b) Dostluq əlaqələrinin qorunması
İctimai həyatda şübhələrin yaranması adi bir haldır. İnsan öz ətrafındakılarda, hətta dostlarında şübhəli rəftarlar müşahidə edirsə, bu şübhələr ictimai həyatın bir növ zərurətlərindəndir. Şübhəli rəftarları müşahidə edən hər bir insan qarşı tərəf haqqında pis fikirə düşüb bədbin olarsa və bu şübhələr əsasında hərəkət edərsə, cəmiyyətdəki bütün dostluq əlaqələri qırılar. Şübhələr əsasında hərəkət edilsə, dost və yoldaş tapmaq problemə çevrilər. Çünki insan daim şübhəli hallarla üzbəüzdür və belə şübhələrin yaranması üçün daim şərait vardır. Hansı ki, ictimai rabitələrdə, ətrafdakılarla ünsiyyətdə qarşı tərəfin düzgün və xoş niyyətlə hərəkət etdiyi əsas götürülməlidir. Hətta qarşı tərəfdən şübhəli hərəkətlər müşahidə etdikdə bu hərəkətləri düzgün saymalı, yaxşılığa yozmalıyıq. İnsan imkan daxilində cəmiyyətin bütün üzvlərinin hərəkətlərini müsbət qəbul etməlidir. Şübhəyə düşdükdə dostluq əlaqəsini kəsməyin, bədbin olmayın, əksinə vəziyyəti diqqətlə araşıdırıb, həqiqəti tapmağa çalışın. Hətta mə’lum olsa ki, qarşı tərəf səhvə yol verib və məqsədi pislik olub, yenə də ona pisliklə cavab verməyin. Qarşı tərəfin səhvini düzəltməyə çalışın.
Dostdan bircə dəfə şübhəli hərəkət müşahidə etməklə belə bir qərara gəlməyin ki, o sizinlə əlaqəni kəsmək fikrindədir və ya sizə xəyanət etmək məqsədi var. Şübhələrə əsaslanaraq dostluq rabitələrini qırmaq olmaz. Hətta əmin olduqda ki, qarşı tərəf dostluğu pozmaq fikrindədir və bu fikirlər sizə xəyanət etmişdir, yenə də qəti qərar çıxarmağa tələsməyin. Əksinə elə bir şərait yaratmağa çalışın ki, o öz qərarını dəyişsin. Dostunuza səhvini başa salmağa çalışın. Söhbət, nəsihət, istənilən münasib bir üsulla onu səmimi dostluğun davamına çağırın. Sizin belə rəftarınız, ehtimal ki, onu peşiman edər və o öz səhvlərini aradan qaldırmağa çalışar. Yox əgər bütün bu tədbirlər fayda verməsə, o, inadkarlıqla düşmənçiliyi davam etdirsə, artıq bu dostdan uzaqlaşmaq vaxtı çatmışdır.
Dostları ilə paylaş: |