İxtisas: 5706. 01‒Azərbaycan dili İstiqamət: Filologiya elmləri ‒ dilçilik


III FƏSİL ZƏRF DÜZƏLDƏN QEYRİ-MƏHSULDAR ŞƏKİLÇİLƏRİN FUNKSİONAL XÜSUSİYYƏTLƏRİ



Yüklə 349,49 Kb.
səhifə18/21
tarix02.02.2022
ölçüsü349,49 Kb.
#114056
1   ...   13   14   15   16   17   18   19   20   21
III FƏSİL

ZƏRF DÜZƏLDƏN QEYRİ-MƏHSULDAR ŞƏKİLÇİLƏRİN FUNKSİONAL XÜSUSİYYƏTLƏRİ
3.1. Adlardan zərf düzəldən qeyri-məhsuldar şəkilçilər
Azərbaycan dilinin morfoloji quruluşunda zərflər də say və əvəzliklər kimi sözdüzəldicilik qabiliyyətinə görə zəif inkişaf etmiş hesab olunur. Məhsuldarlığından asılı olmayaraq, zərf düzəldən şəkilçi funksiyasında çıxış edən budaq morfemlərin mühüm bir hissəsi isim və sifət düzəldən leksik şəkilçilərlə ortaqlıq keyfiyyətinə malikdir. Ona görə də dilimizdə sırf zərf düzəldən şəkilçilər kəmiyyət etibarilə azlıq təşkil edir. [121, s.612‒613] Qədim yazılı abidələr, mətnlər, bədii əsərlər də əvvəlki fəsillərlə müqayisədə zərflərin təhlili üçün az material verir. Bununla belə Azərbaycan dilində bir sıra qeyri-məhsuldar şəkilçilər var ki, onlar işlənmə məqamından asılı olaraq zərf düzəldən şəkilçi kimi formalaşmışdır. Bu şəkilçilərin bir hissəsi isə qrammatik şəkilçinin leksik şəkilçiyə çevrilməsi nəticəsində əmələ gəlmişdir. Zərf düzəldən qeyri-məhsuldar şəkilçilərə nümunə olaraq aşağıdakıları göstərmək mümkündür:

-ın,-in,-un,-ün,-n. Bu şəkilçi Azərbaycan dilində omonim şəkilçi kimi ayrı-ayrı nitq hissələrinə mənsub olan yeni sözlərin əmələ gəlməsində, qismən də onların dəyişməsində müxtəlif funksiyaları yerinə yetirir. Lakin müasir Azərbaycan ədəbi dilində zərf düzəldən şəkilçi kimi sözdüzəldicilik funksiyası zəif inkişaf etmişdir. Bu gün arxaikləşmiş bir şəkilçi kimi ad bildirən sözlərdən çox az sayda yeni zərflər əmələ gətirir. Tarixən isə daha məhsuldar və işlək bir şəkilçi olmuşdur. Qoşulduğu sözdə daha çox tərz və zaman çalarları yaradır. Şəkilçiyə müasir Azərbaycan ədəbi dilində gizlin, narın, oğrun kimi sözlərdə rast gəlinir. Budaq morfem bu gün dilimizdə eyni sözün təkrarı ilə yaranan mürəkkəb zərflərin tərkibində daha çox özünü göstərir. Məs.: üzün-üzün, oğrun-oğrun, için-için, gizlin-gizlin, korun-korun, dizin-dizin, narın-narın, xısın-xısın, dalın-dalın və s.

Bu modeldə formalaşan sözlər bir qayda olaraq tərzi-hərəkət zərfi olur.

Qeyd edək ki, bu gün yalnız eyni sözün təkrarı ilə yaranan qoşa sözlər şəklində sabitləşib işlənən zərflər tarixən müstəqil sözlər kimi də işlənmişdir. “Kitabi-Dədə Qorqud” dastanındakı için (KDQ, 113), dizin (KDQ, 62, 108), M.P.Vaqifin dilindəki oğrun sözünün işlənməsi də bu faktı bir daha sübut edir. Belə güman edirik ki, bu morfem tarixən təkcə adlara deyil, eyni zamanda kök feillərə də qoşulmuş və zərf düzəltməklə yanaşı, sifətlər də əmələ gətirmişdir. Lakin şəkilçinin sifət düzəldicilik xüsusiyyəti zaman-zaman öz funksiyasını itirmişdir. Dədə Qorqud dastanının dili göstərir ki, dastanda -ın,-in,-un,-ün çəkilçisi vasitəsilə düzəlmiş yaqın (KDQ, 16, 66, 91), bütün (KDQ, 21, 34, 37, 80, 84, 91, 136, 139), yalın (KDQ, 26, 42, 110), uzun (KDQ, 29, 32, 44), qalın (KDQ, 29, 52), vaqtın (KDQ, 59, 88), yarın (KDQ, 61, 104) kimi onlarla söz işlənmişdir. Təsviri qrammatika baxımından sadə hesab olunan bu lüğəvi vahidlərin etimoloji cəhətdən düzəltmə olmasına heç bir şübhə yoxdur. Bu sözlərin bir hissəsinin köklərinin də müstəqil işləndiyi məqamlara rast gəlmək mümkündür. Məsələn, bütün sözünün kökü olan büt feilinə “Divan”da, uzun sözünün tarixi kökü isə uz “Kitabi-dədə Qorqud”da öz ilkin mənasında işlənmişdir. Müasir Azərbaycan ədəbi dilində təyini əvəzlik kimi təqdim edilən “bütün” sözünün sifətə məxsus dərəcə kateqoriyasında, dəqiq desək, çoxaltma dərəcəsində büsbütün şəklində işlənməsi də onu göstərir ki, bu söz tarixən sifət funksiyasında olmuşdur. Çox güman ki, müasir Azərbaycan ədəbi dilində sadə söz kimi işlənən yoğun, çətin, sərin, həzin kimi sözlər də tarixən bu morfem əsasında əmələ gəlmişdir. Lakin bu gün üstün (Oğuz, 46), çirkin (Oğuz, 84, 152, 156, 180 ) kimi sözlərdə şəkilçi müstəqil morfem kimi çıxış edə bilir. Hər iki sözə müxtəlif şəkilçilərin əlavəsi ilə “Oğuznamə”də rast gəlirik. Sifət düzəldən şəkilçi kimi, qoşulduğu sözdə əlamət, keyfiyyət, dərəcə, görkəm bildirir. Müqayisə üçün vurğulamaq lazımdır ki, bu şəkilçi az da olsa, say əmələ gətirir. Nümunə kimi ilkin sözünü vermək olar. T.Hacıyev dilimizdəki bütün, yaxın, dünən kimi sözlərin də bu şəkilçi vasitəsilə əmələ gəlmiş sözlər hesab etmişdir. [140, s.323] “Dünən” sözü Dədə Qorqud dastanında dəfələrlə dünin (KDQ, 110, 136) şəklində işlənmişdir. Ə.Tanrıverdi isə Dədə Qorqud dastanındakı qamın (KDQ, 31, 36) sözünü də bu şəkilçi vasitəsilə yaranmış düzəltmə zərf hesab edir. B.Çobanzadə də bu şəkilçinin dilimizdə işlənməsinin qədim olduğunu qeyd etmişdir. O yazır: “Orxon kitabələrində bu şəkilçi həmən hər cizrə, damara əlavə oluna bilirdi; məsələn, okun “ok ilə”, sabın “söz ilə” demək mümkün idi. Bu şəkilçi bizdə bir də yayan sözündə qalmışdır ki, Orxon kitabələrindəki şəkil yadağın idi. Bu halda yayan “yaya olaraq” mənasını ifadə edir.” [26, s.121]

