1.2. İnvestisiya qoyuluşlarının dövlət
tənzimlənmsinin zəruriliyi
İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi dedikdə, ölkədə vahid iqtisadi, elmi-texniki, sosial siyasətin həyata keçirilməsi üçün kompleks tədbirlər sistemi başa düşülür. Bu tədbirlərin maliyyələşdirilməsi respublika və yerli büdcələr və şəxsi vəsaitlər hesabına yerinə yetirilir. İnvestisiya qoyuluşları başlıca olaraq ölkənin ictimai tələbatının ödənilməsinə, iqtisadiyyatın strateji sahələrinin inkişafına yönəldilir. Təsərrüfat və mülkiyyət formalarından asılı olmayaraq respublikada investisiya qoyuluşları fəaliyyətdə olan ölkə qanunvericilik aktları ilə tənzimlənir. Dövlət, respublikanın sosial-iqtisadi inkişafını tənzimləmək və habelə, xalq təsərrüfatında lazımi nisbətlərin yaradılması, istehsal və sosial infrastrukturunun formalaşmasına da ciddi nəzarət edir.
Məlum olduğu kimi, hər hansı bir istehsal və sosial sahələrinin yaradılması, yenidən qurulması, genişləndirilməsi və beləliklə, məşğulluğun təmin edilməsi müvafiq investisiya qoyuluşlarını və ondan daha səmərəli istifadə edilməsini tələb edir.
Bunun üçün ölkə lazımi maliyyə, material resurslarına malik olmalıdır. Əks halda milli iqtisadiyyatın formalaşdırılmasını və inkişafını təmin etmək məqsədilə ölkəyə xarici investorların cəlb edilməsi zəruriyyətə çevrilir. Məhz buna görə də, müasir bazar iqtisadiyyatı şəraitində respublikamızda xarici ölkələrin marağına və Azərbaycan milli iqtisadiyyatının inkişafına tam uyğun olaraq, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi imkanı yaradılır.
Cəmiyyət üzvlərinin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsini bir vəzifə kimi qarşıya qoyur. Bu baxımdan xarici investisiya qoyuluşlarının rolu və əhəmiyyəti son dərəcə yüksəlmiş olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi milli daxili məhsulun strukturunda aparıcı sahələrin, xüsusilə, strateji sahələrin rol və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Bu cəhətdən, respublikaya xarici investisiya qoyuluşlarının artırılması və onun dövlət tərəfindən tənzimlənməsi, iqtisadiyyatın inkişafında lazımi proporsiyaların təmin edilməsi böyük elmi və praktiki əhəmiyyət kəsb edir.
Respublikada artıq çoxukladlı bazar iqtisadiyyatı inamla formalaşmaqdadır. Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsində iqtisadiyyatımızın dünya iqtisadiyyatına geniş inteqrasiya zəminində qurulması və inkişaf etdirilməsi real zəruriyyətə çevrilmişdir. Respublikanın uzaq xaric və MDB ölkələri ilə iqtisadi əlaqələrinin inkişafı milli iqtisadi mənafelərin gözlənilməsinə təminat verən dövlət proqramları əsasında həyata keçirilir. Həmin proqramda bir tərəfdən xarici investisiyaların cəlb edilməsi əsasında ölkənin ixracat potensialını artırmaq, digər tərəfdən, xarici-iqtisadi əlaqələrin getdikcə daha da genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan hələ 1994-cü il 20 sentyabrda imzalanmış «Əsrin müqaviləsi»nin sosial-iqtisadi əhəmiyyəti əvəzedilməzdir. Belə ki, 1999-cu ilin 19 avqustunda «Əsrin müqaviləsi»nin beşinci il dönümünün keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı xüsusi sərəncam tarixi əhəmiyyət kəsb edir. Həmin sərəncamda göstərilir ki, beynəlxalq aləmdə «Əsrin müqaviləsi» adını almış bu sazişin bağlanması müstəqil Azərbaycan Respublikasının həyatında tarixi hadisə kimi qiymətləndirilir. «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın müstəqil dövlət olaraq öz milli sərvətinə tam sahib olduğunu dünyaya bir daha göstərdi. Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün tam əsas yaratdı. Beləliklə, beynəlxalq konsersium yaradılaraq, indiyədək respublikada 19 neft müqaviləsi bağlanmış və bu mühüm problemdə 14 xarici ölkədə 33 iri məşhur şirkətlərin iştirakları təmin edilmişdir. Hesablamalara görə bu mühüm sazişlər respublikada karbohidrogen ehtiyatlarından istifadə sahəsində ölkəni Xəzər regionunda aparıcı mövqeyə çıxaracaqdır. Təhlil göstərir ki, indiyədək «Əsrin müqaviləsi»nin həyata keçirilməsi ilə bağlı 2,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Ümumiyyətlə, neft-qaz hasilatı üzrə bağlanmış müqavilələr 30 il müddətinə nəzərdə tutulmuşdur ki, bunun da nəticəsində respublikamıza ümumilikdə 60 milyarda yaxın ABŞ dolları məbləğində investisiya qoyuluşları nəzərdə tutulur. Bu barədə daha geniş təsəvvürə malik olmaqdan ötəri 1№-li cədvəlin rəqəmlərinə nəzərə salmaq lazımdır.
Dostları ilə paylaş: |