Ramazan - cənnətin bir parçası
Ramazan ayı başqa bir cəhətə görə də çox diqqətəlayiqdir. Mən bu barədə bir neçə kəlmə danışmaq istəyirəm. Bu sözlər sizin üçün yeni deyil, özünüz bunları xalqa deyirsiniz, amma eşidənlər üçün bir xatırlatma olsun deyə söyləyirəm. Ramazan ayı Allahın bizim maddi dünyamızın qaynar cəhənnəmində yerləşdirdiyi bir cənnət parçası, bu ayda bu ilahi süfrənin başında özümüzü cənnətə daxil etmək üçün verdiyi bir fürsətdir. Bəzi adamlar bu otuz gündə cənnətə daxil olurlar, bəziləri bu otuz günün sayəsində bütün ili, bəziləri bütün ömürlərini cənnət edirlər, bəziləri də onun kənarından xəbərsiz ötürlər. Bu, təəssüflü və ziyanlıdır. Yalnız özünün yox, bu yüksək potensiala malik olan insan məxluqunun belə bir böyük süfrədən istifadə etmədiyini görən hər bir kəsin təəssüflənməyə haqqı var. Bu, ramazan ayı, Allahın ziyafəti və qədr gecəsinin ayıdır.
Bunları o qədər təkrarlamış, demiş və eşitmişik ki, bizə adi gəlir. Bu adi məsələlərin arasında həqiqətləri tapan insan kamillik yoluna çıxar. Maddi elm də belədir. Hamı ömür boyu almanın ağacdan ayrıldıqda yerə düşdüyünü görmüşdü; dünyada bundan da adi bir iş yoxdur. Amma bir nəfər bunun bir fenomen olduğuna diqqət yetirdi: nə üçün alma aşağıya enir; nə üçün ağacdan ayrılanda yuxarıya qalxmır? Və bununla cazibə qüvvəsi kəşf olundu, bəşər elmində yeni bir qapı açıldı. Bizim həyatımızın bütün adi məsələləri belədir. Qurana baxın: "Nə üçün dəvənin necə yarandığına baxmırlar?"1. Dəvə ilə gəzən ərəb üçün dəvədən adi bir şey varmı?! Allah insanın diqqətini dəvəyə yönəldir. Biz ətrafımızdakı bu ilahi fenomenlərə diqqət yetirməliyik. Onlardan biri də ramazan ayıdır. Allah ziyafəti kiçik məsələ deyil. Eşitmişik ki, Allah ziyafəti qonaqlıqdır. Özü də elə bir qonaqlıqdır ki, ev sahibi bütün kainatın ixtiyar sahibi olan əzəmətli, elmli, səxavətli və qüdrətli Allahdır. Bu ilahi ziyafətdir və biz ona dəvət olunmuşuq. Bundan istifadə etmək lazımdır. Bundan necə istifadə etmək olar? Bizim ixtiyarımızda qoyulanlarla - orucla, namazla, müstəhəb işlərlə, dua ilə, ibadətlə, zikrlə, raz-niyazla. Əgər bu işlərlə məşğul olsaq və biz ruhanilər öz dinləyicilərimizi də bu işlərə cəlb edə bilsək, bu ölkə bir cənnət parçasına çevriləcək, dünya və axirət düzələcək: "Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, sözsüz ki, göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq"2. Bunlar ilahi vədlərdir, şişirtmə deyil. Allah-Taala yerin və göyün bərəkətlərini təqvalı xalqa açacaq. Təqva da sözügedən işlərlə əldə olunur.
Dostları ilə paylaş: |