«Qardaşlıqdan sonra cəfa necə də pisdir». İnsan dostu seçib, qardaşlıq əlaqələri qurduqdan sonra həmin dosta cəfa edirsə, qardaşlıq hüquqlarını pozursa, bu iş əvvəlcədən dostsuz qalmaqdan daha pisdir. Dost sərmayəsi də başqa sərmayələr kimi qorunmalı və möhtərəm sayılmalıdır. Belə bir sərmayəni qazanmamaq pis, onu itirmək isə daha pisdir. Necə ki, dostluqdan sonra düşmənçilik birbaşa düşmənçilikdən daha çirkindir.
«Sənə arxayın olana xəyanət necə də pisdir». Şübhəsiz ki, istənilən bir şəxsə xəyanət çirkin işdir. Amma sizi e’tibarlı sayan adama qarşı xəyanət daha pis və daha çirkindir. Xəyanət də növbənöv olur. Bə’zən başqalarının hüquqları pozulur, bə’zən isə xalqın malı qəsb olunur. İnsan ictimai mövqe qazandığı vaxt xalq ona e’timad göstərir və bə’zi işlərdə ona müraciət edərək öz var-dövlətini, ləyaqətini ona tapşırır. Əgər belə bir şəxs xəyanət etsə, bu xəyanət adi bir insanın, yə’ni hələ ki ictimai mövqe qazanmamış şəxsin xəyanətindən qat-qat pisdir.
Söhbətin əvvəlində qeyd olunduğu kimi, Həzrətin (ə) nəsihətlərinin ünvanı bütün cəmiyyətdir və bu nəsihətlər hamı üçün xeyirlidir. Amma mö’min şəxs Allaha yaxınlıq məqsədi ilə bu buyuruqlara əməl etsə, dünyəvi faydalardan başqa, axirət savabları da qazanar. İmanlı şəxs bu tövsiyyələrə əməl edərək dünya həyatında tərəqqi etməklə yanaşı, axirət səadətini də əldə edir. Amma Allaha və qiyamət gününə inanmayan insan bu göstərişlərə dünya səadəti xatirinə əməl edə bilər və bu yolla öz dünya həyatını sahmana salar.
Dostları ilə paylaş: |