Həsən bəy zərdabi ``Əkinçi``


"Əkinçi" qəzetinin nəşri dayandırıldıqdan sonrakı dövr



Yüklə 31,9 Kb.
səhifə2/2
tarix10.01.2022
ölçüsü31,9 Kb.
#110127
1   2
"Əkinçi" qəzetinin nəşri dayandırıldıqdan sonrakı dövr

1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başladı. O, kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını da çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq Zərdabi yenə də mətbuatda fəal iştirak edirdi.

1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur.
Həsən bəy Zərdabi 1875-ci ildə "Əkinçi" qəzеtinin 1, 4, 8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il "Kaspii" qəzеtinin 172-ci sayında tоrpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vеrmişdir, tоrpağın хışla dеyil, kоtanla şumlanmasını təklif еtmişdir.

Həyatının son illərində Zərdabi Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edirdi. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də qocaman maarif xadimi, görkəmli mütəfəkkir Zərdabi olmuşdur.

Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic xəstəliyinə tutuldu və 1907-ci il noyabr ayının 28-də vəfat etdi. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılıb. Mərhumun sümükləri bir-neçə il evdə ailəsinin yanında qalıb. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunur.

Hər hansı bir xalqın uzun intizardan sonra doğma ana dilində qəzet oxuması, heç şübhəsiz, əlamətdar tarixi hadisə olur. Azərbaycan isə XIX əsrdə buna nail olmuşdur. Qeyd etməliyik ki, müəyyən səbəblərdən "Əkinçi"nin mənsub olduğu xalqın intizarı çox uzun çəkmişdir. Vaxtilə Cənubi Azərbaycanda əlyazma halında divarlara yapışdırılan şəbnamələr artıq yeni dövrün ilk mətbuat növlərindən idi. 
    Çarizm milli mətbuatın bünövrəsini qoymağa çalışan maarifçilərin bütün təşəbbüslərini boğurdu. Azərbaycan mətbuatının yerli düşmənləri də yox deyildi.

Padşahpərəst polkovnik Əlibəy Əlixanov "Əkinçi"nin ana dilində ona göndərilmiş ilk nüsxəsini alıb hiddətlə yazmışdı; "Təəssüf eyləyirəm redaktor nə üçün bilmir ki, öz çarına sədaqətlə xidmət edən bir nökər hökumət tərəfindən buraxılmayan bir qəzeti oxumaz". 
    Belə səbəblərə görədir ki, "Əkinçi" redaktorunun ən yaxşı sələflərindən A.Bakıxanov ancaq "Tifliskiye vedemosti", M.F.Axundov isə "Kafkaz" qəzetində əməkdaşlıq etməyə müvəffəq ola bilmişdi. M.F.Axundov Mirzə Şəfi ilə birlikdə Azərbaycan mətbəəsi açmaq istədikdə hökumətdən yardım əvəzinə istehza görüb, bacarıq və qüvvəsini mədəniyyətin başqa sahələrinə sərf etmişdi.

M.F.Axundov Mirzə Mülkümxana yazdığı məktubunda "Zəhərdən acı bir həyat keçirirəm" - deyərkən yenə özünü ələ alıb dostuna "... pərişan və bədbin olmayın! Öz işinizdə mərd-mərdanə olun!" sözlərini yazmışdı. Bakıxanovların, Axundovların ürəyində qalan arzulardan bir çoxu, o cümlədən Azərbaycan dilində qəzet nəşr etmək arzusunu həqiqətə çevirmək, onların gənc həmvətəni H.Zərdabiyə qismət oldu. Görünür, Zərdabi mədəniyyət estafetini Axundovdan aldığı zaman ondan özünə mənəvi dayaq, müəllim və köməkçi olmaq vədini də almışdı.

Məlumdur ki, "Əkinçi"nin nəşrə başlamasını sevinclə qarşılayan Axundov az sonra onun müəlliflərindən biri olmuş, bu qəzetin məzmunca kamilliyinə, tərtibat gözəlliyinə, oxucular arasında yayılmasına çalışmış, habelə "Əkinçi"də təbliğ olunan maarifçi ideyaların həyata keçirilməsinə də köməyini əsirgəməmişdi. 
    Azərbaycanda mətbuatın, o cümlədən nəşriyyat işinin tarixi çox az öyrənildiyindən, məxəzlərə bu işin pioneri, onların fədakar xidməti haqqında ancaq ötəri məlumata təsadüf olunur. Halbuki son yüz il Azərbaycan mədəniyyətinin tərəqqisi milli mətbuat və poliqrafiyanın inkişafı ilə möhkəm bağlıdır və burada "Əkinçi"nin, onun redaktorunun, əsas müəlliflərinin və köməkçilərinin xidməti çox böyükdür. Yalnız onu xatırlatmaq kifayətdir ki, Zərdabi qəzet çıxarmaq üçün üç ildən artıq çalışmışdı. Özü də qarşıya çıxan çətinlik yalnız ona naşirlik icazəsi verməli olan hakim dairələrin süründürməçiliyindən ibarət deyildi.

