XV mövzu.
DÜNYANIN ƏRZAQ PROBLEMİ.
Tibbi coğrafiya xəstəliklərin yayılmasının təbii-coğrafi səbəblərini, onların xüsusiyyətlərini, təbii mühitin elementlərinin insan sağlamlığına təsirini öyrənir. Sağlam qida, içməli suyun tərkibi, qidalanma normasına əməl etmək və s. sağlamlıq göstəriciləridir.
İnsan öz orqanizminin normal və sağlam fəaliyyəti üçün müəyyən qədər ərzaq məhsulları qəbul etməli və gəlirlərinin müəyyən qismini ona xərcləməlidir. Dünya əhalisinin sayının çoxalması, sənayenin payının artması, təbii mühitin dəyişməsi, urbanizasiya səviyyəsinin yüksəlməsi və digər amillər ərzaq probleminin son illər qlobal miqyas almasına səbəb olmuşdur. Ərzaq problemi - ərzaq məhsullarının istehsalı, bölgüsü və istehlakında mövcud olan çatışmazlıqlardır. Əhalinin ərzaqla təminatı probleminin bioloji, iqtisadi, sosial, eləcə də siyasi əhəmiyyəti vardır. Hazırda bəzi region və ölkələrdə ərzaq problemi ərzaq təhlükəsizliyi, yəni ərzaq çatışmazlığı təhlükəsi həddinə çatmışdır.
Ölkələrdə ərzaq problemləri müxtəlif səbəblərdən yaranır. Bu, ilk növbədə, ölkənin iqtisadi inkişaf səviyyəsi ilə əlaqədardır. Ərzaq probleminin yaranmasının digər səbəbi əhalinin sürətlə artmasıdır. Səbəblərdən biri də keçmiş müstəmləkə ölkələrində əkin sahələrinin hər hansı ixrac xarakterli bitkilərin plantasiyasına ayrılması və çoxsahəli kənd təsərrüfatının məhv edilməsidir. Ərzaq problemlərinin yaranmasında - quraqlıq, sel, daşqın, subasma və bu kimi təbiət hadisələri də mühüm rol oynayır.
Ərzaq təminatı bilavasitə kənd təsərrüfatı və qida sənayesinin yaratdığı kompleks sahənin, yəni aqrar sənaye kompleksinin (ASK) inkişafından asılıdır. Ümumiyyətlə, əhalinin ərzaq məhsulları ilə təmin olunmasının 84%-i bitkiçilik, 16%-i isə heyvandarlıq məhsulları hesabına ödənilir.
Əhalinin ərzaqla təmin olunmasına görə dünya ölkələri 4 qrupa ayrılır:
- aclıq problemi olmayan;
- yarımac və ya gizli aclıq keçirən (yəni kifayət qədər qida aldığı halda orqanizmdə mineral və vitaminlər çatışmır);
- kritik aclıq vəziyyəti və ya ac ölkələr (əhalinin gündəlik qidalanması 1000 kilokaloridən daha aşağı olur).
BMT-nin hesablamalarına görə, hazırda dünyada hər doqquz nəfərdən biri müəyyən dərəcədə ac qalır. Gün ərzində dünyada 18 mln. uşaq aclıqdan əziyyət çəkir, 850 mln. insan isə doyunca qidalanmır. Qida çatışmazlığı müxtəlif sosial və iqtisadi problemlərin yaranması ilə nəticələnir. Əhalinin ərzaqla təmin olunmasında qida rasionunun əhəmiyyəti böyükdür. Qida ra- sionu təbii şəraitdən və əhalinin milli adət- ənənələrindən asılıdır. Tibb elmi yerli qidaların keyfiyyətli və istifadəsinin faydalı olduğunu əsaslandırır. Yaşadığı mühitin təbii nemətlərindən istifadə edən insanların orqanizmi üçün bu qidaları daha məqsədəuyğun hesab edir. ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada əhalinin qida rasionunda buğda, kartof, şəkər, ət, süd və balıq məhsullarına üstünlük verilir. Qərbi Avropa ölkələrinin qida rasionunda buğda və kartof məhsullarına tələbat nisbətən azdır. Burada ət, süd, yumurta, meyvə və tərəvəz məhsullarına tələbat daha çoxdur. Cənubi Avropa ölkələrində meyvə, tərəvəz, bitki yağı və un məhsullarından daha çox istifadə olunur. Cənubi, Cənub-Şərqi, Şərqi Asiya və Latın Amerikası ölkələrində yaşayan əhalinin qida rasionunda düyünün payı 60-90% arasında dəyişir.
Ərzaq probleminin həll edilməsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - ƏKTT (FAO) məqsədyönlü tədbirlər görür və ərzaq təhlükəsizliyinə nəzarət edir.
Dostları ilə paylaş: |