QARIŞIQ ŞİRƏLƏRİN ÇEŞİDİ
Şəffaflaşdırılmış və lətli şirələrlə yanaşı qarışıq və şirinləşdirilmiş şirələr də hazırlamaq olar. Şirələrin qarışdırılması və şəkər əlavə edilməsi onların dadını xeyli yaxşılaşdırır. Qarışıq və şirinləşdirilmiş şirələri hazırlamaq üçün bütün meyvə-giləmeyvələrdən, hətta tərəvəzdən də istifadə etmək olar.
Şirinləşdirilmiş şirələri turş meyvələrdən də (gavalı, çiyələk, qara və qırmızı qarağat və s.) hazırlamaq mümkündür. Əlavə edilən şəkərin miqdarı meyvə-giləmeyvənin tərkibində olan üzvi turşuların miqdarından asılıdır. Turş meyvə-giləmeyvəyə nisbətən çox, turşaşirin meyvə-giləmeyvəyə isə az şəkər əlavə etmək lazımdır.
Meyvə-giləmeyvənin pomoloji sortundan asılı olaraq albalı şirəsinə 8–20%, gavalı şirəsinə 5–12%, çiyələk şirəsinə 5–10%, moruq şirəsinə 10–20%, meyvə-giləmeyvə qarışığından hazırlanmış şirəyə 5–10% şəkər əlavə edilir.
Şəkərsiz qarışıq şirə hazırladıqda götürülən meyvə-giləmeyvənin tərkibindəki turşu və şəkər nəzərə alınır. Turşaşirin alma şirəsinə 20% şirin armud şirəsi, şirin armud şirəsinə 20% turş alma şirəsi, turş albalı şirəsinə 20–30% şirin gilas şirəsi, turş alma şirəsinə şirin üzüm şirəsi və s. elə nisbətdə qatılmalıdır ki, hazırlanan şirənin şəkər-turşu əmsalı yüksək dad-tam göstəricilərinə malik olsun.
Qara və qırmızı qarağat şirələri çox turş olduğundan onların dadını şəkər əlavə etməklə yaxşılaşdırmaq çətindir. Belə şirələri 2:1 nisbətində su ilə qarışdırıb sonra şirinləşdirmək lazımdır. Bankalara qənaət məqsədilə qara qarağat şirəsini təbii halda hazırlayıb, bilavasitə içməzdən qabaq su və şəkərlə qarışdırmaq məsləhətdir.
Qarışıq və şirinləşdirilmiş şirələri də təbii şirələr kimi pasterizə edirlər.
Dostları ilə paylaş: |