SARALLAR – Bolnisi rayonunda kənd adı. Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 3 km qərbdə yerləşir. Bu etnotoponim əslində Sarıalılar şəklində olmalıdır. Kəndi vaxtilə Sarı Alılar nəslindən olanlar saldığı üçün belə adlandırılmışdır. 2011-ci ildə kəndin adı gürcülər tərəfindən dəyişdirilərək Zvareti adlandırılmışdır.
SARIMƏMMƏDLİ – Bolnisi rayonunda kənd adı. Rayon mərkəzindən şərqdə, Tapan dağının ətəyində yerləşir. Kök+kök+şəkilçi modeli əsasında formalaşan bu etnotoponim “Sarı Məmmədli nəslinin saldığı kənd” anlamındadır. Keçən əsrin sonlarında kəndin adı dəyişdirilərək gürcü dilində Qibirciki adlandırılmışdır.
SADAXLI – Marneuli rayonunda kənd adı. Debet və Bənövşəsu çaylarının qovuşağında, Sop dağının ətəyində, rayon mərkəzindən 32 km qərbdə yerləşir. Mənbələrdə sadaxlı tayfasının adı “sodak/satak” formalarında çəkilir. Bu tayfa qədim bulqarların bir qolu hesab olunur. Sodak sözü qədim türk dilində “ox qabı” deməkdir. Məşğuliyyətlə bağlı yaranmış etnotoponimdir.
SARAL – Marneuli rayonunda kənd adı. Debet çayının sol sahilində, rayon mərkəzindən 21 km qərbdə yerləşir. Mənbələrdə qeyd edilir ki, sarallar qarapapaqlar tayfasının qollarından biri olmuşdur. XIX əsrdə Saral tayfası səkkiz qoldan ibarət idi: Qaçağan (Böyük Qaçağan, Orta qaçağan, Kiçik Qaçağan), Qılıclı, Koxalı, Həzrətli, Hacılı, Sübhan, Korlar, Saral.