3.3.2. Etnonimlərin çay adlarında əksi
Gürcüstan ərazisində axan çayların bəziləri etnonimlərlə adlandırılmış və onların da leksik-semantik baxımından və eyni zamanda etnogenetik araşdırmaların aparılmasında, müəyyən tarixi faktların əldə edilməsində olduqca mühüm rol oynayır. Bu baxımdan Gürcüstan ərazisindəki çayların hər hansı bir tayfa adı ilə əlaqədar yaranmasını aşağıda təhlilə cəlb edəcəyimiz etnohidronimlər əsasında müəyyənləşdirə bilərik:
QANIX ÇAYI – N.Əsgərov yazır ki, bu çay Zaqafqaziyanın ən böyük çaylarından biridir. Uzunluğu 413 km-ə yaxındır. Başlanğıcını Gürcüstanın ərazisindən alan bu çayın orta və aşağı axını Gürcüstan ilə Azərbaycanın Balakən, Zaqatala, Qax və Şəki rayonları arasında sərhəd təşkil edir. Gürcüstan ərazisində bu çay Alazani, respublikamızda isə qeyd etdiyimiz kimi, Qanıx çay adlanır [56, s. 110]. K.Əliyev yunan coğrafiyaşünası Strabona əsaslanaraq göstərir ki, bu hidronimin hər iki adına onun “Coğrafiya” əsərində rast gəlirik [51, s. 29]. Gürcü mənbələrində Alazan hidronimi “Xanestkali” formasında qeyd edilmişdir. Bu formanı əsas götürən V.Qukasyan “Qanıq” (Xanıq) hidronimi udin, saqur və başqa alban-ləzgi dillərində “su”, “çay” mənalarında izah etmişdir [150, s.138]. Bu fikirlə razılaşmayan N.Əsgərov müxtəlif mənbələrə əsaslanaraq yazır ki, çoxdan sübut edilmişdir ki, istər Alazan, istərsə də Qanıx tayfa adı ilə bağlı hidronimdir [56, s. 111]. Tədqiqatçılar tarixi aspektdə araşdırmışlar ki, Qaıx, Qanlı adlı tayfa e.ə. III əsrdən məlumdur. VII əsrin ortalarında Sır-Dəryanın orta axarının hövzəsində yaşayan qanlılar oğuz karlukların başçılarından sonra iki yerə parçalanmışdır. Onların müəyyən hissəsi Aral dənizinin şimal çöllərinə keçərək peçeneqlərə qarışmış, daha sonra Xəzərlərin ərazisində məskunlaşmışlar. Digər qismi isə Xarəzmə getmiş və 1218-ci ildə monqolların tərkibinə daxil olmuşdur. [45, s. 125]. Fikrimizcə, Qanıx hidronimi “qanq” və “ıx” tərkiblərdən ibarət olub, “qanqlı tayfasına məxsus çay” deməkdir. Alazani hidronimi haqqında belə mülahizə söyləmək olar ki, bu çay adı “Ala+az//uz+an+i” komponentlərindən ibarət olub “ala” (qədim türk dillərində “böyük, iri” mənasında) “az//as” (qədim türk tayfa adı), “an” və “i” şəkilçiləri (mənsubluq, aidlik bildirir) əsasında formalaşmış və “böyük aslara/azlara aid, məxsus çay” deməkdir.
ALGET ÇAYI – Gürcüstanın Marneuli rayonunun Alget kəndi ərazisindən axan çay adı qədim türk tayfalarından biri olan “oyrot/orot/arat/arayan/ələt” adının güclü şəkildə fonetik dəyişikliyə uğramış formasıdır. Vaxtilə bu el-obada yaranmış folklor örnəklərinin birində bu çay belə tərənnüm edilmişdir:
Bu çaya Alget dedim,
Dayan dedim, get dedim,
Candan özgə nəyim var,
Mürvətsiz, al, get dedim.
Göründüyü kimi, bu folklor örnəyində Alget hidroniminə xalq etimologiyası prizmasından yanaşılmışdır ki, belə etimologiyalar çox vaxt özünü doğrultmur. X.Əliyev qeyd edir ki, gürcü dilində bu hidronim Alqeti şəklində yazılır. Maraqlı burasıdır ki, yerli azərbaycanlılar Alget kəndinin adına Əlyət, Alqet çayına isə Əlyət çayı deyirlər [49, s.36]. Fonetik dəyişmələrə məruz qalmış Alget etnohidroniminin əsasında monqol-türk mənşəli “oyrot” tayfasının “ələt” (olet) qolunun adı dayanır. A.Hacıyev yazır ki, XIII əsrdə monqolların yaxın Şərqə hücumlarından oyrat adlı tayfanın qollarından biri də Ələt olmuşdur. Ələt tayfaları Azərbaycanda, Özbəkistanda, Türkmənistanda, Gürcüstanda yaşamış, bir çox toponimlərdə izlər qoymuşdur. Azərbaycandakı Ələt və Ələtli toponimləri həmin etnonimin izləri hesab edilir [63, s. 38]. XIX əsrdə Gürcüstanın Siqnax qəzasında Alet-kari adlı toponim qeydə alınmışdır [182, s. 12]. Gürcüstan ərazisindəki Alget etnohidronimi eyni zamanda Türkmənistandakı Alat, XVIII əsrdə Türkiyənin şərqində mövcud olmuş Aletlu, Dağıstandakı Ələtlər kənd adları ilə mənşəcə eynidir [23, s. 248].
