İgid əsgər möhkəm dayan!!! Çətində sinə gərən



Yüklə 31,61 Kb.
tarix14.07.2018
ölçüsü31,61 Kb.
#56472

İgid əsgər möhkəm dayan!!!

                                                          Çətində sinə gərən

İgid oğul, mərd ərən,

Dünyanı aydın görən

Oğul istəyir Vətən!

“Vətən  müharibəsi  bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!”

Ümummilli lider Heydər Əliyev

Hər bir xalq öz müstəqilliyini, azadlığını əldə etmək üçün uzun mübarizələr yolu keçməli olur.  Azərbaycan xalqı da qarşısına qoyduğu məqsədə çatmaq üçün qan-qadadan qorxmamış, 20 yanvar faciəsi kimi bir dəhşətdən çəkinməmişdir. Bakının küçələrində axan qanın xalqı öz yolundan sapdıracağını güman edən imperiya dəllalları görünür ki,kimlərlə qarşılaşdıqlarını hiss etməmişlər. Yəqin elə erməni millətçiləri də torpaqlarımıza qarşı açıq təcavüzə keçəndə kəndlərimizi, şəhərlərimizi zəbt edəndə, silahsız insanların kütləvi qırğınına hökm verəndə tezliklə bu xalqın iradəsini sındıracağına, asanlıqla öz millətçi planlarının həyata keçirilməsinə nail olacaqlarına inanırlarmış. Lakin onlar anlaya bilməyiblər ki, bu torpaq basılmazdır, bu yurdun müdafiəçiləri məğlubedilməzdir.Min illər boyu əcdadlarımızın qoruyub bizə çatdırdıqları torpaqlarımız bölünməzdir.Onlar nəzərə almamışdılar ki,Azərbaycan xalqı dəyənəklə belə öz torpaqlarını qorumağa,düşmənlərə tutarlı cavab verməyə qadirdir.

Hər bir azərbaycanlıda ilk növbədə vətənpərvərlik hissi güclü olmalıdır. Bu hiss ona uşaq yaşlarından aşılanmalı, yeniyetməlik dövründə möhkəmləndirilməlidir. Bunu ilk növbədə ölkəmizin hazırkı durumu,məcburən yaşadığımız müharibə şəraiti, işğal altında qalan torpaqlarımız tələb edir. Vətən hər bir kəsin and yerinə çevrilməlidir. “Vətənimin keşiyində həmişə hazıram” sözlərini hamı qətiyyətlə, qürurla deməlidir. Vətənimizin sərhədlərinin toxunulmazlığı onun böyükdən kiçiyə bütün vətəndaşlarının əzəli və əbədi borcu olmalıdır. Çünki sərhədlərimizi tanımayan bədnam, namərd qonşularımız var.

Bu gün xalqımız çox məkrli,xəbis xislətli, qəddar bir düşmənlə üz-üzə dayanıb.Düçar olduğu ağır münaqişəni ilk növbədə sülh yolu ilə həll etməyə çalışan Azərbaycan mütəmadi olaraq erməni terrorizmi ilə üzləşməkdədir.

        Hər bir xalqın, ölkənin özünəməxsus mərdlik, igidlik və qəhrəmanlıq ənənələri vardır. Doğma vətəni yadelli işğalçıların basqınlarından, zülm və əsarətindən xilas etmək üçün xalqımız da dəfələrlə ölüm-dirim mübarizəsinə qalxmış, ana yurdun azadlığı naminə saysız-hesabsız qurbanlar vermişdir.

        Azərbaycan xalqının tarix səhnəsində çıxdığı andan bu günə qədər yaratdığı üstün qiymətlər içərisində qəhrəmanlıq önəmli yer tutur. Bu günkü Azərbaycan əsgərinin tarix səhnəsində ideala çevriləcək çoxlu qəhrəmanlıq motivləri vardır.