O zaman bütün Qafqazda ərəb əlifbası ilə hürufat yox dərəcəsində idi. "Tiflis əxbari" və başqa adlarla cəmisi bir neçə nömrəsi çıxmış bülleten xarakterli nəşrlər üçün istifadə olunmuşdu. Azərbaycanca qəzet buraxılması işinə milli mətbəə təşkilindən ilk növbədə hürufat tədarükündən başlamaq lazım idi ki, Zərdabi də məhz belə etmişdi. 
    Aydın bir məsələdir ki, 1854-cü ildə yaranmış yeni quberniya mərkəzində - Bakıda milli poliqrafiyanın inkişafı yolunda atılan ilk addım şəhərin mədəni simasının formalaşması üçün də böyük əhəmiyyəti olan bir hadisə idi. Mətbəə məsələsi çox müşkül idi. Ona görə də müstəqil mətbəə açmaq çox çətin, mümkünsüz bir iş olduğundan Bakı Quberniya mətbəəsindən istifadə etmək, əldə olunan hürufatı da oraya vermək lazım gəlmişdi. Zərdabiyə bu işdə gürcü qızı olan arvadının da köməyi olmuşdu. Yəni Qafqaz xalqlarına rəğbət bəsləyən Bakı qubernatoru Staroselski bu münasibətlə qəzetin nəşrinə xeyli kömək göstərmişdi.

Bunlarla bərabər "Əkinçi"nin əsl xeyirxahları və müdafiəçiləri Azərbaycanın qabaqcıl, vətənpərvər oğulları M.F.Axundov, Seyid Əzim, N.Vəzirov, Ə.Görani, M.Əlizadə və başqaları olmuşlar. 
    Böyük rus yazıçısı, məşhur "Kolokol" jurnalının redaktoru A.J.Gertsen deyirdi ki, ictimai həyatı zəif inkişaf etmiş xalqlar üçün mətbuat ən yaxşı tribunadır. Zərdabi "Əkinçi"ni məhz belə bir tribunaya çevirmişdi. O, qəzetdə müzakirə və mübahisələr açmış, Azərbaycan mətbuatında sonralar davam etdirilən ideoloji mübarizə ənənələri yaratmışdı. 
    "Əkinçi" nəşrə başladığı zaman Azərbaycan dilində cəmi bir neçə daşbasması yolu ilə buraxılmış çap kitabı vardı. Bu kitabları da M.F.Axundov demişkən, oxumaq dağ çapmaqdan daha çətin idi. "Əkinçi"nin taleyi ilk gündən faciəli oldu.

Belə ki, Zərdabinin ideyaları hər addımda irticanın sərt qayaları ilə toqquşurdu. "Əkinçi" çar hakim dairələrinin müqavimətini qırmalı olur, yerli irticaçılarla mübarizəyə girir, onları tutarlı mühakimələrlə susdururdu. Həmin dövrdə əməli işlər, maddi-texniki qaydalar daha çox idi. "Əkinçi"nin hökumət mətbəəsində nəşri prosesində müxtəlif əngəllər çıxırdı. Hürufat çatmırdı, olanlar da köhnəlib yararsız hala düşməkdə idi. Bir çox nömrələrin çapı, korrektor işini də Zərdabi özü görməli olurdu. 
    Qəzetə xəbər yazan müxbirlər də kifayət qədər deyildi. Zərdabi yazırdı ki, köməyimiz az olduğundan və kənar yerlər bir yana, Bakıda baş verən mühüm hadisələrdən də bəziləri bizə vaxtlı-vaxtında gəlib çatmırdı. Xarici xəbərləri isə rus, İran, türk, Orta Asiya qəzetlərindən götürməli olurduq. Müxtəlif dillərdə yazılmış məqalə və xəbərləri isə Zərdabi özü Azərbaycan dilinə tərcümə edirdi. Şəkillərin verilməsi isə poliqrafik şərait olmadığından bu işi həyata keçirmək mümkün olmurdu. 
    H.Zərdabi "Əkinçi" qəzetinin vəziyyəti barədə düzgün təsəvvür yaratmaq üçün Avropa mətbuatı, xüsusilə Londonda çıxan "Tayms"la öz qəzetini müqayisə edirdi. Zərdabi yazırdı: "Dünyada hər qəzeti beş, ya on adam inşa edir: onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm... Ey bizlərə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti də basdırmağa (nəşr etməyə) adamı yoxdur". Təsadüfi deyil ki, o zaman Bakıya gəlmiş bir fransız jurnalisti "Əkinçi"nin çap olunduğu şəraiti gördükdə Zərdabiyə demişdi: "Doğrusu, siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən tapmaq olmazdı. Sizin qüvvənizə heyrət edirəm. Belə məlum olur ki, Siz öz xalqınızı çox sevirsiniz!" 
    Staroselskinin Bakıdan köçüb gedəndən, xüsusilə Rusiya-Türkiyə müharibəsi başlanandan sonra qəzetin vəziyyəti daha da ağırlaşdı. Qəzetin mövzu dairəsi əvvəlkindən də artıq məhdudlaşdırıldı. Zərdabi 1905-ci ildə, nəhayət, həyat, qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində yazırdı: "Müsəlmanların düşmənləri ki, Staroselskinin vaxtında bir iş görə bilmirdilər, hər tərəfdən "Əkinçi"nin üstə tökülüb onun bağlanmasına səy edirdilər".

Çar jandarmı Zərdabini təqib edib, gözdən qoymur, hər bir hərəkətinə, hər sözünə nəzarət yetirirdi. Onun haqqında hökumətə çoxlu-çoxlu məktublar göndərilirdi. Həmin dövrlərdə şəhər və kəndlərin yolları pis olduğundan, xüsusilə müharibə nəticəsində poçtların işi daha da ağırlaşdığından "Əkinçi" qəzeti bəzən oxuculara çox gec çatdırılırdı ki, bu da onların haqlı şikayət və narahatlığına səbəb olurdu. 
    Bütün bu çatışmazlıqlarla əlaqədar qəzetin tirajının xeyli hissəsini pulsuz paylamağa məcbur olurdu. 

"Qəzet nədir", "Əkinçi" və "Zərdabi məsləki nədən ibarətdir?" "Qəzet ictimai və mədəni tərəqqidə nə kimi rol oynayır?" kimi məsələlərə S.Əzim Şirvaninin ətraflı cavab verən dolğun, məzmunlu şeirləri Azərbaycan mətbuatının bu gərgin dövrünü işıqlandıran çox əhəmiyyətli əsərlərdir. 
    "Əkinçi" qəzeti çox tez bağlandısa da, xalqımızın mədəniyyət salnaməsində böyük ad qoydu. Onun Azərbaycan milli mətbuat tarixində açdığı yol, yaratdığı ənənələr çox uğurlu, uzunömürlü oldu. "Əkinçi" qəzetinin nəşri ilə Azərbaycan milli mətbuat tarixinin əsası qoyuldu. 
    Azərbaycan ədəbiyyatı və mətbuatının bütün qabaqcıl xadimləri, hətta "Əkinçi" bağlanandan 20-30 il sonra da onun əhəmiyyətini itirməyən maarifçi ideyalarına yiyələnməyə ciddi fikir verdilər. "Əkinçi" zəhmətkeş xalqa təmənnasız və sədaqətlə xidmətin, ictimai və milli zülmə qarşı mübarizəsinin, doğma mədəniyyət və ana dilinin tərəqqisi yolunda yorulmadan çalışmışdı.

"Əkinçi" dünya elminin nailiyyətlərini yaymağın, xüsusilə doğruçu demokratik mətbuatı inkişaf etdirməyin ilhamvericisi, gözəl bir nümunəsi oldu. Bunun ən parlaq sübutu məşhur "Molla Nəsrəddin" jurnalının, onun əsas müəlliflərinin "Əkinçi" və əkinçilərlə möhkəm ideya varislik əlaqəsidir. "Əkinçi" nəşr edildiyi zaman C.Məmmədquluzadə daxil olmaqla, Azərbaycan yazıçılarının yeni nəslinin nümayəndələri on-on beş yaşlı uşaqlar idilər. Lakin istər 80-90-cı illərdə, istərsə də sonra bu yazıçıların çoxu "Əkinçi"dən müxtəlif yollarla öyrənib faydalanırdılar. 
    XX əsrin əvvəllərində "Əkinçi", Sabir demişkən, "vəfat etmişdisə" də, Azərbaycan ziyalılarının bir çoxunun özünə "mənəvi ata" saydığı Zərdabi sağ idi; o yenə yazır, mübarizədən qalmır, "Əkinçi"də gördüyü işi davam etdirirdi. N.Vəzirovun yeni komediyaları və "Dərviş" imzalı publisist əsərləri ilə "Molla Nəsrəddin" jurnalı üçün C.Məmmədquluzadə və digər mollanəsrəddinçilər üçün müəyyən dərəcədə ədəbi zəmin hazırlayırdı. 
    Sovet dövründə "Əkinçi"nin 50 illiyinə hazırlıq zamanı C.Məmmədquluzadə əlyazmalar fondundan bu qəzetin komplektlərini alıb dərindən mütaliə etmişdir. Görkəmli yazıçı və publisistlərdən Eynəli Sultanov və Ə.Haqverdiyev özlərinin yetkin dövründə "Əkinçi"ni tapıb oxumuş və onun bütün nömrələrinin konspektini tutmuşlar. Dünyagörüşü ilk Azərbaycan qəzetilə sıx təmasda təşəkkül tapan, Zərdabi ilə məktublaşan, "Əkinçi"nin başladığı yeni ictimai-ədəbi hərəkatla bağlı olan şəxsiyyətlər sırasında habelə Əbdürrəhim Talıbov, Məhəmməd Tahir, Zeynalabdin Marağayi, Mirzə Mehdixan kimi cənublu yazıçı və mütəfəkkirlərimiz daxildir. Akademik M.Cəfər çox düzgün olaraq "Səyahətnameyi İbrahim bəy" və "Əhmədin kitabı" əsərlərində təbliğ olunan qabaqcıl fikirlərlə M.F.Axundov və "Əkinçi" arasında möhkəm əlaqə görür.

"Əkinçi" ənənələrini yaşatmaq və inkişaf etdirmək yolunda F.Köçərli daha ardıcıl çalışmışdı. Əsərlərində Zərdabi və onun qəzetini dönə-dönə yad edən bu fədakar alim 1906-cı ildə bu fikirdə idi ki, "Əkinçi"nin gözəl sözləri və nəfli məlumatı indi də öz əhəmiyyətini itirməmişdir. Onlar "müəyyən bir sistem halına salınıb Azərbaycan dilində nəşr edilən dövri yazılarda çap olunarsa, çox faydalı olar". 

H.Zərdabi və "Əkinçi" qəzeti ilə əlaqədar tədqiqat işlərinin aparılması cavan tədqiqatçıların qarşısında duran əsas məsələlərdən biri olmalıdır. 
    Həsən bəy Zərdabinin 170 illik yubileyinin dövlət səviyyəsində keçirilməsilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir: “Azərbaycanda sosial-mədəni həyatın on doqquzuncu əsrin ikinci yarısından etibarən sürətli canlanmasında və ictimai fikrin maarifçi – demokratik ideyalarla zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri vardır.

Zərdabi yaradıcısı, təşkilatçısı və redaktoru olduğu “Əkinçi” qəzetini doğma ana dilində nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoymuş, dövrünün ziyalılarını bu qəzet ətrafında birləşdirərək taleyüklü mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynamışdır”.
Öz fəaliyyəti ilə xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr bağışlayan Həsən bəy Zərdabinin məziyyətləri haqqında unudulmaz ədibimiz Abdulla Şaiqin söylədikləri bu cəfakeş mətbuat xadiminin portretini dolğun naxışlayır: “Həsən bəy ağır, ciddi, çalışqan, doğruluq sevən, sözünə sadiq, əyilmək bilməyən saf, təmiz bir insan idi”. Məlumdur ki, XIX əsrin ikinci yarısında Azərbaycan maarifi və mədəniyyətində baş verən bir sıra mühüm yeniliklər məhz Həsən bəy Zərdabinin adı və ictimai fəaliyyəti ilə bağlıdır. “Həsən bəy Azərbaycanda milli mətbuatın banisi olmuş, yorulmadan Azərbaycan maarifini inkişaf etdirməyə, müasirləşdirməyə çalışmış və öz zamanında elmin bütün nailiyyətlərinin, xüsusən, təbiət elmlərinin təbliğatçısı olmuşdur” (Məmməd Cəfər).
Yüklə 31,9 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin