ALTINCI FӘSİL İSLAM HӘRӘKATLARI GİRİŞ
Islami əqidə nəinki özünün zühuru və inkişafı dövründə, habelə yüz illər ötdükcə yenə ən üstün və əbədi bir qüvvə sayılır və sayılacaqdır. Həmin qüvvə, bəzən döyüş səhnəsində qalib gəlmək üçün təchizatı olmasa da, müdafiəyə qalxır. Tarix boyunca hər kəs bu qüvvəni öz istəyinə uyğun şəkildə şərh etməyə çalışmışdır. Və bəzən onu məhəlli və gerçəkliyə uyğun olmayan çərçivələrdə təfsir etmişdir. Amma, Islamı həm hakim və həm də rəiyyətin nəzərində sevimli edən amil, onun zəif və güclülərin ürəklərinə nüfuz etməsinə səbəb olmuşdur. Qaliblər öz qələbələrindən, məğlublar isə öz məğlubiyyətlərindən təsəlli tapmaq və yenidən müdafiəyə qalxmaq üçün məhz bu amildən bəhrələnmişlər. Həqiqətən, bütün digər amilləri sönük göstərən həmin amil, misilsiz nüfuzetmə qabiliyyətinə malik olan və cahanşümul təsir qüvvəsi daşıyan Islami əqidədir.
Bu cür yüksək keyfiyyətlərlə səciyyələnən Islami əqidə, elə dərin və gizli xüsusiyyətlərə malikdir ki, hətta onu yaxından müşahidə edənlər belə, bəzən onu dərk edə bilmirlər. Islami əqidəni tam və dolğun şəkildə anlamaq üçün din, Allah kitabının sirrləri və əməli vacibatları dərindən araşdırmaq lazımdır. Aydındır ki, elmi baxımdan kifayət qədər təhqiqatsız, dinlər arasındakı fərqləri öyrənmədən, hər məzhəbin ardıcıllarının şüarları və mərasimlərinin keyfiyyətinə bələd olmadan, məzhəblərin müxalif və müvafiq baxışlarını tanımadan, dəqiq və dərin tədqiqat aparmadan, Islami əqidəni dərk etmək mümkün deyil. Çoxlarının Islama üz tutması və meyl göstərməsinin əsas səbəbi, bu dinin beynəlxalq və hərtərəfli təlimlərinin yüksək keyfiyyətə malik olmasıdır. Məhz bu xüsusiyyətlər coğrafi və qövmi müxtəlifliyə baxmayaraq, insanlar arasında ülfətin yaranmasına səbəb olur. Bununla da, bir dini əqidənin ən böyük hədəfi, yəni vəhdət gerçəkləşir. Həmin hədəflə dini, əxlaqi və ictimai əqidələr ən yüksək dərəcəyə yüksəlirlər.
Müsəlmanlar tarix boyu bəzən güclü potensial inkişaflarından istifadə etməklə, öz hədəflərinə çatmış, bəzən isə zəiflikləri üzündən əziyyət çəkmişlər. Düşmənə məğlub olduqda heç də ruhdan düşməmiş, bədbinliyə düçar olmamış, gələcək döyüşlərdə qalib gəlmək üçün münasib fürsət gözləmiş və sabaha böyük ümidlə baxmışlar.
XV-XVI əsrlərdə müsəlmanlar üç böyük qüdrətli dövlətə (Iran, Osmanlı və Hindistan) malik olmuşlar. Sərhədləri Avropanın bir hissəsi, Kiçik Asiya, Balkanlar, Suriya, Iraq, Әrəbistan və Şimali Afrikanı əhatə edən Osmanlı imperiyası Islam dünyasında ən böyük imperatorluq sayılır. Onun “ömrü” XX əsrin əvvəllərinə qədər (I Dünya Müharibəsinin sonu) davam etmişdir.
Iranda Səfəvilər şiəlik bayrağı altında mərkəzləşdirilmiş və vahid bir dövlətin əsasını qoymuşdular ki, onun da “ömrü” 1501-ci ildən 1722-ci ilə qədər davam edib.
1526-cı ildə Hindistanda Babur böyük bir dövlət yaratmağa nail olmuşdu. Nehrunun təbirincə, o, çox bacarıqlı bir başçı və maarifpərvər şəxs idi. XVI əsr, müsəlmanların nəzarətə aldıqları coğrafi ərazilərin genişliyi və onların hərbi-siyasi qüdrətlərinin çox böyük olması ilə səciyyələnirdi. Lakin müsəlman cəmiyyətinə o dövrdə hakim olan qeyri-düzgün idarəetmə qurumları və dövlətlərarası münasibətlərin xarici düşmən qüvvələri tərəfindən qızışdırılması, müsəlman ölkələrinin bir-birləri ilə dostluq rabitələrini qura bilməmələri, Avropadan və ümumiyyətlə, qərbdən Islam dövlətlərinə qarşı yürüdülən mürtəce siyasət səbəb oldu ki, XVII əsrdən başlayaraq, tədricən adları çəkilən bu üç böyük imperiyalar tənəzzülə uğradılar. Nəticədə, yeni qərb mədəniyyəti Islam dünyasına qarşı hərtərəfli və geniş şəkildə hücuma başladı. Yeni qərb mədəniyyəti texnika və sərmayədarlıq şüarları altında Islam ölkələri ilə rabitələrini qurmağa çalışırdı. Qərblilər müsəlman ölkələrindəki ucuz xammal və istehsal etdikləri məhsulları satmaq üçün geniş bazarlara kəskin ehtiyac duyurdular. Qərbin iqtisadi-siyasi nizamı özünəməxsus təfəkkür tərzi, məzhəb və əxlaqi dəyərlər tələb edirdi. Materializm, sekularizm, nasionalizm, liberalizm, “məsihi müjdəsi”, qərblilərin şərqşünaslıq üzrə “fəaliyyətləri” və s. ideyalar kapitalizm dünyasına hakim olan fikirləri əks etdirirdi. Təbii ki, qərblilər qarşılarına çıxan hər bir maneəni kökündən məhv etməyə hazır idilər. Bütün dünyaya hakim olmaq üçün məqsədəyönlü iş aparırdılar. Qərbin Islam dünyasına qarşı hücumunun başlanğıc nöqtəsini 1798-ci ildə Napoleonun Misirə etdiyi həmlə və bu ölkənin işğal olunmasını saymaq olar. Maraqlıdır ki, hərbi işğalçılarla birgə Misirə müxtəlif elmi sahələrin mütəxəssisləri, həkimlər və humanitar elmlər üzrə bir sıra alimlər də gəlmişdilər. Qərbpərəstliyin başlanğıcı sayılan, Misirlilərin və bəzi müsəlmanların “müasirləşməsi” ilə nəticələnən bu işğal, eyni zamanda müsəlmanların qəflətdən oyanmasına səbəb oldu. XIX əsrdə Islam ölkələri Avropa dövlətləri tərəfindən tar-mar və qarət olunmağa başladı. Hindistan, Herat, Fars körfəzi bölgələri, Malaziya, Mərakeş, Әlcəzair, Liviya, Efiopiya, Suriya, Livan, Fələstin, Iordaniya işğal edildi. Ingiltərə, Fransa, Italiya, Portuqaliya, Hollandiya və Rusiya dövlətləri müsəlman ölkələrinin ərazilərini öz aralarında bölüşdürdülər. Həmin dövrdən, yəni XIX əsrdən başlayaraq, Islama yeni həyat bəxş etmək üçün müsəlmanların oyanışı başladı. Islam cəmiyyətinin alim və mütəfəkkirləri daxildəki tənəzzül və qərbin təcavüzünün qarşısını almaq üçün bir sıra ideoloji-siyasi, islahatçı cərəyanlar və təşkilatlar yaratmaq fikrinə düşdülər və bu ideyaları həyata keçirməyə başladılar. Belə cərəyanlardan və hərəkatlardan ən mühümləri haqqında sonrakı fəsillərdə danışacağıq. Amma, əvvəlcə islahatçı hərəkatın tərifini diqqətinizə çatdırmaq istərdik.
Dostları ilə paylaş: |