        Yüzlərlə şəhidlərimizin qanına boyanmış və hələ də sona çatmamış bu  mübarizə saysız-hesabsız qəhrəmanları ortaya çıxarsa da, onun əsas ağırlığı Azərbaycanın igid zabit və əsgərlərinin  boynuna düşür.Onlar bir daha göstərdilər ki, əcdadları kimi at belində tərbiyə almasalar da,torpaq, yurd heysiyyəti tez bir zamanda onları atlandıra bilər.Babək, Cavanşir,Koroğlu kimi igidləri yetirən bu xalqın hər oğlu bir igiddir, qəhrəmandır. Elə ona görədir ki,Azərbaycan əsgərlərinin hünəri, şücaəti düşmənlərimiz üçün göz dağı, xalqımız üçün isə fəxr və qürura çevrilmişdir.Qəhrəmanlıq göstərmək çoxlarına əfsanə kimi görünürdü, yeniyetmələrimiz, gənclərimiz adətən özlərini belə qəhrəmanlara bənzətməyə çalışırdılar. İndi adı, hünəri ilə bütün xalqın fəxr eləyə biləcəyi belə qəhrəmanlar Azərbaycanəsgərlərinin içərisində az deyildir.Onlardan neçəsi artıq Respublikamızın ən yüksək fəxri adına-Milli Qəhrəman adına layiq görülmüşdür.

Azərbaycan zabiti Azərbaycan xalqının iradəsini ifadə edir.Azərbaycan zabiti intizamlı, xalqına, torpağına sadiq olduğu qədər də cəsurdur, qorxmazdır, qətiyyətli və təşəbbüskardır.

Cavanşirin odlu qılıncı müqəddəs torpağımıza uzanan namərd əlləri necə kəsirdisə, Babəkin cəsarətli həmlələri ərəb ordusunu necə pərən-pərən salırdısa, Koroğlunun, Qaçaq Nəbinin adı düşməni necə sirkələyirdisə, indi də Azərbaycan oğulları sonsuz rəşadət və mərdliklə elimizi və torpaqlarımızı qorumaq əzmindədirlər. Doğma Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanlar, erməni işğalçılarının təcavüzünə mərdliklə sinə gərərək vətən yolunda canlarından keçənlər də Odlar Yurdunun əbədi şan-şöhrəti, vüqarı,qan yaddaşıdır.

       Azərbaycan döyüşçüsü yaxşı bilməlidir ki, mənsub olduğu xalq suverenliyini və müstəqilliyini qazanmaq üçün nə qədər uzun bir yol keçmişdir,tarixin hansı məhrumiyyətlərinə məruz qalmışdır.Ona görə də Azərbaycan əsgəri Vətən torpağının keşiyində ayıq-sayıq dayanmalı və igidlik, qəhrəmanlıq göstərmiş döyüşçüdən nümunə götürməlidir. Azərbaycan əsgərlərinin göstərdikləri qəhrəmanlıqları saymaqla qurtarmaq mümkün deyil və nə qədər ki,torpaqlarımız erməni yağılarından azad olmayıb belə qəhrəmanlıqlar hələ çox təkrarlanacaqdır.

Bəzən bir ordu böyük bir məmləkətin taleyini, müqəddəratını həll edir.Bəzən bir nəfər böyük bir ordu şücaəti göstərir, əmrsiz, xəbərsiz, kimsəsiz, Vətən sevgisi ilə... Yəni qarşılıq gözləmədən, torpağında sarsılmaz dayanıb zaman gələrsə bayrağının altında şərəflə, gözünü belə qırpmadan şəhid ola bilmə gözlənilməzliyi və ya ənənəsi.. Vətən sərhəddən başladığı kimi, vətənpərvərlik də insandan başlayır. Mövqeyindən, tutduğun vəzifədən, irqindən, dinindən asılı olmayaraq gözlərin yaşarırsa, qəhər boğursa səni, qəlbin qürurla döyünürsə... deməli, Vətən var.

