Kişilərə qarışmadan və əxlaqsızlığa uğramadan qadınların elm öyrənməsi
Siz qadınların dünyaya sözünüz var. Bu sözü dəqiq şəkildə yazın və dünyaya verin. Söz də təkcə dillə, şifahi və ya yazılı yox, daha çox əməli sözdür. İranın qadınları, xüsusən də elmin müxtəlif fənlərində İslam çərçivəsində, İslam hökmləri və hamısından mühümü, hicab çərçivəsində hərəkət edə bilən şəxslər gərək dünyanın qadınlarına, qızlarına və qadın tələbələrinə əməli surətdə başa salsınlar ki, elm pozğunluq demək deyil. Elm öyrənmək üçün qadın və kişi münasibətlərində əxlaqi meyarlara qarşı laqeydlik zəruri deyil. Bu meyarlara tam riayət etməklə də elm öyrənmək, yüksək məqamlara çatmaq olar. Sizin varlığınız İslamın qlobal mesajından bir nümunə kimi göstərilə bilər.
Bəli, mən də qəbul edirəm, dediniz ki, bu gün dünya dinlərin sözünün nə olduğunu bilməyə can atır. Dünya dinləri arasında cəmiyyəti kompleks şəkildə qura bilməsini iddia edən din İslamdır. Bugünkü məsihilik və digər dinlər bu iddianı etmirlər. Lakin İslam iddia edir ki, bir ictimai quruluşun təməl sütunlarına malikdir, bu sütunları yerində oturda və bu sütunların əsasında bir ictimai quruluş, bir sağlam və mütərəqqi cəmiyyət ucalda bilər. Biz bütün sahələrdə, o cümlədən elm öyrənmək sahəsində, eləcə də bununla bağlı olan qadın və elm məsələsi sahəsində göstərməliyik ki, İslam bu bacarığa malikdir.
Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990
Yanlış ənənələr səbəbindən qadınların İslam təlimlərindən məhrum qalması
Keçmişdə mövcud olan müxtəlif ictimai ənənələr səbəbindən, qadınlar İslam qaynaqlarını öyrənməkdə kişilərə nisbətən çox uzaq qalmışdılar. Bu səbəbdən qadın cinsinin həqiqi İslam mədəniyyətindən, eləcə də bəşər elmlərindən məhrumluğu kişinin məhrumluğundan çox olmuşdur. Deməli, təlim-tərbiyə, elm və bilik sahəsində çox işlər görülməlidir.
“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981
İslam Cümhuriyyəti qəzeti
Qadının mövqeyi haqqında yanlış təsəvvür - qadınların alim olmasına maneə
Siz görün bizim cəmiyyətimizdə qadınlara qarşı təsəvvürlər necədir. Qadın, yeganə vəzifəsi evdə kişiyə xidmətdən ibarət olan bir varlıq sayılırdı. Bizim cəmiyyətimizdə uzun müddət hətta kişilərin öz həyat yoldaşlarını sevdiyi yerlərdə və təbii ki, onlar üçün bəzi üstünlüklər tanıdıqları zaman da belə bir təsəvvür mövcud idi. Qadın cəmiyyətdə alim ola biləcək bir varlıq kimi tanınmamışdı. Bizim xalqımız keçmişdə bir qadının alim olmasını eşitdikdə təəccüb edirdi. Bəziləri də təəccüb edirdilər ki, qadın nə üçün dərs oxumalıdır.
Yadımdadır, Məşhəddə qızlar üçün İslam litseyi olmadığından, 67-68-ci illərdə bir qrup yaratdıq ki, gəlin qızlar üçün bir İslam litseyi təsis edək. İki maneə ilə üzləşdik. Əlbəttə, iki il çalışdıq, amma nəticəsi olmadı və axırda da bacarmadım. Bəziləri deyirdilər ki, bu məktəblər var, İslam məktəbinə lüzum yoxdur, siz bir neçə yaxşı müəllimi bu məktəblərə göndərin. Anlamırdılar ki, əgər bir məktəbin idarəsi İslam əsasında olmasa, yaxşı tərbiyə edə bilməz. Az olmayan bir qrup da deyirdi ki, ümumiyyətlə müsəlman qızın litseyə getməsinə nə lüzum var. İbtidai məktəbi oxusun və sonra qadın evdarlıqla məşğul olsun. Bu 68-ci ilə aiddir, hicri tarixi ilə 11-ci, 12-ci əsrlərə aid deyil. İyirmi il öncə bizim cəmiyyətimizdə belə bir təsəvvür mövcud idi.