ŞİRAK ÇAY – Z.Xasıyev “Tovuzun toponim dünyası” kitabında göstərir ki, Gürcüstanın müxtəlif bölgələrində “şirak/çiraq” etnonimi ilə bağlı xeyli toponimlər (Çıraqlı, Çıraqov, Çıraqlılar nəsli, Çıraqlılar yurdu, Çıraqlılar məhəlləsi, Şirakçay) qeydə alınmışdır. Şimali Qafqazda, Kuban çöllərində, Zaqafqaziyada, hətta Orta Asiyada, İranda, Türkiyədə və başqa Şərq ölkələrində öz tarixi izlərini qoymuş bu tayfa adının ayrı-ayrı ərazilərdə sirak-şirak-çirak-çırak və s. fonetik variantlarda işlədilməsi təbiidir. Çünki əksər türk dillərində s-ç-ş fonetik əvəzlənmələri qanunauyğundur, hətta bəzi elmi ədəbiyyatlarda bunlar eyni məxrəcdən hesab olunurlar [70, s. 68]. Şirakçay etnohidronimi kök+(şir/sir) şəkilçi (aq/ak)+köç (çay) modeli əsasında formalaşmışdır. Q.Qeybullayev doğru olaraq yazır ki, tərkibində “ak” komponenti olan sözlər (məs: kimak, kıpçaq, kazak, paçanak, şamak, sirak) xalis türk mənşəli etnonimlərdir [144, s. 336]. Gürcüstan ərazisindəki Çıraq qala etnooronimdə qeyd etdiyimiz kimi, M.Seyidovun bu sahədəki araşdırmaları daha elmi və inandırıcıdır. O, şirak/çirak qəbilə birliyinin inkişaf yollarını, əcnəbi xalqlar arasında öz türklüyünü, milli mədəniyyətini necə qoruyub saxlamasını inandırıcı faktlarla sübut etdiyindən onun “şirak/sirak/çirak/sirlər” sözü ilə bağlı “işıq”, “şüa” kimi izahına biz də şərikik [117, s. 53].
QANNIÇAY – Gürcüstanın Dmanisi rayonunda mövcud olan bu etnohidronim “qan” sözü və sözdüzəldici şəkilçi hesab olunan -lı, -nı (irəli assimilyasiya nəticəsində “l” səsi “n” səsi ilə əvəzlənmişdir) , ikinci komponent isə hidronimik termin hesab olunan “çay” sözündən ibarətdir. Komponentdə “qanlı” sözü iştirak edən yer-yurd adlarını bəzi toponimlər etnonim səciyyəli coğrafi adlar hesab edirlər. A. Qurbanov “qanlı” sözü ilə formalaşmış hidronimləri leksik-semantik cəhətdən təhlil edərək onların bir qismini “müəyyən bədbəxt hadisələrlə əlaqədar olaraq ad almış su obyektləri adı ilə (Qannıçay, Qannıgöl və s.) [83, s. 383], bir qismi isə “kanqlı/qanqlı” (Qanlıkənd, Qanlı tala, Qanlı qaya və s. ) [83, s. 383] tayfası-etnonimi ilə bağlı olaraq izah etmişdir.
Əlbəttə, Dmanisi rayonu ərazisində Qannıçay hidronimini leksik-semantik “kanlı/qanlı” tayfa adı ilə bağlı olaraq izah etmək daha düzgündür. Hidronimin kökündə duran qannı/qanlı sözləri eradan əvvəl III əsrdən məlum olan kanqar/kəngər/kank/kəng etnoniminin müxtəlif dil və dialekt paralelləridir. Mənbələrdə də qeyd edildiyi kimi kanqlılar VIII əsrin ortalarında Sırdəryanın orta axarının hövzəsində yaşamış, oğuz və karlukların basqınından sonra iki hissəyə parçalanmışlar. Onların bir hissəsi Aral dənizinin şimal-qərb çöllərinə doğru hərəkət edərək peçeneq və xəzərlərlə qarışmış, digər hissəsi isə şimal-şərq tərəfə sıxışdırılaraq Balxaş gölü və Xəzəri zonasına köçərilik etmiş, 1218-ci ildə monqolların tərkibinə daxil olaraq, onlarla birlikdə bu əraziyə (Azərbaycana) gəlmiş ən qədim türk tayfalarındandır. K.Ş.Şaniyazovun fikrincə, kanqlı tayfasının qıpçaq, karluq, cigil və başqa tayfalarla bərabər, Orta Asiyadan Qərbə axını daha əvvəllər başlamışdır. V əsr erməni və gürcü müəllifləri Qafqazda bu tayfanın (kəngər) olması haqqında məlumat verirlər. Görünür, Kəngər tayfasının Qafqazda axını hələ I-VI əsrlərdə baş vermişdir. Deməli, müasir dilimizdə qannı/qanlı şəklində işlənən bu tayfa adı tarixin müxtəlif dövrlərində qanq/kanq/kəng/qan/xen/kın/kan/kən formalarında olmuş, sözün sonundakı “q/k” hissəciyi “ık/ok/uk” (yəni ox/oq etnoformant) etnoformantını əvəz etmişdir.
Dostları ilə paylaş: |