Həkimlərin nəzərincə, insan öz ağlı ilə aləmdə olan həqiqətləri kəşf etməyə qadirdir və ağılla əldə olunan elm əsil, həqiqi və etimad olunası bir elmdir. Çünki ağıl aləm və həqiqətləri necə varsa, o cür də dərk etməyə və özündə əks etdirməyə qadirdir. Ağıl aləmin həqiqi surətini özündə əks etdirə bilən bir qüvvədir.
İMAN — HƏKİMLƏRİN NƏZƏRİNDƏ
Müsəlman həkimlər Quranda bəyan olunan prinsiplərə əsaslanaraq deyirlər ki, iman, aləmi ümumi şəkildə necə varsa, o cür də tanımaq, həmçinin aləmin mənşə, cərəyan, nəzm və hansı nöqtəyə qayıdacağını bilmək deməkdir. Quran insanları Allaha, mələklərə və aləmin yaradılışına iman gətirməyə dəvət edir. Eləcə də aləmin hər an Allah tərəfindən idarə olunmasına və bütün məxluqatın Onun tərəfindən yaranıb, nəhayətdə Ona qovuşacağına etiqad bəsləməyə, yəni məada çağırır. Müsəlman həkimlərin nəzərincə, bütün bunları tanımaq və dərk etmək «iman» gətirmək deməkdir. Bunlar həmişə imanı mərifət, tanımaq, bilmək və hikmətlə bir şey kimi təfsir edirlər. İslam fəlsəfəsi kitablarında (hətta bir qədər ariflərin zövqünə uyğun tərzdə yazılmış Molla Sədranın kitablarında belə) bu məsələyə, yəni Allaha, Peyğəmbərə, mələyə və məada imanın, onları dərk etmək mənasında olması məsələsi ilə rastlaşırıq. Qısa şəkildə desək, bunların fikrincə Quranda işlədilən iman sözünün hamısı dərk edib başa düşmək, mənasını daşıyır.