Seyidlərə hörmət
O zaman seyid olan şəxsləri çox möhtərəm sayardılar. Camaatın onlara inamları var idi. Əgər iki nəfərin arasında dava olsaydı, dava tərəflərinin biri günahkar sayılsaydı, bir nəfər seyid vasitəçilik edib onun əhfini istəsəydi, o seyidin sözünü yerə salmazdılar. Çünki seyidləri Rəsulun (s) balası bilərdilər.
Həzrəti-Hüseynin (ə ) müsibət günləri
Qurban axşamı günü Həzrəti-Müslüm şəbihi çıxardardılar. Zəncirçi dəstəsi, sinəçi, şaxsey-vaxseyçilər çıxıb bazarı, küçələri gəzib təziyyədarlıq edərdilər. Məhəllənin cavan uşaqları məscid qabağında yığışardı. Məscidin qabağında bir dəsmal da yerə salardılar. Gələn- gedən adamlar şaxsey pulu atıb keçərdi. Bu vəsilə ilə çoxlu pul yığılardı. Onlar pulu verib neft alardılar. Hər kəs bir miqdar cındır, köhnə parça gətirərdi, bu parçalardan məşəl yandırmağa istifadə edərdilər. Məşəli məscid qabağında yerə sancardılar. Onun içini parca ilə doldurub, üstünə bir miqdar neft tökərdilər. Hər kəs əlinə bir uzun ağac alardı. Şaxseyçilər qollarını bir-birinin biləyındən keçirib uca səslə deyirdilər: “Şaxsey-vaxsey.”
Sonra deyirdilər: – “Hansı guruhun belə mollası var, şiələrin Həzrəti Abbası var”. Bir də dolanar, məşəllərdən iki-üc dənə yandırıb hərəyə birini verərdilər.
Bir dənəsini də aparib içində yandırardılar. Onları yandırmaq üçün xeyli neft götürərdilər. Bu məşəllərin içinə təzək yığardılar, neft töküb odlayardılar.
Məşəllərə parça davam gətirməzdi. Onlar məhəllələrə gedib məscidlərin qabağında şaxsey vurardılar. Mərasim qurtarandan sonra hər kəs öz məhəlləsinin qabağına qayıdıb, fatihə oxuyub evlərinə gedərdi. Ayın axırına kimi belə təziyyədarlıq edərdilər.
Məhərrəm ayına 3 gün qalanda təşt qurdu başlanardı. Ərdəbildə əvvəl məscidin təştini qoyardılar. Üç günün ərzində tamam məclislərdə təştgüzari olunardı. Ağalar qırx gün məscidi camedə əllərində şam təştli qabağında dayanardılar. Hərənin əlində bir şam olardı.
Mərhum Məşədi Ağababa Ərdəbilin ağsaqqallarından biri idi. Ağayi Hacı Rəhim həmin məhəllə məscidinin rəisi olub. Məscidin işlərinə özü yetişirdi, ağsaqqallardan biri sayılırdı. Mərhum Hacı Dadaş Təbari də məsciddə çox zəhmət çəkirdi. Məscidin tamam nəzm-intizamına nəzarət edərdi. O mərhum daha çox Həzrəti Hüseyn (ə) dəstgahına xidmət edərdi. Məşədi Ağbaba da hərənin əlinə bir şam verib, bir gözəl tərtiblən fatihə verərdi.
Hər məhəllənin adamları bir dəfə gündüz, bir dəfə gecə məscidə gedərdilər. Zəncirçilər, sinəçilər bazara çıxanda bazar əhli çox istiqbal edirdi. Öz dükanlarının qabağında səndəli düzüb, onlara çay, qəhvə, şərbət, su verərdilər. Sinəzəncirçilərə xələt də verərdilər. Bəzisinin çiyni xələtnən dolu olardı. Fərşçi bazarında onların ayaqları altında fərş döşərdilər. Məscidlərin də qabağında təziyyədarlıq edərdilər. Təbil, qara ney, zəng də vurardılar. Hər məhəllənin bayrağını bir neçə nəfər qoruya-qoruya aparardı. Məhəllələrin dəstələri bir-birinə yaxınlaşanda ağsaqqalları bir-birinin pişvazına gedərdi.
Ağsaqqallar məscidin içində əyləşərdilər, sinə, zəncir vuranlar məscidin qabağına yığışardılar. Üçdükan məhəlləsi başqa məhəllələrdən yaxşı nəzir verərdi. Məhəllədə təziyyədarlıq qurtaran kimi təbil çalınar, dəstə başqa məhəlləyə gedərdi. Gecələr də elə o tərtiblə məhəllələrdə gəzərdilər. Təziyyəçilərin hamısı məscidin içində əyləşirdilər. Sübh namazına bir az qalanadək hər məscidə dalbadal yeddi-səkkiz dəstə gələrdi. Hər məhəllədən gələn çay, kakaolu südlə nəziralıq elərdilər.
Kasıb məhəllənin uşaqları çox olardı, onlara çay verərdilər. Uşaqların bəziləri başqa məhəllənin qonaqlarının kakaolu südünə göz tikərdilər. Tabar məhəlləsinin camaatı məclisdən hamıdan axırda çıxardı.
Axırıncı gün hamı şam təhiyyə edərdi. Bazar-dükan bağlanardı. Şamların başlarına neft vurardılar ki, tez yansın. 30-40 nəfər yığışıb ayaqyalın, qaraköynək, yaxalarını açıb, gedib dəstə-dəstə məhəllələri dolanıb səslənərdilər: “Əddəxil ya Abbas”. O şamları məscidlərə paylardılar. Hər məsciddə şam yandırardılar.
Bacim evi Qacariyyə məscidinin qapısı ilə yaxın məsafədə idi. Heç yadımdan çıxmaz, bir tasura günü mən başqa uşaqlarla dayanıb şam paylayanların sözlərinə qulaq asırdım. O zaman 4 yaşım var idi. Böyüklər ağlayırdılar, biz də onlara baxıb ağlayırdıq. Mərhum şair Yəhyəvi şeirlərində buyurub: “Hamı gəlir sənin qapuva, biz də gəlmişik.” Bu gün camaat çox xeyrat verirdi. Çoxları məscidə şərbət, halva, süd, şam yollayırdı.
Baş yarmaq üçün bir gün qabaqdan qəmələri itiləyib, ağ parçalardan kəfən kəsirdilər. Baş yaranlar üçün camaat çoxlu ağ parça nəzir eyləyirdilər. Mənim atam mərhum Mirzəbaba Mustoufi çox Allahı tanıyan, mütədəyyin, Hüseynçi idi. O, aşura günü bir böyük qədəh şərbət hazırladardı. Bir miqdar tənzif, ağ dəsmal neft və qənd tozu rahatlayıb dalanın taxçasına yığardı. Özü də yaxasını açıb, qollarını çırmayıb, ayaqyalın qapının səkisində əyləşərdı. O zaman onun yaşı 90-dan artıq idi, o, amadə qalardı. Tamam məhəllələrin təziyyələri Tabardan, yəni bizim qapımızdan keçərdi. Əgər baş yaranların halları qan itirmək nəticəsində xarab olsaydı, onları bizim evin dalanına gətirirdilər. Orada onların başlarının qanlarını qurudar, sonra şərbət verib bir-birinin yanına uzadardılar. Halları düzələn kimi onları faytonla evlərinə aparardılar. Həmin gün faytonlar pulsuz işləyirdi. Mənim atam doktor deyildi, amma o deyirdi ki, istəyirəm İmam Hüseyn (ə) üçün öz nökərlik vəzifəmi yerinə yetirəm. Atamın məqsədi Həzrəti-Əba Əbdullaha xidmət, din qardaşlarına kömək məqsədi daşıyırdı. Tasura gecəsi 7 məsciddə şam bişirərdilər. Dostlar, tanışlar, qohumlar şəbihdən qayıdan zaman bizim evdə nahar yeyib gedərdilər.
Bir şəxsi Ömər Səid şəklində bəzərdilər. O bir faytonun içində əyləşib özün tutardı. Onun yanında bir işci olardı. O, qəlyan doldurub əlində saxlardı. Ömər Səid hərdənbir nəfəs çəkərdi.
Bir arabanın içində isə fərş, əlvan üzlü yorğan-döşək salardılar. Onun içinə 7-8 nəfər Bəni-Haşim cavanlarını yaralı şəkildə uzadardılar. Onların hərəsinin başı üstündə əllərində yelpik bir mələk dayanıb onları yelpikləyərdi.
Bir arabada da Yezid qoşunu üçün yemək bişirmək vəsaili götürürdülər. Onun içində odun üstünə sac qoyub, onlar üçün sac çörəyi, süd çörəyi bişirirdilər. Qazanlarda da plov, xürüşt bişirirdilər.
Başqa bir arabada da bir kişi işləyirdi. Bir miqdar mıx, nal, bir çəkic götürərdilər. Rəvayətə görə guya o zaman Səid oğluna dəstur verirmiş ki, atlara təzə nal vursun. Atları şəhidlərin cənazələri üstündə çapsınlar.
Şəbihanlıqda əyləşənlərin içərisində bir necə təbil çalan olurdu. Onlar xüsusi paltar geyinib təbil vurardular. Qəmə vuranlar da qol-qola, qol belə verib 2 dəstə olardı. Onlar üz- üzə dayanardılar. Bir kişi şalvarının üstündən belində bir fitə kimi parça bağlayırdı. Beldən yuxarı lüt olardı. Lüt olan şəxslərin dərisinə sancaq, qıfıl, ox, dəşnə asar, qolundan yapışıb yeridərdilər. Onun adina “qifilbənd” deyirdilər.
Həzrəti-imam Zeynalabdinin (ə) şəbihxanını da dəvəyə mindirib boynuna bir zəncir salır, ayaqlarını da zəncirlə dəvənin qarnının altından bağlayırdılar. Əvvəlcə Həzrəti Zeynəbin şəbihxanını dəvəyə mindirərdilər.
