DÖRDÜNCÜ DƏRS ƏSASLI MƏSƏLƏLƏRİN HƏLLİ YOLU
Müqəddimə;
Mərifət yolları;
Dünyagörüşün növləri;
Tənqidlər və araşdırmalar;
Nəticə.
MÜQƏDDİMƏ
İnsan dünyagörüşün əsaslı məsələlərini həll etmək və haqq dinin əqidə prinsipləri barədə mərifət kəsb etmək məqamına gəldiyi vaxt ilk növbədə bu suallarla qarşılaşır: Bu məsələləri hansı yolla həll etməlidir? Səhih və əsaslı mərifəti hansı yolla əldə etmək lazımdır və ümumiyyətlə mərifət üçün hansı yollar mövcuddur? Bu mərifəti əldə etmək üçün onlardan hansını seçməlidir?
Bu mətləblərin müfəssəl və ixtisaslı araşdırılması fəlsəfənin mərifətşünaslıq (epistimoloji) bölməsinin öhdəsinədir, o, insanın müxtəlif mərifətlərini araşdırıb dəyərləndirir. Onların hamısının araşdırılması bizi bu kitabda izlədiyimiz hədəfdən yayındıra bilər. Buna görə də ehtiyac duyulan mətləblərdən bəzilərini qeyd etməklə kifayətlənir və onun barəsində ətraflı tədqiqat aparmağı oxucuların özünə həvalə edirik.1
MƏRİFƏTİN NÖVLƏRİ
İnsanın mərifət növlərini bir baxımdan dörd yerə bölmək olar:
1-Elmi və təcrübi mərifət (özünün xüsusi mənasında); Bu cür mərifət hiss orqanlarının köməyi ilə əldə olunur. Baxmayaraq ki, əql də hissi idrakların təcrid olunması və genişləndirilməsində öz rolunu ifa edir. Təcrübi mərifətlər fizika, kimya və s. kimi elmlərdə istifadə olunur.
2-Əqli mərifət; Bu cür mərifət intizai məfhumların (məqulati-saniyənin) vasitəsilə formalaşır və onun əldə olunmasında əsas rolu əql ifa edir. Amma bəzi hallarda qiyas müqəddimələrindən də istifadə olunması mümkündür. Bu mərifətin həddi-hüdudunu məntiq, fəlsəfi və riyazi elmlər təşkil edir.
3-Təəbbüdi mərifət; Bu cür mərifət ikinci (sanəvi) yönə malikdir və etimad olunan mənbəyin ilkin mərifəti (avtoritet) əsasında olub və müxbiri-sadiqin (doğruçu, sadiq xəbərverənin) verdiyi xəbər vasitəsilə əldə olunur. Din ardıcıllarının dini rəhbərlərin sözləri əsasında qəbul edərək bəzən də hiss və təcrübədən qaynaqlanan etiqadlardan qat-qat güclü olan etiqadi mətləblər bu qəbildəndir.
4-Şühudi mərifət. Bu cür mərifət yuxarıda qeyd olunan qismlərin əksinə olaraq zehni məfhumların və surətlərin vasitəçiliyi olmadan, birbaşa məlumun eyni zatına təəllüq tapır və bunda heç bir xəta və səhvə yol yoxdur. Amma öz yerində izah ediləcəsi kimi irfani və şühudi mərifət adlanan bu şey həqiqətdə məşhudlar barəsində zehni bir təfsirdir, səhvə və xətaya düşməsi mümkündür.1
DÜNYAGÖRÜŞÜN NÖVLƏRİ
Mərifət barəsində bəyan olunan təsnifat əsasında dünyagörüş üçün aşağıdakı bölgünü bəyan etmək olar:
1-Elmi dünyagörüş. Yəni insan təcrübi elmlərin nailiyyətləri əsasında varlıq aləmi barəsində ümumi bir nəzər əldə etmiş olsun.
2-Fəlsəfi dünyagörüş. Bu da əqlin səylər və istidlallar vasitəsi ilə əldə olunur.
3-Dini dünyagörüş. Bu, din rəhbərlərinə iman gətirmək, onların sözlərini qəbul etməklə hasil olur.
4-İrfani dünyagörüş. Bu da kəşf, şühud və işraq yolu ilə hasil olur.
İndi bunu araşdırmalıyıq ki, görəsən dünyagörüşünün əsaslı məsələlərini doğrudan bu dörd yolun hər biri ilə həll etmək olarmı ki, artıq onların birinin digərindən üstün və imtiyazlı olması barəsində suala növbə çatmasın?
TƏNQİD VƏ ARAŞDIRMALAR
Hissi və təcrübi mərifətə, onun maddi və təbii varlıqlar, hadisələr çərçivəsində hüdudlanmasına diqqət yetirməklə aydın olur ki, dünyagörüş prinsiplərini təkcə təcrübi elmin nailiyyətləri əsasında tanımaq və onunla əlaqədar məsələləri həll etmək olmaz. Çünki bu kimi məsələlər təcrübi elmlərin hüdudlarından xaricdədir və heç bir təcrübi elm onların isbat və ya inkar olunması barəsində söz deməmişdir. Məsələn, Allahın varlığını labaratoriyalarda aparılan analiz və tədqiqatların vasitəsilə isbat etmək, yaxud (nəuzu billah) inkar etmək olmaz. Çünki hissi təcrübə o qədər məhduddur ki, heç vaxt təbiətin fövqündə dayanan şeylərə yol aça bilməz, maddi varlıqların və hadisələrin hüdudlarından xaricdə heç bir şeyi isbat və ya inkar edə bilməz.
Deməli, (əvvəldə qeyd olunan) elmi və təcrübi dünyagörüş ilğımdan başqa bir şey deyildir və onu dünyagörüşün tam və səhih mənasında qeyd etmək olmaz. Onu təkcə maddi aləm barəsində mərifət hesab etmək olar və bu cür mərifət dünyagörüşün əsaslı məsələlərinə cavab verə bilməz.
Amma təəbbüdü yollarla əldə olunan mərifət, qeyd olunduğu kimi, ikinci dərəcəli yönə malikdir və onun bir mənbəyinin, yaxud mənbələrinin etibarlı olmasının sübut olunmasından sonra gəlir. Yəni ilk növbədə bir şəxsin peyğəmbərliyi isbat olunmalıdır ki, onun sözləri mötəbər sayılsın; bundan əvvəlcə də peyğam göndərənin, yəni Mütəal Allahın varlığı isbat olunmalıdır. Aydındır ki, peyğam göndərinin varlığının əsli, həmçinin peyğam gətirənin peyğəmbərliyini peyğama istinad edərək isbat etmək olmaz. Məsələn, heç vaxt “Quran Allahın varlığını dediyinə görə Onun varlığı isbat olunub” deyə bilmərik. Əlbəttə Allahın vücudunun isbat olunmasından, İslam Peyğəmbəri (s) barədə mərifət kəsb edib onu tanıdıqdan və Quranın haqq olmasını bildikdən sonra sair fəri etiqadları və əməli göstərişləri də sadiq xəbər verənə və mötəbər mənbəyə istinadən qəbul etmək olar. Amma əsaslı məsələləri əvvəlcədən başqa bir yolla həll etmək lazımdır.
Deməli təəbbüdü yol da dünyagörüşün əsaslı məsələlərini həll etmək üçün yetərli deyildir.
Amma irfani və işraqi üsluba gəldikdə isə çoxlu mülahizələr və məsələlər vardır:
Əvvəla: Dünyagörüşü zehni məfhumlardan təşkil olunan bir mərifətdir, lakin şühudda zehni məfhumlara yer yoxdur. Deməli belə məfhumların şühuda istinad edilməsi bir növ məcazi məna daşıyır və onların mənşəyi mülahizə olunur.
İkincisi: Şühudların təfsir olunması və onların məfhum və sözlər qalibində bəyan edilməsi xüsusi zehni hazırlığı tələb edir ki, bu da əqli səylər və dərin fəlsəfi təhlillər olmadan mümkün deyildir. Belə hazırlığa malik olmayan şəxslər mütəşabih məfhumları və sözləri işlədirlər ki, bu da inhirafa və azğınlığa düşməyin böyük amilidir.
Üçüncüsü: Çox hallarda həqiqi mənada şühud edilən şey onun xəyali inikası ilə, eləcə də zehnin onlar barədə etdiyi təfsirlə, hətta şühud edən şəxsin özü üçün belə səhv oluna bilər.
Dördüncüsü: Zehni təfsirin dünyagörüş adlandırdığı həqiqətləri tapmaq uzun illər boyu irfani seyr-süluku tələb edir, əməli mərifət qəbilindən olan seyri-süluk üslubunu qəbul etmək də dünyagörüşün əsaslı məsələlərinə və nəzəri əsaslarına ehtiyaclıdır. Deməli, seyri-süluka başlamazdan əvvəl bu məsələlər həll olunmalıdır, halbuki şühudi mərifət işin axırında hasil olur və əsas etibarı ilə həqiqi irfan o kəslər üçün mümkün olur ki, Mütəal Allaha bəndəçilik yolunda sədaqətlə çalışsınlar. Belə səylər və çalışmalar da Mütəal Allahı, Ona bəndəçiliyi və itaət barəsində əvvəlcədən mərifət kəsb etməyi tələb edir.
NƏTİCƏ
Bu araşdırmadan belə nəticə alınır ki, dünyagörüşün əsaslı məsələlərini həll etmək üçün yol axtarmaq istəyən şəxsin qarşısında yeganə yol əql qüvvəsini işə salmaqdır. Buna görə də həqiqi dünyagörüşün fəlsəfi dünyagörüşdən ibarət olduğunu demək lazımdır.
Əlbəttə diqqət yetirmək lazımdır ki, həmin məsələlərin həlli yolunun əql yolundan ibarət olduğunu, dünyagörüşün fəlsəfi dünyagörüşdə həsr olunduğunu deməyin mənası bu deyildir ki, düzgün dünyagörüşü əldə etmək üçün bütün fəlsəfi məsələləri həll etmək lazımdır. Hətta bir neçə sadə fəlsəfi məsələnin həll olunması dünyagörüşünün ən əsas məsələsi sayılan Allahın varlığını isbat etmək üçün kifayətdir. Baxmayaraq ki, bu cür məsələlərdə mütəxəssis olmaq, yaranan hər bir şübhə və iradla əlaqədar cavabvermə qüdrəti kəsb etməyin daha artıq fəlsəfi tədqiqata ehtiyacı vardır.
Həmçinin əsaslı məsələlərin həll edilməsi üçün faydalı mərifətin əqli mərifətdə həsr olunduğunu deməyin mənası bu deyildir ki, bu məsələlərin həll olunmasında sair məlumatlardan heç bir vəch ilə istifadə olunmasın. Əksinə istidlalların çoxunda hüzuri elm, yaxud hissi və təcrübi yolla əldə edilən müqəddimatlardan istifadə etmək olar. Eləcə də ikinci dərəcləri məsələləri və fəri etiqadları həll etmək üçün təəbbüdi mərifətdən istifadə etmək və onları kitab və sünnənin mövhətvası əsasında (dinin mötəbər mənbələri) isbat etmək, nəhayət düzgün dünyagörüş və ideologiya əldə etdikdən sonra seyri-süluk mərhələsini ötməklə mükaşifələrə və müşahidələrə çatmaq və əqli istidlalların vasitəsilə isbat olunan şeylərin çoxunu zehni məfhumların vasitəiliyi olmadan dərk etmək olar.
SUALLAR
1-İnsani mərifətin növlərini və onların hər birinin həddini-hüdudunu bəyan edin.
2-Neçə növ dünyagörüş təsəvvür olunur?
3-Dünyagörüşün əsaslı məsələlərini hansı yolla isbat etmək olar?
4-Elmi dünyagörüşünü tənqid edib araşdırın.
5-Dünyagörüş məsələlərinin bəyan olunması üçün təcrübi mərifətdən necə istifadə etmək olar?
6-Əqidə məsələlərini isbat edərkən hansı hallarda təəbbüdi mərifətdən faydalanmaq olar?
7-İrfani dünyagörüş nədir? Dünyagörüşün əsaslı məsələlərini irfani şühud əsasında həll etmək olarmı? Nə üçün?
Dostları ilə paylaş: |