Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə149/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   145   146   147   148   149   150   151   152   ...   195
GÖZƏL FATMA

Bir kişinin dari-dünyada bir arvadı, bir Fatma adlı qızı, bir sarı inəyi, bir xoruzu vardı. Vurdu bir gün arvad naxoşlayıb öldü. Ölərkən vəsiyyət edib dedi:

– İnək ilə xoruz qızımın cehizidi. Heç kəsin haqqı yoxdu ki, onları ondan alsın.

Arvad öləndən bir müddət keçəndən sonra kişi gedib bir arvad aldı. Ondan bir qara çirkin qızı oldu. Onun adını paxıllıqdan Fatma qoydu.

Analıq arvad ögey qızı Fatmaya çox əziyyət eləyirdi. Onu görməyə gözü yox idi. Gündə səhərçağı bir-iki çörək dəstərxana qoyub inəyi otarmaq adı ilə çölə göndərirdi ki, gözünün qabağından uzaq olsun. Hər gün də bir dəstə yun verərdi ki, çöldə bekar qalmasın, onları əyirsin. Fatma hər gün səhər gedib, axşam yorğun-arğın evə qayıdardı.

Bir gün yel Fatmanın yununu götürüb apardı. Yunun dalısınca qaçan Fatma meşəyə yetişdi. Meşədə bir qarı arvada rast gəldi. O qarı bir kolluxda yaşayırdı. Fatma salam verdi, dedi, qarı nənə, yel mənim yunumu bura gətiribdi.

Qarı dedi, eybi yoxdu qızım, sən gəl, mənim başıma bax, bitlərimi bir az arıtla, mən də sənin yununu tapıb verim əlinə.

Fatma baxdı gördü qarının başını bit, sirkə basıbdı. Amma Fatma ədəbli, şirindilli qızdı. Kimsəni özündən incitməzdi.

Dedi:

– Qarı nənə. Nə təmiz başın var, lap anamın başına bənzə­yir.

Qarının bu sözdən xoşu gəldi.

Dedi:

– Qızım, yunun o bucaqdadı, get, götü apar.



Qız bucağa baxıb gördü ki, pıspısılı məryəm qurdu bucaqda qaynamaqdadı. Dedi:

– Qarı nənə, nə təmiz bur-bucağın var.

Fatmanın bu sözləri qarının xoşuna gəldi.

Dedi:


– Qızım evinizə qayıdanda, yolda üç bulaq görəcəksən. Birinci bulağın suyu ağdı, onda çimərsən, bədənin ağarar, ikinci bulağın suyu qaradı, o suyu başına, qaşlarına çəkərsən, tüklərin qaralar. Üçüncü bulağın suyu isə qırmızıdı. Ondan bir az yanaqlarına, dodaqlarına yaxarsan ki, qırmızı olsun.

Fatma yununu götürüb qarı ilə xüdahafizləşdi. O, birinci bulağa çatdıqda, soyunub çimdi, bədəni ağappaq süd kimi ağardı. İkinci bulağın suyundan tüklərinə, qaşlarına vurdu, şəvə kimi qaraldı. Üçüncü bulağın suyundan da bir azca yanaqlarına, dodaqlarına yaxdı, üzü günəş kimi işıqlandı.

Evə qayıdanda kəndin adamları tamaşaya töküldülər. Fatmanın üzü doğurdan da, gün kimi şəfəq salırdı. Ögey ana Fatmanı belə gördükdə, təəccübləndi. Dedi:

– Bu işlərin hamısı bu inəkdədi. Səhər inəyi öz qızına tapşırdı ki, aparıb otarsın. Bəlkə o da bu cür göyçək olsun.

O qızın da yununu yel apardı. Qız yun dalısınca qaçdıqda həmən qarıya rast gəldi, yununu istədi, qarı nənə dedi, gəl, əv­vəlcə mənim başıma bax. Qız qarının başına baxdıqda, dala çəkildi, dedi, sənin başın nə kifirdi, qarı nənə? Bit-sirkə götürüb gedir. Qarı dedi, olsun, get, yun o bucaqdadı, götü get. Qız bucağa baxdıqda, dedi:

Əh....Əh...., nə kifir bur-bucağın var, qarı nənə? Pıspısalar balalayıb.

Qarı dedi:

– Olsun, eybi yoxdu qızım, indi sən evizə qayıdanda, üç bulaq görəcəksən. Birinci bulaqda tüklərini, qaşlarını yuyarsan. Ordan keçdikdə ikinci bulağa çatarsan, o bulaqda soyunub çimərsən. Üçüncü bulağın suyundan gözlərinə çəkərsən. Qız xudahafizləşib yola düşdü.

Gəlib birinci bulaqda tüklərini yudu, qaşlarına çəkdi. Başı, qaşları ağappaq oldu. İkinci bulaqda çimdi, bədəni əvvəldən qara idi, daha da kömür kimi qara oldu. Üçüncü bulağın suyundan gözlərinə çəkdi, gözlərinin içi qıp-qırmızı qan kimi qızardı. Lap əcayib bir şey oldu. Qız kəndə girəndə camaat onu görüb qorxudan qaçdılar. Elə bildilər ki, xortdan gəlib. Qızın anası səs-küyü eşitdikdə eşiyə çıxdı. Elə bildi ki, onun da qızı o biri Fatma kimi gözəlləşibdi. Amma bir zaman gördü ki, qızı lap qorxmalı bir şey olubdu. Çox narahat oldu. Dedi hər nə var bu inəkdədi. Əri evə gəldikdə dedi, bu inəyi öldürməlisən. Kişi bu sözü qəbul eləmədi.

Gözəl Fatma gedib qəziyyəni inəyə nağılladı.

İnək dedi:

– Olsun, məni öldürəndən sonra mənim sümüklərimi apa­rıb, tövlədə axurda quyla. Hər vaxt sənin işin bərkə düşsə, gəlib o sü­mükləri açıb çıxart. Mənim iri sümüklərim sənə paltar, kiçik sü­mük­lərim qızıl-gümüş, ziynət olar. Boyun-boğazını, biləklə­rini bəzəyər.

Kişi arvadın sözü ilə məcbur qalıb inəyi kəsdi. Ətini qazana töküb bişirdilər. Amma onun əti hamının ağzında zəhər kimi acı oldu. Belə ki, yeyə bilmədilər. Amma Fatmanın ağzında bal kimi şirin idi, iştah ilə yeyirdi.

Arvad kişiyə dedi:

– Bax, gör bir necə yeyir, acı-macı bilmir.

Bir gün kənddə bir toy olur. Arvad öz qızını, uşaqlarını geyindirib toya aparır. Fatmaya deyir ki, biz gəlincə sən evdə qalmalı, evi təmizləyib qabları yumalısan. Fatma ev-eşiyi tez-tez təmizləyib, qabları yudu, gedib axurdan inəyin sümüklərini çı­xar­dıb, açdıqda, içində bir dəst ipəkdən, atlazdan tikilmiş gözəl paltar, bir cüt qızıldan başmaq gördü. Geyinib toy məclisinə yollandı. Yolda bir dəsmal gül götürüb gedib məclisdə oynadı. Hamı bu qızın gözəlliyindən, libaslarından, cürbəcür ziynətlərin­dən, göyçək hərəkətlərindən mat qaldılar. Qız dedi:

– Bizim köçümüz gedəcək, mənim mütəzirimdirlər, hərəyə bir gül verdi. Bacısına, analığına yetişəndə külü onların gözlə­rinə sovurub qaçdı. Onlar gözlərini ovuşdurana kimi bu aradan çıxdı. Tez özünü evə yetirib, libasları gizlədib, paltarlarını geyib oturdu. Analığı ilə ögey bacısı narahatlıqla qayıdıb, vaqiəni gördülər.

Sabah toyun ikinci gecəsi gəlin çıxma günü idi. Analıq qızını götürüb getdi. Fatmaya tapşırdı ki, ev-eşiyi silib, süpürüb, qab-qacağı yusun. Onlar gedəndən sonra qız gedib axuru qazdı, gördü yenə də bir dəst ayrı rəngli libas, bir cüt qızıl başmaq axurun içindədi. Götürüb geydi, özünü toya yetirdi. Yenə də oynadı, hamıya gül verib, analığı, bacılığının gözlərinə kül səpərək aradan çıxdı. Gələndə yol üstü dəryanın kənarından keçəndə tələsikdən başmağının bir tayı ayağından çıxıb itdi. Yenə də evə gəlib paltarlarını dəyişib yerində oturdu. Analığı ilə bacılıq genə də donquldana-donquldana evə qayıtdılar.

O tərəfdən padşahın oğlu qulamları ilə dərya kənarından keçəndə, o qızıl başmaq tayını tapdı. O başmağın zərifliyindən, gözəlliyindən heyrətdə qalıb, onun sahibini axtarıb onunla evlənmək qəsdinə gəldi. Anasını bir neçə nəfər ilə göndərdi ki, gedib qapı-qapı gəzib, başmaq sahibini tapıb ona alsın.

Ana qapı-qapı gəzdi, başmağı bir-bir qızların ayağına im­tahan elədi. Amma başmaq heç kimin ayağına olmadı. Bu za­man analıq Fatmanı təndirdə gizlədib, təndirin duvağını da qoydu.

Fatma təndirdə öz-özünün işığında naxış tikməyə başladı. Şahzadənin anası onların evlərinə çatdı. Arvad öz qızını gətirdi, hər nə güc verdi, qızın kobud ayaqları başmağa yerləşmədi. Soruşdular burada ayrı qız yoxdu?

Arvad dedi:

– Yox, elə bu qızdı.

Bu zaman xoruz banlayıb dedi:

– Quqquluqu, Fatma xanım təndirdə, naxışı diz üstə, öz-özünün işığında naxış tikməkdədir.

Adamlar gedib təndirin duvağını götürdülər, gördülər bir gö­zəl-göyçək qız təndirin içində özünün işığında naxış tikmək­dədi. Əlindən yapışıb eşiyə çıxartdılar, başmağı ayağına gey­di­rib, gördülər ki, lap onun ayağının qəlibidi. Qızı çox izzət, ehti­ram ilə götürüb, şahzadənin sarayına apardılar. Şahzadə yeddi gün, yeddi gecə toy tutdurub o qız ilə evləndi. Vurdu qız boylu oldu, çox yerdə belə bir rəsm vardı ki, gəlinlər cümə günləri atası evinə gedib orda başını yuyardı, yaxud çimərdi. Bir cümə Fatmanı anası evinə göndərdilər. Anası dedi ki, gəl dəryanın qırağında başını yu. Fatma su kənarında, daş üstə oturdu, analıq birdən daldan itələyib Fatmanı dəryaya saldı. Fatma dəryaya düşən kimi bir naqqa balıq onu uddu. Arvad onun paltarlarını öz qızına geydirib, saraya göndərdi. Sifariş elədi ki, üzünü açmasın. Desin ki, bizim adətimizdi ilk övladımız dünyaya gəlmiyincə üzümüzü açmırıq. Amma şahzadə qızın rəftarından, şübhəyə düşdü, bildi ki, arvadı Fatma deyil. Atasına dedi ki, burda bir sirr var. Adam göndərdi ki, əsil Fatmanı axtarıb tapsınlar.

Bir gün dərya kənarından keçəndə, xoruz yenə də banladı.

– Quqquluqu.... Fatma xanım dəryada, naqqa balığın qarnında, uşağı qucağında.

Şahzadə əmr elədi, tor atıb naqqa balığı tutdular. Fatma xanımı uşağı Məhəmməd qucağında balığın qarnından çıxart­dılar. Şahzadə onu götürüb saraya gətirdi. Dedi:

– Təndiri yandırsınlar.

Fatmaya dedi ki:



– Mən qılıncımı təndirə atacağam, deyəcəm ki, hər kim mə­ni çox sevir, qılıncımı təndirdən çıxartsın, ancaq sənin işin olmasın.

Şahzadə gəlib qılıncı atdı təndirə, dedi:

– Hər kim məni çox istəyir qılıncı təndirdən çıxartsın.

Çirkin Fatma dedi:

– Mən çıxardaram.

O, təndirə əyiləndə, onu təndirə basıb, duvağını qoydular. Çirkin Fatma badam gözü ilə qızarmış təndirdə yanıb büryan oldu. Onu çıxardıb, bir böyük xonçaya qoyub üstünə örtük çəkib, anası evinə göndərdilər. Qulamlar o xonçanı arvada verib, dedilər kürəkənin sənə bir pay yollayıb. Arvad dedi:

– Qoyun bir bucaqda qalsın.

Uşaqlar gedib örtüyü açdılar, yanmış çirkin Fatmanın cəsədini tanıdılar. Gəlib analarına dedilər ki, ana, o büryan deyil, Fatma bacımızdı. Arvad gəlib gördü ki, qızıdı, vəziyyəti bildi.



Şahzadə dubarədən toy tutub şadlıq etdirdi. Onlar yedilər, iç­di­lər, qara yerə keçdilər. Siz də yeyin, için, mətləbi-muradınıza yetişin.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin