DAĞNANƏSİ
Dağnanəsi dodaqçiçəklilər fəsiləsindən olan birillik ot bitkisidir. 30 növündən Azərbaycanda 13 növünə təsadüf edilir.
Dağnanəsinin çiçək açmamışdan dərilən yarpaqları ədviyyə kimi istifadə edilir. Olduqca ətirli və xoş tamlıdır. Tərkibində 1%-ə qədər efir yağı, onun isə tərkibində timol, fenol, karvakrol, pinen vardır. Təzə yarpaqlarında 50 mq% askorbin turşusu, 9 mq% karotin, 40 mq% rutin vardır. Dadı istiot dadına oxşar olub ədviyyə qatışıqlarında istiotu əvəz edir. Efir yağının əsas hissəsini karvakrol təşkil edir.
Dağnanəsindən likör-araq sənayesində, spirtsiz içkilərin hazırlanmasında, ətriyyat və təbabətdə istifadə olunur.
DARÇIN
Darçın dəfnə fəsiləsinə aid olan həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarından soyulmuş və qurudulmuş qabıqdan ibarətdir.
Darçının xoş ətri və nisbətən tünd tamı, tərkibindəki darçın aldehidinin (C9H8O) olması ilə izah edilir ki, bu aldehid darçındakı efir yağlarının 70-98%-ni təşkil edir. Bundan əlavə, efir yağlarında 4-10% evgenol, - pinen, kariofilen, fellandren və qeyri-birləşmələr vardır. Darçın bitkisinin növündən, becərildiyi rayondan və hazırlanma üsulundan asılı olaraq 4 növə ayrılır: Seylon darçını, Çin darçını, Sayqon darçını, Baton və Maloy darçını. Bunlardan Çin və Seylon darçını yüksək keyfiyyətliliyi ilə fərqlənir. Ona görə də respublikamıza yalnız Seylon və Çin darçını gətirilir.
Darçın iki müxtəliflikdə satışa buraxılır: boruşəkilli darçın qabığı və üyüdülmüş darçın tozu.
Nəmliyi 13,5%-dən (üyüdülmüşdə 12,5%-dən), ümumi külü 5,8%-dən çox, efir yağı 0,5%-dən az olmamalıdır.
Darçının tərkibində 2-3,5% efir yağı vardır. Darçının xoşagələn iyi və şirintəhər dadı ondan kulinariyada və qənnadı sənayesində geniş miqyasda istifadə olunmasını təmin edir.
Milli mətbəximizdə darçın çox geniş miqyasda istifadə olunur. Darçınlı çay və ayrıca darçın dəmləməsindən xalq arasında istifadə olunur.
Darçın iştahanı artırır, bağırsaqların yüksək peristaltikasını nizamlayır, köpün əmələ gəlməsini azaldır, mədə və bağırsaqlardakı ağrıları sakitləşdirir.
Darçın bakteriyalara və viruslara qarşı təsirə də malikdir. Darçın cövhəri qripə qarşı vasitə kimi tətbiq olunur.
Dostları ilə paylaş: |