-ın,-in,-un,-ün,-n şəkilçisinin zaman çaları ifadə etməsi faktı qədim və orta dövrə aid mətnlərin dilində daha aydın müşahidə olunur. “Kitabi-Dədə Qorqud” un poetikasında bu şəkilçi adlar qrupuna daxil olan sözlərdən zaman və tərz məzmunlu zərf əmələ gətirən şəkilçi kimi işlənmişdir. Məs.: Məgər, sultanım, genə yazın buğrayı saraydan çıqardılar. (KDQ, 27) Bir yazın, bir güzin buğayla buğrayı savaşdırarlardı. (KDQ, 27) Qanturalınıƞ atını için tutdı, geydirdi. Kəndü dəxi için tutdı, geyindi. (KDQ, 113) İçin qara donlı, gög dəmirlü altı yüz kafir seçdi. (KDQ, 113)

Dastan dilindən verdiyimiz bu cümlələrdəki yazın, küzin sözləri zaman zərfi, için sözü isə tərz zərfi vəzifəsindədir. Göründüyü kimi, yazın, küzin sözlərində şəkilçi yerlik hal şəkilçisi -da,-də şəkilçisinin qrammatik sinonimi kimi çıxış etmişdir. Qışın, yazın sözləri bu gün Azərbaycan dilindən fərqli olaraq müasir türk dilində işlənir. “Oğuznamə”də də eyni mənada işlənmişdir: Yazın kölgə bəkləyənin qışın unı qar olar. (Oğuz,182) ... qışın bozulur, yazın saraqır. (Oğuz,121) Bu şəkilçi “Dastani-Əhməd Hərami” poemasında da “günüzin” sözünün tərkibində işlənmişdir:

Günüzin özlərin gizlərlər idi, Dün olsa yolların gözlərlər idi. (DƏH, 25)

Poemanın mətninin ümumi oxunuşu onu göstərir ki, burada söhbət Əhməd Həraminin və onun yoldaşlarının Bağdad səfərində gündüzlər qorunmaq məqsədi ilə gizlənməsindən gedir. Bu nümunədə isə -in şəkilçisi ümumiləşmiş şəkildə qeyri-müəyyən çoxluq bildirən -lər şəkilçisinin əvəzində işlənmişdir. Müqayisə üçün qeyd edək ki, bu dil faktı bu gün də canlı danışıq dilində və dialekt və şivələrdə, xüsusən də Qərb qrupu dialekt və şivələrində öz işləkliyini müəyyən qədər qoruyub saxlaya bilmişdir. Belə ki, bu məqamda bəzi zaman bildirən sözlər -lar,-lər cəmlik şəkilçisini qəbul etməklə tamamilə mücərrədləşmiş qeyri-müəyyən zaman çaları yaradır. Dəqiq desək, konkret zamanı ümumiləşdirir. M.Şirəliyev bu tip şəkilçiləri də dialekt və şivələrdə zərf düzəldən şəkilçi kimi vermişdir. [135, s.276] Bu tip sözlər hətta bəzən III şəxsin təkinin nisbət şəkilçisi ilə yanaşı, əlavə olaraq -m şəkilçisi ilə birgə işlənir. Məsələn: səhərlər, axşamlar, dünənləri, axşamlarım, səhərlərim, dünənlərim və s. Bu, bir növ, həmin sözlərin ifadə etdiyi anlayışların təkrar olunduğunu ifadə edir, sanki belə sözlərin bir qismi şəkilçisiz olur və onların əvvəlinə “hər” təyini əvəzliyi əlavə etdikdə məna daha da aktuallaşır. Məs.: Əli səhərlər məktəbə gedir=Əli hər səhər məktəbə gedir; Axşamlar kənddə işıq tez-tez keçir = Hər axşam kənddə işıq tez-tez keçir. və s.

C.Ağamirov bu tip sözləri düzəltmə zərf kimi verir. [5, s.15] Belə sözlər təkrar icra olunan işin zamanını bildirir. Bu fakta bəzi II növ təyini söz birləşmələrində də təsadüf olunur: bayram günləri, istirahət günləri, tətil günləri, şənbə günləri və s.

-ına,-inə,-una,-ünə. Zərf düzəldən şəkilçi kimi III şəxsin təkinin mənsubiyyət və yönlük hal şəkilçilərinin birləşməsi əsasında yaranmışdır. Nisbətən məhsuldarlığı ilə seçilir. Sözdəyişdirici morfemin sözdüzəldici morfemə çevrilməsi, sözdəyişdirici şəkilçilərin qovuşması nəticəsində sabitləşmişdir. [59, s.27] Şəkilçiyə orta əsr ədəbi dilində Sarı Aşığın bayatılarında da rast gəlinməsi onun dilimizdə formalaşma tarixinin qədim olduğunu göstərir. Qoşulduğu sözdə daha çox hərəkətin tərzini və əlamətini ifadə edir. Məs.: çəpinə, düzünə, tərsinə, uzununa, başına, əvəzinə, ziddinə, dikinə, eninə, əksinə və s.

-yana,-yanə,-ana,-anə. Fars mənşəli şəkilçi olub, həm milli, həm alınma mənşəli sözlərin sonuna qoşulmaqla tərz məzmunu yaradır. S.Cəfərov [19, s.131] və İ.Quliyev [90, s.99] şəkilçinin -anə olduğunu, digərlərini isə onun fonetik variantı kimi tədqiq etmişlər. Nisbətən məhsuldardır. Məsələn: qardaşyana, saymazyana, şadyana, ağayana, ağsaqqalyana, ərkyana, dostyana, dahiyanə, dinanə, şahanə, mərdanə, şairanə, həkimanə və s. Bu tip sözlərin bəziləri cümlədə işlənmə məqamından asılı olaraq sifət funksiyasında da işlənə bilir. Məs.: Telefonda qəza firqə özək katibinin şadyana səsi eşidildi. (İ.Şıxlı)

-dir. Omonim şəkilçidir. Sözdüzəldicilik qabiliyyəti çox zəifdir. Dik sifətindən məkan, əşya, yer məzmunlu dikdir zərfini əmələ gətiri: Ələddin səsə dönüb baxdı və gördü ki, Həsənağa dikdirdə dayanıb aşağı enmək istəmir. (İ.Şıxlı) Dikdirə çıxdılar. (İ.Şıxlı)

-akı,-əki. İsim və sifətlərdən əlamət, vəziyyət, tərz çalarları ifadə edən zərflər düzəldir. Bu şəkilçi ilə əmələ gəlmiş sözlər işlənmə situasiyasından asılı olaraq həm sifət, həm zərf ola bilər. Sözdüzəldicilik xüsusiyyəti çox aşağıdır, dilimizdəki çəpəki, yanakı, zorakı kimi sözlərlə işlənir. Zorakı sözündə sifətlik çaları daha aktualdır. Digər sözlər isə zərf kimi daha çox işlənir. O, qıçlarının ikisini də bir tərəfə aşırıb çəpəki əyləşmişdi. (İ.Şıxlı) Bu tip cümlələrdə zərflik funksiyasında iştirak edən -akı,-əki şəkilçili sözlə cümlənin xəbəri arasında vəziyyətdə, halda, şəraitdə və s. kimi sözlərdən birini əlavə və ya təsəvvür etmək olur.

“Ötəki” (KDQ, 42) sözü isə -əki şəkilçili zərfə bənzəsə də, sifətdir. Burada şəkilçi -əki deyil, söz öt+ə+ki şəklində yaranmışdır. “Kitabi-Dədə Qorqud” dastanında işlənmişdir: Dün yoq, ötəki gün evin bundan keçdi. (KDQ, 42)

-am. Söz yaradıcılığında çox zəif iştirak edən zərf düzəldən şəkilçidir. “Tamam” (KB, 5431, 5432; KDQ, 19, 127) sözünün tərkibində işlənmişdir. Amma bir az yaxından tanış olanda tamam əksini görürsən. (İ.Şıxlı) Əntiqə bu söhbətlərə tamam inanmışdı. (M.Cəlal). “Oğuznamə”də “təmam” kimi verilmişdir: Düşmənin işi başlanmasun, başlanıcaq tez təmam olur. (Oğuz, 93) “Koroğlu” dastanında isə bu söz “hamı” əvəzliyinin vəzifəsində işlənmişdir:

Yeddi yüz yetmiş dəlisi var bəllidü, Tamamısı bir-birinnən fənlüdi... (KD, 147)

Güman ki, daram və tarım sözlərinin də yaranması bu morfemlə bağlıdır.

-ra,-rə. Qrammatik şəkilçidən leksik şəkilçiyə çevrilmiş bir budaq morfem olub, qoşulduğu sözdə əşya, yer, işarə, məkan məzmunu yaradır. Türkoloji dilçilikdə əsasən yön bildirən şəkilçi kimi xarakterizə olunur. [158]

Bu şəkilçi dilçilikdə əsasən ora, bura sözlərinin quruluşu əsasında izah olunur. Şəkilçinin -ra variantı daha işləkdir. Qeyd edək ki, mənbələrdə ora, bura sözlərindən isim, əvəzlik və zərf bəhs olunmuşdur. Məsələn, Ə.Tanrıverdi Y.Seyidova əsaslanmaqla yazır: “Ora, bura yer bildirir və həm də yer bildirən isimlərdən fərqli olaraq, konkret yer adı deyil, ümumən, mücərrəd mənada yer bildirir...ora, bura sözlərində isə işarə etmə güclü amildir. Üstəlik bu sözlər əvəzetmə roluna malikdir...belə hesab edirik ki, ora, bura sözləri zərf deyil, əvəzlikdir.” [140, s.324]

F.Cəlilov isə dilimizin morfonologiyası ilə bağlı tədqiqatında -re,-ra morfeminin ara və yerə sözlərinin şəkilçiləşməsi müstəvisində yarandığı qənaətindədir. [23, s.186] Şəkilçi tarixən daha məhsuldar və işlək olmuşdur. Ə.Rəcəbli göytürk dilinin morfologiyası üzərində apardığı tədqiqatlarında “Orxon‒Yenisey” abidələrinin dilində şəkilçini -ra,-rə və -rı,-ri,-ru,-rü variantlarında işləndiyini qeyd etmişdir. Abidələrin dilində bu şəkilçilər vasitəsilə yaranmış içrə, kisrə, önrə, taşra, asra, taşru, kiri, geri kimi düzəltmə zərflərə rast gəlmək mümkündür. [123, s.437] Bundan başqa abidələrin dilindəki kurığaru, ortasınaru, yırağaru, ilgərü, bərigərü sözlərinin tərkibindəki -ğaru,-ğəri,-naru morfemlərini -ra,-rə şəkilçisinin bir fonovariantı saymaq olar. Q.Kazımov isə ora, bura sözlərindəki -ra şəkilçisini tarixən işlənmiş yönlük halın morfoloji əlaməti kimi izah etmişdir: “Qeyd olunan tarixən istiqamət halının şəkilçiləri olduğundan istiqamət mənası həmin sözlərdə qalmışdır, ona görə də çox vaxt bu sözlərə yönlük halın şəkilçisini əlavə etmək lazım gəlmir. Bu cür sözləri həm yönlük halın şəkilçisi ilə, həm də şəkilçisiz işlədə bilirik...Ora, bura, içəri sözlərinin düzəltmə söz olduğunu qeyd etmək olar. Bunlar o, bu, iç sözlərinə -ra,-əri(-qaru) şəkilçilərinin artırılması ilə əvəzlik və isimlərdən yaranmış sözlərdir.” [77, s.327‒328]

F.Zeynalov Azərbaycan, Türkman, uyğur, qazax dillərinin materiallarına əsaslanmaqla -arı,-əri şəkilçisini -qaru,-ğaru şəkilçisinin törəməsi olduğunu qeyd etmişdir. Dilçilik ədəbiyyatında göstərilən sözlərin quruluşuna münasibət birmənalı deyil. F.Zeynalov [152, s.172] və B.Xəlilov [64, s.283] həmin sözləri sadə söz kimi qəbul edirlər. Bizə belə gəlir ki, ora, bura (KD, 104), içəri (KD, 63, 95, 132), ötəri zərfləri rahatlıqla kök və şəkilçiyə ayrıla bildiyi üçün düzəltmə söz kimi götürülə bilər. Şəkilçi hara, bəri, yuxarı, sonra, geri, nərə (nə yerə) sözlərinin tərkibində daşlaşmışdır.

-əri. Ad və feillərin sonuna qoşulub yer, məkan çalarlı zərflər əmələ gətirir. zərf düzəldən şəkilçi kimi içəri, ötəri və s. kimi bir neçə sözdə rast gəlinir. Sifət düzəltmə xüsusiyyətindən birinci fəsildə danışmışıq. Ötəri sözü, əslində, adverbiallaşdıqda zərf keyfiyyəti qazanmış olur. Məs.: Ömər koxa üzə salmasa da, içəridən qovrulurdu. (İ.Şıxlı); Ömər koxa eyvanda hərlənən oğlunu içəri çağırdı. (İ.Şıxlı); Teymur isə mənimlə ötəri salamlaşıb qabaqda əyləşdi. (İ.Şıxlı); Bir mətləbə toxunmaram ötəri; Tilsimdimi ürəyimin təpəri?! (V.Dumanoğlu).

-da2,-dan2. Hər iki morfem sözdəyişdirici şəkilçinin sözdüzəldici şəkilçi funksiyasında çıxış etməsi əsasında sabitləşmişdir. F.Zeynalov -da,-də haqqında yazır: “Yerlik hal şəkilçilərindən semantik cəhətdən təcrid olunmuş bu şəkilçilər məkan anlayışı yaradan zərflər əmələ gətirir. Əksər türk dillərində yerlik hal şəkilçiləri ilə yaranan yer zərflərini zərf kimi səciyyələndirirlər.” [152, s.171] Məhsuldardır. -da şəkilçisi vasitəsilə əmələ gələn “onda” sözü hazırda modal sözə keçid prosesini yaşayır. -dan,-dən isə nisbətən məhsuldar olub, omonimlik xüsusiyyətinə malikdir. İsmin çıxışlıq halının əsasında əmələ gəlmişdir. -dan,-dən zərf düzəldən şəkilçi kimi quruluşca sadə olan bəzi isim, sifət, say, əvəzlik və zərflərin, eləcə də -ca,-cə şəkilçili bəzi düzəltmə zərflərin sonuna əlavə edilməklə hərəkət, səbəb, məqsəd, zaman, tərz, çalarları ifadə edir. Məs.: bərkdən (DDG, 132), ürəkdən (DDG, 132), qəfildən, ucadan qorxudan, yavaşdan, qəfildən, ucadan, astadan, alçaqdan birdən, qabaqcadan, yavaşcadan, əvvəlcədən, öncədən və s. Dilçilikdə -cadan,-cədən bəzən ayrıca bir şəkilçi kimi də verilir. Lakin həmin morfem iki müstəqil şəkilçi kimi işləndiyindən birlikdə bir şəkilçi kimi götürülə bilməz.

-a,-ə. S.Cəfərov Azərbaycan dilindəki axşama, səhərə, günortaya C.Ağamirov isə müasir türk dilindəki yarına, şimdiye sözlərinin quruluşu əsasında -a,-ə budaq morfemindən zərf düzəldən şəkilçi kimi bəhs etmişlər. [5, s.16] Əslində, buradakı -a,-ə şəkilçisi müstəqil zərf düzəldən şəkilçi deyil, yönlük halın morfoloji əlamətidir. Sadəcə olaraq, bu sözlərdən sonra işlənən məsafə, zaman bildirən müvafiq qoşmaların düşməsi əsasında zərflik xüsusiyyəti qazanmışdır: axşama‒axşama kimi, səhərə‒səhərə qədər/ kimi və s.

-ən. Bu şəkilçi ərəb-fars mənşəli sözlərin sonuna qoşulmaqla hərəkətin tərzini, miqdarını bildirən zərflər yaradır. Ahəng qanununa əsasən tabe olmur. Məs.: daxilən, ruhən, cismən, mənən, qəsdən, qəlbən və s. M.Hüseynzadə zərf düzəldən şəkilçilərdən bəhs edərkən bu haqda yazır: “Dilimizdə -ən,-i şəkilçisi qəbul edən təkrar, nisbət, təxmin, təqrib sözləri də təkrarən, nisbətən, təxminən, təqribən, təxmini və təqribi şəklində düzəltmə kəmiyyət zərfi kimi işlənə bilir.” [62, s.216] Bu sözləri zərf kimi qəbul etməyənlər də var. Məsələn, Y.Seyidov buradakı təxmini və təqribi sözlərini sifət, nisbətən, təxminən, təqribən sözlərini isə modal söz kimi qəbul etmişdir. [132, s.362]

-lıq,-lik,-luq,-lük. Bu morfem Azərbaycan dilində həm isim, həm sifət, həm də zərf düzəldən şəkilçi xüsusiyyətinə malikdir. İsim və sifət düzəldən şəkilçi kimi söz yaratma prosesində olduqca fəal iştirak etdiyi halda, zərf düzəldicilik qabiliyyəti çox aşağıdır. Hələlik, birdəfəlik, həmişəlik, indilik kimi sözlərdə işlənir. Əsasən, tərz, zaman, səbəb bildirir. Bundan başqa, -lıq4 şəkilçisi -ca2, -dan2, -da2, -la2 omonimlik keyfiyyəti daşıyan müxtəlif məzmunlu ad düzəldən şəkilçilərlə birləşərək mürəkkəb morfemlər əmələ gətirir. Məs.: təzəlikcə, təzəliklə, təzəlikdə, hamılıqla, birlikdə, indiliklə, sağlıqla bütünlüklə, və s. Quruluşca mürəkkəb olan bu morfemləri bəzi sözlərdə iki müstəqil şəkilçi kimi götürmək mümkün olduğu halda, bəzi sözlərdə mümkün deyil.

-ı. Sifət və zərfdən zaman zərfi əmələ gətirən qeyri-məhsuldar omonim şəkilçidir. Əslində, bu şəkilçi III şəxsin təkinin mənsubiyyət şəkilçisinin qalığıdır. Canlı danışıq dili üçün daha çox xarakterikdir. Bir növ söz birləşməsinin ixtisarı nəticəsində yaranmışdır. Əsasən, zaman anlayışı bildirən sözlərə qoşulub zaman anlayışını sanki daha da aktuallaşdırır. Şəkilçi dilimizdə işlənən “uzağı”, “geci”, “tezi” kimi sözlərin tərkibində işlənir. Bu zərflər də çox zaman özündən əvvəl gələn “ən” ədatı ilə birgə işlənir: Ən geci/tezi səhər gəlirəm.

-a,-ə. Bu şəkilçi həm leksik, həm də qrammatik şəkilçi olmaqla omonim şəkilçilər qrupuna aiddir. Zərf düzəldən qeyri-məhsuldar şəkilçi kimi, əsasən, zaman, yer, məkan, tərz anlayışını ifadə edən düzəltmə zərflər əmələ gətirir. Şəkilçi “Orxon‒Yenisey”kitabələrindən başlayaraq qeyri-məhsuldar şəkildə olsa da, dilimizdə işlənir. Məs.: gecə, sağa, sola, topa və s.

-ba,-bə. Bu element əslində mürəkkəb söz yaradıcılığında iştirak edir. Belə bir hal mürəkkəb isim və sifətlərdə də özünü göstərir. -ba2 elementi mürəkkəb tərz, miqdar və zaman zərflərinin əmələ gəlməsində nisbətən məhsuldardır. Məs.: taybatay, anbaan, yanbayan, dalbadal, birbəbir, saatbasaat qarabaqara, yarıbayarı, günbəgün, üzbəüz və s. Bir növ iç şəkilçi keyfiyyətinə malik bu morfemi dilçiliyimizdə daha çox bitişdirici adı altında öyrənirlər.

Ə.Şükürlü [118, s.405‒406], Q.Kazımov [77, s.321], İ.Sadiq [129, s.327‒334] -ba,-bə ünsürünü eyni sözün təkrarı ilə mürəkkəb tərz yaradan vasitə kimi tədqiq etmişdir. M.Hüseynzadə isə bu şəkilçi haqqında yazır: “Təkrar olunan isim və sayın arasına -ba(-bə ) ünsürünü artırmaqla mürəkkəb tərzi-hərəkət zərfi yaranır.” [62, s.205] Daha sonra, o, “Müşgünaz təpiklə, əlbəyaxa vuruşmaq istəyirdi.” cümləsindəki “əlbəyaxa” sözünü nümunə gətirməklə əlavə edir ki, -bə ünsürü bəzən təkrar olunmayan iki müxtəlif ismin birləşməsi nətisində də tərzi-hərəkət zərfi yarada bilir. Bu sözdən daha çox dava-dalaş, döyüş zamanı istifadə olunur. Əlbəyaxa sözü canlı xalq dilində bəzən əlbəayaxa şəklində də deyilir. Bu məqamda zahirən söz asosiativ olaraq əl və ayaq sözlərinin birləşməsini yada salır. Əksərən silahsız qarşı-qarşıya olan döyüş növlərində də qaydalara uyğun şəkildə əl və ayaqdan istifadə olunur. Lakin burada sözün ikinci komponentinin ayaq ismi ilə heç bir bağlılığı yoxdur. “Yaxa” (DDG, 88, 126, 127) sözü M.Kaşğarinin “Divan”ında “yaka” (DLT1, 237, 286) formasında olmaqla bərabər, yaxa və paltar yaxası mənalarında izah olunmuşdur.

M.Kaşğari yaka/yaxa sözünü sinə, döş mənasını da göstərmişdir. Bu məna indi də dilimizdə sinəsinə döymək, yaxasını kənara çəkmək, döşünə döymək, yaxasına vurmaq kimi frazeoloji vahidlərdə qalmaqdadır. “Koroğlu” dastanında da yaxa sözü var: Eyvazın yaxası açılıb sinəsi görünürdü. (KD,152) Elə buradaca öz hünərimi göstərib onlara bir balaca qulaq burması verməsəm, yaxamızdan əl çəkməyəcəklər. (KD, 77)

Və yaxud da “Divan”da belə bir məsəl var: “Yakadakı yalğağalı əligdəki” M.Kaşğari bunu belə şərh etmişdir: “yaxadakı, yaxaya tökülən yemək yalanırkən əldəki də əldən çıxar” mənasına gəlir. (Yaxasına tökülən yeməyi yalamaqla əlləşən kəs əlindəki çömçə-çanağı da itirər). Bu söz bir şeyə ehtiyac duyan adamın əvvəlcə əlindəkini qoruması üçün söylənir.” [94, c.1, s.286] Burdan belə nəticə çıxarmaq olur ki, əlbəyaxa sözündəki yaxa komponenti sinə deməkdir və -ba,-bə bitişdiricisi, şəkilçisi təkcə təkrar olunan eyni sözlərlə deyil, yaxın mənalı sözlərlə də işlənib tərzi-hərəkət zərfi əmələ gətirə bilir. Bunun dəqiqliyini bu şəkildə yaranmış sözlərlə anologiya aparıb yoxlamaq da mümkündür. Məsələn, dilimizdə belə yaxın mənalı sözlərin iştirakı ilə yaranmış üzbəsurət, üzbəgöz sözləri də var.

Bir faktı da xüsusi ilə vurğulayaq ki, dilçilikdə -ba,-bə morfeminin mənşəyi haqqında da vahid bir fikir yoxdur. Ə.Şükürlü onu fars mənşəli hesab edərək yazır: “İsmin təkrarlanması və fars dilinə məxsus -ba//-bə söz önlüyünün (pristavka) əlaqəsi ilə əmələ gələn və iş, hərəkətin əlamətini , keyfiyyətini və ya zamanını bildirən zərflər: (düzəldir‒İ.Ə.) taybatay, üzbəüz, dalbadal, adbaad, addımbaddım, qarışbaqarış, kəndbəkənd, günbəgün, aybaay, ilbəil.” [118, s.405‒406] Hətta “Koroğlu”da fars mənşəli söyüş kimi işlənən tünbətün sözü işlənib: Səni bu bəlalara salan o tünbətün olmuş mehtərdi. (KD, 186) M.Adilov isə bu məsələyə münasibətdə tamamilə əks-qütbdən çıxış edir: “Beləliklə, aydındır ki, bir sıra təkrar konstruksiyalarda özünü göstərən “ba”, “bə” ünsürlərini fars dilindəki “ba”, “bə” ünsürləri ilə qarışdırmaq olmaz. Əvvələn, fars dilinə məxsus həmin ünsürlər yarımçıq təkrarların (dübbədüz, qıpqırmızı, darbadağın kimi sözlər nəzərdə tutulur ‒ İ.Ə.) arasında işlənməz... Nəhayət, dilimizdə sifətlərin hətta tam təkrarında işlənən “ba”, “bə” ünsürləri də alınma hesab oluna bilməz.” [145, s.72]

Zərf düzəldən şəkilçi kimi “Dastani-Əhməd Hərami” poemasında dəmbədəm (DƏH, 51), dizbədiz (DƏH, 94) sözlərində işlənmişdir. “Koroğlu”da mənzilbəmənzil (KD, 21, 24, 26, 98), yerbəyer (KD,128) sözləri də var. -ba,-bə morfemlərinin işləndiyi zərflərin bir hissəsini eyni mənanı saxlamaq şərtilə, başqa bir zərfə transformasiya etmək mümkündür. Məsələn, adbaad, kəndbəkənd, evbəev, mənzilbəmənzil, birbəbir, addımbaaddım, qarışbaqarış sözlərini müvafiq olaraq ad-ad, kənd-kənd, ev-ev, mənzil-mənzil, bir-bir, addım-addım, qarış-qarış şəklində, üzbəüz, gözbəgöz sözlərini isə üz-üzə, göz-gözə formasında transformasiya etmək olur. Unutmaq olmaz ki, -ba,-bə morfemi vasitəsilə yaranmış bütün zərfləri eyni qaydada transformasiya etmək olmaz. Ona görə ki bu, bəzi sözlərdə ya semantik fərq yaradır, ya da qismən asemantikləşməyə səbəb olur. Məsələn, dalbadal sözünü dal-dal şəklində işlətsək, mənada dəyişmə olar. Yaxud da əlbəəl sözünü əl-ələ və əl-əl formasında ifadə etsək, yenə semantik uyğunsuzluq meydana çıxır. Nümunələrdən də məlum olduğu kimi, -ba,-bə morfemli tərz zərflərinin daxili məzmununda sıxılmış vəziyyətdə olsa da, bir zaman, məsafə, tərz, qarşılıq çaları özünü büruzə verir. Məsələn, üzbəüz, üzbəgöz, üzbəsürət, gözbəgöz sözlərində tərz çaları aparıcı olmaqla, qarşılıq çaları da var. Bu ünsür daha çox zaman mənalı isimlərdən, çox nadir halda saylardan zərf əmələ gətirir. Yuxarıda verdiyimiz qarabaqara (izləmək) sözündəki qara komponenti isə sifət deyil, kölgə mənasını bildirir. Yəni kölgə kimi arxadan izləmək. Düzdür, kölgə qara rəngdə olur. Ancaq burada sanki qara sözünün daxilində bir gizlin mənası da gizlənmişdir. Çünki kölgə günəş şüalarının düşmə bucağından asılı olaraq, sağdan, soldan, öndən də düşə bilər. Lakin bu sözdə bilavasitə arxadan, gizlin, olduğu kimi addımbaaddım izləmək mənası aktuallaşdırılmışdır. Ədəbi dilimizdə bu gün işlənən qarasına danışmaq frazeoloji vahidində də həmin məna açıq-aşkar özünü göstərir.

-m. Bu şəkilçidən daha çox danışıq dilində istifadə olunur. Qoşulduğu sözdə zaman çaları yaradır. Məs.: sonram, hələm və s. Bu şəkilçi bəzən təkrar olunan feillərin sonuna əlavə edilməklə mürəkkəb tərzi-hərəkət zərfləri də əmələ gətirir: uçum-uçum, əsim-əsim, içim-içim, üşüm-üşüm, oyum-oyum, yolum-yolum və s. Məs.: Mərkəzi Komitənin nümayəndəsi Katibli, Mirzə Cəlil, Rəcəb əfəndi, Pənah Qasımov və bir neçə müəllim də onların ardınca aram-aram pillələri qalxırdı. (M.Cəlal)

Tələm-tələsik (KD, 42, 77) qoşa sözündə isə daşlaşmış vəziyyətdədir.

-düz,-üz. Dilçilik ədəbiyyatında “düz” morfeminin şəkilçi funksiyasında iştirakına münasibət birmənalı deyil. Bəzi tədqiqatçılar onu şəkilçi, bəziləri isə müstəqil söz kimi səciyyələndirirlər. Biz də əvvəllər -düz morfemini şəkilçi kimi qiymətləndirsək də, sonradan apardığımız tədqiqatlar nəticəsində onun müstəqil söz olması fikrindəyik. Münasibətimizi bildirməzdən əvvəl təsəvvür tamlığı naminə bu morfemin işlənməsi ilə bağlı dilçilik ədəbiyyatında yer almış fikirlərə nəzər salmağı məqbul hesab edirik. Bəri başdan deyək ki, “Orxon‒Yenisey” abidələrindən üzü bu tərəfə bu morfemin eyni bir söz daxilində işləkliyi nəzərə çarpır. Ə.Rəcəbli də -düz morfemini kitabələrin dilində -tüz şəklində işləndiyini göstərir. O, göytürk dilində adlardan ad düzəldən şəkilçilərdən danışarkən bu haqda yazır: “İsimdən isim düzəldir; məsələn: Türk bodun üçün tün udımadım, küntüz olurmadım (KTş, 27) «Türk xalqı üçün gecə uyumadım, gündüz oturmadım»”. [123, s.51] “Küntüz” sözü Kültigin abidəsindən başqa, “Tonyukuk” abidəsinin 12 və 52-ci sətrində işlənmişdir: Ol sabığ esidip tün udısıkım kəlmədi, küntüz olursıkım kəlmədi. (T, 12) = O xəbəri eşidib gecə yatmağım (yuxum) gəlmədi, gündüz oturmağım (rahatlığım) gəlmədi. Küntüz olurmatı, kızıl kanım tökti, kara tərim yügirti, isig, küçig bertim ök, ben özüm uzun yəlməg ıtım ok. (T, 52) = Gündüz oturmadı. Qızıl qanımı tökərək, qara tərimi axıdaraq, işimi, gücümü (zəhmətimi) verdim, mən özüm uzun (böyük) süvari dəstələri göndərdim.

“Orxon‒Yenisey” abidələrində -tüz şəklində işlənməsi tamamilə təbii və normaldır. Çünki qədim dövrdə söz başında “d” əvəzinə “t” samiti işlənmişdir. Bu söz müasir dilimizdə olduğu kimi, “Dastani-Əhməd Hərami” poemasında da həm gündüz (DƏH, 23, 34, 90, 92), həm də gecə-gündüz (DƏH, 26, 47, 74, 79, 89, 91, 97) şəklində dəfələrlə işlənmişdir. Bu sözə gündüz formasında “Oğuznamə”də (Oğuz,147), “Koroğlu”da (KD,179) və “Dəhnamə”də (Xətayi, 101) rast gəlmək mümkündür. “Kitabi-Dədə Qorqud” dastanında gecə-gündüz (KDQ, 63), “Divani-hikmət”də isə keçə-kündüz (DH, 12, 41, 50) qoşa sözünün tərkibində işlənmişdir. M.Kaşğarinin “Divani-lüğat-it türk” [97, c.4, s.358], Y.Balasaqunlunun “Kutadqu Bilik” əsərlərində [173, s.127] gündüz, gün, gün işığı mənalarında “kündüz” sözündən istifadə olunmuşdur. M.Kaşğari kündüz sözünü atalar sözünün tərkibində də verib izah etmişdir: “tünlə yorıp kündüz səwnür, kiçikdə əwlənip ulgadu səwnür” = Yolu gecə ikən gedən gündüz sevinər, çünki o yolu görmədən getmişdir, gənc ikən evlənən adam isə yaşa dolanda sevinər, çünki uşaqları işləyərək onun ehtiyacını ödəyərlər, adam rahat olar.” [96, c.3, s.79‒80] Ə.Abdullayev isə A.von Qabenə istinadən düz morfemini şəkilçi kimi deyil, müstəqil söz kimi vermişdir. [142, s.474] Ə.Tanrıverdi də düz morfemini müstəqil leksik mənaya malik leksik vahid kimi təhlil edir. O, bu leksik vahidi zaman mənalı sözlərlə müqayisə müstəvisində təhlil edərək yazır: “İlk olaraq qeyd edək ki, “gündüz” sözünün assosiativliyi “Gün işığı (günəş) düşür ki, gündüz olur” cümləsini yada salır. Bu da belə bir modeli reallaşdırır: Gün düşər=gündüz. Bu fikrin düzgünlüyü üç arqumentlə təsdiqlənə bilər: “güney” sözü gün düşən yer, “quzey” isə gün düşməyən yer mənasındadır; “kün tüşər” ( gün düşən vaxt) modeli formasına görə kışar (qış), küzər (güz‒payız), alar (dan söküləndə) kimi zaman məzmunlu sözlərlə eyni xətdə birləşir; “kün tüşər” modelinin fonetik dəyişmələrlə “gündüz” şəklinə düşə bilməsi türk dillərinin, o cümlədən Azərbaycan dilinin tarixi fonetikası baxımından məqbul hesab oluna bilər ( k→g, t→d, ş→s→z səs əvəzlənmələri və “ər” hecasının düşməsi).” [142, s.475] Dəqiq desək, Ə.Tanrıverdi gündüz sözünün quruluşunu belə izah edir: kün//gün (işıq) tüş//düş + ər = küntüşər//gündüşər → küntüşər//qündüşər = küntiş//küntüs → küntüz = gündüz ( gün düzər = gündüz modelində də düşünülə bilər).

Bizə belə gəlir ki, düz morfemini müstəqil söz kimi götürməkdə haqlıdırlar. Ancaq Ə.Tanrıverdinin fikirlərindən təsirlənərək düşünürük ki, küntüz/gündüz sözü gün isminin və düz sifətinin birləşməsi əsasında yaranmışdır, mənası günün/günəşin düz olan vaxtıdır. Başqa sözlə desək, günorta sözü nə dədər mürəkkəbdirsə, gündüz sözü də bir o qədər mürəkkəbdir. Yeri gəlmişkən, günorta sözü qədim türk yazılı abidələində künortasınaru (K, c 2) formasında işlək olmuşdur. Görünür, M.Kaşğari də bu cəhəti nəzərə alıb sözü küntüz deyil, kündüz (DLT3, 79‒80) şəklində izah etmişdir.

Müqayisə üçün qeyd edək ki, küntüz/gündüz sözünün kökü olan kün/gün qədim türk dilində həm gün, həm günəş, həm də gündüz mənalarında işlənmişdir. Göstərilən mənalarda “Orxon‒Yenisey”kitabələri (T, 27, 39, 46; Y, 7, 10, 11, 44, 58; K, c 2, şm 12 ), “Kitabi-Dədə Qorqud” dastanı, “Divan” (DLT4, 357), “Dastani-Əhməd Hərami” (DƏH, 25) poemasında rast gəlinir. Üstəlik, kün/gün sözü ilə bağlı kün toğsık (O, 2; K, c 2, ş 4, 8, şm 12; Bl, şm 11; Sücü), kün batsık (O, 2; K, c 2; Bl, şm 11; Sücü ), künortasınaru (K, c 2), günəş sözlərinə də rast gəlmək mümkündür. Bizə belə gəlir ki, gündüz sözünün kökü zaman mənalı gün ismi deyil, günəş mənasında işlənən və omonimlik xüsusiyyəti daşıyan gün sözüdür. Hətta bədii mətnlərin dili göstərir ki, zaman-zaman gün sözünün özü də elə gündüz mənasında işlədilmişdir. Məsələn, “Dastani-Əhməd Hərami” poemasında belə bir beytə rast gəlirik:

Dünü günə qatıb bular çü gütdi, Beş-on gündə bular Bağdada yetdi. (DƏH, 25)

Bu beytdə “dünü günə qatmaq” ifadəsi gecəni gündüzə qatmaq mənasında çıxış etmişdir. Bir faktı da əlavə edək ki, dilimizdə eyni anlamda günüz sözü də işlənməkdədir. Bu söz bu gün daha çox canlı danışıq dilində və Qərb qrupu dialekt və şivələrində (Günüz axşama kimi heyvan çöldə qalıf. Laçın rayonu, Ağoğlan kəndi) işlənir. Etimal edirik ki, “günüz” sözündəki -üz budaq morfemi məhz gündüz sözündəki düz sözünün ilk samitinin itirməsi nəticəsində yaranmışdır. S.Cəfərov da dilimizdə -üz şəkilçili günüz sözünün olduğunu vermiş, lakin əsaslı şəkildə izah etməmişdir. Günüz forması ədəbi dilimizdə işlək olmasa da, işlənmə tarixi qədimdir. Y.Məmmədov da gün və gündüz sözlərini türk dillərinin yazılı abidələrinin dilində işlənən müvazi sözlər kimi izah etmişdir. [107, s.47] Mübaliğəsiz deyə bilərik ki, bu sözün formalaşmasının ən azı səkkizyüzillik inkişaf tarixi vardır. Belə ki, bu sözə ana dilli ədəbiyyatın ən yaxşı nümunələrindən sayılan “Dastani-Əhməd Hərami” poemasında da rast gəlirik. Poemada belə bir beyt var:

Günüzin özlərin gizlərlər idi, Dün olsa yolların gözlərlər idi. (DƏH, 25)

Böyük ehtimal XII‒XIII əsrlərdə xalq danışıq dilində “gündüz” sözü ilə yanaşı, “günüz” forması da paralel olaraq işlənmişdir. Müqayisə üçün vurğulamaq lazımdır ki, bu morfem müasir türk dilində də işlənir. Z.Korkmaz şəkilçini türk dilində -diz,-düz şəklində verərək kunduz/kuntuz, gündüz, yıldız sözlərini nümunə göstərmişdir. [166, s.47] B.Məhərrəmli də ulduz sözünü etimoloji cəhətdən ul+duz modelində təhlil etmişdir. [103, s.88]



Yüklə 349,49 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin