3. MƏADŞÜNASLIQ İNSAN, RUH VƏ BƏDƏNDƏN TƏŞKİL OLUNMUŞDUR
İslam maarifi ilə müəyyən qədər tanış olanlara məlum olduğu kimi, kitab və sünnə içərisində ruh və cism, yaxud nəfs və bədən barəsində çoxlu söhbətlər edilmişdir. Belə ki, hiss orqanları vasitəsilə dərk olunan cism və bədənin təsəvvür olunması nisbətən az, ruh və nəfsin təsəvvür olunması isə çox mürəkkəb və müəmmalıdır.
Şiə-sünnü mütəkəllim və filosofları arasında olan tədqiqatçılar ruhun həqiqət və mahiyyəti barəsində müxtəlif nəzəriyyələr söyləmişlər. Lakin müəyyən qədər də olsa, məlumdur ki, islam nəzərindən ruh və bədən bir-birinə müxalif olan iki gerçəklikdən ibarətdir. Bədən ölüm vasitəsilə həyat xüsusiyyətlərini itirir və tədricən çürüyüb aradan gedir, lakin ruh nəinki belə deyildir, üstəlik həyat əsalətən və ilk növbədə ruha məxsusdur. Ruh bədənlə əlaqəli olmayınca bədən də ondan həyat kəsb edə bilmir; ruh bədəndən ayrılıb onunla əlaqəsini kəsdikdə (öldükdə) bədən öz fəaliyyətini dayandırır, amma ruh öz həyatını əvvəldə olduğu kimi davam etdirir.
Quran ayələrində və Peyğəmbəri-Əkrəmin (s) Əhli-beytindən olan imamların kəlamlarına diqqət yetirdikdə məlum olur ki, insanın ruhu qeyri-adi bir varlıqdır; bədənlə bir növ ittihad və və yeganəliyə malikdir. Allah-taala Öz kəlamında buyurur:
“Həqiqətən Biz insanı palçıqdan alınmış olan xülasədən yaratdıq, sonra onu aram bir məkanda nütfə qərar verdik, sonra onu laxta qan şəklinə saldıq, laxta qanı çeynənmiş ətə çevirdik, çeynənmiş əti sümüyə döndərdik, sümükləri ətlə örtdük, bundan sonra onu misli görünməmiş başqa bir varlığa döndərdik.”1
Ayənin bəyan tərzindən aydın olur ki, onun əvvəli insanın maddi və tədrici yaradılışını bəyan edir, sonda isə ruhun, yaxud iradə və şüurun yaranması vurğulanaraq əvvəlki yaranışla tamamilə fərqli olan tam başqa bir yaradılışı bəyan edir.
Başqa bir yerdə məadı inkar edənlərin “insan öldükdən, çürüyüb torpağa qarışdıqdan, bədəni itib batdıqdan sonra yerin tərkibində necə bir yaradılış tapacaqdır?” - deyə verdikləri sualın cavabında buyurur:
“De: Ölüm mələyi sizi bədənlərinizdən alacaq, ondan sonra öz Allahınıza tərəf qayıdacaqsınız.”2Yəni, öldükdən sonra çürüyən, torpağın içinə qarışan məhz sizin bədənlərinizdir, lakin sizin özünüz (ruhlarınız) ölüm mələyinin əli ilə bədənlərinizdən alınaraq Allah yanında qorunub saxlanır.
Bu kimi ayələrdən əlavə, Qurani-Kərim ətraflı və hərtərəfli bir bəyanla mütləq ruhu qeyri-maddi bir şəkildə bəyan edərək buyurur:
“Səndən ruhun həqiqəti barəsində soruşurlar: De: Ruh mənim Allahımın əmri qəbilindən olandır.”3
Başqa bir yerdə isə Öz əmrini təqdim edərək buyurur:
“Allahın əmri (budur ki,) bir şeyi istədiyi (iradə etdiyi) zaman ona “ol!” dedikdə heç bir fasilə olmadan vücuda gəlir və hər bir şeyin mələkutu da elə budur.”4
Bu ayələr göstərir ki, əşyaların yaranışında Allahın fərmanı tədrici deyil, zaman və məkanın əhatəsindən xaricdədir. Deməli, Allahın fərmanından başqa bir həqiqəti olmayan ruh da maddi deyildir, onun vücudunda tədricilik, eləcə də zaman və məkandan asılı olan maddi xüsusiyyətlər yoxdur.
BAŞQALARININ NƏZƏRİNDƏN RUHUN HƏQİQƏTİ
Əqli tədqiqatlar da Qurani-Kərimin ruh barəsindəki nəzəriyyəsini təsdiq edir. Bizim hər birimiz öz həqiqətimizi dərk edərək onu “mən” təbiri ilə ifadə edirik. Bu idrak insanda həmişə mövcuddur. Hətta bəzən insan özünün başını, əlini, ayağını və sair üzvlərini, hətta bütün bədən üzvlərini unudur, lakin “mən”, yaxud “öz”lüyün mövcud olduğu vaxta qədər “mən”in özü onu dərrakəsindən xaricə çıxmır və müşahidə olunduğu kimi bunda bölgü və hissələrə bölünmək də təsəvvürə sığmır. İnsan bədəni həmişə dəyişikliyə məruz qaldığına, özü üçün müxtəlif məkanlar seçdiyinə və müxtəlif zamanlar keçirdiyinə baxmayaraq, “mən” adlı həqiqət həmişə sabitdir və onun həqiqəti heç vaxt dəyişilmir. Deməli, bu anlam maddi olsaydı bölgü, zaman və məkan şəraitini, eləcə də dəyişilmə kimi maddi xüsusiyətləri qəbul edərdi.
Amma bədən bu kimi xüsusiyyətlərin hamısını qəbul edir və ruhla əlaqəli olduğuna görə bu xüsusiyyətlər ruha da aid edilir. Lakin azacıq diqqət yetirməklə aydın olur ki, “o vaxt” və “bu vaxt”, “bura” və “ora”, “bu şəkil” və “o şəkil”, “bu tərəf” və “o tərəf” və s. hamısı bədənin xüsusiyyətləridir və ruh bu kimi xasiyyətlərdən uzaqdır və bu nisbi dəyişikliklər yalnız bədən vasitəsilə ruha aid edilir.
Bu bəyanın oxşarını ruhun xüsusiyyətlərində olan elm, şüur və idrak və s. xüsusiyyətlər barədə də demək olar. Aydındır ki, əgər elm maddi xüsusiyyətə malik olsaydı maddəyə tabe olaraq bölünər, zaman və məkanı qəbul edərdi.
Əlbəttə, bu əqli bəhsin miqyası çox genişdir və bunun ardınca çoxlu suallar yaranır ki, bu kitabın həcminə uyğun deyildir. Onun barəsində yuxarıda qeyd olunanlar sadəcə işarə xarakteri daşıyırdı; əlavə məlumat almaq üçün islami fəlsəfə kitablarına müraciət etmək lazımdır.
İSLAM NƏZƏRİNDƏN ÖLÜM
Səthi bir baxışla ölüm insanın məhv olduğunu xatırladır və həyatın yalnız doğulduğu vaxtla öldüyü vaxt arasında yerləşən qısa bir zaman məhdudəsini əhatə etdiyini çatdırır. İslam isə ölümü insanın həyatın bir mərhələsindən digər bir mərhələsinə nəql olunması kimi təfsir edir. İslam nəzərində insanın əbədi bir həyatı vardır ki, onun üçün heç bir son təsəvvür olunmur, ruhun bədəndən ayrılmasından ibarət olan ölüm onu həyatın digər bir mərhələsinə daxil edir ki, orada xoşbəxt və ya bədbəxt olması ölümdən qabaqkı həyat mərhələsində yaxşı və ya pis əməl sahibi olmasından asılıdır.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Ölməklə məhv olduğunuzu heç vaxt güman etməyin, əksinə bir evdən başqa bir evə nəql olunursunuz.”1
BƏRZƏX
Quran və sünnədən məlum olur ki, insan ölüm ilə ümumi Qiyamət arasında məhdud və müvəqqəti bir həyata da malikdir; bu, dünya həyatı ilə axirət həyatı arasında vasitə və bərzəx hesab olunur. İnsan öldükdən sonra malik olduğu etiqadlar, bu dünyada gördüyü yaxşı və ya pis əməllər xüsusi şəkildə araşdırılır, qısa şəkildə mühasibə aparıldıqdan sonra alınan nəticəyə əsasən şirin və yaxud acı bir həyata məhkum edilir; bu həyat da ümumi Qiyamət gününə qədər davam edir. İnsanın bərzəx aləmindəki həyatı eynilə müəyyən əməllərin araşdırılması üçün məhkəmə orqanına çağırılan, istintaq aparılıb müəyyən suallar soruşulan və sənədləri tənzim olunan şəxslərin vəziyyətinə oxşayır. Bundan sonra o, məhkəmənin vaxtı gəlib çatana qədər müvəqqəti olaraq zindanda saxlanılır. İnsanın bərzəxdəki ruhu dünyada yaşadığı surətdə olur; yaxşı əməl sahibləri xoşbəxtlik və nemət içərisində Allah dərgahına yaxın olan pak insanların qonşuluğunda ilahi nemətlərdən bəhrələnir, pis əməl sahibləri isə bədbəxtliyə, əzaba düçar olur, şeytanlar və zəlalət başçıları ilə yoldaş olur. Allah-taala xoşbəxtlik və səadət əhlinin vəziyyətini belə bəyan edir:
“Allah yolunda öldürülən şəxslərin əsla ölü olduğunu güman etmə! Onlar öz Rəbblərinin yanında (qürb məqamında) ruzilərdən bəhrələnirlər, Allahın Öz fəzl və mərhəməti ilə onlara verdiyi şeylər səbəbi ilə şadlıq və sevinc içərisindədir, onların ardınca gələn və hələ onlara qovuşmayan möminlərə müjdə verib deyirlər ki, onlar üçün heç bir qəm-qüssə və qorxu yoxdur. Həm də onlara Allahın (vəsfə sığmayan) fəzl və mərhəmətini müjdələyib deyirlər ki, Allah möminlərin əcr və savabını heç vaxt zay etmir.”1
Dünya həyatında mal-dövlətlərindən və sərvətlərindən qanuni yolla istifadə etməyən başqa qrupu isə belə vəsf edir:
“Nəhayət, onlardan birinin ölümü çatar və deyər: Pərvərdigara! Məni (dünyaya) qaytarın, bəlkə zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görəm. Xeyr, əsla! Bu onun dediyi bir sözdür (onun sözlərinə əhəmiyyət verilməz), onların qarşısında Qiyamət gününə qədər davam edən bərzəx vardır.”2
QİYAMƏT GÜNÜ
Asimani kitablar içərisində Quran Qiyamət barəsində müfəssəl şəkildə danışan yeganə kitabdır. Tövrat bu gün barəsində əsla söhbət açmamış, İncil isə cüzi işarədən başqa bir şey bəyan etməmişdir. Quranın yüzlərlə ayəsində Qiyamət günü müxtəlif adlarla yad edilmiş, bu gündə dünya və onun əhalisinin malik olduqları tale barəsində bəzən qısa şəkildə, bəzən isə geniş şəkildə izahlar verilmişdir.
Quran dəfələrlə xatırladır ki, Qiyamət gününə iman Allaha imanla yanaşı olub islamın üçlük təşkil edən etiqadi prinsiplərindən biridir ki, ona malik olmayan şəxs (məadı inkar edən şəxs) islam dinindən xaric olub, əbədi həlakətə düçar olanlar sırasındadır.
Həqiqət də məhz belədir. Çünki əgər Allah tərəfindən insanların əməl və işlərinin hesabı, cəza və mükafat məsələsi olmasaydı, Allahın fərman, əmr və nəhylər məcmuəsindən ibarət olan dini dəvət heç bir təsirə malik olmazdı; təsir baxımından təbliğ və nübuvvətin olub-olmaması eyni səviyyədə olacaq, hətta onun olmaması olmasından daha üstün sayılacaqdı. Çünki dini qəbul edib, şəriət qayda-qanunlarına tabe olmaq hökmən özü ilə müəyyən mükəlləfiyyətlər gətirir və azadlığın alınmasına səbəb olur. Halbuki, əgər dinə tabe olmağın heç bir nəticəsi olmasaydı, camaat onu heç vaxt qəbul etməz və öz təbii azadlıqlarından əl çəkməzdi.
Buradan aydın olur ki, Qiyamət gününün xatırladılmasının əhəmiyyəti dini dəvətin öz əhəmiyyətinə bərabərdir.
Eləcə də aydın olur ki, Qiyamət gününə iman insanın təqvalı olub çirkin və bəyənilməz əxlaqdan, böyük günahlardan çəkinməsinin ən mühüm amilidir. Belə ki, ona imanlı olmamaq və yaxud unutmaq da hər növ günahın mənşəyi sayılır. Allah-taala Öz kitabında belə buyurur:
“Həqiqətən Allah yolundan çıxaraq azğınlığa düşənlər üçün ağır bir əzab vardır, çünki onlar Qiyamət gününü unutmuşlar.”1
Aydın olduğu kimi, bu şərif ayədə Qiyamət gününün unudulması azğınçılıq hesab olunur. İnsan və dünyanın yaradılışında, eləcə də asimani şəriətlərin hədəf və məqsədində dərindən diqqət yetirilməsi ilə belə bir günün (Qiyamət gününün) irəlidə olduğu tamamilə aşkar olur.
Biz yaradılış aləmində gerçəkləşən işlərə diqqətlə yanaşsaq məlum olar ki, heç bir iş (belə ki, zəruri olaraq müəyyən qədər hərəkətə də şamil olur) sabit bir hədəf olmadan yerinə yetirilmir; heç vaxt bir işin özü müstəqil şəkildə insanın məqsədi və istədiyi şey deyil, əksinə bunların hamısı müəyyən bir hədəfin müqəddiməsidir və məhz ona görə istənilir. Hətta səthi nəzərlə yanaşdıqda məqsədsiz sayılan müəyyən işlərə, o cümlədən təbii işlərə, uşaq oyunlarına və s. diqqətlə nəzər saldıqda onun növünə uyğun olan məqsəd və hədəflərin olduğu aydınlaşır. Belə ki, ümumi halda hərəkət qəbilindən olan təbii işlərdə hərəkət hansı istiqamətə gedirsə, həmin istiqamət onun məqsədi və hədəfidir. Uşaqlara xas olan oyunlarda isə oyunun növünə münasib olan xəyali bir hədəf vardır ki, oyunda istənilən şey həmin xəyali məqsədə çatmaqdan ibarətdir.
İnsanın və dünyanın yaradılışı Allahın işidir və Allah heç vaxt əbəs və hədəfsiz bir iş görməz. O, yaradılışda sabit bir məqsəd güdmədən və sabit bir hədəfi izləmədən daim yaradıb ruzi verdikdən sonra öldürməsi və yenidən dirildib ruzi verib sonra yenidən öldürməsi, həmçinin bir şeyi düzəldib sonra bir-birinə qarşıdırması və s. işlərdən çox-çox pak və münəzzəhdir.
Deməli, insan və dünyanın yaradılışı üçün hökmən sabit bir hədəf və məqsəd vardır. Əlbəttə, onun faydası hər şeydən ehtiyacsız olan Allaha deyil, yaranmışlara qayıdır. Deməli, insan və dünya sabit bir yaradılışa, daha kamil vücuda doğru irəliləyir ki, onda heç bir fanilik və puçluq yoxdur. Həmçinin dini tərbiyə baxımından camaatın vəziyyətinə diqqətlə yanaşsaq görərik ki, insanlar bu tərbiyə və ilahi hidayət nəticəsində yaxşı və pis əməl sahibləri olaraq iki qrupa bölünürlər. Bununla belə, bu həyat nəşəsində ayrıseçkilik və imtiyaz yoxdur. Əksinə, əksər hallarda müvəffəqiyyət və inkişaf zalımlara və bəd əməl sahiblərinə nəsib olur, yaxşı əməl sahibləri həmişə giriftarçılıqda, çətin məişətdə, ağır həyat şəraitində yaşayır və cürbəcür məhrumiyyətlərə, zülmlərə düçar olurlar.
Belə olan halda ilahi ədalət tələb edir ki, başqa bir həyat da mövcud olsun; onda qeyd olunan iki dəstədən hər biri öz əməlinin cəzasını və əvəzini görsünlər; hər biri öz halına münasib olaraq həyat sürsün. Allah-taala Öz kitabında bu iki höccətə işarə edərək buyurur:
“Biz asimanları, yeri və onların arasında olanları əbəs yerə yaratmamışıq (onları yalnız haqq əsasında hikmət və məsləhətə uyğun xəlq etmişik), lakin camaatın əksəriyyəti agah deyillər.” (Ağıldan uzaq olan bu ehtimal Allaha qarşı kafir olan şəxslərin etdiyi gümandır, vay olsun bu kafirlərin halına! Onlara vədə verilən atəş...! Məgər Biz iman gətirib yaxşı iş görənləri yer üzündə fitnə-fəsad törədənlər kimi qiymətləndirərikmi? Yaxud pəhrizkarları günah əhli kimi qərar verərikmi?)
Başqa bir ayədə iki höccəti cəm edərək buyurur:
“Yoxsa cinayət törədib pis iş görənlər güman edirlər ki, Biz onları iman gətirib yaxşı iş görənlər kimi qərar verəcəyik ki, onların ölümləri və həyatları bərabər olsun? Onların etdiyi hökm necə də pis hökmdür! Allah asimanları və yeri haqq olaraq yaratdı (əbəs yerə yaratmadı) ki, hər nəfsə öz əməli ilə kəsb etdiyi şeylər əvəz olaraq verilsin və camaata zülm olunmasın.”
BAŞQA BİR İZAH
Bu kitabın ikinci bölməsində Quranın zahiri və batini mənaları izah edilərkən qeyd olundu ki, müqəddəs kitabımızda islami maariflər müxtəlif yollarla bəyan olunmuşdur. Həmin yollar ümumi şəkildə iki qismə - zahir və batinə bölünür.
Zahir yolu ilə bəyan olunanlar sadə olub, ümumi kütlələrin düşüncə səviyyəsi ilə uyğundur. Amma batin yolu ilə çatdırılan izahlar xüsusi şəxslərə aiddir və mənəvi həyat ruhu ilə dərk olunur.
Zahir yolundan qaynaqlanan bəyan Allah-taalanı yaradılış dünyasının mütləq rəhbəri və fərman verəni hesab edib buyurur ki, bütün mülk aləmi Ona məxsusdur, Allah-taala saysız-hesabsız mələklər yaratmışdır. Onlar Allahın əmrlərinə itaət edərək fərmanlarını icra edirlər. Allah dünyanın hər bir tərəfinə, hər bir yerinə əmr verir, dünyanın hər bir qisminin yaradılışı və nizam-intizamı mələklərdən olan xüsusi bir qrupa aiddir ki, onlar həmin hissənin vəkilləri sayılırlar. İnsan növü də Allahın yaratdıqlarından və bəndələrindəndir ki, Onun əmr və fərmanlarına qulaq asmalı, Allaha itaət etməlidir. Peyğəmbərlər də ilahi çağırışları, Allahın qanun və şəriətlərini gətirən insanlardır ki, Allah onları insanlara doğru göndərmiş və bu qanunların icra olunmasını tələb etmişdir.
Allah-taala iman və itaətə savab və mükafat vədəsi, küfr və günaha isə cəza və əzab vədəsi verdiyinə, digər tərəfdən də vədəsinə xilaf çıxmayacağını buyurduğuna və adil olduğuna görə Öz ədalətinin tələbi ilə başqa bir dünyada yaxşı əməl və pis əməl sahiblərinin bu dünyada öz (yaxşı və ya pis) əməllərinə müvafiq yaşamadıqları üçün o dünyada bir-birindən ayırmalı, yaxşılara yaxşı həyat, pis əməl sahiblərinə isə pis və xoşagəlməz həyat əta etməlidir.
Allah Öz ədalətinin tələbi ilə vədə verdiyinə uyğun olaraq, bu dünyada olan insanları istisnasız şəkildə ölümdən sonra yenidən dirildəcək, onların etiqad və əməllərini incəliklərinə qədər araşdıracaq, onların arasında haqq əsasında mühakimə edəcək və nəticədə hər bir haqq sahibinin haqı özünə qaytarılacaq, hər bir məzlumun haqqı zalımdan alınacaq, hər kəsin əməlinin mükafatı (əvəzi) özünə veriləcək, bəziləri əbədi behiştə, digər bir qrup isə əbədi cəhənnəmə məhkum olunacaqdır.
Bu, Quranın zahiri bəyanıdır və əlbəttə öz yerində doğru və düzgündür; lakin bu anlayışlar insanın ictimai təfəkkürünün məhsulu olan maddədən tənzim olunmuşdur ki, onun faydası daha ümumi və əməlinin hüdudları daha geniş olsun.
Həqiqət vadisində az-çox olan, Quranın batini bəyanı ilə müəyyən qədər tanış olan şəxslər bu bəyanlardan adi və sadə camaatın idrakının səviyyəsindən çox-çox yüksəkdə olan müəyyən mətləbləri başa düşürlər. Quran da öz əbədi çağırışlarında bəzən bu bəyanların batini məqsədini çatdıran məsələləri xatırladır.
Quran öz müxtəlif bəyanları ilə qısa şəkildə buyurur ki, insan da daxil olmaqla, bütün yaradılış aləmi öz təkvini seyri ilə Allaha doğru hərəkət edir; onlar bir zaman öz hərəkətini sona çatdıraraq ilahi əzəmət müqabilində öz müstəqilliklərini tamamilə əldən verəcəklər. İnsan da dünyanın bir varlığıdır, onun təkamülü isə şüur və elm yolu ilədir. O Allah dərgahına doğru çox sürətlə hərəkət edir, öz hərəkətini axıra çatdırdığı bir gün Allahın haqq və yeganə olmasını əyani olaraq müşahidə edəcək və görəcəkdir ki, qüdrət, mülk və hər bir kamal sifəti yalnız Allahın müqəddəs zatına məxsusdur. Məhz bu yolla da əşyalar real varlıqları ilə ona aşkar olunacaqdır.
Bu, əbədiyyət dünyasının ilk mənzilidir. Əgər insan bu dünyada imanlı olub saleh işlər yerinə yetirməklə Allahla, eləcə də Onun dərgahına yaxın olanlarla rabitə, ülfət və ünsiyyət qurarsa, heç vaxt vəsf edilə bilməyən səadət və xoşbəxtliyə çatar, Allah dərgahında, maddi aləmin fövqündə olan bir aləmin pak şəxsiyyətləri ilə yanaşı olar. Əgər dünya həyatına ürək bağlamaq, onun ötəri ləzzətlərində qərq olmaq nəticəsində maddi aləmin fövqündə olan bir aləmdən əlaqəsini kəssə, pak Allah və Onun dərgahının pak insanları ilə ülfət və ünsiyyət bərqərar etməsə əbədi bədbəxtliyə və əzaba düçar olacaqdır.
Əlbəttə, insanın yaxşı və pis əməlləri bu dünyada baş verir və burada da aradan gedir; lakin yaxşı və pis əməllərinin surəti insanın batinində həmişə qalır, insan hara getsə o surətlər onunla yanaşıdır və bunlar onun gələcəkdəki acı, yaxud şirin həyatının sərmayəsi olur.
Yuxarıda qeyd olunan mətləbləri aşağıdakı Quran ayələrindən də anlamaq olar:
Allah-taala buyurur:
“Qayıdış mütləq şəkildə Allaha doğrudur.”1
“Agah olun ki, bütün işlər Allaha doğru qayıdır.”2
“Bu gün əmr birbaşa Allaha məxsusdur.”3
“Ey aramlıq tapan nəfs (Allahı yad et) öz Rəbbinə tərəf qayıt, halbuki sən razısın, səndən də razı qalıblar. Belə isə Mənim bəndələrimin arasına və behiştimə daxil ol.”4
Qiyamət günü bəzi insanlara olunan xitabı bəyan edərək buyurur:
“Sən müşahidə etdiyin bu işlərdən qafil idin, indi pərdəni sənin gözünün qarşısından götürdük və nəticədə sənin gözün bu gün daha iti görür.”5
Quranın təvili barədə belə buyurulur:
“Quranı qəbul etməyən şəxslər onun təvilindən başqa bir şey gözləyirlərmi?! Onun təvili müşahidə olunan bir gündə əvvəllər onu unudan şəxslər belə deyəcəklər: Bizim Rəbbimizin peyğəmbərləri haqq olaraq gəlmişlər, görəsən bizim üçün şəfaət edəcək bir şəxs varmı ki, bizə şəfaət etsin, yaxud arxaya (dünyaya) qayıdaq və yerinə yetirdiyimiz əməllərdən başqa əməllər görək?!” Onlar öz nəfslərinə ziyan vurmuşlar və yaxdıqları iftiranı itirmişlər.”6
“Belə bir gündə Allah onların həqiqi mükafatlarını verər və onlar Allahın aşkar bir gerçəklik, pərdəsiz bir varlıq olduğunu görərlər.”7
“Ey insan, sən əzab-əziyyətlə öz Rəbbinə tərəf səydəsən. Belə isə Onunla görüşəcəksən.”2
“Hər kəs Allahın görüşünə ümidvar olsa (bilsin ki,) Allahın görüş üçün müqəddər etdiyi vaxt gəlib çatacaqdır.”3
“Hər kəs öz Rəbbinin görüşünə ümidvar olsa gərək saleh əməl (yaxşı və bəyənilən iş) etsin və öz Allahına pərəstişdə heç kəsi şərik qoşmasın.”4
“Ey xatircəm olmuş nəfs! Sənin Rəbbindən, Rəbbinin də səndən razı olduğun halda öz Rəbbinə doğru qayıt. Mənim bəndələrimin içinə və behiştimə daxil ol.”5
Başqa bir ayədə buyurulur:
“Ən böyük müsibət gəlib çatdıqda insan özünün hər növ səylərini xatırlayar, əzab üçün işıqlanan atəş aşkar olar (camaat iki qrupa bölünər). Tüğyan edərək dünyanı özlərinə həyat seçənlərə gəldikdə, həmin atəş onun yeridir. Amma hər kəs öz Rəbbinin məqamından qorxaraq nəfsini həvayi-nəfsdən, xoşagəlməz işlərdən çəkindirsə cənnət onun yeridir.”6
Əməllərin cəzasnın necəliyi barədə isə belə buyurulur:
“Ey kafir olanlar! Üzr və bəhanə gətirməyin. Bu gün (Qiyamət günü) sizə verilən cəzalar yerinə yetirdikləriniz əməllərdir.”1
YARADILIŞIN DAVAMI VƏ ARDICILLIĞI
Müşahidə olunan bu yaradılış dünyasının ömrü sonsuz deyil və onun sona çatacağı bir gün vardır. Qurani-Kərim bu məsələni təkid edərək buyurur:
“Yerləri, göyləri və onların arasında olanları yalnız haqq və müəyyən olunmuş əcəl (adı qeyd olunan müəyyən və məhdud bir müddət) əsasında yaratdıq.”2
Belə bir sual yaranır ki, hazırkı aləmin yaradılışından və insan nəslindən qabaq bir aləm də yaradılmış və onda da insan olmuşdurmu? Eləcə də, Quranın xəbər verdiyi kimi bu dünyada və onda olanların vaxtı qurtardıqdan sonra başqa bir dünya meydana gələcəkdirmi və yenə də insan yaradılacaqdırmı? Bu kimi sualların cavabını Quranda aşkar şəkilda tapmaq mümkün deyildir. Yalnız bu barədə bəzi işarələr edilmişdir. Lakin Əhli-beyt imamlarından (ə) nəql olunan rəvayətlərdə bu suallara müsbət cavab verilmişdir.3
4. İMAMŞÜNASLIQ İMAMIN MƏNASI
İmam və rəhbər xalqın qarşısına düşərək onlara rəhbərlik edən, hər hansı bir ictimai yolda, siyasi məram və məqsəddə elmi və ya dini məsləkləri öhdəsinə alan şəxsə deyilir. Əlbəttə, öz zəminəsi ilə mövcud rabitəsinə görə bu sahədə daha geniş və ya kiçik məna daşıyacaqdır.
Müqəddəs islam dini bəşəriyyətin ümumi həyatını nəzərə alaraq hər tərəfli göstərişlər vermişdir. Mənəvi həyat baxımından da bunları araşdırmış, insanlara yol göstərmiş, zahiri və fərdi həyatlar və onun necə idarə olunması, eləcə də ictimai həyat və ona rəhbərlik məsələsinə dair nəzərlər vermişdir.
Qeyd olunan yönlərə əsasən islam dinində ümmətə rəhbərlik məsələsi üç cəhətdən diqqət mərkəzində saxlanıla bilər: 1-İslami hökumət; 2-İslami hökm və maarifin bəyan olunması; 3-Mənəvi həyata doğru rəhbərlik.
Şiələrin inancına görə islam cəmiyyətində qeyd olunan üç cəhət zəruri olduğu kimi, həmin cəhətlərin idarə olunmasını və camaata rəhbərliyi öhdəsinə alan şəxsin varlığı da zəruridir və belə bir şəxs Allah və Onun Peyğəmbəri tərəfindən təyin olunmalıdır. Əlbəttə, Peyğəmbəri-Əkrəmin belə bir təyinatı də yalnız Allahın əmri ilə həyata keçir.
İMAMƏT, PEYĞƏMBƏRİN CANİŞİNLİYİ VƏ İSLAMİ HÖKUMƏT
İnsan, Allahın ona verdiyi pak fitrətlə heç bir şəkk-şübhə olmadan dərk edir ki, bir ölkə, bir şəhər, bir kənd, bir qəbilə və hətta bir neçə insandan təşkil olunmuş bir evdə belə, mütəşəkkil cəmiyyət olduğu üçün həyat heç vaxt rəhbər və cəmiyyətin idarə işlərini öhdəsinə alan, hakimiyyətlə ayrı-ayrı fərdlərin idarə olunmasına nəzarət edən, cəmiyyətin hər bir üzvünü öz ictimai vəzifəsini yerinə yetirməyə vadar edən bir şəxs olmadan mümkün deyildir. Belə bir şəxs olmadan cəmiyyət öz həyatını davam etdirə bilməz və qısa vaxt ərzində cəmiyyət dağılar, hərc-mərcliyə düçar olar.
Buna görə də cəmiyyətin rəhbəri olan (istər cəmiyyət böyük olsun, istərsə də kiçik), eləcə də öz vəzifəsini yerinə yetirib cəmiyyətə diqqət yetirən şəxs müvəqqəti və ya həmişəlik olaraq işdən kənara çəkilsə, əlbəttə, öz yerinə bir canişin qoyacaq. O, heç vaxt öz hakimiyyətinin hüdudlarını başsız qoyaraq onun tənəzzülə uğramasına göz yuma bilməz.
Bir neçə günlük, yaxud bir neçə aylıq səfərə çıxaraq öz əhl-əyalı ilə vidalaşan bir ailə başçısı onlardan hər hansı birini (yaxud başqa bir şəxsi) öz yerinə canişin təyin edir, mənzilin idarə olunması işlərini ona həvalə edir. Öz əlinin altında bir neçə şagirdi, yaxud işçisi olan müəssisə rəisi, məktəb müdiri, yaxud dükan sahibi hətta bir neçə saat olmadıqda belə, onlardan hər hansı birini öz yerinə qoyur ki, başqaları ona müraciət etsinlər.
İslam dini də ilahi kitabın və Peyğəmbər sünnəsinin aşkar buyurduğuna görə fitrət əsasında qurulmuşdur; o ictimai bir dindir. Bunu həm onunla agah olanlar, həm də yad olanlar onun öz simasında müşahidə edib, Allah və Peyğəmbərin bu dinin ictimai yönlərinə yetirdiyi nəzərləri heç vaxt inkar edə bilməz. Həm də bu, başqa heç bir şeylə müqayisə olunası deyildir.
Peyğəmbəri-Əkrəm (s) də ictimai məsələləri islamın nüfuz etdiyi yerlərdə heç vaxt tərk etməmiş, müsəlmanların əlinə keçən hər hansı şəhər və ya kəndə elə ilk vaxtlar vali təyin edərək müsəlmanların idarə olunması işini ona həvalə edirdi. Hətta cihad meydanına göndərdiyi ordularda bəzən müəyyən bir vəziyyətin əhəmiyyətini nəzərə alaraq, birdən artıq rəis və ya sərkərdəni ardıcıl olaraq onlara təyin edirdi. Hətta “Mutə” müharibəsində dörd sərkərdə təyin etmiş və buyurmuşdu ki, əgər birincisi öldürülsə ikincisi, ikincisi öldürülsə üçüncüsü, üçüncüsü öldürülsə dördüncüsü bu ardıcıllıqla qoşuna rəhbərlik etsinlər.
O həzrət canişinlik məsələsinə də tam diqqət yetirmiş və lazım olan hallarda canişin təyin etməyi unutmamışdır. O həzrət hər vaxt Mədinədən çıxsaydı öz yerinə bir vali təyin edərdi. Məkkədən Mədinəyə hicrət etdiyi və ondan hələ heç bir xəbər olmadığı vaxt özünün bir neçə günlük işlərini idarə etmək, ona tapşırılan əmanətləri sahiblərinə qaytarmaq üçün Əli (ə)-ı öz canişini seçirdi. Həmçinin vəfatından sonra da öz borclarını qaytarmaq və şəxsi işlərini yerinə yetirməyi bir canişin kimi Əli (ə)-a həvalə edirdi.
Şiələr deyirlər: Məhz buna görə də Peyğəmbərin (s), vəfat etdiyi zaman bir kəsi özünə canişin təyin etməməsi, müsəlmanların işlərinin idarə olunmasına bir rəhbər və islam cəmiyyətinin idarə olunmasına bir şəxsi müəyyənləşdirməməsi heç vaxt təsəvvür oluna bilməz. Amma cəmiyyətin yaranmasında hökmən bir sıra müştərək qayda-qanunların olması, cəmiyyətin əksəriyyətinin əməldə qəbul etdikləri müştərək qayda-qanunlara tabe olması, cəmiyyətin qalıb davam etməsi və onların icra olunmasının ədalətli bir hökumətə tam bağlı olması məsələsinə gəldikdə isə, heç vaxt insan fitrəti bu məsələlərin əhəmiyyət və dəyərində şəkk etməməlidir; bu iş heç bir şəxsə gizli deyildir. Halbuki nə islam şəriətinin diqqət və genişliyində şəkk etmək olar, nə də Peyğəmbərin (s) bu məsələyə verdiyi əhəmiyyət və dəyər barəsində. Həmçinin Peyğəmbəri-Əkrəmin (s) bu yolda göstərdiyi fədakarlıqları, yorulmaz səyləri unutmaq, qüdrətli tədbir və düzgün nəzəri, kamil əqli və dərin fikri barəsində münaqişə etmək olmaz (vəhy və nübuvvətin təsdiqindən əlavə).
Peyğəmbəri-Əkrəm (s) sünnü və şiələrin öz hədis kitablarında (“fitən” və başqa bölmələrdə) nəql etdikləri mütəvatir hədislərə əsasən öz vəfatından qabaq islam cəmiyyətinin düçar olacağı fitnə və çətinlikləri, islamın daxilinə nüfuz edəcək fəsadları, o cümlədən Mərvan övladları və sairlərin hökuməti ələ keçirib müqəddəs dinin napaklıqlara, zülmkarlıqlara çevirəcəyindən aşkar şəkildə xəbər vermişdi. O həzrət öz vəfatından minlərlə il sonra baş verəcək çətinliklərdən qafil olmayıb bu barədə xəbər verdiyi halda necə mümkün olar ki, vəfatından sonra yaranacaq ilk və ən mühüm vəzifələrə göz yumsun?! Yaxud bu məsələyə səhlənkar yanaşaraq (bir tərəfdən) belə bir sadə, (digər tərəfdən isə) belə bir mühüm işə əhəmiyyət verməsin?! Yemək, içmək, yatmaq və s. kimi ən adi və ən təbii işlər barəsində yüzlərlə göstəriş verdiyi halda necə mümkün ola bilər ki, belə bir mühüm və dəyərli məsələ barəsində ümumiyyətlə sükut edərək öz yerinə heç kəsi təyin etməmiş olsun?!
Əgər qeyri-mümkün bir fərziyyəyə əsasən islam şəriətində cəmiyyətə rəhbər təyin edilməsi müsəlmanların özlərinə həvalə edilmiş olsaydı, onda yenə də Peyğəmbəri-Əkrəm (s) özünün şəfa bəxş edən bəyanları ilə bu barədə bir söz deməli, kifayət qədər göstəriş verməli idi ki, camaat əsas etibarı ilə islam cəmiyyətinin qalıb inkişaf etməsinə, dini şüarların canlı qalmasına səbəb olan bir məsələdə diqqətli olsunlar. Halbuki Peyğəmbərin (s) belə bir bəyanı və dinin göstərişi barədə heç bir xəbər yoxdur və əgər olsaydı belə, Peyğəmbərin (s) vəfatından sonra idarə işlərini öz əllərinə alanlar onunla müxalifət etməzdilər. Birinci xəlifə xilafəti ikinciyə vəsiyyət əsasında verdi, həmçinin dördüncü xəlifə öz övladına vəsiyyət etdi, ikinci xəlifə üzvlərini özü seçdiyi və məramnaməsini özü yazaraq tənzim etdiyi altı nəfərlik şura əsasında üçüncü xəlifəni hakimiyyətə gətirdi. Müaviyə imam Həsən (ə)-ı zorla sülhə vadar etdi və bu yolla da xilafəti ələ keçirdi, sonra da xilafəti irsi bir səltənətə çevirdi; tədricən cihad, əmr be məruf və nəhy əz münkər, ilahi cəza qanunlarının bərqərar edilməsi və sair dini şüarlar biri digərindən sonra cəmiyyətdən götürüldü və islam şəriət sahibinin göstərdiyi bu qədər səylər qüvvədən düşdü.1
Şiələr bəşəriyyətin fitri idrakında və insanın əql əsasında olan ardıcıl davranışında dərin tədqiqat aparmaq və fitrəti dirçəldən islam dininin əsas nəzəriyyəsində, Peyğəmbəri-Əkrəm (s)-in ictimai davranışında təfəkkür etməklə, habelə onun vəfatından sonra baş verən acınacaqlı hadisələri, islam və müsəlmanların qarşılaşdıqları acınacaqlı hadisələri və hicrətin ilk illərində islam hakimlərinin səhlənkarlıqlarını araşdırdıqda bu nəticəyə gəlmişdir ki, Peyğəmbərdən (s) onun canişini və imamın təyin olunması barədə kifayət qədər və aşkar bəyanlar gəlmiş, qəti və mütəvatir ayələr və hədislər, o cümlədən “Vilayət” ayəsi və “Qədir-xum”1hədisi, “Səfinə” hədisi, “Səqəleyn” hədisi, “Həqq” hədisi, “Mənzilət” hədisi, ən yaxın qohumlarının dəvət olunması hədisi və sairlər bu məsələni tamamilə göstərir; lakin bunlar müəyyən şəxsi məqsədlərə görə başqa mənaya yozulmuş və onların əsil mənaları gizlədilmişdir.
BU SÖZLƏRİN BİR DAHA QÜVVƏTLƏNDİRİLMƏSİ
Peyğəmbərin (s) xəstəliyinin son günləri idi. Səhabələrdən bir dəstəsi o həzrətin hüzurunda olduğu zaman buyurdu: “Mənim üçün kağız-qələm gətirin, sizin üçün elə bir şey yazım ki, məndən sonra (ona riayət etməklə) heç vaxt yolunuzu azmayasınız.” Orada olanlardan bəzisi dedi: “Bu kişi sayaqlayır, Allahın kitabı bizim üçün kifayətdir!!” Sonra orada səs-küy qopdu. Peyğəmbər (s) buyurdu: “Ayağa qalxın və mənim yanımdan çıxın! Peyğəmbərin (s) hüzurunda səs-küy qoparmaq olmaz.”1
Keçən fəslin mətləblərini nəzərə almaqla, eləcə də bu hadisə zamanı Peyğəmbərin (s) qərarının əməli olaraq həyata keçməsinə mane olanlara diqqət yetirməklə məlum olur ki, elə bu işi törədənlər həmin günün sabahı xilafəti öz əllərinə keçirdilər. Xüsusilə birinci xəlifəni Əli (ə)-ın və onun yaxın adamlarının xəbəri olmadan seçib, onları artıq baş vermiş bir iş qarşısında qərar verdilər. Yuxarıdakı hədisdə Peyğəmbərin (s) həzrət Əlini (ə) özünə canişin təyin etməkdən başqa bir məqsədinin olduğunu güman etmək olarmı?
Peyğəmbərin (s) ətrafında olanların hay-küy qoparmaqda məqsədləri onun ciddi mənası (yəni xəstəliyinin şiddətindən sayaqlaması) deyil, o həzrətin fikrini əsas məqsəddən yayındırmaq idi. Çünki əvvəla: Peyğəmbər (s) xəstəliyinin bütün dövrlərində hətta bir söz belə, yersiz danışmamış, heç kəs də belə bir şey nəql etməmişdi. Dini meyarlara əsasən də müsəlmanların Allah tərəfindən günahdan amanda olan ilahi bir şəxsiyyətin sayaqlamasını deməyə haqları yoxdur.
İkincisi, əgər bu sözü deməkdə onun ciddi mənası nəzərdə alınsaydı, “Allahın kitabı bizə kifayətdir” cümləsi üçün heç bir əsas olmazdı və Peyğəmbərin (s) sözünün yersiz olmasını isbat etmək üçün onun xəstəliyinin şiddətlənməsini dəlil gətirmək əsasında olardı; “Quranın varlığı ilə Peyğəmbərin (s) sözünə ehtiyac yoxdur” sözü ilə yox; çünki Allahın kitabının Peyğəmbərə (s) itaət etməyi vacib bilməsi, onun sözlərinin Allah sözü olması və Quranın aşkar buyuruğu “camaatın Allahın və Peyğəmbərin hökmü müqabilində heç bir ixtiyarları yoxdur” kimi məsələlər heç bir səhabəyə gizli deyildi.
Üçüncüsü, bu hadisə birinci xəlifənin ölüm xəstəliyinə düşdüyü zaman da təkrar olundu və o, xilafəti ikinci xəlifəyə vəsiyyət etdi. Osman xəlifənin əmri ilə vəsiyyətnaməni yazarkən xəlifə huşdan getdi, amma ikinci xəlifə Peyğəmbərin (s) barəsində dediyi sözləri birinci xəlifənin barəsində təkrar etmədi.1
Bunlardan əlavə İbni Abbasın nəql etdiyi hədisdə1 ikinci xəlifə bu həqiqəti etiraf edərək deyirmiş: Mən başa düşdüm ki, Peyğəmbər (s) xilafəti yazılı şəkildə Əliyə vermək istəyir, lakin məsləhətə riayət edilməsi üçün bu məclisi qarışdırdım. (O deyir:) xilafət Əliyə məxsus idi.2Lakin əgər o xilafətə çatsaydı camaatı haqqa və düz yola dəvət edəcək və Qüreyş də bu işi qəbul etməyəcəkdi. Buna görə də onu xilafətdən kənarlaşdırdım.(!!!)
Dini meyarlara əsasən haqdan çıxan adamlar haqqa vadar edilməlidir, nəinki qanun pozanın xatirinə haqq aradan aparılmalıdır. Birinci xəlifəyə müsəlman qəbilələrindən bir qrupunun zəkat verməkdən imtina etmək xəbəri verildikdə onlara qarşı müharibə əmri verərək dedi: “Əgər Peyğəmbərə verdikləri iqalı (zəkatı) mənə verməsələr mən onlarla müharibə edəcəyəm!”3
Əlbəttə, onun məqsədi bu idi ki, nəyin bahasına olursa-olsun, haqqı öz yerinə qaytarmaq lazımdır. Unutmaq olmaz ki, haqq xilafət məsələsi zəkatı ödəməkdən daha mühüm və daha dəyərli idi.
İLAHİ MAARİFİN İZAHINDA İMAMƏT
Peyğəmbərşünaslıq bölmələrində aydın oldu ki, ümumi hidayətin zəruri və sabit qanunlarına uyğun olaraq, yaradılışın hər bir növü təkvin əsasında öz növünə məxsus olan xoşbəxtlik və kamala doğru hidayət olunub.
Yaradılış aləminin növlərindən biri olan insan da bu ümumi qanundan istisna deyildir; o, həqiqətgörənlik və ictimai təfəkkür yolu ilə öz həyatında xüsusi üslubla hidayət olunmalıdır ki, onun həm dünya, həm də axirət xoşbəxtliyi təmin olunsun. Başqa sözlə desək, bir sıra əməli vəzifələri yerinə yetirməli və etiqadları dərk etməli, öz həyatını onlarla uyğunlaşdırmalıdır ki, özünün insani kamal və xoşbəxtliyini əldə edə bilsin. Deyildiyi kimi, din adlandırılan bu həyat proqramlarının dərk olunması əql yolu ilə deyil, vəhy və nübuvvət adlı başqa bir üsulladır ki, bəşəriyyətin bəzi pak insanları olan peyğəmbərlərdə zahir olur.
Məhz peyğəmbərlər insani təklif və vəzifələri vəhy vasitəsilə Allah tərəfindən əldə edərək camaata çatdırırlar ki, onların həyatda icra olunması ilə xoşbəxtlikləri təmin olunsun. Aydındır ki, bu dəlillə bəşər fərdləri arasında belə bir idrakın zəruri olması sübut edildiyi kimi, bu proqramların əsasını təhrifdən qoruyub saxlayan və camaata çatdıran bir şəxsin varlığının zərurəti də sübut olunur.
Allahın mərhəməti ilə müəyyən şəxslərin insani vəzifələri vəhy yolu ilə dərk edərək camaata öyrətmələri, eləcə də bu insani-asimani vəzifələrin həmişəlik olaraq insaniyyət üçün qorunub saxlanılması, lazım olan surətdə camaata öyrədilməsi üçün müəyyən şəxslərin varlığı lazımdır. Yəni cəmiyyətdə həmişə elə şəxslər olmalıdır ki, Allahın dini onların yanında qorunub saxlanılsın və lazım olduqda isə tətbiq edilsin.
Asimani dinin qorunub saxlanılmasını öhdəsinə alaraq Allah tərəfindən belə bir xüsusi vəzifəyə seçilən şəxs “imam” adlandırılır. Eləcə də vəhyin ruhunu və nübuvvət məqamını daşıyan, dini hökmləri və asimani şəriətləri Allah tərəfindən əxz etmək məqamında olan şəxs də “peyğəmbər” və “nəbi” adlandırılır. Nübuvvət və imamətin həm bir yerdə və bir şəxsdə, həm də ayrı-ayrı olması mümkündür. Yuxarıda qeyd olunan dəlillər peyğəmbərlərin günahsızlığını, günah qarşısında ismət məqamında olduğunu isbat etdiyi kimi, din rəhbərləri və məsum imamların da ismətini isbat edir. Çünki Allah tərəfindən həmişə həqiqi olan, təhrif edilməmiş, camaat arasında təbliğ olunmağa layiq olan bir din olmalıdır və bu məsələ Allah tərəfindən verilən ismət və toxunulmazlıq olmadan mümkün deyildir.
Peyğəmbərlərin vasitəsilə asimani şəriətlər və hökmlərin əldə edilməsi barəsində olan dəlil onun həmişə davam etməsini deyil, yalnız vəhyin əslini, yəni asimani hökmlərin əldə edilməsini isbat edir. Amma onun qorunub saxlanması və davam etməsi təbii olaraq həmişə davamlı bir iş olmalıdır. Buradan da aydın olur ki, insanlar arasında peyğəmbərin həmişə mövcud olmasının zərurəti yoxdur, lakin asimani dinləri qoruyub saxlayan imam camaatın arasında həmişə olmalıdır; cəmiyyət heç vaxt imamsız qala bilməz. İstər onu tanısınlar, istərsə də tanımasınlar. Allah-taala Öz kitabında buyurur:
“Əgər kafirlər Bizim (heç vaxt qanun pozuntusu olmayan) hidayətimizə iman gətirməsələr, Biz elə bir qrupu ona vəkil etmişik ki, heç vaxt ona kafir olmazlar.”1
Qeyd olunduğu kimi imamət və nübuvvət bəzən bir yerdə cəm olur və bir şəxs hər iki məqama - həm peyğəmbərlik məqamına, həm də imamlıq məqamına seçilir və bəzən də bir-birindən ayrılır. Belə ki, peyğəmbərlərin olmadığı hər bir əsrdə haqq olan imam mövcuddur. Aydındır ki, ilahi peyğəmbərlərin sayı məhdud olmuşdur və onlar bütün dövrlərdə yaşamamışlar.
Allah-taala Öz kitabında peyğəmbərlərdən bəzisinin imamət məqamında olduğunu bəyan edir. Belə ki, İbrahim (ə)-ın barəsində buyurur:
“O zaman ki, Allah İbrahimi kəlmələrlə imtahan etdi, sonra onları tamamladı və axıra çatdırdıqda Allah buyurdu: “Mən səni camaata imam və rəhbər təyin etdim.” İbrahim dedi: “Mənim övladlarımdan da?!” Buyurdu: “Mənim əhd və fərmanım zalımlara çatmaz.”2
Başqa bir ayədə isə buyurulur:
“Biz onları Bizim əmrimizlə hidayət edən rəhbərlər, imamlar qərar verdik.”3
ƏMƏLLƏRİN BATİNİNDƏ İMAMƏT
İmam insanların zahiri əməlləri ilə əlaqədar rəhbər və yol göstərən olduğu kimi, onların batinində də rəhbərlik məqamına malikdir və o insaniyyət karvanının başında duraraq batin yolu ilə insanları Allaha doğru yüksəldir. Bu həqiqətin aşkar olması üçün iki müqəddiməyə diqqət yetirmək lazımdır:
1. Şübhəsiz, həm islamın, həm də sair dinlərin nəzərinə görə insanın həqiqi və əbədi xoşbəxtliyinin, yaxud bədbəxtliyinin səbəbi və amili onun yaxşı və pis əməlləridir ki, asimani din yolları ona təlim verir. İnsan Allahın ona verdiyi fitrət vasitəsilə də bu işlərin yaxşı və ya pis olduğunu dərk edir.
Allah-taala vəhy və nübuvvət yolu ilə bu əməlləri insanların təfəkkür səviyyəsinə uyğun, həmçinin özümüzün ictimai dilimizlə əmr, nəhy (qadağan), təhsin (tərif) və təqdih (qəbahətli bilmə) yolu ilə bəyan edir; itaət etmək, yaxud itaətsizlik müqabilində yaxşı əməl sahiblərinə və itaət edənlərə bütün insani kamal və istəklərin hamısını əhatə edən şirin və əbədi həyat müjdəsi verir, zalımlar və yaramaz əməl sahibləri üçün hər növ bədbəxtçilik və nakamlıqla yanaşı olan acı əbədi həyatı xəbər vermişdir.
Şübhəsiz, hər bir cəhətdən təsəvvür səviyyəmizdən çox-çox yüksəkdə dayanan Allah-taala bizim kimi ictimai təfəkkürə malik deyil və ağalıq-nökərlik, sahibkar-fəhlə, əmr, nəhy, muzd və mükafat kimi etibari və şərti işlər bizim ictimai həyatımızdan kənarda mövcud deyildir; ilahi nəzm də Onun yaratdıqlarıdır ki, onda hər bir varlığın yaradılışı həqiqi rabitələr və bağlılıqlar əsasındadır.1
Peyğəmbəri-Əkrəmin (s) bəyanlarında qeyd olunduğu kimi din bizim adi düşüncə səviyyəmizdən qat-qat yüksəkdə olan həqiqət və maarifləri əhatə edir. Belə ki, Allah-taala təfəkkür səviyyəmizə uyğun olan bəyan və bizim üçün dərk olunası bir din nazil etmişdir.
Buradan belə bir nəticə alınır ki, yaxşı və pis əməllərin əbədiyyət dünyasında olan həyat və onun xüsusiyyətləri ilə həqiqi bir rabitəsi vardır ki, gələcək həyatın yaxşı və ya xoşagəlməz olması bu əməllərin nəticəsidir.
Başqa sözlə desək, yaxşı və pis əməldən hər biri insanın batinində elə gerçəkliklər yaradır ki, onun gələcək həyatı məhz bunlardan asılıdır.
İnsan başa düşsə də, düşməsə də eynilə tərbiyə olunan uşağa bənzəyir. Belə ki, o müəllimin “bunu et, onu etmə” deyə verdiyi göstərişlərdən başqa bir şey eşitmir, yerinə yetirdiyi işlərin zahirindən başqa bir şey başa düşmür. Lakin böyüdükdən və təlim-tərbiyə dövrünü keçirdikdən sonra öz batinində yaratdığı dəyərli ruhi səciyyələr vasitəsilə cəmiyyətdə xoşbəxt həyata malik olacaqdır; müəllimin xoşməramla verdiyi göstərişlərdən imtina edərsə, bədbəxtliklərdən başqa bir şey əldə etməyəcəkdir.
Başqa bir misalla, həkimin göstərişləri ilə müəyyən müddət dava-darman içən, daim idmanla məşğul olan bir xəstəyə bənzəyir; onun, bu halda həkimin göstərişlərini icra etməkdən başqa bir işi yoxdur. Lakin bu göstərişlərin nəticəsində onun orqanizmində xüsusi halət və normallıq meydana gəlir ki, bu da onun sağlamlıq və xoşbəxtliyinin səbəbi və mənşəyi olur.
Bir sözlə, insan bu zahiri həyatın batinində başqa bir batini (mənəvi) həyata da malikdir ki, bu da onun əməllərindən qaynaqlanır, inkişaf edir. Axirət aləmində onun bədbəxtlik və ya xoşbəxtliyinin bu əməllərlə tam əlaqəsi vardır.
Quran bu əqli bəyanı təsdiq edir və bir çox ayələrdə1yaxşı əməl və iman sahibləri üçün bu həyatdan daha yüksəkdə olan bir həyat, bu ruhdan daha aydın olan bir ruh olduğunu isbat edir və əməllərin batini nəticələrinin daimi olaraq insanla yanaşı olduğunu deyir.
Peyğəmbər hədislərində də bu məsələyə çoxlu işarələr edilmişdir.1
2. Bir çox hallarda bizim hər hansı birimiz öz dediyinə əməl etməsə belə, kimi isə yaxşı və ya pis işlərə doğru hidayət edir. Lakin hidayət və rəhbərlikləri Allahın əmri ilə olan peyğəmbərlər və imamlarda belə bir hal heç vaxt müşahidə olunmaz; onlar hidayət etdikləri və rəhbərliyini öhdələrinə aldıqları dinə özləri də əməl edir, camaatı mənəvi həyata doğru sövq etdikləri halda özləri də mənəvi həyata malikdirlər. Çünki Allah Özü bir kəsi hidayət etməsə başqalarının da hidayətini ona həvalə etməz, Allahın xüsusi hidayətində heç vaxt qanun pozuntusuna imkan verilməz. Bu bəyanlardan aşağıdakı nəticələri almaq olar:
1. Hər bir ümmətin peyğəmbər və imamı mənəvi həyat kamalında ən yüksək məqama malikdirlər; onlar insanları həmin həyata doğru dəvət edir və öz dəvətlərinə lazımi və kifayət qədər əməl edib mənəvi həyata malik olurlar.
2. Onlar bu yolun ilkin şəxsiyyətləri hesab olunurlar; rəhbər və başçı olduqlarından hamıdan üstün və fəzilətli sayılırlar.
3. Allahın əmri ilə hər hansı bir ümmətin rəhbərliyini əlinə alan şəxs zahiri əməllər mərhələsində rəhbər və yol göstərən olduğu kimi, mənəvi həyat mərhələsində də rəhbərdir; əməllərin həqiqəti də onun rəhbərliyi ilədir.1
İSLAM İMAMLARI VƏ RƏHBƏRLƏRİ
Keçən bəhslərdən nəticə aldığımız kimi, Peyğəmbərin (s) vəfatından sonra islam ümməti arasında hökmən Allah tərəfindən təyin olunan bir imam olmuş və olacaqdır. Peyğəmbərdən (s) nəql olunan bir çox hədislərdə onların xüsusiyyətləri bəyan edilmiş, sayları da göstərilmiş və buyurulmuşdur ki, onların hamısı Qüreyşdən və Peyğəmbərin (s) Əhli-beytindəndir;2
onların axırıncısı vədəsi verilən Məhdi Sahibəzzamandır.3
Peyğəmbər (s) birinci imam olan Əli (ə)-ın imamətini aşkar şəkildə buyurmuşdur.
Həmçinin Peyğəmbərdən (s) və Əli (ə)-dan ikinci imamın imamətinə dair aşkar şəkildə göstəriş verilmişdir. Hər bir imam özündən sonrakı imamın imamətinə dair aşkar göstəriş vermişdir.
Bu hədislərin aşkar şəkildə buyurduğuna əsasən islam imamları 12 nəfərdən ibarətdir və onların müqəddəs adları aşağıdakı tərtiblədir:
1. Əli ibni Əbi Talib (əleyhissalam);
2. Həsən ibni Əli (əleyhissalam);
3. Hüseyn ibni Əli (əleyhissalam);
4. Əli ibni Hüseyn (əleyhissalam);
5. Məhəmməd ibni Əli (əleyhissalam);
6. Cəfər ibni Məhəmməd (əleyhissalam);
7. Musa ibni Cəfər (əleyhissalam);
8. Əli ibni Musa (əleyhissalam);
9. Məhəmməd ibni Əli (əleyhissalam);
10. Əli ibni Məhəmməd (əleyhissalam);
11. Həsən ibni Əli (əleyhissalam);
12. Həzrəti Məhdi (əleyhissalam).
Dostları ilə paylaş: |