1.3. Rus-Avropa mənşəli ad düzəldən qeyri-məhsuldar şəkilçilər
Müasir Azərbaycan ədəbi dilinin derivatoloji sistemində rus-Avropa mənşəli şəkilçilər xüsusi bir lay təşkil edir. Dilimizdə işlənən rus-Avropa mənşəli şəkilçilər morfoloji yolla söz yaradıcılığı prosesində xüsusi əhəmiyyət kəsb edir. Düzdür, bu qrupun tərkibinə daxil olan morfemlər öz funksionallıqlarına görə digər ad düzəldən və feil düzəldən qeyri-məhsuldar şəkilçilərdən əsaslı şəkildə fərqlənir. Rus-Avropa mənşəli şəkilçilər dilimizdə işlənmə tarixi baxımından bütün növ şəkilçilərdən geridə qalır. Ad və feil düzəldən qeyri-məhsuldar şəkilçilərin işləndiyi lüğəvi vahidlərə qədim türk yazılı abidələrin dilində, qədim və orta dövr mənbələrində, dastan poetikasında rast gəldiyimiz halda, rus-Avropa mənşəli qeyri-məhsuldar şəkilçilərə rast gəlmək olmur. Bu mənada qədim dövrdən XIX əsrə qədər yazılmış mətnlərdə bu tip şəkilçilərin izləri müşahidə olunmur.
Rus-Avropa mənşəli şəkilçili sözlərin dilimizdə intensiv şəkildə işlənməsi və rus dili vasitəsilə keçməsi əksəriyyət etibarilə ötən əsrin əvvəlləri və ondan sonrakı dövrə təsadüf edir. Qonşuluq münasibətlərinin artması, coğrafi yaxınlığın olması, tədricən iqtisadi-mədəni əlaqələrin, elmi-texniki tərəqqinin sürətli inkişafı rus-avropa mənşəli sözlərlə yanaşı, rus-Avropa mənşəli şəkilçilərin də dilimizə keçməsinə böyük zəmin yaratmışdır. Şübhəsiz ki, bu prosesdə rus dili aparıcı mövqeyə malik olmaqla, həm mənbə dil, həm də vasitəçi dil funksiyasında çıxış etmişdir. Məlumdur ki, dünya dilləri arasında saf dil yoxdur. Dil yaşayırsa, həmin dildə alınma leksikanın işlənməsi tam təbii qəbul olunmalıdır. Zaman-zaman dildə gedən proseslər, dövlətin, elmin, iqtisadiyyatın, mədəniyyətin də inkişafı bunu tələb edir. Bu mənada müstəqillik əldə etdikdən sonra da, dilimizə xeyli sayda rus-Avropa mənşəli şəkilçili sözlər keçmişdir. Ərəb-fars mənşəli şəkilçilərdən bəhs edərkən qeyd etdiyimiz kimi, bu gün dilimizdəki rus-Avropa mənşəli qeyri-məhsuldar şəkilçilər də dilimizə hazır şəkildə deyil, əvvəlcə, ayrı-ayrı sözlərin, xüsusən də isim və sifətlərin, terminlərin tərkibində keçmiş, sonradan dil inkişaf etdikcə müstəqil şəkilçi keyfiyyətinə malik olmuşdur. Ümumiyyətlə, dilimizdə işlək vəziyyətdə olan rus-Avropa mənşəli şəkilçilər, demək olar ki, söz yaradıcılığında sözdüzəldici şəkilçi kimi qeyri-fəal iştirak edir və əsasən termin əmələ gətirir. Təsadüfi deyil ki, rus-Avropa mənşəli qeyri-məhsuldar şəkilçilərin bu xüsusiyyətinə görə dilçilik ədəbiyyatında həmin morfemlər “rus və beynəlmiləl şəkilçilər” adı altında tədqiq olunur. [52, s.73]
Qeyd edək ki, müasir Azərbaycan ədəbi dilindəki rus-Avropa mənşəli qeyri-məhsuldar şəkilçilərin işlənmə xüsusiyyətlərinə olan münasibət birmənalı deyil, ayrı-ayrı dilçilər bu məsələyə müxtəlif cür yanaşırlar. Rus-Avropa mənşəli qeyri-məhsuldar şəkilçilərin işlənmə xüsusiyyətlərini Oğuz qrupu türk dillərinin materialları əsasında tədqiqata cəlb edən Ə.Əsədov həmin morfemlərin dilimizə iki yolla keçdiyini göstərmişdir. Onun fikrincə, şəkilçilər türk dillərinə, xüsusən də Azərbaycan dilinə həm rus, eləcə də digər Qərbi Avropa dillərinə məxsus terminlərlə birgə, həm də terminlərlə deyil, ayrıca derivasiya elementləri şəklində keçmişdir. [52, s.73‒82]
A.Aslanov da bu tip şəkilçilərin dilimizə müstəqil şəkildə deyil, ayrı-ayrı sözlərin tərkibində keçdiyinə görə onları Azərbaycan dilində sözdüzəldici şəkilçi kimi qəbul etməmişdir. [9, s.84]
İ.Quliyev isə rus-Avropa mənşəli şəkilçilərin işlənməsini dilimizə keçmiş alınma mənşəli sözlərin çoxunun quruluşca düzəltmə olması ilə əlaqələndirir. O yazır: “Lakin bu şəkilçilərin çoxu qoşulub gəldiyi sözlərlə birlikdə dilimizdə işlənir. Qoşulduğu sözdən ayrılan, sözyaratma prosesində iştirak edən bu mənşədən olan şəkilçilər də vardır. Ancaq bunlar azlıq təşkil edir.” [90, s.63]
Hesab edirik ki, bəhs olunan morfemlər o zaman şəkilçi funksiyasında çıxış edir ki, onu kökdən ayırmaq mümkün olsun. Kökün asemantik olduğu sözlərdə həmin ünsürləri şəkilçi adı altında vermək düzgün yanaşma deyil. Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, dilimizdə işlənən rus-Avropa mənşəli şəkilçilərin arasında sözdəyişdirici, yəni qrammatik şəkilçilər yoxdur, hamısı sözdüzəldici olmaqla, əsasən isim və sifət düzəldir. Üstəlik bu qrupa daxil olan şəkilçilər alınma sözlərdən əlavə, bəzən türk mənşəli sözlərlə də işlənə bilir.
Yuxarıda qeyd etdiyimiz ki, Azərbaycan dilçiliyində rus-Avropa mənşəli şəkilçilərin həm kəmiyyəti, həm də keyfiyyəti haqqında müxtəlif fikirlər var. Bundan əlavə, bir qrup rus-Avropa mənşəli söz var ki, onların quruluşuna toxunulmur. Məsələn, müasir Azərbaycan ədəbi dilində tərkibində nano, makro, mikro, psevdo, super, əks, eks, foto, audio, avia, neo, bio, elekto, infra, hidro, trans, video, zoo, avto, infra, stereo, mono, neyro, tele, geo və s. kimi morfemlərin iştirak etdiyi onlarla söz mövcud olsa da, həmin sözlərin quruluşu haqqında tutarlı izah və məlumat yox səviyyəsindədir. [39, s.8‒15]
Morfologiyaya dair yazılmış monoqrafik tədqiqatlarda da, demək olar ki, bu məsələ diqqətdən kənarda qalmışdır. Ən yaxşı halda ya həmin sözlərin mənşəyi xatırlanır, ya da termin kimi işlənmə xüsusiyyətlərindən danışılır. Bir maraqlı fakt da ondan ibarətdir ki, bu morfemlər dilçilikdə əksərən gah hissəcik, gah şəkilçi, gah da müstəqil söz, gah da ki yardımçı elementlər şəklində təqdim olunur. Məsələni terminoloji aspektdən təhlil edən N.Məmmədli bu haqda deyilmiş fikirləri belə ümumiləşdirir: “Dilçilikdə leksik mənasını itirməmiş söz yaradıcılığı formantları müxtəlif cür adlandırılır: suffiksləşmiş elementlər, sərbəst morfemlər, xüsusi statuslu vahidlər, yarımsuffikslər, suffiksoidlər, radiksoidlər, subaffikslər, suffiks rolunda iştirak edən tammənalı sözlər və s.” [109, s.275‒276]
Azərbaycan dilinin orfoqrafiya lüğətində bu morfemlər bitişik yazılan “Mürəkkəb sözlərin yazılışı” adı altında hissəcik kimi verilmişdir. [12, s.15] Oğuz qrupu türk dillərinin materialları əsasında terminlərin yaranma yollarını linqvistik tədqiqata cəlb edən Ə.Əsədov həmin morfemləri “yardımçı elementlər” kimi verir. O yazır: “Oğuz qrupu türk dillərində yardımçı sözlər (bio, hidro, geo, dio, mono kimi sözlər nəzərdə tutulur‒İ.Ə.) ayrıca leksik məna bildirmədiyindən şəkilçiyə də oxşayır. Lakin belə leksemlərə nə söz, nə də şəkilçi demək mümkün deyildir. Odur ki, Oğuz qrupu türk dillərində termin yaradıcılığında həmin leksemlərin mühüm rolunu nəzərə alaraq, onlara “yardımçı elementlər” deyilsə, daha məntiqəuyğun olar.” [52, s.76] Düşünürük ki, bu modeldə olan sözlərin strukturuna yenidən baxılmalı, elmi tədqiqata cəlb olunmalıdır. Şübhəsizdir ki, həmin morfemlərin hər birinin etimon dildə leksik mənası vardır. Ancaq heç bir halda etimon dildəki quruluş, tərkib bizim dilimiz üçün əsas ola bilməz. Unutmaq olmaz ki, bu modeldə olan bütün leksik vahidlərin strukturuna eyni müstəvidə yanaşmaq elmi cəhətdən özünü doğrulda bilmir. Bu mənada bizə belə gəlir ki, həmin sözlərin arasında artıq söz statusu alıb xüsusi məna kəsb edən, hamı tərəfindən başa düşülənləri mürəkkəb sözlərin yaranmasında bir komponent kimi qəbul etmək olar. Məsələn, foto, avto, audio, super, mikro kimi sözlər artıq müstəqil formada ikinci bir komponentin iştirakı olmadan da sadə bir leksik vahid kimi işlədilir. Belə elementlərin bir hissəsi isə ana dilimizdə hələ də müstəqil lüğəvi mənaya malik olmadığına və söz kimi sabitləşmədiyinə görə şəkilçi funksiyasında çıxış edir. Müstəqillik illərinə qədər tərkibində nano, makro, mikro, psevdo, super, əks, eks, foto, audio, avia, neo, bio, elekto, infra, hidro, trans, video, zoo, avto, infra, stereo, mono, neyro, tele, geo və s. kimi morfem olan sözlər daha çox alınma mənşəli terminlərlə dilimizə birlikdə keçdiyi halda, müstəqillik əldə etdikdən sonra, dilin, eləcə də elmi-texniki tərəqqinin, iqtisadiyyatın, müxtəlif elm sahələrinin yüksələn bir xətlə inkişafı ilə əlaqədar olaraq, həmin elementlər alınma sözlərlə bərabər, türk, milli mənşəli, hətta ərəb-fars mənşəli sözlərin əvvəlinə qoşulmuş, xeyli sayda yeni leksik vahidlər əmələ gətirmişdir. Göstərilən formada əmələ gəlmiş hibrid sözlərin quruluşunu yenidən tədqiq olunmağa böyük ehtiyac vardır. Bu məqamda M.Hüseynzadənin bir fikrini xatırlatmaq yerinə düşər: “... Biz başqa dildən alınma sözü o vaxt düzəltmə söz hesab edə bilərik ki, onun kökü Azərbaycan dilində ayrıca söz kimi mövcud olsun, işlədilsin: şəxsiyyət, fəaliyyət, kəşfiyyat, materializm, idealist və s.” [62, s.29] İstər ərəb-fars mənşəli, istərsə də rus-Avropa mənşəli sözlərə münasibətdə M.Hüseynzadənin bu fikrini təqdir edir və sözlərin quruluşuna həmin meyar əsasında yanaşırıq. Yəni, “alınma sözlərin mənimsənilməsində sözü alan dilin spesifikası nəzərə alınmazsa, bu dilin fonetik və qrammatik normaları gözlənilməzsə, alınmış söz vətəndaşlıq hüququ qazana bilməyəcək və gec-tez dildən çıxacaqdır.” [71, c.2, s.273]
Rus-Avropa mənşəli qeyri-məhsuldar şəkilçilərin funksional xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, bu qrupa daxil olan şəkilçilər də ərəb-fars mənşəli qeyri-məhsuldar şəkilçilər kimi qoşulduğu sözlərdə işlənmə yerindən asılı olaraq bir-birindən fərqlənir. Lakin rus-Avropa mənşəli şəkilçilər ön və son olmaqla iki qrupa ayrılır, iç şəkilçilər isə bu qrup üçün xarakterik deyil. Dilçilik ədəbiyyatında rus-Avropa mənşəli şəkilçilərin bu şəkildə təsnifatı geniş yayılmışdır. N.Məmmədlinin təsnifatı daha əhatəli olduğu üçün onu verməyi məqbul hesab edirik. [108, s.13‒40]
Təsnifat belədir:
1. Prepozitiv elementlər (sözün əvvəlinə qoşulan elementlər);
2. Postpozitiv elementlər (söz sonuna qoşulan elementlər).
Qeyd edək ki, dilimizdəki rus-Avropa mənşəli şəkilçilərin arasında avropa mənşəli morfemlər rus mənşəli morfemlərdən daha çoxdur. Bu mənada T.Yaqubovanın mətbuat dilində alınmaların funksional xüsusiyyətlərini verərkən gəldiyi nəticə maraq doğurur. “1990–2000-ci illər mətbuatının dilində rus mənşəli üç ön şəkilçi, оn sоn şəkilçi, Avrоpa mənşəli оn ön şəkilçi, оn iki sоn şəkilçi mövcuddur.” [149, s.104]
Müasir Azərbaycan ədəbi dilinin morfoloji quruluşunda postpozitiv və prepozitiv elementlərin arasında daha çox yalnız şəkilçi kimi formalaşan termin elementlər müstəqil şəkilçi funksiyasında çıxış edir və onlar da əsasən aşağıdakılardan ibarətdir:
- a. Bu şəkilçi ön şəkilçi kimi, əsasən adlardan əks, zidd, mənfilik mənasını verən sözlər düzəldir. Məs.: anormal, asemantik, asinxron, asintetik, asimmetrik, asimmetriya və s.
-dez. Fransız mənşəli olub, Azərbaycan dilində rədd etmə, parçalama, yox etmə, məhv etmə mənalarını bildirir. N.Məmmədli -a,-an,-de morfemləri ilə yanaşı, -dez morfemini də qoşulduğu sözdə inkar mənası verən element kimi izah etmişdir. [108, s.27] F.Allahverdiyeva isə bu şəkilçini -des kimi təhlil etmişdir. [8, s.187‒189] Dilimizdə bir neçə sözdə şəkilçi funksiyasını daşıya bilir: dezinfeksiya, dezinformasiya və s.
-dis. Rus-Avropa mənşəli ön şəkilçidir. Azərbaycan dilində elə də işlək bir vəziyyətdə deyil, əsasən əlamət, keyfiyyət bildirir. Məs.: disbakterioz, diskomfort və s. Canlı danışıq dilində çox süni və yersiz işlədilən dislayk sözü də bu prefiks vasitəsilə yaransa da, işlənməsi dilimiz üçün xarakterik hal deyil. Dislokasiya sözünü də -dis morfemli söz hesab etmək olar.
-re. Adlardan ad düzəldən qeyri-məhsuldar avropa mənşəli ön şəkilçidir. Məs.: reaktiv, reform, rekonstruksiya və s.
-ir. Əksilik, ziddiyyət, əlamət, xüsusiyyət çalarlarını ifadə edən sözlər düzəldən qeyri-məhsuldar ön şəkilçidir. Məs.: irreal, irrealizm, irradiasiya, irrasional və s.
-poli. Rus-Avropa mənşəli qeyri-məhsuldar ön şəkilçidir. Qoşulduğu sözdə əsasən çox mənasını bildirir. Əksər alınma mənşəli şəkilçilər kimi -poli də yalnız alınma mənşəli sözlərlə işlənir. Məs.: poliklinika, politexnikum, polisemantika və s.
-pan. Qeyri-məhsuldar ön şəkilçi kimi qoşulduğu sözdə daha çox cərəyan, nəzəriyyə məzmunu yaradır. Məs.: pantürkizm, panteizm, panteist, panislamizm və s.
-post. Bu morfem dilimizdə söz-şəkilçi xüsusiyyəti daşıyır. Buna görə də bu şəkilçini müstəqil leksik mənaya malik olan fransız mənşəli post sözündən fərqləndirmək lazımdır. Nisbətən qeyri-məhsuldar ön şəkilçi kimi keçmişlə bağlı, keçmiş zamana aid olan yeni sözlər düzəldir. Bu morfem də tədricən məhsuldar şəkilçiyə doğru inkişaf edir. Məs.: postsovet, postmodern, postinsan, postpozisiya, postmodernizm, postpandemiya, postmüharibə və s.
-anti. Bu element dilə dair tədqiqatlarda gah hissəcik, gah şəkilçi, gah da söz kimi tədim olunur. Azərbaycan dilinin orfoqrafiya lüğətinin VI nəşrində mürəkkəb sözlərin yaranma yollarından biri kimi izah olunmuşdur. [12, s.15] N.Xudiyev, -anti şəkilçili sözlərin işlənməsini daha çox elmi və publisistik üslubun dili üçün xarakterik hesab etmişdir. [71, c.2, s.329] E.Yusifov alman və Azərbaycan dillərində işlənən prefikslərin məna çalarlarını tədqiq edərkən -anti morfemindən -na, -bi, -a, -qeyri şəkilçiləri ilə birlikdə yeni yaranan sözlərdəki əlamət və keyfiyyətin yox olduğunu bildirən şəkilçi kimi bəhs etmişdir. [150, s.30‒34] Türk mənşəli dörd variantlı -sız şəkilçisi kimi qoşulduğu sözdə zidd, mənfilik, əksilik, yoxluq mənası yaradır. Nisbətən məhsuldarlığı ilə seçilən ön şəkilçidir. Məs.: antiqəhrəman, antirekord, antifaşist, anticism, antitel, antihumanist, antiterror, antidemokrat, antisanitariya, antimilli və s.
-pro. Bu formant da dilimizə müstəqil şəkilçi kimi deyil, Avropa mənşəli sözlə birlikdə keçmişdir. Əşya, şəxs məzmununu bildirən prorektor sözündə rast gəlinir.
-za. Rus-Avropa mənşəli ön şəkilçi kimi əsasən, yer, məkan bildirən isimlər düzəldir. Bugün dilimiz üçün tarixizm hesab olunan zavağzal, Zaqafqaziya sözləri buna nümunədir. Hər iki sözün işlənmə intensivliyi çox aşağıdır. Q.Məşədiyev -za formantını vaxtilə mövcud olmuş alınma mənşəli küçə adlarının milli mənşəli adlara transformasiyası zəmnində izah etmişdir. O yazır: “XVII əsrdə London yaxınlığında Ceyn Voks (Jane Vaux) adlı bir qadının malikanəsi olan parkın və əyləncə yerinin adından götürülmüşdür (vağzal sözü nəzərdə tutulur‒İ.Ə.)... İlk vağzallar dəmir yolunda sərnişin daşınmasının başlanması ilə meydana gəlmişdir. “-za” -arxa, dal tərəf kimi mənalandırılır. Vağzal arxası, vağzalın dal tərəfi küçə deməkdir.” [111, s.20]
-ant,-ura. Azərbaycan dilində latın mənşəli son şəkilçi kimi daha çox adlardan əşya, şəxs, insan, vəzifə, dərəcə, təhsil, elm, sənət çalarlarını bildirən sözlər düzəldir. Məs.: diplomant, debütant, kursant, doktorant, magistrant, praktikant, doktorantura, dissertantura, rezidentura və s. Ə.Əsədov opponent, adresant, muzıkant, diversant, konsultant kimi sözləri də düzətmə kimi qəbul edir. Fikrimizcə, bu sözlərin daxilindəki şəkilçi artıq asemantikləşmə prosesini keçirdiyi üçün kökdən ayırılmır və bunları ancaq etimoloji cəhətdən tərkib hissələrə ayırmaq olar. [52, s.74]
-l. Bir cür yazılan son şəkilçidir. İsimdən atributiv səciyyəli sifətlər yaradır. Məs.: formal, normal, natural və s.
-al,-ial,-ual. Qoşulduğu sözlərə əksərən əlamət, keyfiyyət məzmunu verir. Məs.: prosesual, bronxial, prefiksal, affiksial, fenomenal, prinsipial, paradoksal, vektorial, regional, eksperimental və s.
-at. Rus-Avropa mənşəli söz şəkilçi olmaqla yanaşı, ərəb-fars mənşəli -at morfemi ilə omonimlik münasibətindədir. Azərbaycan dilində daha çox yer, məkan, topluluq, cəmlilik mənasını bildirən sözlər düzəldir. Bir növ, -lıq şəkilçisinin qrammatik sinonimi rolunda çıxış edir. Məs.: dekanat, rektorat, direktorat, çempionat və s.
-tik,-atik. Rus-Avropa mənşəli qeyri-məhsuldar şəkilçi kimi dilimizdə daha çox sifət əmələ gətirir. Məs.: romantik, sistematik, problematik, dramatik və s. B.Xəlilov qrammatik sözünü də -atik şəkilçili söz hesab edir. Ancaq bu gün həmin sözə etimoloji təhlil cəhətdən yanaşa bilərik.
-ik. İsim və sifətlərə əlavə edilməklə sifət düzəldən nisbətən məhsuldar son şəkilçidir. Məs.: ritmik, yumoristik, mifik, sinxronik, statik, avtomatik, alkoqolik, fanatik, tipik və s.
-er,-or,-ir,-ar,-yor,-ari. Müasir Azərbaycan ədəbi dilində daha çox sənət, peşə, dərəcə, ixtisas, şəxs, əşya, insan, peşə anlayışlarını ifadə edən rus-avropa mənşəli qeyri-məhsuldar suffikslərdən hesab olunur. N.Məmmədli bu şəkilçinin ingilis və fransız dilində sözdüzəldicilik funksiyasından bəhs etmişdir. [108, s.40] Demək olar ki, bu şəkilçilər ahəng qanununa tabe olmur və isim düzəldən məhsuldar -çı şəkilçisinin sinonimi kimi çıxış edir. Daha çox rus-Avropa mənşəli isimlərin, az halda isə sayların sonuna əlavə edilib dizayner, reper, milyoner, milyarder, senator, plagiator, stajor, kreditor, parlamentyor, prizyor muşketyor, parlamentari, planetar, boksyor, bankir, kassir, biriqadir kimi şəxs, əşya, alət, vasitə bildirən isimlər və elementar, elitar kimi keyfiyyət bildirən sifətlər yaradır. Bunlardan briqadir və kassir sözləri müvafiq olaraq briqada və kassa sözlərinə -ir şəkilçisini əlavə etməklə yaranmış və nəticədə eliziya fonetik hadisəsi baş vermişdir. Orfoqrafiya lüğətindəki qolkiper, printer, killer sözlərində də mənbə dilə əsasən suffiks işlənsə də, həmin sözlərin kökü dilimizdə ayrıca işlənmir. Buna görə də bu tip sözlər quruluşca sadə qəbul olunur. Ümumiyyətlə, killer və qolkiper sözlərinin dilimizdə işlədilməsinə heç bir ehtiyac yoxdur.
-nik. Qoşulduğu sözdə əşya, alət çaları yaradan Rus-avropa mənşəli qeyri-məhsuldar son şəkilçidir. Zaçotnik, parnik, çaynik kimi sözlər bu şəkilçi vasitəsilə düzəlmişdir. Ə.Əsədov Türkman dilində bu şəkilçi vasitəsilə yaranmış “kolxoznik” sözünün olduğunu göstərmişdir. -nik şəkilçisi əlavə edildiyi sözdə ifadə etdiyi semantika daha çox fars mənşəli -dan şəkilçisinin ifadə etdiyi semantikaya uyğun gəlir.
-izm,-tizm. Rus-Avropa mənşəli son şəkilçidir. Sovet dövründə daha işlək olmuş bu morfem nisbətən məhsuldarlığı ilə seçilir və ideya, təriqət, məfkurə, elm, ictimai quruluş, cərəyan bildirən sözlər düzəldir. B.Xəlilov şəkilçini ruscadan gəlmə hesab edir. Milli, ərəb-fars və rus-Avropa mənşəli isimlərə qoşularaq mənsubluq ifadə edən atributiv isimlər yaradır. Məs.: hürufizm, sufizm, realizm, romantizm, kapitalizm, sosializm, Marksizm, Leninizm, idealizm və s. Bu şəkilçi qoşulduğu sözdə bir növ -çı4 və -çılıq4 şəkilçilərinin qrammatik sinonim funksiyasını daşıyır.
-ist. Budaq morfem əsasən XX əsrin II yarısında daha çox işlənmişdir. Son şəkilçi kimi artırıldığı sözdə nəzəriyyə, cərəyan, ideya, məfkurə çalarları yaradır. Bu şəkilçi vasitəsilə əmələ gəlmiş sözlərin bir qismi təsviri leksikologiya baxımından artıq arxaizm hesab oluna bilər. Ə.Əsədov yazır ki, bu şəkilçini -izm şəkilçisini qəbul edən bütün sözlərə artırmaq olar. [52, s.74‒75] S.Cəfərov isə şəkilçini haqlı olaraq rus dilindən gələn şəkilçi kimi təqdim edir və bu münasibətlə qeyd edir: “Rus dilindən dilimizə gələn sözlərlə birlikdə işlənərkən həmin dildə olduğu kimi bir şeyi mükəmməl bilən və onu sevən şəxsi ifadə edən substantiv isimlər düzəldir” [19, s.71]. Məsələn: idealist, materialist, sosialist, realist, kapitalist, stilist və s. Azərbaycan dilində -ist şəkilçili sözlərin hamısını düzəltmə söz kimi götürmək olmaz. Məsələn, humanist, ateist kimi sözləri kök və şəkilçiyə ayırmaq mümkün deyil.
