Sirkə haqqında hədislər
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Hər kəs sirkə yesə, onun başı üstündə bir mələk durar və o, yeyib qurtarana qədər onun üçün istiğfar edər”.
2. “Nə yaxşı çörək qatığıdır sirkə? Sirkə olan ev kasıb deyil”.
3. “Nə yaxşı çörək qatığıdır sirkə! Ey Allahım, sirkəni bizə mübarək elə. O məndən qabaqkı peyğəmbərlərin də çörək qatığı olub”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Sizə tövsiyə edirəm sirkəni. O sizin daxilinizdə olan bütün canlıları (qurdları) qətlə yetirər”.
Yemək və içmək qaydaları
Məlumdur ki, insanın həyatı və səhhəti bilavasitə onun təmiz və pak olması ilə əlaqədardır. Təsadüfi deyil ki, bütün şəriət kitabları təharət bəhsi ilə başlanır. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Din özü paklıq üzərində qurulub”.
Çünki o pak bir mənbədən, ilahi bir çeşmədən öz başlanğıcını götürüb. O çeşmə münəzzəh və pakizədir. Peyğəmbər (s.ə.v.) buyurub: “Allah-təala özü pakdır, pak olmağı da xoşlayır”. Odur ki, insanın bədəni və əli nə qədər təmiz və pak olsa da, yeməkdən qabaq əlləri yumaq lazımdır, bunun böyük fəziləti vardır. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub ki, hər kəs xeyir və bərəkətini artırmaq istəyirsə, yeməkdən qabaq əllərini yusun.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Yeməkdən qabaq dəstəmaz almaq fəqirliyi aparar, yeməkdən sonra dəstəmaz almaq qəm-qüssəni aparar və gözə sihhət verər”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Hər kəs təamdan qabaq əllərini yuyub dəsmal ilə silməsə, əlində rütubət qaldığı müddətdə o təamın bərəkəti getməz”.
Böyük din rəhbərlərimizdən bizə yetişən bu xəbərlərə müvafiq olaraq, bizim yerlərdə qabaqkı dövrlərdə hər məclisdə “əl suyu” verilərdi. Bundan ötrü xüsusi yaraşığı olan bədii zövqlə bürüncdən qayrılmış “aftafa-ləyən” olardı, süfrənin əvvəlində və axırında məclisi idarə edən “xəlifə” həmin “aftafa-ləyən” ilə məclis əhlinin qabağına gəlib, onların əlinə su tökərdi, sonra qolu üstə gəzdirdiyi dəsmalı onlara təqdim edərdi. Bu “əlyuma” mərasimi məclisə xüsusi bir rövnəq verərdi. Təəssüf ki, bu gözəl adət sonralar aramızdan götürüldü. Müasir cavanlar indi o “aftafa-ləyən”i bəlkə muzeylərdə görə bilərlər.
Bizim keçmiş zamandakı məclislərin qaydası belə idi. Hər məclisdə yeməkdən qabaq əllər yuyulub pak və təmiz olurdu; ona görə də aş və plov kimi xörəkləri qaşıqla yox, əl ilə yeyərdilər. Bu adət Peyğəmbərimiz (s.ə.v.) cənablarından bizə gələn miras idi. O Cənab (s.ə.v.) buyurub ki, yeməkdən sonra barmaqlarınızı yalayın, ondan sonra yuyun və ya dəsmalla silin.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Mən təvazökar bəndəyəm, qullar ilə birlikdə yerdə oturub təam yeyirəm, barmaqlarımı da yalayıram”.
2. “Məclisin əvvəlində gərək mənzil sahibi əvvəlcə əlini yusun, məclisin axırında isə mənzil sahibi əlini ən axırda yusun. Çünki o, ev sahibidir, əli batıq halda məclisin axırına qədər durub gözləyə bilər, amma qonaqları əli batıq halda intizarda qoymaq ədəbsizlik olar”.
Rəvayət edirlər ki, o Cənab (s.ə.v.) süfrənin axırında əlini yuyub, üzünə və başına çəkərdi, sonra dəsmalla qurulayardı və bu duanı oxuyardı: “Əllahumməcəlni mimmən la yərhəqü vücuhühum qətərün və la zillə”. Yəni: “Ay Allahım, məni o kəslər cümləsindən qərar ver ki, onların üzünə simiclik və zillət gəlməz”.
3. “Hər kəs öz evində xeyir-bərəkəti artırmaq istəyirsə, təam başlayan vaxtda və təam qurtarandan sonra əlini yusun. Hər kəs buna riayət etsə, həmişə firavan yaşayar və bədənində heç bir naxoşluq olmaz”.
