Ünsiyyətdən başqa yol yoxdursa, ideal həyata aparan yol ictimai münasibətlərdən keçirsə, həyat yolunun cəhətini tə’yin etmək üçün vasitə tapmalıyıq. Əldə etdiyimiz qütbnüma – kompasla əvvəlcədən tanış olmaq lazım gəlir. Yalnız bu tanışlıqdan sonra onun vasitəsi ilə “Allaha yaxın məqam” cəhətini tə’yin edə bilərik. Mə’lum oldu ki, həyat məqsədi Allaha pərəstiş yoludur. Qur’ani-kərimdə buyurulur: “Mənə ibadət edin, bu doğru yoldur.”1 Bəli, doğru yol Allahı hədəf seçmək, Ona doğru hərəkət etmək, Onun bəndəlik buxovunu taxıb, başqalarına pərəstişdən çəkinməkdir. Doğru yol budur və bütün başqa yollar onda sonuclanmalıdır. Başqaları ilə ünsiyyət də həmin yollardan biridir. Deyilən şərtlər daxilində yaradılan ünsiyyətlər insan üçün əsas, ideal məqsədə çatmaqda vasitə olur.
Deyilənlərdən aydın oldu ki, nə üçün yaxşı insanlarla ünsiyyət tövsiyyə olunur. Çünki belə insanlarla yaxınlıq insana Allahı xatırladır, onu öz Rəbbinə yaxınlaşdırır. Yaxşı yoldaş həqiqət yolunda köməkçidir. Allahı unutduran, insanı həqiqətdən uzaqlaşdıran adamlarla ünsiyyət çox pisdir. Dost seçimində ən əsas ölçü məhz budur. Həzrət İsa (ə) öz həvarilərinə deyir: “O şəxslə yoldaş ol ki, onda üç sifət, xasiyyət var: onu görəndə Allah yadına düşür, danışığı elmini artırır, əməlləri səni axirətə həvəsləndirir.”2
Həyat məqsədi, kamillik Allahla yaxınlıqdadırsa, demək, bütün işlərimizdə, istəklərimizdə həmin məqsədi əsas götürməliyik. Yuxarıdakı üç şərt bizə dost seçimində yol göstərir. İslam məktəbində həqiqi dostun ilk xüsusiyyəti onunla ünsiyyətin Allah zikrinə yaradıcı olmasıdır. Təqvalı insanın bütün söz və hərəkətləri Allahı xatırladır. Dostun ikinci xüsusiyyəti onun elm və agahlığı, boş söhbətlərdən çəkinməsidir. O, sizin mə’lumatınızı artırır, qaranlıq məsələləri işıqlandırır.
Dostdan öyrənilən insanı ilahi hədəfə yaxınlaşdırmalıdır. Beləcə, ideal dost o şəxsdir ki, onun siması Allahı xatırladır, danışığı elminizi artırır.
Hər bir şəxs başqaları ilə üç yolla əlaqə qurur: danışıq yolu ilə, üzbəüz dayanmaq və rəftarla. Həzrət Əli (ə) rəftarın tə’siri haqqında buyurur: “Yaxşı dostun rəftarı sizi axirətə həvəsləndirir...” Daim axirət haqqında düşünən insan öz rəftarını həmin məqsədə istiqamətləndirir. Onun əqidəsi əməllərində əks olunur və sizdə müsbət tə’sir göstərir. Həmin rəftar insanda axirət səadətinə rəğbət oyadır. Qiyafəsindən günah və şər tökülən insandan dost olmaz. Belə insanlarla ünsiyyət yalnız şeytanı xatırlada bilər. Onlar yalnız ümidsizlik yaradır, qeybət edir, başqalarının nöqsanlarından danışırlar. Belələrinin ən yaxşı sözü dolanışıqdan, bahalıqdan, qıtlıqdan şikayətdir. Onlar dünya ləzzətləri ardınca qaçır, halal-haram bilmir. Hər vasitə ilə varlanmağa çalışan şəxsdən nə ibrət götürmək olar?! Onun düşüncələri əməllərində əks olunur. Bəli, o insanla dostluq, yoldaşlıq etmək olar ki, sənə ilahi hədəfə çatmaqda yardımçı olsun.