-ka, -ika. Bu morfem də əsasən rus-Avropa mənşəli leksik vahidlərin sonuna qoşularaq işlənir. Qeyri-məhsuldar şəkilçi kimi, işləndiyi sözlərdə əşya, alət, geyim, vasitə, sənət, peşə, ixtisas, yer məkan məzmununu ifadə edir. Məsələn: gimnastika, toponimika, sinonimika, jurnalistika, avtomatika, kriminalistika, vizitka, maşınka, futbolka və s. Q.İdrisov Xaçmaz toponimləri ilə bağlı araşdırmalarında qeyd edir ki, Azərbaycan toponimlərinin bir hissəsi -ka formantı vasitəsilə əmələ gəlir. Tədqiqatçı eyni zamanda rus dilindəki məxsusluq anlayışını ifadə edən bu komponentin Azərbaycan dilində “Aranovka”, “Alekseyevka”, “Pavlovka” və s. kimi toponimlərin əmələ gəlməsindəki rolunu tədqiq etmişdir. [73, s.41]
-iza,-izə. Azərbaycan dilinə əsasən rus-Avropa mənşəli sözlərin tərkibində keçmişdir. Məhsuldarlıq səviyyəsi çox aşağıdır. Məs.: idalizə, realizə, ekspertiza və s.
-iat,-yat. Bu budaq morfemlər də qoşulduğu sözlərdə əsasən dərəcə, elm, ictimai hadisə mənasını yaradır. Ancaq alınma mənşəli sözlərlə işlənir. Məsələn: bakalavriat, oktyabryat, parselyat və s.
-aj,-naj. Rus-Avropa mənşəli son şəkilçi kimi əsasən elə rus-Avropa mənşəli sözlərə qoşulur. Ə.Əsədov -aj morfemini cəmlik məzmunu yaradan terminlər düzəldən şəkilçi kimi tədqiq edir. [52, s.73] Bu şəkilçi dilimizdə bir növ sifət düzəldən -lı4 şəkilçisinin mənasını yarada bilir. Məs.: ekipaj, metraj, tipaj, tonnaj və s.
-iv,-tiv. Bu şəkilçi də rus-Avropa mənşəli isimlərin sonuna əlavə olunaraq, əlamət, keyfiyyət bildirən sifətlər əmələ gətirir. Məs.: formativ, normativ, obyektiv, subyektiv və s. Qeyd edək ki, dilimizdə tərkibində -iv,-tiv morfemi olan hər sözü düzəltmə qəbul etmək olmaz. Məsələn, aktiv, dedektiv və s. kimi sözlər quruluşca sadə sözlərdən ibarətdir.
-on. Sözyaratma prosesində çox zəif iştirak edən bir fomantdır. Dilimizdə müstəqil şəkilçi kimi də tam formalaşmayıb və etimon dildə tərkibində işləndiyi sözlə birlikdə keçib. Ə.Əsədov bu şəkilçidən qaqauz və Türkman dillərinin termin yaradıcılığı müstəvisində tədqiq etmişdir. Ədəbi dilimizdə yalnız leksikon sözündə özünü göstərir.
-yer,-yar. Hər iki morfem söz-şəkilçi statusuna malik olub, Avropa mənşəli isimlərə qoşularaq şəxs, peşə, sənət, əşya məzmunlu modelyer, medalyer, molekulyar, molyar, formulyar və s. kimi alınma neologizmlər, terminlər əmələ gətirir.
-oloq. Etimon dildən fərqli olaraq bu morfem Azərbaycan dilində şəkilçi kimi iştirak edir. Həm milli, həm də alınma mənşəli sözlərlə işlənə bilir. Nisbətən məhsuldarlığı ilə seçilməklə bərabər, əlavə olunduğu sözlərdə sənət, sahə, peşə, əşya, ixtisas çalarları ifadə edir. -oloq şəkilçisi bir növ işləndiyi sözün kökündəki işlə məşğul olan mütəxəssisin adını bildirən leksik vahidlər yaradır. Məs.: mifoloq, metodoloq, türkoloq, dialektoloq, tipoloq və s. Q.Kazımov -loq,-oloq şəkilçisi ilə düzələn sözlərə nümunə olaraq geoloq, bioloq kimi sözləri də verir. [80, s.59] Lakin bu sözlər mənbə dildən fərqli olaraq Azərbaycan dilində kök və şəkilçiyə ayrıla bilmir və sadə söz keyfiyyəti daşıyır.
