Şiəlik İmam Musa əl-Kazimin (ə) dönəmində
İmam Kazim (ə) h. c. 148-ci ildə atasının şəhadətindən sonra şiələrə rəhbərliyi ələ aldı. Şiələr arasında daim meydana gələn fikir ayrılıqlarından biri sonrakı imamı təyin etməklə bağlı olurdu. Bəzən siyasi səbəblərdən imam öz şiələrindən gizli qalırdı.
Mənsurun ələvilərə, xüsusilə cəmiyyətin diqqətini cəlb edən İmam Sadiqə (ə) qarşı kəskin mövqeyi bir çox şiələrin gələcək rəhbərlik haqqında haqlı narahatlıqlarına səbəb olurdu.
İmam Sadiqin (ə) bəzi övladları rəhbərlik fikrində idilər və bu, şiədaxili parçalanmaya gətirib çıxarırdı. Buna səbəb olan digər bir amil də şiələrin bir-birindən uzaq yaşamaları idi. Elə buna görə də İmam Sadiqdən (ə) sonra şiədaxili parçalanmalar baş verdi.
İmamın (ə) böyük oğlu İsmayıl ibn Cəfər ibn Məhəmməd bir çoxları tərəfindən gələcək şiə lideri kimi qəbul edilirdi. Lakin o, hələ atası sağ ikən dünyasını deyişdi. Qaynaqlara görə, İmam Sadiq (ə) şiələrin onun ölümünə inanmaları üçün cənazəsini görmələrinə şərait yaratdı. Bütün bunlara baxmayaraq, İmam Sadiqdən (ə) sonra bir dəstə ayrılaraq İsmayıl vəd edilmiş Mehdidir deyə şiə daxilində İsmailiyyə adlı yeni bir məzhəb yaratdılar. Həqiqi şiələr isə İmamı müəyyən suallar soruşmaqla sınayır və imamlığını qəbul edirdilər.
Hişam ibn Saleh deyir: “Mömin ət-Taqla birgə Mədinədə idim. Gördüm ki, çoxlu sayda insan Abdullah ibn Cəfər ibn Məhəmmədin evinə toplaşıb ondan zəkat haqqında suallar soruşurlar. Biz də zəkat haqqında bir neçə sual soruşduq. Lakin düzgün cavab ala bilmədiyimizdən oranı tərk etdik. Mürciə, Qədəriyyə, Zeydiyyə, Mötəzilə və Xəvaric kimi qruplaşmaların hansını qəbul edəcəyimizi bilmirdik. Bu zaman heç tanımadığımız ixtiyar bir kişi gördük. Onun Mənsurun casusularından olduğunu düşündük. Amma o, bizi Əbu əl-Həsən Musa ibn Cəfərin evinə apardı. Biz orada ikən Füzeyl və Əbu Bəsir ora gəlib suallar soruşdular. Aldıqları cavablardan sonra onun imam olduğunu yəqin bildik. İnsanlar dəstə-dəstə oraya axışırdılar. Oraya gəlməyənlər yalnız Əmmar Sabatinin adamları və Abdullah ibn Cəfəri qəbul edənlər idilər.1
Görkəmli elm adamları və sadiq şiələr hesab olunan Hişam ibn Salim, Abdullah ibn Əbu Yəfur, Ömər ibn Yezid Bəyya əs-Sabiri, Məhəmməd ibn Nöman, Mömin ət-Taq, Übeyd ibn Zürarə, Cəmil ibn Dərrac, Əban ibn Təğlib və Hişam ibn Həkəm Musa ibn Cəfərin imamətini qəbul etdilər. Onun imamətini qəbul etməyənlər yalnız Abdullah Bükeyr və Əmmar ibn Musa Sabati idi.2
İmam Kazimin (ə) dövrü şiələr üçün çox çətin günlər idi. Bu dövrdə Abbasi xəlifələri əleyhinə mühüm qiyamlar baş verdi. Belə qiymlardan Şəhidi-Fəxx Hüseyn ibn Əlinin Hadi Abbasiyə qarşı, Yəhya ibn İdris və Abdullahın övladlarının Haruna qarşı qiyamlarını göstərmək olar.
Şiə imamları şiələrin təqiyyə etmələrini məsləhət görür və gizli təşkilatçılıq edirdilər. Elə buna görə də tarix onların siyasi fəaliyyətini düzgün dəyərləndirə bilməmişdir. Lakin bu hərəkat şiəliyin möhkəmlənməsinə gətirib çıxartdı.
Dostları ilə paylaş: |