Proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti özündə proqramın ilkin mətninin mətn redaktorunun və kompilyasiyasının əmrlər dilinin imkanlarını birləşdirir, proqram vasitələrinin yaradılması üçün tətbiq olunur.
Proqram komplekslərindən olan CASE texnologiyasından banklar, maliyyə korporasiyaları və ən iri firmalar üçün mürəkkəb informasiya sistemlərinin yaradılması üçün istifadə olunur.
19. Əməliyyat sistemi və onun əsas funksiyaları
Əməliyyat sistemi (ƏS) – bu proqram kompyuter işə salınarkən yüklənir və onun köməyilə kompyuterin işi idarə olunur.
Əməliyyat sistemi kompyuterin qurğu hissəsinin və tətbiqi proqramların idarə olunmasını, həm də onların öz aralarındakı və istifadəçi ilə qarşılıqlı təsirini təmin edən proqram vasitələrinin məcmusudur.
Bütün əməliyyat sistemlərinin əsas funksiyası vasitəçilikdir, o bir neçə interfeys növünü: istifadəçi interfeysini, qurğu-proqram interfeysini və proqram interfeysini təmin edir.
Əməliyyat sistemi – klaviaturadan və ya mouse-un köməyilə əmrləri daxil etməyə, diskdə verilmiş ad altında mətnləri və şəkilləri saxlamağa, sərt disklərdən başqa proqramları işə salmağa imkan verən proqramlar toplusudur.
Əməliyyat sistemi bir sıra funksiyalara malikdir. Belə ki, istənilən proqramın işində üç mərhələni ayırd etmək olar: informasiyanın daxil edilməsi, informasıyanın emalı və nəticənin xaric edilməsi. İnformasiyanı daxil etmək üçün klaviatura və mouse-dan istifadə etmək olar; informasiya prosessor vasitəsilə emal olunur; nəticələri diskə, ekrana və ya printerə çıxartmaq olar. İnformasiyanın daxil və ya xaric olunması bütün proqramlarda eyni qurğulardan istifadə etməklə eyni şəkildə baş verir. Ona görə də hər qurğu üçün daxiletmə-xaricetmə proqramını bir dəfə yazib və təkrar-təkrar istifadə etməyin mənası vardır, nəinki onları hər bir proqramda yenidən yazmaq. Daxiletmə-xaricetmə proqramları əməliyyat sisteminin ayrılmaz hissəsi hesab edilir. Bu əməliyyat sisteminin birinci funksiyasıdır – informasiyanı daxiletmə-xaricetmə qurğularına başqa proqramların vahid və standart müraciətini təmin etmək.
Kompyuterlə işləyən vaxt siz müxtəlif proqramları işə sala bilərsiniz.Digər proqramların işə salınması əməliyyat sisteminin ikinci funksiyasıdır.
Proqramı işə salmaq üçün əməliyyat sisteminə “Verilmiş proqramı yerinə yetirmək” əmrini vermək lazımdır. Proqramı işə salmağın əvəzində siz, “Yaddaş çatışmamazlığı səbəbindən proqramı yerinə yetirə bilmirəm” cavabını ala bilərsiniz. Beləliklə, sizlə kompyuter arasında dialoq qurulur, bu proses kompyuterin yüklənməsindən dərhal sonra əməliyyat sisteminin köməyilə baş verir və tətbiqi proqramlar işə salınarkən onlar tərəfindən davam etdirilə bilər. İnsanla kompyuter arasındakı dialoq – əməliyyat sisteminin üçüncü funksiyasıdır.
Bəzi əməliyyat sistemlərində, məsələn, Windows-da siz eyni vaxtda bir neçə proqramı yerinə yetirə bilərsiniz. Həm də proqramlar bir-birilə qarşılıqlı əlaqədə ola bilərlər. Necə ola bilər ki,bir neçə proqram eyni vaxtda bir prosessorda yerinə yetirilsin? Məsələ burasındadır ki, hər bir proqramın yerinə yetirilməsinə kvant adlandırılan, kiçik vaxt kəsiyi ayrılır, bu vaxt başa çatdıqda növbəti proqramın icrasına başlanır, sonra növbəti və belə dairə üzrə davam edir. Beləliklə, bütün işə salınan proqramların paralel olaraq işləməsi haqda illüziya yaranır. Eyni vaxtda bir neçə proqramın yerinə yetirilməsi çox əlverişlidir, məsələn, siz bir proqramdan digərinə mətn və şəkil köçürə bilərsiniz. Deməli, eyni vaxtda işə salınmış bir və ya bir neçə proqramın yerinə yetirilməsi və onlar arasındakı informasiya mübadiləsinin idarə olunması - əməliyyat sisteminin dördüncü funksiyasıdır.
Beləliklə, əməliyyat sistemi aşağıda göstərilmiş dörd ümumi funksiyaya malikdir:
1. İnformasiyanı daxiletmə-xaricetmə qurğularına bütün proqramların vahid və standart müraciətini təmin etmək. Fayl sisteminin yaradılması informasiyanın daxil və xaric edilməsinin mühüm hissəsi hesab edilir.
2. Başqa proqramların işə salınması.
3. İnsanla kompyuter arasındakı dialoqun təşkili.
4. Eyni vaxtda işə salınmış bir və ya bir neçə proqramın yerinə yetirilməsi və onlar arasında informasiya mübadiləsinin idarə olunması.
Dostları ilə paylaş: |