Dəvələrin bəzisinin başına çarqat sancaqlayardılar. Alimlərdən neçəsi də əmmamələrini açıb çiyinlərinə salardı. Bu əza əlaməti idi. Bir qoca kişi də qara köynəyinin ətəyinə saman yığıb oxşama deyə-deyə onların başına saman səpərdi. Sinəçilərin qabaq səfində qara bayraqları aparardılar. Onun dalısınca dın alimləri hərəkət edərdilər.
Bir atın üstündə Həzrəti-Əbülfəzlin (ə) şəbihxanı əyləşərdi. Bir neçə Bəni-Haşim uşaqları da əllərində cam nəşin dövrəsində dolanardı. Onlar deyirdilər: “Ax, əmican, ələtəş, yandım ətəşdən, mənə bir cürə su”. Onlar da qoltuqlarında bir parça həsir başları samanlı gedərdilər. Oxşama oxunan zaman sinəvuranlar, zəncirvuranlar, əllərini qoltuqlarına qoyur, zəncirvuranlar da zəncirlərini başı aşağı saxlayardılar. Bəzən də başlarına vurub üzlərinə palçıq yaxardılar. Bayraqların hamısının başını aşağı salardılar. Hər yandan hüznlü əza səsi esidilərdi. Alimlər müxtəlif rənglərdə müxtəlif parçalardan, o cümlədən, atlas, tirmə, məxmərdən istifadə edirdilər. Ağa Nağı Xərməninin şəbihxanları çox müfəssəl olardı. Tabar məhəlləsinin bir atı var idi ki, adına “Kutal” deyirdilər. O atı bütün qızılla bəzərdilər. Bir tağə tirməni açar, atın qarnı altından keçirərdilər. İki nəfər biri sağda, o biri solda tirməni tutardı. Üçdükan məhəlləsinin dəstəsi məhşur idi. Bütün məhəllələrdən çox sinəvuran, zəncirvuran var idi. Üçdükan məscidində başqa məhəllələrdən gələn dəstələrə çox yaxşı qulluq edərdilər. Şəbihləri də çox yaxşı olardı. Mərhum Qulam Hüseyn Xəlilzadə cox yaxşı qulluqçulardan idi. O, üstvar idi.
Sərçeşmə məhəlləsinin təbilvuranları məşhur idi. O məhəllənin təziyyəçiliyində mərhumlar: ağayi-Delcu, ağayi-Mülki cənabları çox zəhmət çəkərdilər.
Səfər ayı çıxanadək müxtəlif məscidlərdə, evlərdə rövzəxanlıq keçirilərdi. Mərhum Hacı Mirsaleh Müctəhidinin məscidində də 2 ay rövzəxanlıq olardı. Mərhum icazə verməzdi ki, təbilvuranlar onun məscidinin qabağından keçsinlər.
Mərhum Hacı Mirzə Möhsün Müctəhidi bir Hüseyniyyə otağı qayıtdırmışdı. Onun həyətı çox böyük idi. Həyəti meydan şəklində düzəltmişdilər. İki hissədən ibarət idi. Alt təbəqəni kişilər üçün, üst təbəqəni də xanımlar üçün hazırlamışdılar. O mərhum şəbih üçün bütün vəsaili də özü hazırlamışdı. Hazırlanan vəsail bunlardan ibarət idi: Yezidin qoşunu üçün qırmızı drapdan paltar, yaraqları qızıl. Bəni-Haşim xanımlarının paltarları tirmədən olub, qızıl boyunbağı, güşvarə ilə bəzənmişdi.
O zaman bir şəbih çıxardardılar ki, adına “Nəsrani şəbihi” deyirdilər. Mən özüm uşaqkən bu şəbihi yaxından görmüşdüm.. Nəsrani şəbihinin hekayəsi belə idi: “Deyirlər ki, bir xanım var imiş ki, özü müsəlman, şiə imiş, əri isə nəsrani. Bir gün əri evdən çıxanda arvadına deyir ki, nahara 12 nəfər qonağım olacaq. Sən onlar üçün nahar tədarükü gör. Həzrəti Zəhra (ə) o xanımın evinə təşrif aparıb, onunçün yemək bişirir. Xanım nigaran rövzədən qayıdır, görür ki, evi ətir iyinə dolub, yemək də hazırdır. O sevindiyindən bir az ağlayır, bir az da gülür. Axı o ərindən qorxurmuş. O, Allaha şükür eyləyır. Əri qonaqlarla birlikdə gəlir. Xanım naharı çəkib gətirir, mizin üstünə qoyur. Görür bu qazanın ayrı bir ətri var, həmişəkindən fərqlidir. Kişi deyir ki, bu həmişəki qəza deyil. Onun səbəbini soruşur. Xanım əvvəl dinmir. Sonra əri onu şəmşirlə qorxudur, deyir ki, mənə doğru cavab verməsən səni tikə-tikə doğrayacağam. Xanım həqiqəti olduğu kimi danışır. Kişi təamları tərifləyir. Bundan sonra onlar ayağa qalxıb kəlmeyi-şəhadəti oxuyub müsəlman olurlar.
Dostları ilə paylaş: |