Şiəlik İmam Baqirin (ə) dönəmində
İmam Baqirin (ə) yaşadığı dövr İraq şiələrinin Bəni-Üməyyə xəlifələri tərəfindən sıxıntılara məruz qaldığı dövrə təsadüf edir. O zaman İraq şiəliyinin mərkəzi hesab edilirdi.
İmam Əbu Cəfər Məhəmməd ibn Əli əl-Baqir şiələrin çəkdiyi müsibətlər haqqında buyurur:
“Şiələrin müsibətli, ağrılı-acılı günləri Müaviyə dönəmində İmam Hüseynin (ə) şəhadətinə qədər idi. O zaman bizim şiələrimiz hər yerdə qətlə yetirilirdilər. Şiə olduqları güman edilənlərin əl-ayağı kəsilirdi. Bizə sevgisi olanlar dustaq həyatı sürməyə məhkum idilər. Ya tutulur, ya əmlakı qarət olunur, ya da evi dağıdılırdı. İş o yerə çatmışdı ki, kimsəyə kafir demək, Əli (ə) şiəsi deməkdən yaxşı idi”.1
Şiələr hər il Məkkədə, Həcc mərasimi zamanı İmamla (ə) əlaqə yarada bilirdilər. Bu, adətən Məkkədə, ya da Məkkədən qayıdarkən Mədinədə gerçəkləşirdi. İraq əhalisinin Mədinəyə İmamın (ə) yanına getməsi yasaqlanmışdı.2
Bu dövrdə şiələrin ən böyük problemlərindən biri “ğülat” problemli idi. Bu qruplaşmanın sayı hər keçən gün artırdı. İmam (ə) onları özlərindən uzaqlaşdırdıqdan sonra İmamın (ə) səhabələri də onları özlərindən kənarlaşdırdılar. Qabaqcıl “ğali”lərdən Müğeyrə ibn Səid və Bəyan ibn Səmanı imamın (ə) səhabələri tərəfindən təkfir edildilər. Digər firqələr əmələ heç bir əhəmiyyət vermədikləri halda İmam Baqir (ə) şiələri əməlisaleh olmağa sövq edirdi. Bir çox şiələr mövcud sıxıntı və təzyiqləri görüb İmamın (ə) İraqa gələrək qiyam etməsini gözləyirdilər. Lakin İmam (ə) təqiyyə ilə davranırdı. Elə buna görə də onların bəziləri İmam (ə) haqqında tərəddüdə düşürdülər. İmamət haqqında onlara lazımi məlumatlar çatmırdı. Nəticədə bəziləri İmamın (ə) qardaşı Zeydə iman gətirib parçalandılar. Zeydin İmam Baqirdən (ə) yeddi il öncə vəfat etməsinə baxmayaraq, bu parçalanma sonrakı dövrlərdə də özünü göstərdi və çoxlu sayda şiələr arasında inkişaf etdi.
Əməvilərə qarşı müxalifət şiədaxili ixtilafları xeyli miqdarda azaltmişdi. Lakin onlara qarşı siyasi təzyiqlərin azalması ilə yanaşı Qülat məsələsi getdikcə öz əhəmiyyətini artırmağa başladı. Belə ki, İmam Sadiqin (ə) dönəmindəki başlıca problem Qülat məsələsi hesab edilirdi. Əməvi təzyiqləri yalnız Ömər ibn Əbd əl-Əzizin hakimiyyəti dönəmindən (h.c. 99-110) başqa bütün dönəmlərdə şiddətlə davam etdirilmişdir.
Dostları ilə paylaş: |