Bu ifadələrin oxşarını Əmirəl-mö’minin (ə) başqa bir tərzdə ifadə etmişdir. Həzrət (ə) yaxşı yoldaş haqqında tövsiyyəsindən sonra buyurur: “İnsanın həyatda ən üstün faydalarından biri yaxşı dosta malik olmasıdır...” Eyni məzmunda rəvayətlərdən birində həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allah-təala bir bəndəsinin yaxşılığını istəsə, ona saleh yoldaş nəsib edir ki, Allahı unutduğu vaxt həmin yoldaş Allahı ona xatırlatsın.”1 Bu deyilənlər insanı yaxşı yoldaş tapmağa həvəsləndirir. Yaxşı yoldaşın qədrini bilib, onu qorumaq lazımdır. Yaxşı dost nadir incidir. Bir yaxşı dost tapmaq üçün uzun müddət axtarış aparmaq lazım gəlir. İdeal yoldaş böyük ne’mətdir və bu həqiqəti inkar etməyə dəyməz.
İnsanlardan kənarlaşıb, tənha yaşamaq fikri İslam dininə yaddır. Belə bir fikir insanın təbiəti, fitrəti ilə də uyuşmur. Allah-təala insanı insan üçün ne’mət yaratmışdır. Bizlər isə bə’zən ne’məti əzaba çeviririk. İnsanlar öz axirət səfərlərində bir-birlərindən faydalanmalıdırlar. Ünsiyyət, yoldaşlıq bu yolda Allahın insanlara bəxş etdiyi böyük ne’mətdir. Həyatda yaxşı yoldaş qədər tə’sirli ikinci bir amil yoxdur. Gənclər, dostlar və ətrafdakıların tə’siri altına daha tez düşürlər. Başqa tə’sirli amillər də mövcuddur. Alimlər dostun tə’sirini ağıza qoyulmuş loğmaya oxşadırlar. İnsan ağzındakı tikəni ləzzətlə çeynəyib, özündən xəbərsiz udduğu kimi, pis yoldaş da insanın yaxşı xüsusiyyətlərini ondan xəbərsiz asta-asta kamına çəkir. Əksinə, yaxşı dost maddi və mə’nəvi sərmayələri insanın kamına axıdır. O, çətinlik çəkmədən öz yoldaşındakı çirkinlikləri aradan qaldırır. İnsan öz eyiblərini çətinliklə tanıya bilir. Bundan ötəri oxumaq, öyrənmək, diqqətli olmaq, xeyli düşünmək lazım gəlir. Amma yaxşı dostun gözəl sifətləri insana tədricən və maneəsiz sirayət edir. İnsanın yaxşı dost seçib, onunla ünsiyyətdə olması eyibləri aradan qaldırır, onu islah edir. Xasiyyət və ruhiyyədə zühur edən bu müsbət tə’sir olduqca əhatəlidir. Pis yoldaşın rəftarı da eyni dərəcədə sür’ətlə sirayət edir. Bütün bu səbəblərə görə imamlar bizi pis insanlarla ünsiyyətdən çəkindirirlər. Bir rəvayətdə Həzrət Əli (ə) buyurur: “Pis dostla yoldaşlıqdan həzər qıl. O, öz rəfiqini həlak və xar edər.”1
Bir sözlə, heç bir ne’mət yaxşı dost mislində deyil. Yaxşı dost həm şirindir, həm insana müsbət tə’sir edir, yaxşı sifətlər yaradır, nöqsanları aradan qaldırır, həyat yolunda yardımçı olur, axirətə doğru hərəkətdə şövqə gətirir. İnsana nəsib olan ən üstün ne’mətlərdən biri saleh yoldaşdır. İnsan tanıdığı yaxşı insanlarla ünsiyyətə, yoldaşlığa can atmalıdır. Yaxşılardan olmaq istəyirsinizsə, onlara yaxınlaşın pislərdən olmaq istəmirsinizsə, pislərdən uzaqlaşın. Yaxşılarla ünsiyyət sizi yaxşılığa yaxınlaşdırası, pislərlə ünsiyyət sizi pisliyə sövq edəsidir!
Dostları ilə paylaş: |