Sui-zənn ruhiyyəsinin qadağanı
Sui-zənn mövzusu ilə əlaqəli ayə və hədislər kifayət qədərdir. Bu sifət Qur’ani-kərimdə məzəmmət olunur və qəti şəkildə qadağan edilir: “Ey iman gətirənlər! Çox zənnə-gümanə qatılmaqdan çəkinin. Şübhəsiz ki, bə’zi zənnlər günahdır...”1 Ayədə sui-zənn günah kimi yad edilir. Əksər rəvayətlərdə də sui-zənn günah sayılır. Bəli, İslam dini belə bir ruhiyyəni qəbul etmir və onu pisləyir. Amma bə’zi suallar da doğur. Məsələn, insanın ixtiyarında olmayan nəfsani halətlə mübarizə aparmaq olarmı? Çünki müəyyən şəraitin tə’siri altında nəfsdə öz-özünə hallar yaranır. Yəqinlik üçün şərait olmadıqda insan öz-özünə şəkkə düşür. Zənn də belədir. İstər pis, istərsə də yaxşı gümanı ortaya çıxaran şərtlər mövcuddur. İlkin şərtlər, amillər ödəndikdə nəfsani halət insanın iradəsindən asılı olmayaraq, ortaya çıxır. Bu vaxt yaranmış gümanın yaxşı və ya pisliyində insanın rolu olmur. Bəs necə olur ki, bizə xoşgümanlıq tövsiyyə olunur?
Bu suala müxtəlif şəkillərdə cavablar verilmişdir. Nəfsani halətin yaranması insandan asılı olmasa da, ilkin şərtlər insanın ixtiyarındadır. Halı yaradan müqəddimə insanın öz əlində olduğundan elə həmin halın da insandan asılı olduğunu deyə bilərik. Tutaq ki, insanın zehnində hər hansı zəif bir ehtimal yaranmışdır. İnsan özünətəlqin vasitəsi ilə bu ehtimalı gücləndirə bilir. Bu yolla ehtimal bədgümanlığa, bə’zən isə əlaqənin kəsilməsinə aparıb çıxarır. Bə’zən isə güclü bir ehtimal şübhələr vasitəsi ilə zəiflədilir. Demək, zənnin yaranması birbaşa insandan asılı olmasa da, onun yaranma şəraiti insanın ixtiyarındadır. İnsan dolayı yolla zənni gücləndirə də bilər, aradan da qaldırar. Zənn və gümana qapılmamaq üçün insan öz zehnində ilkin şərtlərə yol verməməlidir. Məsələn, gecənin qaranlığında çiynində yük aparan gördükdə ilk əvvəl ağlımıza gəlir ki, həmin şəxs oğrudur. Amma özümüzdən soruşa bilərik ki, axı haradan bilirik bu adam oğrudur? Bəlkə bu şəxs saleh bir insandır və ehtiyaclılara ərzaq paylayır? Amma elə düşüncələr də var ki, həmin ehtimalı gücləndirər. Məsələn, gecənin qaranlığında bu adama nə düşüb ki, çiynindəki ağır yükü gizlənə-gizlənə aparır?
Bəli, əgər deyirlərsə bədgüman olmayın, demək, insan öz zehnindən şübhələri qova-qova bədgümanlıqdan qaça bilər. Bəs necə etmək olar ki, zehnimizdə xoş gümanlar yaransın? Bu məsələni açıqlayan rəvayətlərlə qarşıda tanış olacağıq.
Bədgümanlığın aradan qaldırılmasının mümkünlüyü digər bir cavabda da öz əksini tapır. Qeyd olunur ki, insan bədgümanlığın aradan qaldırılması və ya gücləndirilməsinə öz tə’sirini göstərə bilər. Həm əvvəlcədən bədgümanlığın qarşısı alına bilər, həm də sonradan onu zəiflətmək olar.
Bə’zi alimlər və təfsirçilər də bu mövzuda öz baxışlarını açıqlamışlar. Məşhur “Əl-mizan” təfsirində bildirilir ki, sui-zənn nəfsani halət olduğundan ona münasibətdə vəzifə yoxdur; amma onun qadağan olunması əmələ çevrilməməsinə aiddir. Yə’ni insan pis gümanlar əsasında hərəkət etməməlidir. Zehndə bədgümanlıq yox, əmələ çevrilən bədgümanlıq qadağan olunmuşdur. Qəlbimizdə bədgümanlıq olsa da, onu büruzə verməyin. Xoşagəlməz həddə çatmış sui-zənn əsasında əməl etmək haramdır və məzəmmət olunur.
Bir sözlə, bədgümanlığın insandan asılı olmaması iddialarına cavab olaraq, deyə bilərik ki, bədgümanlığa şərait yaratmamaq, müxtəlif yollarla onu zehndə zəiflətmək olar. Ən azı bədgümanlığın əmələ sirayət etməsinin qarşısı alınmalıdır.
Dostları ilə paylaş: |