HƏYAT MƏRTƏBƏLƏRİNİN FƏRQLƏRİ
Diri, nəfəs alıb inkişaf edən bitki ilə öz həyatını əldən vermiş quru bitkini müqayisə etdikdə onların arasında çox fərq olmadığını görürük. Lakin diri bir heyvanla ölmüş bir heyvanı müqayisə etdikdə onlar arasında diqqəti cəlb edən fərq olduğunu müşahidə edirik.
Bu fərq diri insan ilə ölü insan arasında daha çoxdur. İnsanın maddi həyatının (ən aşağısı özü üçün) bir çox dəyərləri vardır. Milyardlarla ölçülən sərvəti olan bir kəs az bir müddət ömrünü uzatmaq üçün bütün sərvətini verməyə hazırdır. Hətta göz, qulaq və sair bədən üzvlərindən birinin sağlam olması üçün milyonlarla pul xərclənilir.
Bu, insanın maddi həyatı heyvan və bitki həyatından üstün və fərqli olduğu üçündür. Maddi həyatda insan öz maddiyyat və mülkündən həyatının azca uzanması üçün əl çəkir. Həmin fərq insanın maddi və mə`nəvi həyatı arasında da vardır. İnsanın mə`nəvi həyatı onun maddi həyatından çox qiymətlidir. Hətta müqayisə olunmaz dərəcədə fərqlidir. Əlbəttə, bu, həyatın dəyərini dərk edən şəxs üçün belədir. Mə`nəvi həyatın dəyərini anlayıb, onun ləzzətini dadmış şəxslər bir an Allahın yadında olmaq üçün bütün dünyanı fəda etməyə hazırdırlar. Bu dəyəri necə anlaya bilərik? Gecə-gündüz bir neçə dəqiqə Allahı yad edib namaz qılmağa hazır oluruqsa və bu işdə hətta minnət belə qoyuruqsa, demək, bu cür şəxslərlə çox fasiləmiz vardır!
Bir çox insanlar bu mə`nəvi həyatdan məhrumdurlar. Hətta bu mövzunu anlamaq belə, onlar üçün çətindir. Öz meyllərindən başqa bir şey tanımayan qafil insana insan həyatının heyvani və nəbati həyatdan ibarət olmadığını necə anlatmaq olar?! Onlara necə demək olar ki, insanın insanlığı yemək, yatmaq, maddi və heyvani ləzzətlərlə xülasələşmir?
Allah bu insanları vəsf edərək buyurur: “Onlar dördayaqlılar kimi, bəlkə onlardan da azğındırlar”. Necə ki, bitkilər heyvanların həyatı və onların şüurlarlından xəbərsizdirlər, heyvanlar da insanların xüsusiyyətlərindən qafildirlər. Hansısa bir heyvana bir sənət əsərinə baxmaqda olan ləzzəti başa salmaq mümkün deyil. Təfəkkürün, kəşfin, ixtiranın ləzzətli olduğunu heyvana dərk etdirmək olmaz. O yalnız heyvani həyata aid olanları dərk edir. Biz də üstün insani həyata münasibətdə bu vəziyyətdəyik. İlahi övliyalar Allah zikrinin, Onu düşünməyin ləzzətli olduğunu, heç bir maddi ləzzətin ona bərabər olmadığını, insanın heyvani həyatı ilə müqayisə olunmayacaq bir həyata sahib ola bilməsini, insaniyyət cövhərinin yemək, yatmaq və şəhvətdən savay bir şey olduğunu və bu şeylərin ruhani ləzzət qarşısında uşaq oyuncağını xatırlatdığını hər nə qədər desələr də hal əhli olmayanlar dərk edə bilməyəcəkdir. Hətta bə`zən bu sözlər onlara məsxərə kimi görünəcək! Allah bizi hidayət etdiyi üçün və bu mövzunun həqiqət olduğunu anladığımız üçün məsələyə e`tinasız olmamalıyıq. Bilməliyik ki, imamlar və din böyükləri bu məsələni bizə qəlbimizin onlara yaxın olması və onların ardınca getməyimiz üçün demişlər. Bu sayaq həqiqətlər olduğunu anlamalı və ləzzətlərin yalnız maddiyyat, yemək və yatmaqla xülasələşmədiyini bilməliyik.
Yemək, yatmaq insanın heyvaniyyət tə`sirlərin-dəndir. Bunlar insanın insaniyyət kamilliyi deyildir. İnsanın kamilliyi heyvani ləzzətlərdən çox üstündür. Ümid edirik ki, Allaha, İslama, peyğəmbərlərə və imamlara itaət etdiyimiz üçün belə bir həyat və mə`nəvi ləzzətlər bizə də qismət olacaq!
“İlahi, bizi zikrinlə məşğul et, qəzəbindən pənah ver, əzabından amanda saxla, bəxşiş-lərindən ruzi ver, fəzlindən isə ən`am! Amin ya Rəbbəl-aləmin”.
Dostları ilə paylaş: |