Ordu hər bir millətin güvənc yeri, qürur, ləyaqət rəmzi, şərəfi, özünütəsdiq imkanıdır. Ulularımızın “Ordum varsa, yurdum var” aforizmi azərbaycanlı milli düşüncəsində ordunun nə qədər ali, müqəddəs ucalıqda dayandığının, xalqın, dövlətin varlıq və mövcudluq, milli kimlik meyarına çevrildiyinin parlaq təcəssümüdür. Tarix boyu qonşu ölkələrlə  dinc yanaşı yaşamağın, sülh və barışın, sabitliyin tərəfdarı olan Azərbaycan xalqında özünümüdafiə əzmi,döyüş rəşadəti, qəsbkarlara qarşı mübarizə ruhu hər zaman yüksək olub. Müxtəlif zaman və məkanlarda dövlət qurmaq haqqını təmin etmiş xalqımız taleyini daim inandığı nizami orduya, cəsur, mübariz sərkərdələrə, vətənpərvər döyüşçülərə etibar edib.

Döyüşün, yağı düşmənə qarşı mübarizənin az qala milli yaşam tərzinə çevrildiyi qədim dövrlərdən Azərbaycan mübariz, qorxmaz, vətən uğrunda canından belə keçməyə hazır olan insanların tarixi vətəni kimi tanınıb.Azərbaycan folklorunun günümüzə gəlib çatmış incilərində xalqın döyüşkənlik, igidlik, mübarizə əzmindən,rəşadət və qəhrəmanlıq ruhundan xəbər verən epizodlar kifayət qədərdir.Və bütün bunlar ümumən xalqın milli kimliyinin, tarixi keçmişinin, hərb tarixinin üzə çıxarılması baxımından da müstəsna əhəmiyyət daşıyır.

Bütün müharibələrin tarixi acı faciələrin, insan fəlakətlərinin, şəhərlərin və  kəndlərin viran olması tarixdirsə, həm də eyni zamanda qəhrəmanlıq tarixidir. Böyük Vətən Müharibəsi dövründə Həzi Aslanovun, Mehdi Hüseynzadənin,Qafur Məmmədovun,İsrafil Məmmədovun, Hüseynbala Əliyevin,Ziya Bünyadovun və başqalarının qəhrəmanlıqları bu gün də nümunə rolu oynayır. Bu günümüzün müharibəsində onlarla azərbaycanlı bu qəhrəmanlıq hərəkətlərini göz önünə gətirərək yeni qəhrəmanlıq nümunələri göstərmişlər.

Azərbaycan Vətəndir! Çünki bu torpaq  hər qarışını qoruyacaq sayda oğul böyüdüb, şəhid verib. Bu məmləkət hər bir vətəndaşına ucsuz-bucaqsız sevginin intəhasızlığını ərməğan edib. Əlif Hacıyevlər, Yusif Mirzəyevlər, Çingiz Mustafayevlər, Tofiq Hüseynovlar, Fəxrəddin Musayevlər, Mübariz İbrahimovlar, Fərid Əhmədovlar yetirib bu torpaq.

Bu gün vətənimizdə müharibə getdiyi, torpaqlarımızın bir hissəsinin zəbt edildiyi, dinc sakinlərin olmazın əzab-əziyyətlərə düçar olduğu bir vaxtda gəncləri vətənin müdafiəsinə hazırlamaq və ruhlandırmaq, vətənə məhəbbət hissləri aşılamaq, onları hərbi-vətənpərvərlik tərbiyəsi günün ən vacib məsələlərindən biridir.

Bu tədbirlərin həyata keçrilməsi üçün mədəni-maarif müəssisələrinin, eləcə də kitabxanaların üzərinə böyük vəzifələr düşür, çünki onların qeyd olunan istiqamətdə iş aparmaq üçün daha çox imkanları və təcrübələri vardır.

 Mədəni-maarif müəssisəsi kimi kitabxanalar da geniş təbliğat işi aparmalı, gənc nəslin vətənin müdafiəsinə səfərbər edilməsinə, vətənə məhəbbət hisslərinin aşılanmasına hər vasitə ilə kömək göstərməlidirlər. Kitabxanalar məktəblilərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaq üçün bir sıra tədbirlər təşkil edə bilər.Sərgilər, söhbətlər, ucadan oxular, ədəbi-bədii gecələr,viktorinalar, hərbiçilərlə görüşlər və s.tədbirlər vətənpərvərlik hisslərini gücləndirir, dözümlülük, iradəlik, qorxmazlıq kimi əxlaqi keyfiyyətlər tərbiyə edir. Bu məqsədlə kitabxanaçı çağırışa qədər və çağırış yaşlı oxucular əsasən gənclərdən ibarət olduğundan onlara yeni hərbi texnika, hərbi strategiya, taktika haqqında olan ədəbiyyatları və digər hərbi kitabları, eyni zamanda hərbi kütləvi kitablar və s.təbliğ etmək daha məqsədəuyğundur.

Tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən və sağlam nəsil yetişdirməkdən ibarətdir.Vətənpərvərlik hissi insanda uşaqlıqdan tərbiyə edilməli, kiçik yaşlarından aşılanmalıdır. Kitabxanada keçirilən tədbirlər uşaq psixologiyasına daha tez təsir etdiyinə görə vətənə həsr olunmuş şeir müsabiqələri, səhərciklər, viktorinalar, əsərlərdən ibarət səhnələşdirilmiş səhnəciklər göstərilməlidir. Sərgilərdə tarixi qəhrəmanlarımızın, şəhidlərimizin, Milli Qəhrəmanlarımızın və Qarabağ müharibəsi vetereanlarının keçdiyi keşməkeşli döyüş yollarından bəhs edən kitablar və dövri mətbuatda dərc olunan məqalələr yer almalıdır. Həmçinin Sabunçu rayon MKS-də hərbi vətənpərvərlik mövzusunda aşağıdakı tədbirlər keçirilmişdir:

1. “Azərbaycanın döyünən ürəyi Qarabağ”- Mərkəzi Kitabxana (sərgi)

2.“Qarabağ bizimdir” – Mərkəzi Kitabxana və 1 saylı filial (tədbir)

3. “Vətəni yaşadan Vətən övladları”- 2 saylı filial (tədbir)

4. “Başını dik saxla, uca tut Vətən”- 3 saylı filial (söhbət)

5. “Qələbəmiz axarlı olsun”-4 saylı filial (tədbir)

6. “Həyat üçün doğulmuşuq Vətən üçün ölməliyik!”- 5  saylı filial (sərgi və tədbir)

7. “Şəhidlər ölmür”- 6 və 9 saylı filial (tədbir)

8. “Vətən oğlu Vətəni qoru”- 8 saylı filial (tədbir)

9. “Biz Vətənə borcluyuq”- 11 saylı filial (tədbir)

10. “Ordum varsa, yurdum var”- 12 saylı filial (tədbir)

İlboyu vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Müasir dövrdə hərbi-vətənpərvərlik mövzusunun təbliği kitabxanaçının üzərinə böyük vəzifələr qoyur. Ona görə də kitabxanaçı çalışmalıdır ki, əlində olan bütün imkan və vəsaitlərdən geniş istifadə edərək, müharibələrin mənfur mahiyyətini, acı nəticələrini açıb göstərməklə yanaşı oxucuda sülhə, əmin-amanlığa inam hissi oyatsın.Eyni zamanda gənclərə Azərbaycan tarixi, Qarabağ tarixi və  hazırkı hadisələrlə bağlı kitablar və dövrü mətbuat da tövsiyə olunmalıdır.

Bu gənclərə əsgəri xidmətin, xüsusən də vətənimizin indiki çətin bir vaxtında, böyük şərəfli bir iş olduğunu, Vətən qarşısında hər bir gəncin oğulluq borcunun yerinə yetirilməsinin vacibliyini açaraq onlara çatdırmaq lazımdır.



Hər bir gənc bilməlidir ki, lazım olan anda Vətən yolunda  canını qurban verən şəhidlərimiz kimi qurban getməyi bacarmasalar, onda Azərbaycan xalqı da öz istiqlaliyyətini qoruyub saxlaya bilməz.Vətən torpaqlarının azadlığı uğrunda irəli!

  Hazırladı: Metodika və biblioqrafiya şöbəsinin müdiri- S.Nuriyeva
Yüklə 31,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin