Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə178/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   174   175   176   177   178   179   180   181   ...   195
Əşayir rəsmləri
Əşayirin bir rəsmi var idi. Bir yerdə çadır qursaydılar oradan möhtərəm şəxs sovuşanda böyük oğlanlarını yollardılar ki, gedib qonağın atının cilovundan yapışsın, ondan xahiş eləsin ki, atdan yenib şama, ya nahara qonaq olsun. Əgər qəbul eləsəydi canü-dildən ondan nəziranlıq edərdilər. Qonaq atdan yenən zaman onun ayağının altında qoyun kəsərdilər. Əgər bir neçə gün qalsaydı, ona hər cür hörmət edərdilər. Bəziləri qonağa at, yaxud tüfəng bağışlardı. Əgər yoldan keçən dəvəti qəbul etməyib, atdan yenməsəydi, bu iş bədbəxtçilik sayılardı.

Əşayirlər Muğandan yaylağa köçəndə hər tayfa əsasiyyəni dəvələrə yüklərdi. Dəvələri bəzərdilər, boyunlarına fanar asıb üstünə fərş asardılar. Qulaqlarından rəngli dəsmal, boyunla­rından zəngi-zınqırov asardılar. Onlar yeməklərini, paltarlarını, xurcuna, ya da balaca sandıqçalara qoyardılar. Elin xanımları rəngli paltarlarını geyib, dəvəyə minərdi. Dəvəçilər də kip, rahat baş­maqlar geyib, dəvələrin çulları əllərində yol getməyə başlayardılar.

Əgər köç gedən zaman xanımların biri boylu olsaydı, sancı­sı zamanı qafiləni bir yerdə saxlardılar. Xanımı dəvədən yendi­rib, bir çadır qurardılar. Uşaq dünyaya gələnə kimi orada qalar­dılar. Yaşlı xanımlar tuluqdan, bal qabından, yağ, bal götürüb bir kasada onları bir-birinə qatır, zahıya verərdilər. Zahı onu qarışdırıb qaşıqnan içərdi. Bundan sonra o, yenə də dəvəyə mi­nərdi. Uşağı da bir yekə parçaya büküb, onun qucağına verər­di­lər. Qafilə yenə də yollanardı. İkinci mənzildə bir qoyun kəsər­dilər. Onun quyruğundan, ətindən kabab eyləyib, zahıya verərdi­lər. Sonra bir kasa kişmişi kərə ilə qaynadıb, zahıya verərdilər.

Malları, qoyunları da dəvələrin dalınca yeridə-yeridə apa­rar­dılar. Yüz qoyunun dalından bir coban at üstə, qabağında bir mühafiz iti gedirdi. Qoyunların hər biri boğaz olsaydı, yolda bala salsaydı onun balaca quzusunu götürərdilər. Yaxın kənddən keçəndə hər kəsin qapısı açıq olsaydı quzunu ora qoyardılar. Quzunu uzaq yola aparmaq çətin olurdu. Onu məqsədə çatdır­maq olmazdı. Yaylağa gedən zaman cavan oğlanlar özlərin qo­ru­maq üçün tüfəngli gedərdilər. Bu işi yol kəsənlərin qabağını almaq üçün də görərdilər. Köç gedən zaman onlarla bərabər bir çörəkçi, bir vərdənə çalan, bir atları qaşovlamaq üçün mehtər, bir nəfər dəvələrə noala verən, bir odun yığan, bir sugətirən, bir çoban onlarla gedərdi. Bu işçilər üçün ayrı bir alaçıq qurardılar.

Əşayir tayfalarının adları bunlar idi: Polada, Alari, Talış, Qocabəyli, Təkəli, Munlu, Qaraxanlı, Rzabəyli, Saxanbəyli, Ca­han xanımlı, Əcirli, İsalı, Çalıbanlı, Muğanlı, Ərəbli, Qara Musalı.

Əşayirlər oğlanlarını evləndirmək istəyən zaman, istədikləri qızın adına bir gəlin-bala düzəldirdilər. Gəlinbalanı parçadan tikərdilər. O qızın adını gəlinbalaya qoyub, onu bir həftəlik ev­də, yük üstdə qoyardılar. Əgər bir həftənin içində onların ev­lə­rində pis tifaq düşməsəydi, canlarına, ya mallarına bir zərər dəy­məsəydi, istədikləri qız üçün elçi yollardılar. Əgər əks surətdə xoşa gəlinməz bir hadisə qabağa gəlsəydi, o qızı almazdılar.

Əşayirlər dəvəni işdən düşən zaman kəsərdilər. Dəvəni kəsmək o biri heyvanlar kimi olmazdı. Onun başını kəsməzdilər, nəhr eyləyərdilər. Sinəsinin arasından bir bıçaq sancardılar. Heyvan bu vəziyyətdə qalardı. Canı çıxandan sonra dəvənin dərisini soyub bölərdilər.


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin