlar həftədə bir qoyun kəsib ətindən kənd əhlinə verərdilər. Onların qonaq otaqları həmişə sahmanlı, hazır olardı. Lapdan şəhərdən qonaq gəlsəydi qabağa çıxıb çox məhəbbətlə, hörmətlə ona xoş gəldin deyərdilər. Sonra qulluqçularına göstəriş verərdilər ki, qonağın ayağı altda bir toğlu kəssin. Qonağa çox ali şəkildə qulluq edərdilər. Qonaq rahatlanandan sonra bir aftafa-ləyən gətirərdilər ki, o üz-gözün yuyub sərinləsin. Sonra çay gətirərdilər. Onunçun qatıq, kərə, bal, isti çörək gətirərdilər. Qonaq gərək onlardan yeyəydi. Bundan sonra qurbanlıq ətindən kabab verirdilər. Əgər gələn qonaq hörmətli şəxs olsaydı, məhəllənin mömin adamları əlaqə qurmağa çalışardılar. Əgər qonaq orda namaz qılsaydı, onlar hamısı ona qulluq göstərərdilər. Əgər gələn qonaq musiqi əhli olsaydı, onu sevindirmək üçün aşıq çağırardılar. Qonağı kəndin gəzməli, görməli yerlərinə də aparardılar. Əgər bir neçə gündən sonra qayıtmaq istəsəydı, onun üçün sovqat hazırlayardılar. Bir xurcun yağlı fətir, bir qab bal, kərə, bir dənə toğlu verərdilər.
Deyirlər bir gün xanlardan biri otaqda əyləşmişdi. Oğlu gəlib ərz eyləyir: Xan, nahar hazırdır, buyurun, nahar edın. Oğlan xanı çağırandan sonra gedir, ailə üzvləri ilə birlikdə xanı gözləyirlər. Görürlər ki, yemək soyudu, amma xan gəlmədi. Xanım özü gedib deyir: – Niyə təşrif gətirmirsiz, yemək soyudu.
Xan deyir: – Axı pərdəni qovzuyan yoxdu.
Xanım pərdəni qalxızır, xan zəhmət cəkib yemək üçün süfrə başına gəlir.
Dostları ilə paylaş: |