Günahın üç növü və onlar üçün bağışlanma diləməyin zəruriliyi
Üç növ günahdan ötrü bağışlanma diləmək lazımdır. Bunlar bizim üçün faydalıdır. İdarəetmə işlərində olan mənim və sizin də buna ehtiyacımız var. Bunları unutmaq bizi böyük ziyanlara sürükləmişdir və sürükləyir.
Üç növ günah vardır: Biri yalnız özünə zülmdən ibarət olan günahdır. "Özünə zülm etmək" ifadəsi Quran və hədislərdə çox işlənmişdir. İnsan bu günahı edir və onun təsiri birbaş özünə qayıdır. Adi fərdi günahlar belədir.
İkincisi elə günahlardır ki, insan onu edir, amma təsiri birbaş xalqa və digərlərinə toxunur. Bu günah daha ağırdır. Bu günah həm də özünə zülm etməkdir, amma digərlərinə təcavüz olduğundan daha çətin və əlacı daha müşküldür. Zülm, qəsbetmə, insanların haqqını tapdamaq, insanların ümumi hüquqlarını pozmaq bu qəbildəndir. Bu günah daha çox hökumətlərə aiddir, məmurların günahıdır, siyasətçilərin günahıdır, beynəlxalq şəxsiyyətlərin günahıdır, bir sözləri, bir imzaları, bir təyinatları ailələrə və hətta xalqa təsir edən şəxslərin günahıdır. Adi camaat adətən belə günahlar etmirlər. Əgər etsələr də, bunun dairəsi çox kiçik olur. Biri yolla gedir və misal üçün, bilərəkdən başqasının ayağını tapdayır; bu həddədir. Amma mən və siz bu növ günahdan edəndə dairəsi geniş olur. Qeyd etdiyimiz kimi, bizim bir imzamız, bir fərmanımız, bir sözümüz, bir mühakiməmiz, qərar mərkəzində bir oturub-qalxmağımız çoxlu toplumlara birbaşa təsir göstərə bilər. Bu növ günah üçün də özünə münasib bağışlanma diləmək lazımdır. Birinci növ günaha tövbə etmək üçün insan sədaqətlə Allah-Taaladan əfv diləməlidir. İkinci növ günah isə yalnız bağışlanma diləməklə həll olmur, insan onu düzəltməlidir. İslah etmək, düzəltmək və problemləri aradan qaldırmaq məsələsi burada meydana çıxır.
Üçüncü növ günah xalqların kollektiv günahlarıdır. Bir nəfər adamın günahı deyil ki, bir səhv etsin və bir qrup ondan zərər görsün. Bəzən bir xalq, yaxud bir xalqdan olan təsirli toplum bir günah edir. Bu günahın da öz bağışlanma üsulu var. Bir xalq bəzən uzun illər pis işin və zülmün qarşısında sükut edir, heç bir reaksiya göstərmir. Bu da bir günah və bəlkə də daha ağır günahdır. Bu "Hər hansı bir tayfa öz vəziyyətini dəyişmədikcə, Allah onun vəziyyətini dəyişməz"1 məsələsidir. Bu, böyük nemətləri məhv edən günahkar qruplara və xalqlara ağır bəlaları yönəldən günahdır. Bir xalq Tehranda durub Şeyx Fəzlullah Nuri kimi böyük bir müctəhidin dar ağacından asılmasına tamaşa etdi və yerindən tərpənmədi; Məşrutənin ingilis və qərbpərəst qoluna qoşulmadığına görə onun əsasını qoyanlardan və rəhbərlərindən olan bu şəxsə antiməşrutə damğası vurduqlarını - hələ də bizim bir qrup qələm adamımız, natiq və yazıçımız bu əsassız və məntiqsiz yalanı çeynəyir və təkrar edirlər – gördülər və əlli ildən sonra altını çəkdilər: bu Tehran şəhərində Təsisçilər məclisi təşkil olundu və orada şahlığın və hökumətin Rza şaha keçməsini qəbul etdilər. Onlar xüsusi bir qrup deyildi. Bu, ümumi və milli bir günah idi: "Sizin aranızda təkcə zalımlara toxunmayacaq bəladan qorxun"2. Bəzən cəza təkcə günahı törədən şəxslərə şamil olmur, ümumi olur. Hamı onda birbaşa iştirak etməsə də, hərəkət ümumi olmuşdur. Həmin xalq küçələrə çıxıb Məhəhəmmədrza Pəhləvinin tankları önündə sinələrini sipər edəndə və ölümdən qorxmayanda - yəni əlliillik dözüm və sükut günahını tərk edəndə Allah-Taala onların mükafatını verdi. Zülm hakimiyyəti devirildi və xalq hakimiyyəti yarandı. Rüsvayçı siyasi asılılıq götürüldü, müstəqillik başlandı. Bu müstəqillik davam edir, davam edəcək və bu xalq Allahın yardımı və öz istəyi ilə amallarına qovuşacaq. Bu, hərəkət etdiyinə görə idi. Buna əsasən, üçüncü növ günah üçün də bir cür bağışlanma istəmək lazımdır.
Quranda tövbə sözü dəfələrlə "islah" – günaha əvəz olaraq yaxşı iş görmək - sözü ilə yanaşı işlənmişdir: "Ancaq tövbə edənləri, yaxşı işlər görənləri"3, "Tövbə edib iman gətirən və yaxşı işlər görənlər"4. Bir yerdə bu islahın nümunəsi də qeyd olunmuşdur: "Kitabda (Tövratda) insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər onlara lənət oxuyarlar. Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm"5; "Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini (etiqadını) təmizləyənlər müstəsnadır"6. Münafiqlik edənlər haqda buyurur ki, bunların tövbəsi və islahı üçün özlərini saflaşdırmaları lazımdır. Buna əsasən, islah tövbənin zəruri şərtidir.
Biz ümumi əfv diləməliyik. Bu əfv diləyi şəxsi əfvdən fərqli bir şeydir. (Şəxsi əfvə qalsa,) mən də özüm üçün bağışlanma diləməliyəm, siz də. Demək olmaz ki, biz günahkarıq, əslində günaha qərq olmuşuq. Bizim şəxsi əməllərimizdə bu qədər səhlənkarlıq, bu qədər yayınma və bu qədər təqsir var. Odur ki, bağışlanmağımızı istəməliyik. Bağışlanma diləmək həm də qəlbi, zehni və ruhu işıqlandırır. Bu, bizimlə Allah arasında olan şəxsi bağışlanmadır. Lakin ümumi günahlar üçün də əfv diləmək lazımdır.
Quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2005.
Dostları ilə paylaş: |