FƏSİL 2. İQTİSADİ VƏ SOSİAL İNKİŞAFDA İNVESTİSİYA QOYULUŞLARININ ROLU VƏ ƏHƏMİYYƏTİ 2.1. Makroiqtisadi inkişafda investisiya qoyuluşlarının
rolu və əhəmiyyəti Cəmiyyətin tələbatından asılı olaraq istehsalın getdikcə genişləndirilməsi və iqtisadiyyatda yeni struktur dəyişikliklərinin həyata keçirilməsi investisiya qoyuluşlarının həcmindən xeyli asılıdır. Ölkədə iqtisadi-sosial inkişafın əsas makro-iqtisadi göstəricilərinin getdikcə yüksəldilməsi, əhalinin maddi-mənəvi həyat səviyyəsinin yaxşılaşdırılması iqtisadiyyatın artım tempi ilə bağlıdır. Ümumi daxili milli məhsulun strukturunda aparıcı sahələrin rolu və əhəmiyyəti getdikcə artırılmalıdır. Bu baxımdan investisiya qoyuluşunun başlıca cəhətlərindən biri maddi istehsal sahələrində münasib proporsionallığı təmin edilməli və bu əsasda sənaye məhsullarının ümumi daxili məhsuldakı xüsusi çəkisi getdikcə artırılmalıdır. Araşdırmalar göstərir ki, ümumi daxili milli məhsulun strukturunda sənaye istehsalı 1997-ci ildə 24,8 faizdən 1998-ci ildə 22,7 faizə, kənd təsərrüfatı istehsalının xüsusi çəkisi isə müvafiq olaraq 20,0 faizdən 19,0 faizə enmişdir. Tikintiyə gəldikdə isə onun payı ümumi daxili milli məhsulda 1994-cü ildə 13,8 faiz, 1998-ci ildə 19,7 faiz olmuş və ya 5,9 faiz artmışdır. Ümumi daxili milli məhsulun 20,9 faizi tədarükün, kommunal təsərrüfatın, səhiyyənin, əlavə dəyər vergisinin, aksizin və s. sferalarının payına düşür. Aydındır ki, ümumi daxili milli məhsulun formalaşmasında aparıcı iki mühüm sahənin, yəni sənaye və kənd təsərrüfatının payı azdır (cədvəl 3).