Qadın üçün savadın, bilginin, siyasi və ictimai şəxsiyyətin anlaşılmaz bir məfhum olduğu cəmiyyətdə qadınların vəziyyətinin necə olacağı bəllidir.
"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988
Keçmiş quruluşlarda qadınların təhqir edilməsi nəticəsində onların yetərli təlim və tərbiyədən məhrum olması
Biz elə bir uzun dövr keçirdik ki, onda nə qadın öz rolunu tanıdı, nə də kişilər qadın üçün rol tanıdılar. Bir neçə əsr boyunca bizim ölkəmizdə və bizim kimi digər ölkələrdə qadına hörmətsizlik olundu. Qadın aşağılandı və ikinci dərəcəli varlıq kimi sayıldı. Bunun nəticəsində bizim ölkəmizdə qadınların say baxımından savadlıları kişilərə nisbətən az oldu, siyasi adamları az oldu, cari məsələlər haqda xəbərdar olanlar az oldu. Halbuki iranlı qadının istedadları eynilə iranlı kişinin istedadları kimi elə nailiyyətlər əldə edə bilər ki, dünyada bu nailiyyətlərə malik olan qadınlar üçün böyük məqam və rol nəzərdə tuturlar; necə ki, iranlı kişi də belədir. Eyni zamanda uzun illər boyunca həm İslam adı ilə (əlbəttə, bu həqiqətin ziddinədir), həm qədim İrandan irs qalmış mədəniyyətin təsirindən qadınlar təhqir olundular. Bu, qadın toplumu üçün belə çox xoşagəlməz bir vəziyyət vücuda gətirmişdir. İnqilabdan öncə yeni İslam təfəkkürləri və inqilabçı İslam təfəkkürləri meydana çıxdıqda və qadınlar kişilərdən az belə təlimlər gördükdə, nəticə olaraq, mübarizə və siyasət meydanında kişilər qadınlardan daha çox inkişaf etdilər. Bu məsələ eynilə təlim-tərbiyə işində və ictimai işlərdə də baş verdi.
"Günün qadını" jurnalına müsahibədən; 4 mart, 1988
Qızların təhsili üçün şərait yaratmağın lazımlığı
Ailələr qızlarının dərs oxumasına icazə versinlər. Bir ata, yaxud ana təəssüb üzündən qızının ali təhsilinin qarşısını almalı olduğunu güman etməsin. Xeyr, din belə bir şey deməyib. Din təhsil sahəsində qızla oğlan arasında fərq qoymamışdır. Qoyun bizim gənc qızlarımız dərs oxusunlar, elm öyrənsinlər və beynəlxalq imperializmin qadın barəsindəki təbliğatının nə qədər əsassız, köksüz və puç olduğunu anlasınlar. Bunları savadın sayəsində dərk etmək olar. Bu gün bizim gənc qızlarımızın və qadınlarımızın ən dindarları və ən pakları təhsil almış təbəqələrdəndirlər.
Bərbəzək düşkünü olanlar, yaxud kor-koranə və gözübağlı şəkildə geyimdə və həyat tərzində Qərb modellərini yamsılamaq istəyənlər, adətən yetərli savadı olmayanlardır. Mən tövsiyə edirəm ki, ata-analar qız uşaqlarının məktəbə getmələrinə və savadlanmalarına imkan yaratsınlar. Əgər istedadları və meylləri olsa, ibtidai mərhələlərdən yuxarıya qalxsınlar, özlərini ali təhsillərə çatdırsınlar və savadlı insanlardan olsunlar.
Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996
Keyhan qəzeti
Dostları ilə paylaş: |