21. Fayl sistemi
Fayl sistemi – əməliyyat sisteminin bir hissəsi olub, diskdə fayllara və kataloqlara girişi və onların yerləşməsini idarə edir.
MS DOS-da fayl sistemi məntiqi diskləri, kataloqları və faylları əmələ gətirir. Əməliyyat sistemi ilə işləyərkən informasiyanın daxil və xaric olunması hansı qurğunun köməyilə yerinə yetirilirsə, onu işarə etmək və ya ad vermək zərurəti ortaya çıxır. Bu tətbiqi proqramlardan bilavasitə həmin qurğulara müraciət olunmasını təmin etmək üçün lazımdır.Məsələn, DOS və Windows-da disk qurğularının adları latın əlifbasının hərfləri və iki nöqtə işarəsi ilə göstərilir (məs., A:,B:,C: və s.). Belə adlar məntiqi adlanır. Həm də A: və B: simvolları ilə adətən floppy-diskovodlarını işarə edirlər. Qeyd etmək lazımdır ki, sizin vahid sərt diskinizi hər birinə məntiqi ad verilən bir neçə hissəyə bölmək olar. Bu səbəbdən də, məsələn, C: və D: məntiqi diskləri eyni bir sərt diskin iki hissəsini özündə ifadə edə bilərlər.
Bir diskdə çoxlu proqramlar, mətnlər, şəkillər yazıla bilər. Onları bir-birindən fərqləndirmək üçün də adlardan istifadə edilir. Xüsusi ad altında diskdə yazılmış ixtiyari informasiya fayl adlanır. Faylların adının formalaşması müxtəlif əməliyyat sistemlərində fərqlidir. DOS əməliyyat sistemində faylın adı maksimum 8 simvoldan ibarətdir. Faylları adlandırarkən hərflərdən, rəqəmlərdən və müxtəlif simvollardan ($ @ & # ! % ( ) - _ ~) istifadə etmək olar. Sətri və baş (kiçik və böyük) hərflər fərqləndirilmir. Qeyd etmək lazımdır ki, DOS-un bəzi versiyalarında faylların adlarında rus hərflərinin istifadə olumasına imkan verilmir. Probel, plyus, iki nöqtə və s. kimi digər simvolların da istifadə olunmasına icazə verilmir. İxtiyari faylın adına nöqtə işarəsi ilə ayrılan üç simvoldan ibarət mütləq olmayan genişlənmə əlavə oluna bilər. Məsələn, QEYD.TXT, burada QEYD – faylın adını, TXT isə yadda saxlanılan faylın genişlənməsi adlandırılır və onun tipini göstərir. Faylın adında EXE və COM genişlənmələri, onun proqram kodlu fayllar olduğunu göstərir.
DOS-dan fərqli olaraq, Windows ƏS-nin bütün versiyalarında faylın adında 255-ə qədər simvol, həmçinin probeldən də istifadə oluna bilər.
Faylların aşağıdakı xüsusiyyətləri vardır:
1. Faylın atributları. DOS ƏS-i aşağıdakı atributların yaradılmasına imkan verir: Read-Only (Только для чтения) – ancaq oxumaq üçün, yəni o silinə bilməz.
Hidden (Скрытый) – gizli, System (Системный) – sistem, Archive (Архивный) –arxiv.
2. Faylın yaranma tarixi.
3. Faylın yaranma vaxtı. Fayl yaradılarkən ona əlavə olaraq yazılır.
4. Faylın baytlarla uzunluğu.
Dostları ilə paylaş: |