4. “Yeməkdən sonra əlinizi yuyub, onda qalan rütubətlə gözlərinizə məsh edin ki, göz ağrısından əmanda olasınız”.
Həzrəti Əlidən (ə) rəvayət olunur ki, buyurdu:
1. “Təam yeməyə başlayanda Allah-Təalaya zikr elə ki, o təam Allahın nemətlərindən biridir. Ondan ötrü şükr etmək lazımdır”.
2. “Təam yeyəndə qullar kimi yerdə oturub ye, ayaqlarını bir-birinin üstünə aşırma və dizi üstə oturma. O cür oturmaqdan Allahın xoşu gəlmir və adam üçün günahdır.
Imam Cəfər Sadiq (ə) buyurub ki, süfrə üstə olan müddəti uzadın, çünki o müddət sizin ömrünüzdən hesab olunmayır.
Imam Həsən (ə) buyurub ki, süfrəyə aid on iki xislət var. Hər müsəlmana vacibdir ki, onları bilsin. Onların dördü vacib, dördü müstəhəb, dördü isə ədəbdir.
Vacib olan şeylər bunlardır: 1) mərifət, yəni Allahı öz sifətlərilə tanımaq; 2) riza, yəni Allahdan gələn hər bir şeyi razılıqla qəbul etmək; 3) təsmiyə, yəni “Bismillahir-rəhmanir-rəhim” demək; 4) şükr etmək.
Müstəhəb olan şeylər bunlardır: 1) yeməkdən qabaq əli yumaq, boynunda cənabət qüslü olan adama bu iş daha təkidlə lazımdır; 2) yemək zamanı bədənin ağırlığını sol tərəfə salmaq; 3) təamı üç barmaqla götürüb yemək; 4) yeyib qurtarandan sonra barmaqları yalamaq.
Ədəbə aid olan şeylər isə bunlardır: 1) təamın sənə tərəf çevrilmiş yerindən yeyəsən; 2) loxmaları kiçik-kiçik edəsən; 3) təamı yaxşı-yaxşı çeynəyəsən; 4) süfrədə oturan adamların üzünə az baxasan.
Əmir Ibni Qeys nəql edir ki, Mədinədə Imam Muhəmməd Baqir (ə) mənzilinə varid oldum. Gördüm ki, o Cənabın qabağında süfrə var, təam tənavül edir. Soruşdum ki, bu süfrənin həddi (həqqi) nədir? O Cənab (ə) buyurdu: “Süfrəni salanda “Bismillah” de, qurtaranda “Əlhəmdülillah” de, yeyəndə isə təamın kənarlarından götürüb ye. Bunlar süfrənin həddidir”.
Imam Cəfər Sadiq (ə) sol əl ilə yeməyi və içməyi məkruh hesab edərdi.
Rəsuli-Əkrəm (s.ə.v.) Həzrəti Əli (ə) cənablarına buyurur: “Ya Əli, yeməyə duz ilə başla, qurtaranda da duz ilə qurtar. Çünki duzda yetmiş dərdin şəfası var. Onlardan bəzisi bu xəstəliklərdir: dəlilik, cüzam, alalıq, boğaz ağrısı, diş ağrısı, qarın ağrısı”.
“Tibbül-əimmə” kitabında Imam Cəfər Sadiqdən (ə) nəql edilir ki, o Cənab (ə) buyurub: “Imkan olan halda yol gedə-gedə yemə”.
Rəvayət edirlər ki, o Cənabı söykənmiş halda təam yeyən görməyiblər. O Cənab (ə) özü də buyurub ki, Rəsuli-Əkrəm (s.ə.v.) cənabları vəfat gününə qədər söykənmiş halda heç bir şey yeməzdi.
Həzrəti Əli (ə) buyurub:
1. “Süfrədən qayıdan bütün şeylər, onunla şəfa tapmaq istəyən kəslər üçün şəfadır”.
2. “Təama üfürmək, onun bərəkətini aparar”.
Bu üfürmək ya təam soyutmaq üçün, ya da başqa məqsəd üçün ola bilər. Hər məqsədlə olsa da, bu iş məsləhət deyil.
Bir dəfə Rəsuli-Əkrəm (s.ə.v.) hüzuruna çox isti, qaynar təam gətirdilər. O Həzrət (s.ə.v.) buyurdu: “Qoyun qalsın, soyusun, bərəkət soyuqdadır, isti şey bərəkətsiz olar”.
Əmirül-möminin Əli (ə) buyurub:
1. “Hər kəs öz kasasını yalasa, mələklər ona sələvat göndərər və onun ruzisinin bol olması üçün dua edərlər, onun üçün əlavə səvablar yazılar”.
2. “Hər kəs təmiz və pakizə təam yesə, təamı yaxşı-yaxşı çeynəsə, meyli və iştahası olan halda təamı tərk etsə və mədəsini boşaltmaq lazım olan vaxtda ona mane olmasa, ölüm xəstəliyi gəlməyincə heç vaxt xəstələnməz”.
Imam Cəfər Sadiq (ə) zəmanə imamı olmaqla bərabər, həm də bütün dünya elmlərinə vaqif bir alim və bir haziq təbib idi. O Cənab (ə) buyurub:
1. “Yaşlı qoca gərək qarnı təam ilə dolu olarsa yatmasın. Bu, onun yuxusu üçün yaxşıdır, həm də ağzının qoxusunu yaxşılaşdırır”.
2. “Əgər sizi təama dəvət ediblərsə, məbadə öz oğlunuzu da aparasınız. Əgər belə etsəniz, həram yemiş olarsınız və özünüzə günah qazanarsınız”.
3. “Tox qarına yemək, alalıq xəstəliyinə səbəb olar”.
4. “Çox yemək məkruhdur”.
5. “Hər kəs dəvət olunmadan bir təam yesə, elə bil ki, bir parça od yeyib”.
Imam Rza (ə) buyurub: “Yeməkdən sonra arxası üstə uzanıb, sağ ayağı sol ayağın üstünə qoy”.
Fəzl Ibni Yusif adlı bir şəxs nəql edir ki, bir gün evin xadimi xəbər verdi ki, qapıda bir nəfər durub, səninlə görüşmək istəyir. Adı Musa Ibni Cəfərdir. Dedim, ey ğulam, əgər o mənim nəzərimdə olan şəxs olsa, səni azad edərəm. Özüm qapıya getdim. Həqiqətən. Onun Imam Musa Kazım (ə) olduğunu gördüm. Dedim, ey mənim ağam, buyur. Sonra ona evin yuxarı başında yer göstərdim. O Cənab (ə) buyurdu: - Ey Fəzl, evin yuxarı başında oturmağa ev sahibi daha çox layiqdir. Lakin Bəni Haşim nəslindən orada bir kəs olarsa, evin yuxarı başı ona məxsusdur. Sonra ərz elədim ki, sənə qurban olum, bizim üçün təam hazırlanıb, izn versən gətirərəm. O Cənab (ə) buyurdu: - Xəlq bunu “gözlənməz” (nağafil) təam adlandırırlar, lakin mən onda bir kərahət görmürəm.
Sonra əmr etdim, ğulam əl yumaq üçün teşt gətirdi. O Cənab (ə) teştə yaxınlaşıb buyurdu: - Həmd olsun o Allaha ki, hər şey üçün hədd qoyub. Dedim: - Sənə fəda olum, bunun həddi nədir? Buyurdu: - Bunun həddi odur ki, əvvəlcə ev sahibi başlayıb əlini yusun ki, qonaqlarda fərəh və xoşhallıq yaransın.
Sonra o Cənab (ə) “Bismillah” deyib əlini yudu. Teşti qaldıranda “Əlhəmdülillah” deyib süfrəyə gəldi. Dedim: - Sənə qurban olum, bu süfrənin həddi nədir? Buyurdu: - Bunun həddi odur ki, başlayanda “Bismillah”, qurtaranda “Əlhəmdülillah” deyəsən.
Süfrədən sonra ğulam diş qurdalamaq üçün çöp gətirdi. Soruşdum: - Mənim ağam, bəs bunun həddi nədir? Buyurdu: - Bunun həddi odur ki, çöpün ucunu sındırasan ki, dişin ətini yaralayıb qanatmasın.
Sonra ğulam bir qabda şərbət gətirdi. Soruşdum ki, bunun həddi nədir? Buyurdu: - Bunun həddi odur ki, qabın qulpu olan yerdən və ya qabda sınıq yer varsa, o yerdən içməyəsən. Çünki o yer şeytanların yığılıb oturan yeridir. Bir həddi də odur ki, başlayanda “Bismillah”, qurtaranda “Əlhəmdülillah” deyəsən. Sonra o Cənab (ə) buyurdu: - Ey Fəzl, süfrənin axırında süfrə əhli əllərini yuyandan sonra ev sahibi ən axırda öz əlini yumalıdır. Süfrənin ədəb qaydası belədir.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Bazarda yemək alçaqlıqdır”.
Bir nəfər o Həzrətdən (s.ə.v.) soruşdu: - Ya Rəsuləllah (s.ə.v.), biz bazarda yeyirik, amma doyunca yox, buna necə baxırsız? O Həzrət (s.ə.v.) buyurdu: “Görünür ki, siz təamı bir dəfədə yox, müxtəlif vaxtlarda hissə-hissə yeyirsiniz. Onları bir yerə yığıb, Allahın adını zikr edərək yeyin ki, bərəkətli olsun”.
2. “Süfrədə oturan şəxs gərək təamı öz qabağından götürüb yeyin. Məclisdə süfrə əhlinə ümumi qabda təam qoyularsa, başqalarının qabağından bir şey götürüb yeməsin. Həmçinin, qoyulmuş təamın ortasından götürməsin. Əgər şəxs yeyib doysa, yenə də əlini süfrədən çəkməsin ki, hələ doymamış süfrə yoldaşları xəcalət çəkməsinlər, yeyib doysunlar. Belə hallarda şəxs gərək özünü məşğul edib, süfrədən çəkilməsin”.
Səhabələrdən biri nəql edir ki, bir dəfə yeməkdən sonra Peyğəmbər (s.ə.s) cənabları hüzurunda gəyirdim. O Cənab (s.ə.v.) buyurdu:
3. “Gəyirməyini dayandır, adamların çoxu dünyada tox olur, Qiyamət günündə isə aclıqları uzun müddət çəkir”.
4. “Hikmət nuru – aclıqda, Allahdan uzaq olmaq – toxluqda, Allaha yaxın olmaq- miskinləri sevməkdə və onlara yaxın olmaqdadır”.
5. “Çox yeyib-içməklə qəlblərinizi öldürməyin, çünki qəlblər də nəbatat kimidir, çox su içdikdə ölürlər”.
6. “Çox yeməyin ki, mərifət nuru sizin qəlbinizdə sönməsin. Hər kəs təamı yüngül etmək (əritmək) üçün namaz qılıb yatsa, Cənnətin huriləri onun yanında yatar”.
Rəsuli-Əkrəm (s.ə.v.) cənablarından xəbər aldılar ki, hansı kəslərdən Cəhənnəmə gedən çox olar? Buyurdu: “Içi boş olan iki şey: qarın, bir də qadın tənasül üzvü”.
Başqa təbirlə desək belə olar: “Qarınqulular, bir də cinsi əlaqə hərisləri”.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Hər kəs həlal yesə, onun başı üstə bir mələk durar və yeyib qurtarana qədər onun üçün istiğfar edər. Amma bəndənin mədəsində həram şey olsa, o loxma onun mədəsində olduğu müddətdə asimanın və yerin mələkləri ona lənət edərlər. Allah-təala ona nəzər salmaz. Əgər bəndə həram bir loxma yeyibsə, tövbə etməmiş ölsə, Cəhənnəmə layiq olar”.
Imam Cəfər Sadiq (ə) buyurub:
1. “Qızıl və gümüş qabdan su içmək və təam yemək olmaz”.
2. “Gümüşdən hazırlanmış və ya üzünə gümüş çəkilmiş qabdan su içmək məkruhdur. Hətta, əgər bu cür qabdan qeyri bir qab olmasa, su içəndə ağzınızı gümüş çəkilməmiş yerə qoyun”.
Imam Cəfər Sadiqdən (ə) soruşdular ki, su içəndə birnəfəsə içmək olarmı? Buyurdu:
“Çox şiddətli hərarətiniz olsa, birnəfəsə içə bilərsiniz. Lakin üçnəfəsə içmək, birnəfəsə içməkdən əfzəldir”. Sonra o Cənab (ə) əlavə etdi:
“Özünüzü dəvəyə oxşatmayın”. Dəvə birnəfəsə doyana qədər su içir, həm də suyu böyük cürələrlə qəbul edir və zərbə ilə onun mədəsinə tökülür. Bu cür su içmək insan üçün zərərlidir.
Rəsuli-Əkrəm (s.ə.v.) suyu üçnəfəsə içərdi. Hər nəfəsin əvvəlində “Bismillah”, axırında “Əlhəmdülillah” buyurardı. O Cənab (s.ə.v.) ayaq üstə su içməkdən nəhy edib. Yemək barəsində soruşanda, o Cənab (s.ə.v.) buyurdu ki, ayaq üstə yemək, ayaq üstə su içməkdən də pisdir.
Imam Cəfər Sadiqdən (ə) suyun dadını soruşdular. O Cənab (ə) buyurdu: “Suyun dadı, həyatın dadı kimidir”.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub ki, haçan sizin su və ya xörək qabına milçək düşsə, onu tamamilə o suya və ya xörəyə batırın, sonra çıxarıb atın. Çünki onun bir qanadında xəstəlik, o biri qanadında şifa var. O həmişə xəstəlik olan qanadını suya və ya təama vurur. Onu orada tamamilə çimdirin ki, şifa olan qanadı o xəstəliyi aparsın.
Dostları ilə paylaş: |