-oloji. Bu şəkilçi daha çox yunan və latın kökənli isimlərin, çox az halda isə türk mənşəli sözlərin sonuna qoşulub tipoloji, psixoloji, mifoloji, türkoloji kimi keyfiyyət bildirən sifətlər əmələ gətirir. Etimoloji cəhətdən -oloq şəkilçisi ilə eyni xətdə birləşir. B.Xəlilov və Q.Kazımov Azərbaycan dilində sifət düzəldən son şəkilçilərdən danışarkən bioloji, pedaqoji sözlərinin də -loji,-ji şəkilçiləri ilə əmələ gəldiyini qeyd edir. Müasir Azərbaycan ədəbi dilində bu sözləri kök və şəkilçiyə ayırdıqda kök asemantikləşdiyinə görə, yəni bio və pedaq dilimizdə müstəqil işlənmədikləri üçün onları düzəltmə hesab etmək olmaz. Bunları göstərilən formada yalnız etimoloji cəhətdən təhlil etmək məqsədəuyğundur. Bakteroloji sözü də bu tipə aiddir.
-iya,-asiya. İsimdən isim düzəldən rus-Avropa mənşəli bu budaq morfem alınma mənşəli sözlərlə işlənir. Daha çox latın və yunan mənşəli terminlərlə birlikdə işlənir. Məs.: motivasiya, qarantiya, omonimiya, sinonimiya, oliqarxiya, dekorasiya, refleksiya, olimpiya, vaksinasiya və s.
-iça,-içə,-essa. Bu şəkilçi də əksər rus-Avropa mənşəli şəkilçilər kimi müasir dilimizdə təkcə alınma sözlərlə işlənib atributiv səciyyəli isim əmələ gətirir. Qoşulduğu sözlərdə rütbə, şəxs, əşya, vəzifə, cins çalarları ifadə edir. Məs.: imperatriçə, kraliça, çariça, baronessa və s. -essa şəkilçisi təxminən -ıça,-içə şəkilçisi ilə qrammatik sinonimlik keyfiyyətinə malikdir.
-inq. Bu şəkilçinin işlənməsi müstəqillik illərində dilimizin, xüsusən də publisistik üslubun inkişafı ilə əlaqədardır. Avropa mənşəli sözlərin tərkibində dilimizə keçərək şəkilçi statusu qazanmışdır. Neologizm və termin yaradıcılığında daha işləkdir. Məs.: pressinq, parkinq, monitorinq, marketinq və s. Tədricən sabitləşməyə doğru inkişaf edir. T.Şükürlü bu şəkilçinin Azərbaycan və özbək dillərində termin yaradıcılığında iştirakından danışarkən dilimizdəki holdinq, shopinq, faktorinq, klirinq kimi sözlərini də sadə sözlərə bənzəyən düzəltmə sözlər kimi bəhs etmişdir. [137, s.109‒116] Lakin biz bu sözlərin quruluşunu etimoloji cəhətdən düzəltmə qəbul edirik. Belə sözlər dilimizdə kök və şəkilçiyə ayrılanda asemantikləşir.
-men. Bu morfem müasir Azərbaycan dilində müstəqillik illərindən sonra daha çox işləklik hüququ qazanmışdır. Mənbə dildə müstəqil söz kimi işləndiyi halda, bizim dilimizdə adam mənasını verən şəkilçi xüsusiyyəti daşıyır. Bu formant da daha çox Avropa mənşəli isimlərlə işlənib dilimizdə sənət, peşə, ixtisas və atributiv səciyyəli isimlər əmələ gətirir. Məs.: cazmen, sazmen, şoumen, polismen, biznesmen və s. İşləndiyi sözdə milli mənşəli məhsuldar -çı və fars mənşəli -şünas şəkilçilərinin ifadə etdiyi mənalara uyğun çalar yarada bilir.
-for. Bu element yunan mənşəli olub, söz yaradıcılığında olduqca zəif iştirak edir. Güman ki, morfemin yaranması yunancadakı foros sözü ilə əlaqədardır. Belə ki, həmin morfem Azərbaycan dilində ötürücü, daşıyıcı mənasını ifadə edir və hibrid söz keyfiyyətinə malik işıqfor sözünün tərkibində işlənir. Hazırda bu sözdən vaxtilə dilimizdə daha işlək olan svetofor sözünün qarşılığı kimi istifadə olunur. [38, s.106‒107]
-arius. Sözdüzəldicilik qabiliyyəti dilimizdə çox zəif olan Avropa mənşəli qeyri-məhsuldar şəkilçidir. Məsələn: arxivarius, notarius və s.
Qeyd edək ki, bu paraqrafda qeyd olunmuş şəkilçi morfemlər haqqında həm respublika daxilində, həm də respublika xaricində materiallar çap olunmuşdur.
Dostları ilə paylaş: |